Prezident İlham Əliyev: Düşməndən
intiqamımızı aldıq, ərazi
bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin
əziz xatirəsini qəlbimizdə əbədi
yaşadacağıq
Prezident İlham Əliyev Bakının Ramana qəsəbəsində
şəhid ailələri və müharibə əlillərinə
mənzillərin təqdim olunması mərasimində
iştirak edib
Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev fevralın 25-də Bakının Ramana qəsəbəsindəki
yaşayış kompleksində şəhid ailələri və
müharibə əlillərinə mənzillərin təqdim
olunması mərasimində iştirak edib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin
başçısı kompleksdə yaradılan şəraitlə
tanış olub.
Məlumat verildi ki, bu kompleksdə doqquzmərtəbəli
30 bina tikilib. Ümumilikdə 1512 mənzildən ibarət
kompleks bütün zəruri sosial infrastrukturla təchiz edilib.
Ərazidə məktəb, uşaq bağçası,
klub-icma mərkəzi inşa olunub. Dövlətimizin
başçısının bu ilin yanvarında
imzaladığı Sərəncamla təsdiq olunmuş
proqramlara əsasən, 2021-2025-ci illərdə ev şəraitinin
yaxşılaşdırılmasına ehtiyacı olan 11 mindən
çox şəhid ailəsi və müharibə əlili mənzil,
fərdi evlə təmin ediləcək.
Komplekslə tanışlıqdan sonra Prezident
İlham Əliyev şəhid ailələrinin üzvləri
və müharibə əlilləri ilə
görüşüb.
Dövlətimizin başçısı
görüşdə çıxış edib: “Bu gün
Bakının Ramana qəsəbəsində şəhid ailələri
və müharibə əlilləri üçün yeni
yaşayış kompleksi istifadəyə verilir. Bu münasibətlə
sizi təbrik edirəm. Burada otuz bina inşa edilibdir.
Binaların hamısı müasir səviyyədə, yüksək
keyfiyyətlə tikilib, mənzillər də çox
genişdir, işıqlıdır. Uşaq
bağçası, 1200 şagird yerlik məktəb inşa
edilib. Yəni, yaşayış üçün bütün
imkanlar var və bu münasibətlə sizi ürəkdən
təbrik edirəm. Müharibədən cəmi üç ay
yarım keçib, ancaq şəhid ailələri və
müharibə əlilləri üçün artıq belə
gözəl yaşayış kompleksi, şəhərcik
inşa olunub, təqdim edilib.
Bu gün, eyni zamanda, Şağan qəsəbəsində
reabilitasiya mərkəzinin əsaslı təmirdən sonra
açılışı da olub. Orada da minlərlə qazi hər
il müalicə alacaq, reabilitasiyadan keçəcək, öz
sağlamlığını bərpa edəcək. Eyni
zamanda, müharibə dövründə əlini, qolunu
itirmiş qazilərimiz üçün də ən müasir
protezlər sifariş edilibdir. Mənə bu gün verilən
məlumata görə, 300-dən çox qazimiz bu protezlərlə
təmin ediləcək. Bizim ayaqlarını itirmiş qazilərimizin
artıq bir neçəsi bu protezlərlə təmin edilib və
onlar normal həyata dönə biliblər. Bu protezlər
dünyanın aparıcı şirkətlərinin məhsuludur,
ən müasir protezlərdir. Bu protezlər imkan verəcək
ki, bizim qazilərimiz normal həyata qayıda bilsinlər.
Dövlət şəhid ailələri,
müharibə əlilləri üçün əlindən gələni
edir. Mənim bu sahədəki siyasətim birmənalıdır.
