Müstəqil Azərbaycanın gələcək
inkişafında milli ideologiyamızın müstəsna rolu
var
Anar İsgəndərov: 44
günlük Vətən müharibəsi dövründə
müşahidə etdiyimiz sarsılmaz milli birlik dünya azərbaycanlılarının
vahid məfkurə olan azərbaycançılıq
ideologiyasının ətrafında sıx birləşməsinin
ifadəsi idi
Məlum
olduğu kimi, azərbaycançılıq milli dövlət
ideologiyası kimi Azərbaycan Respublikasının Konstitusiya əsaslarına
söykənən, ölkəmizin müstəqilliyinə,
onun hüquqi və demokratik dövlət kimi inkişafına
və milli təhlükəsizliyinin qorunmasına xidmət edən
dəyərlər sistemidir. Azərbaycançılığın
əsasında Azərbaycanı özünə vətən
sayan bütün xalqların milli, etnik, dini və sosial
hüquqlarının bərabərliyi ideyası dayanır.
Təbii ki, zaman-zaman azərbaycançılıq
ideologiyası haqqında fikirlər irəli
sürülüb, məqalələr yazılıb,
araşdırmalar aparılıb. Bütün
bunların fonunda Azərbaycanın dövlət müstəqilliyini
qazandığı, müasir dünya ilə çoxşaxəli
əlaqələrini qurub inkişaf etdirdiyi dövrdə azərbaycançılıq
ideologiyasının iqtisadi, sosioloji və politoloji aspektləri
diqqəti daha çox cəlb edir. Azərbaycançılığın
bir ideologiya olaraq daha bir məqsədi bir sıra imkanlardan
istifadə etməklə Azərbaycan və azərbaycanlılar
haqqında elmi təsəvvür yaratmaq və onun
dünyadakı universal mövqeyini müəyyənləşdirməkdir.
Bu istiqamətdə Ulu Öndərimiz Heydər Əliyevin
apardığı məqsədyönlü, uzaqgörən
siyasət tariximizin silinməz şanlı səhifələrinə
və dövlətçilik ideologiyasının əsas
bazasına çevrilib.
Vurğulandığı kimi,
müxtəlif dövrlərdə görkəmli elm və mədəniyyət
xadimlərimiz azərbaycançılıq ideyasını əsərlərində
geniş şəkildə təhlil etmişlər. Ümumiyyətlə,
ötən əsrin əvvəllərindən azərbaycançılıq
ətrafında gedən ideya və fikir mübadilələrinə
nəzər saldıqda aydın olur ki, azərbaycançılıq
ideyasının təkamül prosesi çoxşaxəlidir. Milli dövlətçilik hərəkatının
qabaqcıl nümayəndələrinin və Xalq Cümhuriyyətinin
qurucularının konsepsiyasına görə müstəqillik
ideyası ölkədə yaşayan bütün xalqların
hüquq bərabərliyinin tanınmasına əsaslanırdı.
Onun fəlsəfi əsası azərbaycançılıq,
islamçılıq və müasirləşmə
şüarından ibarət idi. Bu şüar Azərbaycan
Xalq Cümhuriyyətinin rəsmi doktrinasını təşkil
edirdi.
Müasir dünya yalnız iqtisadi, sosial-siyasi
münasibətləri özündə ehtiva etmir, həm də
milli-etnik məsələlər önə çəkilir.
Odur ki, bu və ya digər xalqın ön sıralarda getməsi
üçün tarixən qazandığı etnik potensialdan
tələb olunan səviyyədə istifadə etməsi
lazım gəlir. Azərbaycanlılar dünyanın müxtəlif
ölkələrində yaşasalar da, onları bir-birinə
bağlayan olduqca möhkəm mənəvi-ideoloji vasitələr
vardır: Bu, ana dilidir, Vətəndir, tarixən
formalaşmış etnik-mədəni sistemdir. Müstəqil
Azərbaycan Respublikasının inkişafında
dünyanın müxtəlif ölkələrinə
yayılmış azərbaycanlıların həmrəyliyi,
mənəvi-ideoloji siyasi köməyi böyük rol
oynayır. Bir xalq olaraq əsas vəzifələrimizdən
biri həm həmrəyliyi gücləndirmək, həm də
həmin köməyin daha ardıcıl, daha intensiv xarakter
almasını təmin etməkdən ibarətdir. Dünyanın müxtəlif ölkələrinə
səfərlərində Azərbaycan icmalarının nümayəndələri
ilə görüşən, onlara hərtərəfli dəstək
verən Ulu Öndərimiz dünya azərbaycanlılarının
milli birliyi uğrunda mübarizəni Azərbaycan dövlət
siyasəti səviyyəsinə yüksəldib.
