Azərbaycançılıq
ideologiyasının təbliği
aşıqlarımızın yaradıcılığında
da özünəməxsus yer tutur
Azərbaycançılıq məfkurəsinə
bağlı olan sənətkarların yaratdıqları əsərlərdə
xalqın vətənpərvərliyi, əqidə və
inamı əks etdirilir
Müasir müstəqil Azərbaycan dövlətinin
banisi, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin zəngin irsi indiki və gələcək nəsillər
üçün əvəzsiz sərvət, böyük
qürur və iftixar mənbəyidir. O cümlədən Ulu
Öndər Heydər Əliyevin azərbaycançılıq
ideologiyasıb milli həmrəyliyi, bütövlüyü təmin
edən, milli təəssübkeşlik və vətənpərvərlik
hissini gücləndirən məfkurədir.
Əksər ekspertlərin də
vurğuladıqları kimi, azərbaycançılıq
ideologiyasının təbliği hər zaman diqqət mərkəzində
olmalıdır. Və bu istiqamətdə dövlət
qurumları ilə yanaşı, qeyri-hökumət təşkilatlarının,
həmçinin şair, yazıçı, dramaturq, rejissor və
rəsssamların da üzərinə mühüm vəzifə
düşür. Biz ötən yazılarımızda ədəbiyyat
və mədəniyyətin bir sıra sahələrində azərbaycançılıq
ideologiyasının təbliği istiqamətində
görülən işlərdən bəhs etmişdik. Bu dəfə
isə aşıq sənətində azərbaycançılığın
təbliği məsələsinə işıq salmağa
çalışacağıq.
Bu məqamda qeyd edək ki, istər
əvvəllər, istərsə də, müstəqillik illərində
azərbaycançılıq ideologiyasının ana xəttini
təşkil edən milli, hərbi vətənpərvərliyin,
Vətəninə, eləcə də soy-kökünə
bağlılıq ideyalarının təbliğində
Azərbaycan aşıqları da ön sıradadırlar. Eyni zamanda, hazırda da azərbaycançılıq
ideologiyasının mahiyyətinin, prinsiplərinin, xalqa,
xüsusilə də gənc nəslə
çatdırlmasında aşıq sənətinin nümayəndələri
üzərlərinə düşən vəzifələrin
öhdəsindən layiqincə gəlirlər.
Aşıq sənəti xalqımızın ənənəvi
musiqisi olmaqla yanaşı, həm də bəşəri
mahiyyət daşıyır. Sözsüz ki, aşıq
musiqisində millilik, Azərbaycan ruhu hər zaman qabarıq
şəkildə özünü göstərib.
Aşıqlar hər zaman xalq kütlələrinin ən
sıx yerlərində yaşayıb, xalqın həyat və
mübarizəsi, vətənpərvərliyi onların
yaradıcılığı üçün bir mənbə
olub. Bu el sənətkarları əsrlərboyu xalqın kədəri
ilə kədərlənib, sevinci ilə seviniblər. Azərbaycan
kəndlərində heç bir məclis toy, şadlıq məclisi
aşıqsız keçməyib. Folklorşünas alimlərin
fikrincə, aşıqlar xalqımızın qəhrəman
övladlarının həyat tərzini, mənəvi
dünyasını, vətənpərvərliyini
dastanlaşdıraraq indiki nəslə çatdırıblar.
Məsələ ilə
bağlı fikirlərini bölüşən Azərbaycan
Aşıqlar Birliyinin sədri, Dövlət mükafatı
laureatı, Əməkdar elm xadimi, “Şöhrət” ordenli Məhərrəm
Qasımlı qəzetimizə açıqlamasında bildirib
ki, hər birimizin əsas vəzifəsi, azərbaycançılıq
ideologiyasına xidmət etməkdən ibarət
olmalıdır: “Keçdiyimiz yol, əldə
etdiyimiz uğurlar, Vətən müharibəsində
qazandığımız şanlı qələbə onu deməyə
əsas verir ki, azərbaycançılıq ideologiyası
öz müsbət nəticələrini verməkdədir.