Son 17 il ərzində şəhid ailələri ilə
müxtəlif tədbirlərdə dəfələrlə
görüşmüşəm. Bu günə qədər
9200-ə yaxın şəhid ailəsi, müharibə əlili
dövlət tərəfindən mənzillərlə təmin
edilib. Təkcə keçən il 1572 mənzil verilibdir. Bu il
isə 3 minə yaxın mənzil veriləcək. Beləliklə,
həm Birinci, həm İkinci Qarabağ müharibəsində
şəhid olmuş övladlarımızın Bakıda,
Sumqayıtda, Abşeron rayonunda yaşayan ailələrinə
bu ilin sonuna qədər mənzillər veriləcək. Yəni,
bu proqramı biz Bakı, Sumqayıt və Abşeron rayonunda bu
ilin sonuna qədər tam icra edəcəyik. Digər şəhər
və rayonlarımızda yaşayan şəhid ailələri
üçün binaların, fərdi evlərin tikintisi davam
etdirilir. Əminəm ki, yaxın gələcəkdə bu
proqram tam icra olunacaqdır. Onu da bildirməliyəm ki,
müharibə əlillərinə 7200-ə yaxın minik
avtomaşını verilib.
Mən bu rəqəmləri sadalamaqla dövlətin
bu kateqoriyadan olan insanlara qayğısını bir daha dilə
gətirmək istəyirəm. Bildirmək istəyirəm ki,
Azərbaycan bu sahədə də dünya miqyasında ən
qabaqcıl yerlərdədir. Dünyada müharibələr
çox olub, itkilər çox olub. O qədər də uzaq
olmayan tarixə nəzər salsaq, görərik ki, müxtəlif
ölkələrdə müharibələrdə həlak olmuş
insanların yaxınlarına heç vaxt bizdəki qədər
qayğı, diqqət göstərilməyib. Onu da bildirməliyəm
ki, Ermənistan ordusunda da itkilər olub və İkinci
Qarabağ müharibəsində müxtəlif rəqəmlər
səslənir. Bizdə olan məlumata görə, təqribən
6-7 min işğalçı məhv edilibdir. Onların birinin
də ailəsinə Ermənistan dövləti heç bir
yardım etməyib. Ümumiyyətlə, Ermənistanda bizdə
olan proqram mövcud deyil. Müharibədə həlak olmuş
insanların yaxınlarına nəinki ev, bir daxma da verilmir. Hər
şey müqayisədə ölçülür. Bizim bu sahədəki
siyasətimiz birmənalıdır. Bu siyasət mənəvi
normalara əsaslanır və Vətən uğrunda
canından keçmiş insanların yaxınları dövlət
tərəfindən bundan sonra da qayğı ilə, diqqətlə
əhatə olunacaqlar. Son illər müavinətlərin,
pensiyaların məbləğinin artırılması göz
qabağındadır. Azərbaycan dövləti bu siyasəti
bundan sonra da davam etdirəcək.
İkinci Qarabağ müharibəsində 3 minə
yaxın şəhidimiz olub. Mən, o cümlədən
bunların arasında mülki vətəndaşları da nəzərdə
tuturam. Allah bütün şəhidlərimizə rəhmət
eləsin. Allah sizə, onların yaxınlarına səbir
versin. Şəhidlərimizin ruhu qarşısında baş əyirik.
Bildirməliyəm ki, şəhidlərimizin qanı yerdə
qalmayıb. Biz Birinci Qarabağ müharibəsinin şəhidlərinin,
İkinci Qarabağ müharibəsinin şəhidlərinin
qanını aldıq. Düşməndən
intiqamımızı aldıq, ərazi
bütövlüyümüzü bərpa etdik və şəhidlərimizin
əziz xatirəsini qəlbimizdə əbədi
yaşadacağıq.
Birinci Qarabağ müharibəsində
12 mindən çox şəhidimiz olmuşdur və 4 minə
yaxın hərbçimiz itkin düşmüşdür, təqribən
16 min itkimiz olmuşdur və torpaqlarımız işğal
altına düşmüşdür. İkinci Qarabağ
müharibəsində şəhidlərimizin sayı
müharibənin miqyasına görə həddindən
artıq azdır. Əlbəttə, hər bir şəhidimizin
xatirəsi bizim üçün əzizdir. Hər bir
insanın həyatı qiymətsizdir. Ancaq nəzərə
alsaq ki, genişmiqyaslı müharibə aparılıb və
ilk günlərdən əks-hücum əməliyyatı, əslində,
hücum əməliyyatına çevrilmişdir. Ermənilərin
otuz il ərzində qurduqları istehkamları, 5-6 xətt
müdafiə istehkamlarını və o bölgənin
relyefini nəzərə alsaq, tam qətiyyətlə deyə
bilərik ki, biz istədiyimizə az itkilərlə nail olduq.