Ümumiyyətlə, müasir dövrdə
xalqların inkişafında və milli dövlətlərin
qloballaşma şəraitində öz müstəqilliklərini
qorumasında milli ideologiyanın əhəmiyyəti
böyükdür. Məsələ ilə bağlı fikirlərini
bölüşən Milli Məclisin deputatı, tarix elmləri
doktoru Anar İsgəndərov bu faktorun hər bir xalqın
taleyində mühüm rol oynadığını bildirib:
“Dünyada ilk nüfuzlu təşkilat 1919-cu ildə
yaradılan Birləşmiş Millətlər Cəmiyyətidir
(BMC). Bu təşkilat I Dünya müharibəsinin
nəticələrini təsdiq edən Paris Sülh
Konfransında yaradıldı. Qarşısına böyük
ali məqsədlər qoymuşdu. Ən birinci vəzifəsi
gələcəkdə yeni dünya müharibələrinin
baş verməməsi üçün dünyanın böyük dövlətləri arasında
mövcud ziddiyyətlərin və münaqişələrin
aradan qaldırılması idi. Çox təəssüflər
olsun ki, dövrün nüfuzlu təşkilatı hesab olunan
BMC qarşısına qoyduğu missiyanı yerinə yetirə
bilmədi. II Dünya müharibəsi
dünya xalqlarına nasizm, faşizm və militarizmin
simasında fəlakət gətirdi. İki sistem arasında
mübarizə bir çox xalqları əsarətə məhkum
etdi, bəzi xalqlar təkcə müstəqilliklərini deyil,
dil, din və milli varlıqlarını itirmək təhlükəsi
ilə üz-üzə qaldılar. Xoşbəxtlikdən
bu təhlükələr xalqımızdan yan keçdi.
Çünki birincisi, tarixboyu hazırda
yaşadığımız torpağın sahibi olmuşuq.
Dünyanın ən qədim insan məskənlərindən
bir neçəsi bizim ərazimizdə mövcuddur. Oturaq əhali
olaraq dünyanın ən qədim mədəniyyətinə
sahib olan xalqlardan biriyik. Tarixboyu müxtəlif adlar altında
müstəqil dövlətlərə malik olmuşuq. Hətta
Səfəvilər adı altında imperiya
yaratmışıq. Düşmən hücumlarına məruz
qalsaq da, son nəticədə bir xalq olaraq
torpaqlarımızı düşmənlərdən
qorumağa nail olmuşuq. Ərazimizdə əsrlər boyu
yaşayan xalqlar çətin imtahanla üz-üzə gələndə
birləşməyi bacarıblar. Bu işdə İslam dininin
və sonralar formalaşan azərbaycançılığın
əvəzsiz rolu olmuşdur. Qloballaşma milli ideologiyaya sahib
olmayan kiçik xalqlar üçün böyük problemlər
yarada bilər. Bu məsələdə də
xalqımızın heç bir problemi yoxdur”.
XXI əsrin çağırışları
fonunda azərbaycançılıq ideologiyası milli həmrəyliyin
təmin olunmasında mühüm rol oynayıb. A.İsgəndərov
buna nümunə kimi ötən əsrin əvvəllərində
Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasını
göstərib: “Hamımıza məlumdur ki, 1918-1920-ci illərdə
müsəlman Şərqində ilk Cümhuriyyət bizim
xalqımızın adı ilə bağlıdır. 23 ay fəaliyyət
göstərən dövlətimiz 350 dəfə ilk
sözünə imza atıb. Yəni ilk Cümhuriyyət, ilk
parlament, dil haqqında, ordu haqqında, seçkilərdə
kişi və qadın bərabərliyi, Paris Sülh
Konfransında Azərbaycanın müstəqil dövlət
kimi tanınması və s. Qədim tarixə və
mədəniyyətə malik bir xalq kimi XX əsrdə
çox böyük uğurlarımız olub. 1920-ci ildə
müstəqilliyimizə son qoyulsa da, xalqımız 70 illik
sovet dönəmində milli birliyimizi zəiflətmədi,
dini dəyərlərimizdən imtina etmədi, min illərdən
bəri yaşayan adət-ənənələrimizi
unutmadı, hakim ideologiyaya kor-koranə baş əymədi. 20
Yanvar hadisələrində imperiya ordusu ilə üz-üzə
dayananda əli yalın olduğumuzu hiss etmədik.
Çünki söhbət Vətəndən, doğma
torpağımızdan gedirdi”.
Qeyd edək ki, azərbaycançılıq
ideologiyasında vətənpərvərlik amili də
mühüm yer tutur. Vətənpərvərlik insanı
öz dövləti ilə sıx bağlayır. Bu hiss hər
bir fərdi öz torpağına, Vətəninə sahib
çıxmağa səsləyir. Vətənpərvərlik
dövlət quruluşundan asılı olmayan, vətəndaşlıq
mövqeyindən əzəli məfhumdur. Vətəndaşlıq
fərdin öz dövlətinə münasibətinin təcəssümüdürsə,
vətənpərvərlik insanın öz ailəsinə, Vətəninə,
torpağına hərtərəfli
bağlılığının göstəricisidir.