Ümumiyyətlə, harada yaşamasından asılı
olmayaraq, hər bir azərbaycanlı Azərbaycan sevgisi ilə
yaşamalı, dövlətin mənafelərini qorumalı, azərbaycançılıq
ideologiyasının prinsiplərini hər zaman üstün
tutmalıdır”.
Məhərrəm Qasımlı
deyib ki, ozan-aşıq sənəti yarandığı
gündən etibarən milli dövlətçilik ənənəsini
əsas istiqamət olaraq götürüb. Ümumiyyətlə,
aşıqlıq sənəti bədii
varlığımızda milli ruhu - azərbaycançılığı
yaşadan sağlam köklərdən sayılır. Vurğulandığı kimi, azərbaycançılıq
ruhunun aşılanmasında mühüm rol oynayan el sənətkarlarının,
o cümlədən aşıqların son illər ərsəyə
gətirdiyi əsərlərin leytmotivini azərbaycançılıq,
dövlətçilik, Azərbaycanın müstəqilliyinin
tərənnümü, Qarabağ ağrısı, milli
faciələrimizlə bağlı mövzular təşkil
edir. Bir sözlə, azərbaycançılıq məfkurəsinə
bağlı olan sənətkarlar böyük əsərlər
yaradır və bu əsərlərdə xalqın vətənpərvərliyi,
taleyi, düşüncəsi, əqidə və inamı əks
etdirilir.
O da qeyd olunub ki, azərbaycançılıq
ruhunun aşılanmasında mühüm rol oynayan
aşıqlıq sənətinə Azərbaycanda dövlət
səviyyəsində qayğı göstərilir. Ulu Öndər
aşıqlıq sənətinə yüksək qiymət
verdiyi kimi, Onun layiqli siyasi varisi ölkə Prezidenti İlham
Əliyev də bu sənəti yüksək dəyərləndirir.
Bildirilib ki, Ulu Öndər Heydər Əliyevin
1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi seçilməsi
bir çox başqa sahələrlə yanaşı, mənəvi-humanitar
istiqamətin, o cümlədən də milli mədəniyyətimizlə
bağlı elmi və mədəni təşkilati fəaliyyətin
canlanmasına səbəb oldu: “Həmin
dövrdən etibarən memarlıq,
xalçaçılıq, xalq musiqisi, folklor və etnoqrafiya
kimi ən müxtəlif istiqamətləri cəmləşdirən
milli-mənəvi dəyərlər kompleksi əlahiddə bir
qayğı və diqqətlə əhatələnməyə
başladı. Ulu Öndər Heydər Əliyevin
xalqımızın tarixi keçmişinə, klassik ədəbi
qaynaqlarına, ana dilinə, milli-mənəvi sərvətlərinə
həssas və qayğıkeş münasibəti bu sahənin
öyrənilməsi, qorunub yaşadılması işinə
güclü təkan verdi. Sözügedən illərdən
başlayaraq milli ruhun güclənməsi, vətənçilik,
azərbaycançılıq ideyalarının qüvvətlənməsi
nəzərə çarpacaq bir dalğalanma yaratdı”.
Qeyd edilib ki, yüzillərin qan yaddaşını
daşıyıb gətirən tarixi-mənəvi dəyərlərə,
o sıradan folklor qaynaqlarına göstərilən
qayğı və diqqət bütün Azərbaycan
miqyasında özünütanıma, özünüdərk
və özünəqayıdış proseslərini hərəkətə gətirdi. Əvvəli onilliklər
üçün yasaq olan “Dədə Qorqud”, “Oğuz”,
“Oğuz yurdu”, “Ozan”, “Türk mədəniyyəti”, “Qan
yaddaşı” anlayışları elmi toplantılarda, ədəbi
mədəni yığıncaqlarda, kitablarda, mətbuatda,
radio-televiziya verilişlərində boy göstərdi. Sazı-sözü, muğam sənətini, xalq
mahnıları və rəqs-oyun mədəniyyətimizi himayə
edən rəsmi qurumların fəaliyyəti nəticəsində
“Azərbaycan Aşıqlar Birliyi”, “Aşıq Pəri məclisi”,
“İrs”, “Atəşgah”, “Gülüstan”, “Yallı” və s.