Hətta dünyanın aparıcı ölkələrinin hərbi
ekspertləri təəccüb edirlər ki, biz
torpaqlarımızı işğalçılardan belə az
itkilərlə azad etdik. Nəyə görə?
Çünki bütün əməliyyatlar
planlaşdırılanda ən vacib amillərdən biri itkilərin
az olması idi. Hər gün əməliyyat planını təsdiq
edərkən o amil ön planda idi.
Müharibə itkisiz olmur. Bizim müharibəmiz
azadlıq müharibəsi idi, ədalətli müharibə
idi. Ermənistan işğalçılıq müharibəsi
aparırdı. Haqq-ədalət bizim tərəfimizdədir.
Ona görə bizim hərbçilərimiz şəhidlik zirvəsinə
ucalaraq Vətən qarşısında öz vətəndaşlıq
borcunu şərəflə yerinə yetirmişlər. Minlərlə
hərbçimiz yüksək dövlət orden və
medalları ilə təltif edilmişdir. Onların qəhrəmanlığı,
şücaəti, fədakarlığı hər bir azərbaycanlı
üçün örnək olmalıdır, gənc nəsil
üçün örnək olmalıdır və olacaq.
Biz ədaləti bərpa etdik, otuz il ərzində
işğal altında olan torpaqları qaytardıq və
dövlətimizin, xalqımızın gücünü
göstərdik. Müharibənin ilk günündən
üstünlük bizim tərəfimizdə idi. Düşmən demək olar ki, panikaya, isterikaya
qapılmışdı. Ermənistan ordusunda onların özlərinin
etirafına görə 10 mindən çox fərari
olmuşdur. İndi Ermənistan dövləti bilmir ki, bu fərariləri
necə mühakimə etsin. Çünki bu da böyük
problemlərə gətirib çıxara bilər. Azərbaycan
Ordusunda bir nəfər də fərari olmamışdır.
Halbuki Birinci Qarabağ müharibəsində fərarilər
olub.
Birinci Qarabağ müharibəsində bizim qəhrəman
övladlarımız şücaət göstərmişdilər.
Ancaq o vaxt Azərbaycanın başında olan insanlar lazımi
tədbirlər görə bilməmişdilər. Xüsusilə AXC-Müsavat cütlüyünün
dövründə Şuşanın, Laçının, Kəlbəcərin
düşmənə verilməsi böyük xəyanət
idi və faktiki olaraq müharibənin sonrakı
gedişatını şərtləndirdi. Çünki Ermənistanla
Dağlıq Qarabağ arasında coğrafi bağlantı
yaradılmışdır və ondan sonra digər
torpaqların işğalı üçün ermənilərin
çox böyük üstünlüyü
yaranmışdır.
O vaxt faktiki olaraq bizim bölgələrimizin
müdafiəsi demək olar ki, özünümüdafiə
qüvvələrinin öhdəsinə
buraxılmışdı. Nizami ordu yox idi. Hətta
insanları Kəlbəcərdən, Laçından
çıxarmaq üçün lazımi tədbirlər
görülməmişdi, ona görə də, əhali
arasında böyük itkilər olmuşdu. Sabah Xocalı
soyqırımının 29-cu ildönümüdür.
Xocalı soyqırımı insanlığa qarşı
törədilmiş cinayətdir. Bu cinayəti Ermənistan
dövləti törədib. Xocalı qurbanlarının da
qanı İkinci Qarabağ müharibəsində
alındı.
Əlbəttə ki, biz bütün bu illər
ərzində müharibəyə hazırlaşırdıq.
