Vətən müharibəsində qazanılan şanlı qələbə Azərbaycan dövlətinin qüdrətini və xalqımızın yenilməz ruhunu bütün dünyaya nümayiş etdirdi

 

 

 

 

Prezident İlham Əliyev: Vətən müharibəsinin çoxşaxəli əhəmiyyəti bundan ibarətdir - biz həm doğma torpaqlarımızı işğalçılardan azad etdik, düşməni torpaqlarımızdan qovduq, həm də ölkəmizin ərazi bütövlüyünü bərpa etdik

Son 17 ildə ölkənin ərazi bütövlüyünün bərpa olunması Azərbaycan dövlətinin gündəliyində duran əsas məsələ idi. Buna nail olmaq üçün Prezident İlham Əliyev beynəlxalq müstəvidə ardıcıl, məqsədyönlü fəaliyyət həyata keçirir, Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əsl həqiqətləri dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün bütün vasitələrdən istifadə edirdi. Belə qətiyyətli siyasətin nəticəsində də münaqişənin həlli üçün əlverişli hüquqi zəmin formalaşmışdı.

Eyni zamanda, Azərbaycan dövlətinin praqmatik siyasəti ölkənin güclənməsinə, maliyyə imkanlarının artırılmasına və müasir ordu quruculuğuna istiqamətlənmişdi. Qısa müddətdə dünyanın 50 ən güclü ordusu sırasında yer alan ordunun formalaşdırılması respublikamızın böyük uğurudur. Ölkəmiz artıq tarixə qovuşmuş Dağlıq Qarabağ münaqişəsinin həllində prinsipial mövqedən çıxış edərkən məhz özünün güclü potensialına və ordusunun gücünə əsaslanırdı. Beləliklə, son 17 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə diplomatik müstəvidə və ölkənin gücləndirilməsi istiqamətində aparılan məqsədyönlü siyasət öz müsbət nəticəsini verdi. 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan işğalçı Ermənistanla müqayisədə hər cəhətdən üstün olduğunu nümayiş etdirdi. Silahlı Qüvvələrimiz 44 günlük müharibədə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin döyüş əməliyyatları ilə bağlı verdiyi bütün tapşırıqları yüksək səviyyədə yerinə yetirərək işğalçı Ermənistanı tam kapitulyasiyaya məruz qoydu və beləliklə də, ölkəmizin ərazi bütövlüyü təmin olundu. Bu günlərdə Füzuli, Zəngilan, Laçın və Cəbrayıl rayonlarına səfəri çərçivəsində Laçın rayonunun işğaldan azad olunan Güləbird kəndində Azərbaycan bayrağını qaldıran və çıxış edən Prezident İlham Əliyev Vətən müharibəsində qazanılan şanlı qələbəmizi yüksək dəyərləndirib. “Həyat göstərdi ki, biz güclü iradə, cəsarət göstərərək istədiyimizə nail ola bildik”, - deyə dövlətimizin başçısı vurğulayıb.

44 günlük Vətən müharibəsi xalqımızın tarixində əbədi qalacaq

44 gün davam edən müharibə Ermənistan üçün işğalçılıq müharibəsi idi. İşğalçı dövlətin məqsədi ötən əsrin doxsanıncı illərinin əvvəllərində zor gücünə zəbt etdiyi ərazilərimizi sonsuza qədər öz nəzarəti altında saxlamaq idi. Torpaq itkisi ilə barışmayan Azərbaycan isə ədalətli müharibə aparırdı. Döyüşlər bizim torpaqlarda gedirdi, dağıdılan, ağır silahlardan atəşə məruz qalan bizim yaşayış məntəqələrimiz idi. Torpaqlarımızın işğaldan azad edilməsi üçün əsgər və zabitlərimizi sonadək vuruşur, inanılmaz qəhrəmanlıq göstərirdilər. Yeri gəlmişkən, verilən məlumatlara görə, müharibə vaxtı düşmənin hərbi birləşmələrində 10 mindən çox fərari qeydə alınıb. Azərbaycan Ordusunda isə heç bir dənə də olsun belə fakt aşkarlanmayıb.

