Ankarada Yeni Azərbaycan Partiyası ilə
Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığın
inkişafı məsələləri müzakirə olunub
Yeni Azərbaycan Partiyası (YAP)
Sədrinin müavini-Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqovun rəhbərlik etdiyi və YAP Təftiş
Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc
Hüseynova, YAP İdarə Heyətinin üzvü, Milli Məclisin
deputatı Hikmət Babaoğlu, Milli Məclisin deputatı
Ramil Həsən və YAP Gənclər Birliyinin sədri
Bəxtiyar İslamovdan ibarət nümayəndə heyəti
Türkiyədə səfərdədir.
AZƏRTAC xəbər verir ki, Yeni Azərbaycan
Partiyasının nümayəndə heyəti iyunun 2-də
Türkiyə Respublikasının banisi Mustafa Kamal
Atatürkün məzarını - Anıtqəbri ziyarət
edib.
Yeni Azərbaycan Partiyası adından Anıtqəbrin
önünə əklil qoyulub.
Nümayəndə heyəti Anıtqəbir
muzeyi ilə tanış olub, Yeni Azərbaycan Partiyası Sədrinin
müavini Tahir Budaqov xatirə kitabına ürək sözlərini
yazıb.
Ankarada Yeni Azərbaycan Partiyası ilə
Ədalət və İnkişaf Partiyası arasında əməkdaşlığa
dair niyyət protokolu imzalanıb
Yeni Azərbaycan
Partiyasının nümayəndə heyətinin Ankarada AKP-nin
mərkəzi qərargahında ilk olaraq Türkiyənin hakim
Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin
birinci müavini, Türkiyə Böyük Millət Məclisinin
üzvü Numan Kurtulmuş ilə görüşüb.
Görüşdə iki qardaş ölkənin
hakim siyasi partiyaları arasında əməkdaşlıq əlaqələrinin
real vəziyyəti yüksək dəyərləndirilib,
perspektivlər müzakirə olunub.
Sonra Yeni Azərbaycan Partiyası Sədrinin
müavini Tahir Budaqov və Ədalət və İnkişaf
Partiyası Sədrinin birinci müavini Numan Kurtulmuş YAP ilə
AKP arasında əməkdaşlığa dair niyyət
protokolunu imzalayıblar.
İmzalanma mərasimindən sonra YAP Sədrinin
müavini Tahir Budaqov və AKP Sədrinin birinci müavini Numan
Kurtulmuş birgə mətbuat konfransı keçiriblər.
Türkiyə-Azərbaycan
münasibətlərini bütün dünya üçün
qardaşlıq nümunəsi kimi dəyərləndirən
AKP Sədrinin birinci müavini Numan Kurtulmuş deyib ki,
Qarabağın işğaldan azad olunması ilə nəticələnən
44 günlük Vətən müharibəsində Azərbaycanın
yanında olmaqla, iki dövlət olsaq da, bir millət
olduğumuzu bir daha həm azərbaycanlı
qardaşlarımıza, həm də bütün dünyaya
göstərdik. Törədilən
soyqırımlar, bir milyondan çox günahsız insanın
doğma yurdundan didərgin düşməsi və mövcud
işğal ilə Azərbaycan xalqına qarşı davam edən
zülmlərin aradan qaldırılması heç bir vasitəçiliklə,
diplomatik və siyasi danışıqlarla mümkün
olmadı.
Dünya birliyinin Xocalı
soyqırımı başda olmaqla, törədilən
bütün cinayətlərə və ədalətsizliklərə
səssiz qaldığını təəssüf hissi ilə
qeyd edən AKP Sədrinin birinci müavini Numan Kurtulmuş
tarixi Zəfər münasibətilə bir daha səmimi təbriklərini
çatdırıb, şəhidlərimizə Allahdan rəhmət,
qazilərimizə şəfa diləyib. O deyib: “Azərbaycanın
Qarabağ Zəfəri nəticəsində yaranmış
mövcud vəziyyət, cəbhədə qazanılan Qələbə
həm Azərbaycan, həm də Türkiyə
üçün faydalı olacaq”.
AKP rəsmisi diqqətə çatdırıb
ki, region Azərbaycan və Türkiyənin dostluğu,
qardaşlığı sayəsində sülh və
inkişaf mərhələsinə daxil olur. Bu
bölgədə gözü olan bütün imperialist
güclərin həvəs və istəklərinə
baxmayaraq, gücümüzü artıraraq, dostluğumuzu
qoruyaraq, imkanlarımızı səfərbər edərək
bu coğrafiyada sülhün, əmin-amanlığın və
tərəqqinin bərqərar olmasına nail olacağıq.
Doğma Vətən hesab etdiyimiz
Türkiyədə olmaqdan, yüksək qonaqpərvərlikdən
məmnunluğunu ifadə edən Yeni Azərbaycan Partiyası
(YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri
Tahir Budaqov bildirib ki, ölkələrimiz tarixdə ən
uğurlu və güclü əməkdaşlıq dövrünü
yaşayır. Azərbaycan Prezidenti, Yeni Azərbaycan
Partiyasının Sədri İlham Əliyev ilə Türkiyə
Prezidenti, Ədalət və İnkişaf Partiyasının Sədri
Rəcəb Tayyib Ərdoğanın dostluq və
qardaşlıq münasibətləri, ölkələrimiz
arasında digər sahələrdə olduğu kimi YAP və
AKP əməkdaşlıq əlaqələrində də
dinamik mərhələ yaradıb.