Bunu heç gizlətmirdik. Çünki bizim
torpaqlarımız işğal altında idi və biz
görürdük ki, bu məsələnin sülh yolu ilə
həlli mümkün deyil. Artıq son illər ərzində
buna tam əmin idik. Ermənistan rəhbərliyinin
davranışı, təxribat xarakterli
çıxışları, addımları bizi və deyə
bilərəm ki, beynəlxalq ictimaiyyəti əmin etmişdir
ki, bu münaqişənin sülh yolu ilə həlli
mümkün deyil. Halbuki bu məsələ ilə məşğul
olan Minsk qrupuna həmsədrlik edən ölkələrin
yüksəkvəzifəli rəsmi nümayəndələri
daim təkrarlayırdılar ki, münaqişənin hərbi
həlli yoxdur. Amma biz görürdük ki,
münaqişənin sülh yolu ilə həlli yoxdur.
Çünki əks-təqdirdə 30 il ərzində bu məsələ
həll olunardı. Deməli, buna maraq yoxdur, yaxud da ki, belə
nə hərb, nə sülh vəziyyəti kimisə qane
edirdi. Kimisə qane edirdi ki, Azərbaycan xalqı 30 il ərzində
belə vəziyyətdə yaşasın. Kimisə qane edirdi
ki, bizim torpaqlarımız işğal altındadır və
sanki Azərbaycana bu, müəyyən təzyiq mexanizmi kimi qəbul
edilirdi. Bizi inandırmağa çalışırdılar
ki, indi reallıq yaranıb, 30 il ərzində bu reallıq
mövcuddur və Azərbaycan bu reallıqla
barışmalıdır. Mən isə deyirdim ki, heç
vaxt biz bu vəziyyətlə barışmayacağıq. Mən
deyirdim, heç vaxt imkan verməyəcəyik ki, bizim
torpağımızda ikinci qondarma erməni dövləti
yaradılsın və imkan vermədik. Bütün
gücümüzü səfərbər etdik, bir çox illər
ərzində ardıcıl siyasət apardıq, həm beynəlxalq
müstəvidə, həm iqtisadi sahədə, həm
qonşu ölkələrlə münasibətlərdə,
regional layihələrin icrasında və əlbəttə
ki, ordu quruculuğunun təkmilləşdirilməsi
üçün böyük işlər gördük. Eyni
zamanda, gənc, vətənpərvər, Vətəni hər
şeydən çox sevən nəsil yetişdi. Bax, bu nəsil
torpaqlarımızı azad etdi. Şuşada Cıdır
düzündə Azərbaycan xalqına müraciət edərkən
demişdim ki, mən 2003-cü ildə hakimiyyətə gələndə
bu gün 25-30 yaşında olan insanlar uşaq idi. Biz
onları vətənpərvərlik ruhunda, dövlətə
sədaqət ruhunda yetişdirdik və onlar bizim
torpaqlarımızı işğalçılardan azad etdilər.
O cümlədən işğal edilmiş torpaqlarda heç
vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər
torpaqları uğrunda aslan kimi vuruşurdular. Bütün Azərbaycan
xalqı, Azərbaycanda yaşayan bütün xalqların
nümayəndələri bir yumruq kimi birləşərək
düşməni məğlub edib və
torpaqlarımızı işğaldan azad ediblər. Bu, tarixi
hadisədir. Azərbaycan tarixində buna oxşar parlaq qələbə
olmamışdır. Azərbaycan bütün dünyaya öz
gücünü göstərdi, xalqımızın iradəsini
göstərdi. Bir daha bütün dünya gördü ki, əgər
iradə varsa, güc varsa, xalq-iqtidar birliyi, əzmkarlıq və
cəsarət varsa, haqq-ədalət öz yerini tapır. Biz
bunu nümayiş etdirdik.
İndi baxın, Ermənistan nə gündədir.