Müharibədə qazandığımız şanlı qələbənin baş memarı isə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevdir. Biz yuxarıda dövlətimizin başçısının müharibədən əvvəlki dövrdə ölkəmizin ərazi bütövlüyünün təmin olunması məqsədilə həyata keçirdiyi çoxşaxəli siyasət barədə bəhs etdik. Müharibə günlərində isə Prezident İlham Əliyev Özünü müzəffər sərkərdə kimi təsdiqlədi. Düşmənin ötən il sentyabrın 27-də törətdiyi təxribat cavabsız qala bilməzdi. Silahlı Qüvvələrimiz mövqelərimizi və mülki əhalini qorumaq üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin göstərişi ilə döyüş əməliyyatlarına başladı. Ali Baş Komandan İlham Əliyev əməliyyatların gedişini şəxsi nəzarətində saxlayır və şəraitə uyğun göstərişlərini, tapşırıqlarını verirdi. Dövlətimizin başçısı işğalçı Ermənistanı sülhə məcburetmə əməliyyatlarının birbaşa Onun rəhbərliyi ilə həyata keçirildiyini dəfələrlə açıq mətnlə diqqətə çatdırıb. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin informasiya cəbhəsində fəaliyyəti də müharibədə şanlı qələbəmizin təmin olunmasında öz rolunu oynadı. Biz müharibə dövründə dövlətimizin başçısına necə böyük təzyiqlər göstərildiyinin şahidi olurduq. Ancaq O, geri çəkilmirdi, bütün təzyiqləri dəf edir və xalqımıza daim qələbə soraqları çatdırırdı.

44 günlük Vətən müharibəsi xalqımızın tarixində əbədi qalacaq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə vuruşan Azərbaycan Ordusu Vətən müharibəsinin elə ilk günlərindən döyüş meydanında düşmənə sarsıdıcı zərbələr endirərək üstünlüyü ələ aldı. Qısa müddətdə Ordumuz 300-dək kəndi, Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərini, çoxlu sayda strateji yüksəklikləri bilavasitə döyüş meydanında geri qaytardı. Noyabrın 8-də bizim hamımız üçün əziz olan Şuşanın xüsusi əməliyyatla işğaldan azad edilməsi ilə müharibənin taleyi böyük dərəcədə həll olundu. Ertəsi gün daha 70-dən çox yaşayış məntəqəsi, yeni strateji yüksəkliklər düşməndən təmizləndi. Hərbi resurslarının tükəndiyini, ordusunun darmadağın edildiyini dərk edən düşmən noyabrın 10-da onun üçün kapitulyasiya aktı sayılan üçtərəfli Bəyanatı imzalamaq məcburiyyətində qaldı. Dövlətimizin başçısı şanlı qələbəmizdən iftixar hissi ilə söhbət açaraq vurğulayıb: “Bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini göstərdik, xalqımızın əyilməz ruhunu göstərdik. Eyni zamanda, ölkəmizin gələcəyi ilə bağlı strateji hədəflərə çatmaq üçün əməli addımlar ataraq önəmli sənədləri imzaladıq. Noyabrın 10-da imzalanmış Birgə Bəyanat, əlbəttə ki, Laçın, Kəlbəcər və Ağdam rayonunun qaytarılmasını təmin etdi, bir güllə atmadan biz bu torpaqlara qayıtdıq”.

Məlum olduğu kimi, müharibədən əvvəl işğalçı dövlət Laçın və Kəlbəcər rayonlarını ümumiyyətlə, Azərbaycana qaytarmaq istəmirdi. Prezident İlham Əliyevin bildirdiyi kimi, danışıqlarda razılığa gəlməməsinin əsas səbəbi də məhz bunda idi. “Əfsuslar olsun ki, Ermənistanın və onun bəzi xarici havadarlarının mövqeyi ondan ibarət idi ki, beş rayon Azərbaycana qaytarılsın, Azərbaycan bununla kifayətlənsin və Dağlıq Qarabağa nə vaxtsa müstəqillik verilsin, Kəlbəcər və Laçın rayonları Ermənistanın əbədi nəzarəti altında qalsın. Mən bu təklifi rədd etdim”, - deyə dövlətimizin başçısı bildirib.

Müharibədən sonrakı reallıqlar tamam fərqlidir. İşğalçı dövlətin hərbi birləşmələri, texnikası, canlı qüvvəsi tamam məhv edilib. Bu gün işğaldan təmizlənən ərazilərimizdə üçrəngli bayrağımız əzəmətlə dalğalanır. Prezident İlham Əliyev bəhs olunan çıxışında müharibədə keçilən yola bir daha nəzər salaraq ağır döyüşlərdə qazanılan qələbələrimizi xatırladıb. “Biz gəldiyim yolla gələrək, yol boyunca yerləşən bütün rayonları, kəndləri, şəhərləri azad edərək, bax, buralara gəldik. Laçın rayonunun cənub hissəsini işğalçılardan azad etdik, Güləbird kəndini azad etdik. Burada Səfiyan və Türklər kəndləri yerləşir, onları da azad etdik və Laçın dəhlizinə nəzarət etmək üçün hərbi plasdarm yaratdıq və artıq Laçın dəhlizi atəşimiz altında idi. Faktiki olaraq bu istiqamətdən hərəkət edərək biz strateji əməliyyatlarımızı aparmışdıq. Eyni zamanda, əks tərəfdən - Xocavənd rayonundan Şuşa şəhərinə gedərək, dağlardan, dərələrdən keçərək uğurlu əməliyyat apara bilmişik. Laçın rayonunun, bax, bu cənub hissəsi hərbi əməliyyat nəticəsində azad edilmişdir. Biz döyüş meydanında düşməni məğlub etdik və tarixi ədaləti bərpa etdik”.