kimi məşhur xalq kollektivləri, həmçinin muğam teatrı, dastan teatrı, ozan-aşıq
muzeyi yaradıldı. Kütləvi folklor nəşrlərində
folklorun geniş miqyasda təbliği (folklor festivalları, saz
bayramları, “Bulaq” və “Ozan” verilişləri, qəzet və
jurnallarda folklor səhifəsi) başladı və az sonra
öz uğurlu nəticələrini göstərdi.
Qeyd olunub ki, Azərbaycanın mədəni
həyatında mühüm hadisəyə çevrilən həmin
tədbirlərin böyük əksəriyyətində Heydər
Əliyev Özü şəxsən iştirak edib, milli-mənəvi
dəyərləri yüksək qiymətləndirən ürək
sözlərini söyləyib, xeyir-duasını verib:
“Şübhəsiz ki, respublikanın rəhbərinin belə
bir mövqe nümayiş etdirməsi xalqı ruhlandıraraq
milli-mənəvi dəyərlərimizə qarşı həssaslığı
daha da gücləndirib. O illərdə respublika
rəhbəri tərəfindən “Xalqın istedadı, onun
yaradıcılıq dühası “Kitabi-Dədə Qorqud”,
“Koroğlu” və başqa epik əsərlərdə
bütün dolğunluğu ilə təcəssüm
tapmışdır”- fikrinin söylənilməsi heç də
təsadüfi deyil. Ulu Öndərin
söylədiyi bu və bu qəbildən olan digər istiqamətverici
mülahizələr elm və sənət adamlarını
milli-mənəvi dəyərlərin öyrənilməsi,
qorunması və böyüməkdə olan gənc nəslə
mənimsədilməsi işinə yönəldirdi”.
O da qeyd olunub ki, həmin illər
Qorqudşünaslıq təkcə elm-təhsil sistemi ilə
çərçivələnmədi. Yazıçılar, rəssamlar,
heykəltəraşlar, kinematoqraflar Dədə Qorqud mövzu
və motivlərinə üz tutdular. Anarın ssenari müəllifi
olduğu “Dədə Qorqud” filmi bu sahədə ən
böyük uğurlardan biri oldu. Azərbaycanın
hüdudlarından çox-çox uzaqlarda da böyük
şöhrət tapan bu gözəl kino əsəri Dədə
Qorqud obrazının və eposdakı vətənpərvərlik,
qəhrəmanlıq, bahadırlıq ideyalarının təbliğində
ölçüyəgəlməz dərəcədə
böyük rol oynadı.
“Ulu Öndərin “Milli
varlığımızın mötəbər qaynağı”
adlandırdığı “Kitabi-Dədə Qorqud” eposuna
böyük ehtiram və məhəbbətlə
yanaşması təbii bir qanunauyğunluqdan doğurdu. Bu möhtəşəm folklor abidəsində
öz inikasını tapmış milli-mənəvi dəyərlər
xalqımızın tarixi kimliyini qürurverici bir
görüntü ilə əks etdirdiyindən müstəqil
Azərbaycan dövlətçiliyi baxımından dünəni,
bu günü və sabahı çevrələyən bütün
zamanlar üçün böyük siyasi ideoloji əhəmiyyətə
malikdir”, - deyən sədr bildirib. Vurğulanıb
ki, Ulu Öndərin tarixi keçmişimizə, əsrlərin
daş sınağından keçib gələn saz-söz
qaynaqlarımıza, xalqımızın tarixin müxtəlif
mərhələlərində yetişdirdiyi ustad sənətkarlara
həqiqi qədirbilənliklə
yanaşdığındandır ki, Onun təşəbbüsü
və Sərəncamı ilə böyük ozanlarımız
Aşıq Ələsgərin 150 illik, Aşıq
Alının 180 illik yubileyləri böyük təntənə
ilə ümumxalq bayramı səviyyəsində qeyd olundu.