Orada böhran yaşanır, gündə toqquşmalar, həbslər
baş verir, demokratik əsaslar demək olar ki, tamamilə
pozulub. Ermənistan heç vaxt bu cür acınacaqlı vəziyyətdə
olmamışdır. Onları bu vəziyyətə salan
onların rəhbərləridir. Həm 20 il Ermənistana
başçılıq edən xunta rəhbərləri -
Köçəryan-Sarkisyan xuntası, həm ondan sonra gələn
hakimiyyət. Sonra gələn hakimiyyətin
qarşısında seçim var idi - ya
işğalçılıq siyasətini davam etdirəcək
və özünü bədbəxt edəcək, ya da ki,
öz xoşu ilə bizim torpağımızdan
çıxacaq. Bu şansı biz verdik və mən hətta
müharibə dövründə dəfələrlə demişdim
ki, bizə tarix versinlər, onlar hansı tarixdə hansı
bölgələrdən çıxırlar və biz
müharibəni dayandırırıq. Belə də oldu, tarix
verilən kimi müharibə dayandı. Ancaq onlar məcbur olub
bu tarixi bizə verdilər, öz xoşuna yox. Biz artıq
onların ordusunu, Ermənistan ordusunun canlı qüvvəsini
məhv edəndən, onlar diz çökəndən sonra
buna məcbur oldular və kapitulyasiya aktına imza atdılar və
bizim qələbəmiz təsdiq olundu.
Onsuz da biz bütün torpaqları azad edəcəkdik.
Ancaq itkilər çox ola bilərdi, xüsusilə Kəlbəcər,
Laçın istiqamətində. Artıq qış gəlmişdi,
qar yağmağa başlamışdı, orada bizim itkilərimiz
çox ola bilərdi. Ona görə düşməni hərbi
yolla məğlub etdik, torpağımızdan qovduq,
Şuşa şəhərini və digər şəhərləri
işğalçılardan azad etdik. Ondan sonra Laçın,
Kəlbəcər rayonlarını və Ağdam rayonunun bir
hissəsini siyasi yollarla qaytardıq və artıq bizim nəzarətimizdədir.
Müharibədən sonrakı dövrə gəldikdə
indi hər kəs görür ki, Azərbaycanda inkişaf
gedir, quruculuq işləri başlayıb, Ermənistanda isə
böhran hökm sürür, bir-birilərini ittiham edirlər,
bir-birilərini didirlər. Hər zaman xarici nümayəndələr
bizə deyirdilər ki, Ermənistan cəmiyyəti birlik
nümayiş etdirir və Ermənistan cəmiyyətində
milli birlik var. İndi biz görürük haradadır bu milli
birlik. Bu məğlubiyyətdə bir-birilərini ittiham edirlər,
bir-birilərini günahlandırırlar, kütləvi həbslər
baş verir. Amma nədənsə demokratiyadan dəm vuran bəzi
qeyri-hökumət təşkilatları və bəzi
hökumətlər buna göz yumurlar. Necə olur Ermənistanda
müxalifət gündəlik formatda əzilir,
dağıdılır, həbs edilir, öldürülür,
amma buna heç kim reaksiya vermir. Bu, nəyi göstərir? Necə
deyərlər, həmin 30 illik tarix bir daha əks etdirir ki, biz
bu qələbəni təkcə Ermənistan üzərində
qazanmamışıq. Bizə qarşı mütəşəkkil
və güclü dairələr birləşib bizim
torpağımızı əbədi işğal altında
saxlamaq istəyirdilər. Ermənistan, sadəcə olaraq, bir
alət idi, bir vasitə idi. Biz bunu dağıtdıq. Biz bu məkrli
siyasəti alt-üst etdik və haqq-ədaləti bərpa
etdik.
Ermənistan rəhbərliyi indi gileylənir
ki, onlara verilən silahlar yararsız idi. Bilirsiniz, kimisə
günahlandırmaq hər şeydən asandır. Ancaq onu da
deməlidirlər ki, bu silahlar onlara pulsuz verilmişdir,
müftə verilmişdir. Özü də bir il yox, iki il yox,
30 il ərzində onları bizə qarşı
silahlandırırdılar. Biz indi bütün imkanlardan istifadə
edib bölgədə gedən prosesləri diqqətlə izləyirik,
bizim imkanlarımız var, informasiya mənbələrimiz kifayət
qədər çoxdur. Biz bilirik müharibə
dövründə Ermənistana nə qədər pulsuz silah
verildi, müharibədən əvvəl nə qədər
verildi. İyul toqquşmasından dərhal sonra, iyulun 17-dən
başlayaraq müharibənin son gününə qədər
Ermənistana gündə bir neçə təyyarə pulsuz
silah gətirirdi. Həmin o “İskəndər” raketlərini
Ermənistan pulla alıb? Pulsuz alıb. “Elbrus”, “Toçka-U”,
“Skad” raketlərini pulla alıb? Pulsuz alıb. “S-300”, hansı
ki, biz yeddisini məhv etmişik, onlar da pulsuz verilib, tanklar da,
toplar da, digər hava hücumuna qarşı sistemlər də.