İşğaldan azad edilən ərazilərə həyat qayıdır

Düşmən üç onillik ərzində öz nəzarəti altında saxladığı torpaqlarımıza, sözün əsl mənasında, ögey münasibət bəsləyib. İşğaldan təmizlənən ərazilərdən təqdim olunan foto və video materiallar ermənilərin tarixi Azərbaycan torpaqlarında törətdikləri vandalizm əməlləri barədə konkret təsəvvür yaradır. Bu yerlərdən sanki vəhşi, sivilizasiyadan uzaq tayfalar gəlib keçib. Onların öz arxasınca qoyduqları mənzərə olduqca kədərlidir. Hər şey dağıdılıb. Ermənilər, həmçinin belə vandalizm əməllərini yuxarıda bəhs olunan üçtərəfli Bəyanata uyğun olaraq Ağdamdan, Kəlbəcərdən və Laçından çıxarkən də təkrarlayıblar. Onların ağacları kəsdiklərinə, meşələri yandırdıqlarına, bir vaxtlar azərbaycanlıların tikdikləri evlərə od vurduqlarına dair ikrah doğuran kadrlar transmilli mediada nümayiş etdirilib.

Üç onillik ərzində doğma torpaqların həsrəti ilə yaşayan xalqımız və Azərbaycan dövləti isə Vətən müharibəsində işğaldan azad edilən ərazilərə əsl sahiblik hissi nümayiş etdirir. Ölkəmiz bu yerləri dirçəltmək əzmindədir. Artıq işğaldan azad edilən ərazilərə həyat qayıdır. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan təmizlənən ərazilərdə bərpa işlərinə başlanıldığına diqqət çəkən Prezident İlham Əliyev “Bizim böyük planlarımız var. Biz bərpa işlərinə start verdik”, - deyə bildirib.

Qeyd edək ki, qısa müddətdə Şuşanın su və elektrik enerjisi ilə təchizatı təmin olunub. Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncama əsasən ümumi uzunluğu 101,5 kilometr olan Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun inşası qardaş Türkiyənin şirkətləri cəlb olunmaqla intensiv şəkildə davam etdirilir. Füzulidə dövlət başçımızın iştirakı ilə təməli qoyulan beynəlxalq hava limanının inşası aparılır. Cari ilin sonunadək bu hava limanında uçuş-enmə zolaqlarının istifadəyə verilməsi nəzərdə tutulub. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, işğaldan azad olunan ərazilərdə bərpa işlərinə dost ölkələrin şirkətləri cəlb olunacaqlar. Biz yuxarıda Türkiyə şirkətlərinin Şuşaya yolun çəkilməsinə cəlb olunduqlarından bəhs etdik. Eyni zamanda, işğaldan azad edilən ərazilərimizdə elektroenergetika infrastrukturunun yaradılması məqsədilə “Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti arasında videokonfrans formatında müqavilə imzalanıb. İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialından səmərəli istifadə olunması da gündəlikdə duran vacib məsələlərdəndir. Artıq bununla bağlı müvafiq dəyərləndirmə işlərinə və müxtəlif sahələri əhatə edən layihələrin hazırlanmasına başlanılıb. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərə son səfəri çərçivəsində bir sıra tədbirlərə qatılıb. O cümlədən dövlət başçımızın iştirakı ilə Zəngilan rayonunun Üçüncü Ağalı kəndində “ağıllı kənd” layihəsinin icrasına, Bəsitçay Dövlət Təbiət Qoruğunun bərpasına start verilib. Prezident İlham Əliyev, həmçinin Həkəri çayı üzərində yerləşən 8 meqavatt gücündə “Güləbird” Su Elektrik Stansiyasının açılışında iştirak edib və böyük strateji əhəmiyyət daşıyan Horadiz-Ağbənd dəmir yolu xəttinin təməlqoyma mərasiminə qatılıb. Bütün bunlar onu deməyə əsas verir ki, işğaldan təmizlənən ərazilərin ölkəmizin abad bölgələri sırasında yer alacağı gün uzaqda deyil.

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 19fevtal.- S.2.