Azərbaycançılıq kontekstində vətənpərvərlik
vətəndaşın öz dövləti ilə daha sıx
bağlılığı deməkdir. Vətənpərvərlik
loyallığı və tolerantlığı inkar etməyərək
hər bir şəxsin öz ölkəsini müdafiə etmək,
onun müstəqilliyini qorumaq, inkişafına köməklik
etmək istəyidir. Ona görə vətənpərvərlik
Azərbaycan xalqının hər bir üzvünü ucaldan və
ona şərəf verən vətəndaşlıq
mövqeyidir. Azərbaycançılıq kontekstində vətəndaşlıq,
vətənpərvərlik və loyallıq fərdin cəmiyyətə
və dövlətə vahid yanaşma sistemidir. Bu
üçlüyün vəhdətində birlik və sabit
dövlət quruluşu mümkündür. A.İsgəndərov
hesab edir ki, 44 günlük Vətən müharibəsi
dövründə müşahidə etdiyimiz sarsılmaz milli
birlik dünya azərbaycanlılarının vahid məfkurə
olan azərbaycançılıq ideologiyasının ətrafında
sıx birləşməsinin ifadəsi idi: “44 günlük Vətən
müharibəsi həlledici bir imtahan idi. Bir xalq
olaraq bu imtahandan şərəflə çıxdıq,
şərəf tarixini yazdıq. 30 il idi ki, biz dünyanın
böyük dövlətlərindən və nüfuzlu təşkilatlarından
düşmən tərəfindən işğal edilmiş
torpaqlarımızla bağlı ədalətli qərarların
qəbul edilməsini tələb edirdik. BMT Təhlükəsizlik
Şurası səviyyəsində qətnamələr qəbul
olundu, amma bu qətnamələri reallaşdırmağa
heç dövlət səy göstərmədi. Bu 30 il ərzində
Azərbaycan təkcə ümidini nüfuzlu təşkilatlara
bağlamadı. Nəticə etibarilə, Ali Baş Komandan
siyasi qərarını qəbul etdi, şanlı əsgər
və zabitlərimiz torpaqlarımızı yağı
düşməndən azad etdi. Dövlət
başçımız Vətən müharibəsi günlərində
düşmənə havadarlıq edən bütün qüvvələri
ram etdi, hər cür böhtanlara tutarlı cavablar verdi,
“ittihamçı prokuror” rolunu oynayan xarici müxbirlərin
ermənipərəst suallarına tutarlı və
inandırıcı cavablar verdi. Ayrıca,
Şuşanın azad olunması haqqında çoxlu əsərlər
yazılacaq. Şuşanın düşmən qüvvələrindən
azad edilməsi xalqımızın gücünü, iradəsini,
qəhrəmanlığını bütün dünyaya bəyan
etdi. 44 günlük müharibə bizi qalib dövlətə,
qalib xalqa çevirdi. Həm də bu müharibə bizim ədalətimizi
bir daha hamıya bəyan etdi. Düşmən mülki əhaliyə
qarşı faşistlərin sərgiləmədiyi hərəkətlərə
əl atdı. Gəncə, Bərdə, Tərtərdə
xeyli sayda dinc əhali qadağan olunmuş silahlarla qətlə
yetirildi. Amma Azərbaycan əsgəri düşmənin
mülki əhalisinə güllə atmadı. Bu
siyahını istənilən qədər uzatmaq olar. Vətən
yolunda, torpaq uğrunda şəhid olan əsgər və
zabitlərimiz oldu. Allahdan onlara rəhmət diləyirəm.
Onlar Qarabağ uğrunda şəhid olan bütün əsgər
və zabitlərimizin ruhunu şad etdilər. Yaralı əsgərlərimiz
var. Dövlətimiz onların sağalması
üçün əlindən gələni edir. “YAŞAT”
Fondu yaralı əsgərlərimizin şəfa tapması
üçün dünyanın ən məşhur həkimlərini
Azərbaycana dəvət edir, ya da müalicə
üçün yaralıları xaricə göndərir”.
Tarixçi-alim milli ideologiyanın möhkəmləndirilməsi
və dövlət müstəqilliyinin gücləndirilməsi
istiqamətində perspektiv üçün
qarşımızda vəzifələrin
dayandığını diqqətə çatdırıb:
“Azərbaycançılıq ideologiyası təcrübədə
özünü doğrultdu. Vətən müharibəsində
xalqımızın qazandığı qələbə dediklərimə
əyani misaldır. Vətənin azadlığı
üçün hamı bir yumruq kimi bu ideologiya ətrafında
birləşdi və xalqımızın adını qaliblər
sırasına yazdı”.
Bütövlükdə, Ümummilli Liderimiz
Heydər Əliyev tərəfindən əsası qoyulan azərbaycançılıq
ideologiyası milli birliyimizi təmin edən və gücləndirən
strateji amillərdəndir. Xüsusi olaraq
vurğulamaq gərəkdir ki, Ulu Öndərin layiqli
davamçısı olan Prezident İlham Əliyev tərəfindən
müasir mərhələdə dövlətimizin inkişaf
konsepsiyasına çevrilən milli məfkurəmizin Azərbaycanın
gələcək tərəqqisində müstəsna rolu var.
Nardar BAYRAMLI
Yeni
Azərbaycan.- 2021.- 26 fevral.- S.7.