Biz onların hamısını məhv etmişik. Ermənistan
ordusu yoxdur, bitib, qurtarıb.
Amma bir neçə gün əvvəl
eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan
ordusunu yenə də canlandırmaq istəyirlər, onları
modernləşdirmək istəyirlər. Nəyə görə?
Kimə qarşı? Müharibə başa çatıb.
Əgər kimsə revanşist fikirlərlə
yaşayırsa, bax, bu yumruğu görəcək, bu, yerindədir
və bizim səbrimizi sınamasınlar. Ermənistan ordusu
bitdi, yoxdur və olmamalıdır. Belə bir faşist
dövlətdə ordu olmamalıdır. Biz heç vaxt imkan
vermərik ki, bizim üçün hər hansı bir təhlükə
yenidən yaransın, yaxud da ki, azad edilmiş torpaqlara
qayıdacaq vətəndaşlarımız hər hansı bir
risk hiss etsinlər.
Biz bütün işlərə nəzarət
edirik. Biz ordumuzu bundan sonra da gücləndirəcəyik. Yeni
kontraktlar imzalanıb, ən müasir silahlar alınır,
artıq onlar gətirilir. Dünyada hansı müasir silah
varsa, onlar da artıq kontraktlanıb və Azərbaycana gətiriləcək.
Müharibə, eyni zamanda, ordunun gələcək təkmilləşdirilməsi
məsələlərini də üzə
çıxarıb. Aparılacaq islahatlar daha da çevik, daha
da döyüşkən və döyüş qabiliyyəti
yüksək olan ordunun yaranmasına gətirib
çıxaracaqdır.
Müharibədən sonra bu gün dünyada
yeni reallıq yaranıb. Bu reallığı biz
yaratmışıq, Azərbaycan xalqı yaradıb. Biz iradə
göstərmişik, güc göstərmişik. Bəli, biz
gözləmişik. Həyat göstərdi ki, ən düzgün
an seçilmişdir. İyul ayında bizə qarşı sərhəddə
təxribat törədiləndə də biz əks-hücuma
keçə bilərdik. Ancaq o vaxt mən əks-hücum əməliyyatını
dayandırmışdım. Biz erməniləri öz
torpağımızdan qovub, düz sərhədə gəlib,
sərhədin o tərəfinə keçmədik. Bizi buna təhrik
etmək istəyirdilər. Bizi təxribata çəkmək
istəyirdilər. Əgər biz o vaxt - iyul ayında Ermənistan
ərazisinə keçsəydik, əgər mən o vaxt
ordumuzu dayandırmasaydım, vəziyyət başqa cür ola
bilərdi. Bizi, əslində, buna təhrik edirdilər, təxribata
təhrik edirdilər. Ermənistandan atılan raketlər Gəncənin,
Bərdə, Tərtər, Goranboy, Naftalan, Ağdam, Füzuli
rayonlarımızın dağılmasına gətirib
çıxarmışdır. Onların atdığı
raketlərin biri Xızıya gəlib
çatmışdır. Görün, Xızını
döyüş bölgəsindən neçə kilometr məsafə
ayırır. Ona görə, bu təxribat planları var idi və
düzgün an, düzgün məqam seçildi və
düzgün addımlar atıldı. Ermənistan ordusunu 44
günə məhv etdik, onların əsrlərboyu
yaratdıqları mifləri darmadağın etdik. Göstərdik
ki, müzəffər xalq Azərbaycan xalqıdır. Göstərdik
ki, döyüşkən xalq Azərbaycan xalqıdır. Onlar
bizim qabağımızda diz çökdülər. Onlar
heç vaxt belə rəzil vəziyyətdə
olmamışdılar. Kimsə onları cəzalandırmalı
idi, yoxsa yox? Bütün dünyaya meydan oxuyurlar. Bütün
dünyaya əsassız tələblər irəli
sürürlər. Sanki hər kəs bunlara kömək etməlidir,
bunları müftə yedizdirməlidir, içizdirməlidir,
silahla təmin etməlidir. Bir zəli kimi yapışıblar
dünya ölkələrinin vücuduna. Bizim
torpağımızı işğal edib, insanları
evsiz-eşiksiz qoyub, tarixi abidələrimizi, məscidlərimizi
dağıdıb. Ondan sonra da deyib ki, bu, erməni
torpağıdır. Kimsə bunları cəzalandırmalı
idi, yoxsa yox? Kimsə onları çökdürməli idi,
yoxsa yox? Biz bunu etdik. Tarixi qələbədir, tarixi nailiyyətdir.