M.Qasımlı onu da xatırladıb ki, 1972-ci
ildə Heydər Əliyevin böyük siyasi nüfuzu sayəsində
Aşıq Ələsgərin 150 illik yubiley tədbiri
Bakı ilə yanaşı, Moskvada da ən yüksək səviyyədə
keçirildi. Yubiley tədbirlərinin keçmiş Ittifaq
miqyasındakı böyük əks-sədası o vaxt hətta
erməniləri də Aşıq Ələsgərin 150
illiyini qeyd etmək məcburiyyəti qarşısında
qoydu: “Belə ki, Ermənistan SSR ərazində
olan Göyçə mahalında - Aşıq Ələsgərin
vətəni Ağkilsə kəndində böyük sənətkarın
əzəmətli qəbirüstü abidəsi
ucaldıldı. Bu, həmin dövrdə Heydər Əliyev
nüfuzunun sayəsində əldə edilmiş parlaq bir
nailiyyət idi. Göründüyü
kimi, milli-mənəvi dəyərlərin qorunub
yaşadılması ilə bağlı həyata keçirilən
tədbirlər kompleksinin arxasında olduqca uzaqgörən bir
siyasət yürüdülürdü. Strateji məqsəd
daşıyan bu siyasət özünütanıma,
özünətapınma, soykökü, tarixi-milli
yaddaşı qoruma və milli dövlətçiliyin möhkəmləndirilməsi
işinə xidmət edirdi”.
O, həmçinin Azərbaycan
aşıq sənətinin görkəmli nümayəndəsi
Aşıq Ələsgərin 200 illik yubileyinin təntənəli
şəkildə qeyd edilməsi haqqında Prezident İlham
Əliyev tərəfindən 2021-ci il fevralın 18-də Sərəncam
imzalandığını, həmin sənəddə ölkə
başçısının Aşıq Ələsgərin
yaradıcılığına, sənətinə
böyük dəyər verdiyini vurğulayıb: “Aşıq Ələsgər çoxəsrlik
keçmişə malik aşıq sənəti ənənələrinə
ən yüksək bədii-estetik meyarlarla yeni məzmun
qazandırıb, Azərbaycanın mədəni sərvətlər
xəzinəsinə misilsiz töhfələr bəxş edib.
Onun yaradıcılığı ədəb və mərifət
dərsidir, müdriklik məktəbidir, vətənpərvərlik
tərbiyəsidir. Sədaqət, Vətənə məhəbbət,
təbiətə vurğunluq onun
yaradıcılığının məğzini təşkil
edir”.
M.Qasımlı sonda onu da vurğulayıb ki, 44
günlük müharibə dövründə aşıqlar tərəfindən
onlarla mahnı yazılıb. Zəfər münasibətilə
konsertlər təşkil edilib. Qürurlandıran məqam isə
həmin konsertlərdə ikinci Vətən müharibəsində
qazi olmuş aşıq Sabir Novruzlunun da ifaçı qismində
yer alması idi. Sanki Dədə Qorqud bahadırları kimi,
Koroğlu dəliləri kimi sazı ilə birlikdə
döyüş meydanından gəlmişdi. Bu
onu göstərir ki, aşıqlarımız, o cümlədən
Azərbaycan Aşıqlar Birliyi milli dövlətçiliyin
qorunmasına və bu konteksdə azərbaycançılıq
ideologiyasının təbliğinə hər zaman olduğu
kimi, hazırda da xüsusi fikir verir: “Bu istiqamətdə
işlər daha da genişləndiriləcək. Vətənpərvərliyin,
milli dövlətçiliyin, qəhrəmanlığın,
bahadırlığın, ümumilikdə azərbaycançılığın
təbliğ edilməsində öz töhfəmizi verməkdə
davam edəcəyik”.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2021.- 2 iyun.- S.7.