İtaliya qəzeti:
“Xocalı: Azərbaycan
xalqının ürəyində
açıq yara”
İtaliyanın “Lo Spessore” onlayn
qəzetində Beynəlxalq
Siyasət və İqtisadi Araşdırmalar
İnstitutunun (İREPİ) rəhbəri, jurnalist Domeniko Letizianın müəllifliyi ilə “Xocalı: Azərbaycan xalqının ürəyində
açıq yara” başlıqlı məqalə
dərc edilib.
AZƏRTAC xəbər
verir ki, məqalədə hər il fevral ayında
yaxın keçmişin
amansız hadisələri
ilə yadda qalan Xocalı faciəsi qurbanlarının
anıldığı bildirilib.
1992-ci il fevralın
25-dən 26-na keçən gecə Xocalı şəhərinin Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ
münaqişəsinin
ən ağır və faciəvi hadisəsinin meydanına çevrildiyini xatırladan
müəllif təəssüf
hissi ilə ağırlığına və
amansızlığına baxmayaraq,
münaqişələrin tarixin
qaranlıq səhifələrində
qaldığını diqqətə
çatdırıb.
Faciənin təfərrüatlarına gəldikdə isə D.Letisiya 1992-ci il 25 fevral gecəsində Ermənistan ordusunun keçmiş sovet qoşunlarının köməyi
ilə əhalisi azərbaycanlılardan ibarət
olan Xocalıya hücuma başladığını,
bu addımın məhz azərbaycanlılara
qarşı qırğın
törətmək
məqsədi daşıdığını,
Xocalının talan və yerlə-yeksan edildiyini xatırladıb. O bildirib ki, qırğın nəticəsində
106 qadın, 83 uşaq
və 70 qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, onlardan 56 nəfəri isə xüsusi amansızlıqla öldürülmüş,
8 ailə tamamilə məhv edilmişdir. 487 sakinin cəsədləri tanınmaz şəklə
salınmış, digər
1000 nəfər yaralanmış,
qadınlar və uşaqlar da daxil olmaqla 1275 mülki şəxs girov götürüldükdən
sonra zorakılıqlara
məruz qalmış
və ağır fiziki xəsarətlər almışdır. Bundan əlavə, 150 nəfərin
taleyi naməlumdur.
Məqalədə 9 dekabr 1948-ci il
tarixli “Soyqırımı
cinayətinin qarşısının
alınması və cəzalandırılması haqqında
Konvensiyanın” 2-ci maddəsinə
istinad edilərək soyqırımının milli,
etnik, irqi və ya dini
qrupu tamamilə və ya qismən
məhv etmək niyyəti ilə törədilmiş xüsusilə ağır
əməllər olduğu
diqqətə çatdırılıb
və bu xüsusda, Azərbaycanın
illərdir ki, Xocalı soyqırımını
törədənlərin cəzalandırılmasını
tələb etdiyi bildirilib.
Müəllif, həmçinin Xocalıdakı vəhşiliklərin
xüsusi amansızlıqla
törədilməsinin məhkəmələr
və beynəlxalq təşkilatlar tərəfindən
tanındığını diqqətə çatdıraraq
faciədən bir müddət sonra 11 mart 1992-ci ildə Avropa Şurası Nazirlər Komitəsinin bəyannaməsində insanların fərq
qoyulmadan qətlə yetirilməsi və zorakılıq aktları haqqında son məlumatlardan dərindən
narahatlıq keçirildiyini,
Azərbaycan Respublikasının
Dağlıq Qarabağ
ərazisində mülki
əhaliyə qarşı
zorakılıq və
hücumların kəskin
şəkildə pislənildiyini
diqqətə çatdırıb.
Məqalədə Avropa İnsan
Hüquqları Məhkəməsi
22 aprel 2010-cu il tarixli qərarına istinadən Xocalıda törədilən cinayətlərə
və onlardan irəli gələn məsuliyyətə dair heç bir şübhənin olmadığı
vurğulanaraq bildirilib
ki, müstəqil mənbələrdən əldə
olunan hesabatlar göstərir ki,
1992-ci ilin fevral ayından 25-dən 26-na keçən
gecə Xocalının
ələ keçirilməsi
zamanı yüzlərlə
azərbaycanlı etnik
mənşəyinə malik
olan mülki əhalinin ələ keçirilən şəhəri
tərk etməyə cəhd edən zaman şəhərə hücum edən erməni silahlıları tərəfindən
öldürüldüyü, yaralandığı və
girov götürüldüyü
qeyd olunur. Avropa İnsan Hüquqları Məhkəməsi qərarında
Xocalının azərbaycanlılardan
ibarət mülki əhalisinin qırılmasını
müharibə cinayətləri
və ya insanlığa qarşı
cinayətlər kimi qiymətləndirilə bilən
xüsusilə ağır
əməllər” kimi
müəyyən etmişdir.
Məqalədə 44 günlük Vətən müharibəsi zamanı Xocalı hadisələri kimi faciəli hadisələrin baş verdiyi diqqətə çatdırılıb. Belə ki,
jurnalist qeyd edib ki, Azərbaycan
mülki əhalisi bir daha Ermənistan
ordusunun hədəfinə
çevrilmiş, hərbi
əməliyyatlardan uzaq
bölgələrə raket
və ağır artilleriya hücumları nəticəsində 12 azyaşlı
və 27 qadın olmaqla 100-dən çox mülki şəxs öldürülmüş, 423 mülki isə yaralanmışdır.
Müəllifin fikrincə,
bütün bu hadisələr Xocalı qətliamının günahkarlarının
cəzasız qalması
səbəbindən baş
verib, çünki cəzasızlıq yeni cinayətlərə səbəb
olur.
D.Letisiya məqaləsində Xocalı soyqırımının
dünyanın bir çox yerində anılan və yaddaş gününə
çevrilən tarixi
bir faciə olduğunu qeyd edərək bildirib ki, indiyə qədər Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti,
Qvatemala, Şotlandiya və Amerika Birləşmiş Ştatlarının
bir sıra ştatlarının qanunverici
orqanları Xocalı qətliamının qurbanlarını
anmaq məqsədilə
sənədlər qəbul
etmişdir ki, o sənədlərdə azərbaycanlılara
qarşı erməni
ermənilər tərəfindən
törədilmiş vəhşiliklər
qeyd olunur. Məqalədə, həmçinin
bir çox beynəlxalq təşkilat
və qurumlar tərəfindən bu qətliamın insan ləyaqəti üçün
fəlakətli bir hadisə kimi tanındığı bildirilib.
Sonda müəllif torpaqlarından
didərgin salınmış
bir milyondan çox azərbaycanlı
qaçqın və məcburi köçkünlərin
ailəsində kədər
və davamlı nostalgiyanın hökm sürdüyünü və
bunun onların qəlblərində dərin
sağalmaz izlər buraxdığını bildirib.
Onun fikrincə, Xocalı müasir tariximizin ağrılı səhifəsi
və Azərbaycan xalqının qəlbində
açıq bir yara olsa da
bəlkə də ədalətin təntənəsi
və günahkarların
cəzalandırılması ilə bu yaraya
məlhəm tapıla
bilər.
Yeni Azərbaycan.- 2021.- 26 fevral.-
S.7.