Bir daha demək istəyirəm ki, bu qələbəni biz
şəhidlərimizin qanı hesabına
qazanmışıq. Şəhidlər bizim qəlbimizdə əbədi
yaşayır, yaşayacaq. Allah sizə səbir versin. Siz
analar, atalar xalqımız üçün, dövlətimiz
üçün gözəl insanlar yetişdirmisiniz. O
insanların ömrü uzun olmadı, amma onlar əbədiyyətə
qovuşdu və onlar öz adlarını Azərbaycan
xalqının şanlı tarixinə əbədi
yazdırdı.
Mən sizə öz hörmətimi bildirmək
istəyirəm. Bildirmək istəyirəm ki, Azərbaycan
dövləti və mən Prezident kimi hər zaman sizin
yanınızda olacağam”.
* * *
Şəhid Milli Qəhrəman İlqar
İsmayılovun anası Fatma Qocayeva deyib: “Hörmətli cənab
Prezidentimiz, mən Birinci Qarabağ müharibəsinin şəhid
Milli Qəhrəmanı İlqar İsmayılovun 90
yaşlı anasıyam. Mən bütün şəhidləri
öz övladım hesab edirəm. Ona görə də
bütün şəhidlərin valideynləri adından,
öz adımdan Sizə minnətdarlıq bildirmək istəyirəm
ki, Siz Qarabağın azadlıq sevincini bizə
yaşatdınız. Otuz il gözləsək də, o həsrətdən
bizi qurtardınız. Bu, böyük fəxrdir. Şəhid
ailələri də, şəhid valideynləri də bunun
üçün Sizə minnətdardır. Şəhidlərin
də ruhu şad oldu, torpaqda rahat uyudular. Onu da qeyd edim ki, Siz
Şuşanın azad olunmasını elan edərkən,
“Şuşa sən azadsan!” deyərkən elə bir azərbaycanlı
tanımıram ki, onun gözündə sevinc yaşı
olmasın. Bu, bizim fəxrimiz oldu.
Qeyd etmək istəyirəm ki,
Qubadlının iki polisi - İlqar İsmayılov, Əli Məmmədov
bir çox kəndləri azad edə-edə Laçın
dağlarının ən yüksək zirvəsi olan
Qızartı yüksəkliyinə çıxıb
Laçın dəhlizini bağlamaq
tapşırığı almışdılar. O
yüksəkliyə çıxanda onlar məşhur
idmançı polislər idi. Çox ağır
döyüşlə rastlaşıblar. Ermənilər əvvəlcədən
oranı zəbt ediblərmiş. Onlar mühasirəyə
düşüblər. Erməni başbilənləri onlara
güllə atmayıb. “Onlar bizə diri lazımdır” deyəndə
komandir olan İlqar deyib ki, uşaqlar soyuqqanlı olun. Bir atəşlə
hamımız onları yerə sərməliyik. Sağ
qalanların dediyinə görə, qumbara atmaqla, tüfənglə,
avtomatla, bir çox silah-sursatla 48 erməninin meyitləri yerə
sərilib. Axırda İlqar deyib ki, biz bunlara təslim
olmamalıyıq. Bıçaqları çıxarın əlbəyaxa
döyüşə keçək. Orada əlbəyaxa
döyüş gedib, bu cəsur oğullar şəhid olublar.
İndi Şuşa, Laçın azad olunandan sonra o dağlara
baxıb deyirəm, orada bitən qırmızı lalələr,
sizə qurban olum. Sizin rənginiz ona görə
qırmızıdır ki, o igidlərin qanından su
içmisiniz. İndi Prezidentimizin sayəsində, şəhidlərin
qanı bahasına torpaqlarımız azaddır, Şuşa
da, Laçın da bizimdir. Bizim şəhidlərin ruhu bir də
ona görə şaddır ki, cənab Prezident, Siz şəhid
ailələrinə böyük qayğı ilə
yanaşırsınız, onların hər bir
ehtiyacını çox həvəslə ödəyirsiniz.
Bu gün bizi buraya dəvət edib ehtiyacı olan şəhid
ailələrinə ev bağışlamaqla yenidən öz
qayğınızı göstərirsiniz. Xalqımız bunu
duyur, hiss edir ki, biz Prezidentimizin himayəsindəyik.
Mən həmişə demişəm, heç
kəs qorxmasın ki, gedib şəhid olaram, ailəm
baxımsız qalar. Bizim Prezidentimiz hər bir şəhid ailəsinin
qayğısına qalır. Sizə bütün şəhid
ailələri adından, öz adımdan təşəkkür
və minnətdarlıq edirəm ki, Siz bizi bu cür
qayğı ilə əhatə edirsiniz. Allah Sizi qorusun,
dövlətimizi, xalqımızı qorusun. Bütün şəhidlərimizə
rəhmət, qazilərimizə cansağlığı diləyirəm.
Sizinlə fəxr edirik. Allah Sizi həmişə qorusun.
Sağ olun”.
* * *
İkinci qrup Qarabağ müharibəsi əlili
Rahim Babayev deyib: “Cənab Prezident, müzəffər xalqın
Müzəffər Ali Baş Komandanı, Sizə Qarabağ qaziləri
adından, şəhid ailələri adından böyük təşəkkürümüzü,
minnətdarlığımızı bildiririk. Ona görə
ki, Siz nəinki bizim Azərbaycan xalqına, bütün
türk dünyasına bir hədiyyə etdiniz - Qarabağ hədiyyəsi!
Vaxt uzandıqca son zamanlar insanlarda ümidsizlik
yaranmışdı. Amma Siz bütün bu ümidsizliyə
son qoydunuz. Dünyanın bir çox ölkələrində
müharibələr olur, amma 44 günlük müharibə
olmur. 44 gün ərzində belə bir nəticə heç
bir yerdə, heç bir ölkədə olmayıb, amma bunu
Siz etdiniz. Təkcə Azərbaycan xalqı deyil, bütün
türk dünyası Sizinlə fəxr edir. Siz bütün
dünyaya türkün gücünü və Sizin dediyiniz o
“dəmir yumruğu” göstərdiniz və sübut etdiniz. Biz
qazi olaraq, əsgər olaraq yenə də Sizin bütün əmr
və sərəncamlarınızı yerinə yetirməyə
hazırıq.
Hörmətli Prezident, biz qazi olaraq həyatda hər
zaman Sizin qayğınızı hiss edirik. Bizim təqaüdlərimiz,
pensiyalarımız məhz Sizin sərəncamlarınız əsasında
mütəmadi surətdə ilbəil, aybaay
artırılır. Məhz bu ilin əvvəlində də sərəncamınızla
Qarabağ müharibəsi əlillərinin, şəhid ailələrinin
pensiya və təqaüdləri artırıldı.
Bir neçə il bundan əvvəl biz
Qarabağ qazilərinə avtomobil hədiyyə etmisiniz. Mənə
də o avtomobildən hədiyyə olunub. Hazırda o avtomobili
idarə edirəm. Bu gün isə məni evlə təmin
edirsiniz.
Cənab Prezident, Siz nəinki bu xalqa,
bütün türk dünyasına lazım olan
insansınız. Allah Sizi qorusun. Var olun, sağ olun. Vətən
sağ olsun!”.
Yeni Azərbaycan.-
2021.- 26 fevral.- S.2.3.