Mayın 4-də Türkiyənin
Ədalət və İnkişaf Partiyası - Yeni Azərbaycan
Partiyası əməkdaşlığı çərçivəsində
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr
olunmuş “Azərbaycan-Türkiyə, bir millət, iki dövlət:
Qarabağ Zəfəri sonrası reallıqlar və uydurma erməni
soyqırımı açıqlamasının regionda sülhə
və sabitliyə təsirləri” mövzusunda videokonfrans
keçirildiyini xatırladan YAP Sədrinin müavini Tahir
Budaqov deyib: “Bu konfransda dərin məzmunlu
çıxışlar oldu, gələcəkdə Azərbaycanın
və Türkiyənin əməkdaşlığı, yeni
şəraitə uyğun siyasətin həyata keçirilməsi
üçün mühüm mesajlar verildi. Biz də
Ankaraya səfərimizi türk dünyasının
böyük oğlu, “Azərbaycanın sevincini sevinicimiz, kədəri
kədərimizdir”, - ifadəsi ilə nəsillərə
örnək yaradan Türkiyə Respublikasının qurucusu
Mustafa Kamal Atatürkün məzarını - Anıtqəbri
ziyarət etdik”.
Çıxışlarda diqqətə
çatdırılıb ki, Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə yenilməz
Azərbaycan Ordusunun 44 günlük şanlı Vətən
savaşında qazandığı Qələbə bölgədə
yeni vəziyyət yaradıb. Regional nəqliyyat və
kommunikasiya xətlərinin bərpası sülh, əməkdaşlıq
və inkişaf istəyən bütün tərəflərin
maraqlarını təmin edir. Bütün tərəflər
işğal faktının aradan qaldırılması nəticəsində
yaranmış vəziyyəti düzgün dəyərləndirməlidir.
Zəngəzur nəqliyyat dəhlizinin
əhəmiyyətini yüksək dəyərləndirən
partiya rəsmiləri Türkiyənin Naxçıvana birləşəcək
dəmir yolu xətti ilə Azərbaycanın digər bölgələrinə
və digər türkdilli ölkələrə quru yolu ilə
sərbəst çıxış əldə edəcəyini
bütün region üçün əhəmiyyətli hadisə
kimi dəyərləndiriblər.
Mətbuat konfransında Vətən müharibəsindən
sonra Azərbaycanın yürütdüyü siyasət
yüksək qiymətləndirilib. Diqqətə
çatdırılıb ki, işğaldan azad edilən ərazilərdə
aparılan əsaslı bərpa və yenidənqurma işləri,
əhalinin doğma yurduna vahid strategiya əsasında
qaytarılması istiqamətində görülən işlər
nümunəvidir. Bütün bu proseslərdə
Azərbaycanın və Türkiyənin atdığı birgə
addımlar təqdirəlayiq, Yeni Azərbaycan Partiyası ilə
Ədalət və İnkişaf Partiyasının səmərəli
əməkdaşlığı
qardaşlığımızın qorunmasına böyük
töhfədir.
Ankarada YAP ilə AKP arasında əməkdaşlığın
səmərəliliyini artırmaq üçün
koordinasiyanın yaradılması imkanları müzakirə
olunub
Sonra Yeni Azərbaycan Partiyasının nümayəndə
heyəti Ədalət və İnkişaf Partiyası (AKP) Sədrinin
beynəlxalq məsələlər üzrə müavini
Əfkan Ala ilə görüşüb.
Yeni Azərbaycan Partiyası ilə
Ədalət və İnkişaf Partiyasının əməkdaşlıq
əlaqələrinin inkişaf perspektivləri müzakirə
olunduğu görüşdə YAP-AKP münasibətlərinin
inkişafı, gələcəkdə hər iki partiyanın
beynəlxalq əlaqələr sahəsində birgə fəaliyyət
mexanizminin işlənib hazırlanması,
Yeni Azərbaycan Partiyası ilə Ədalət və
İnkişaf Partiyası arasında əməkdaşlığa
dair niyyət protokoluna uyğun olaraq, partiyaların rəhbər
şəxslərinin, eləcə də millət vəkillərinin
beynəlxalq təşkilatlar çərçivəsində
birgə fəaliyyətinə dair koordinasiyanın
yaradılmasına dair fikir mübadiləsi
aparılıb və ümumi razılıq əldə edilib.
Yeni Azərbaycan Partiyası ilə Ədalət
və İnkişaf Partiyası arasında əməkdaşlığın
perspektivləri ilə bağlı fikir mübadiləsi
aparılıb
İyunun 2-də Yeni Azərbaycan Partiyası
nümayəndə heyəti Ədalət və İnkişaf
Partiyası (AKP) Sədrinin müavini, Türkiyə
Respublikasının sabiq Baş naziri Binəli
Yıldırımla görüşüb.
AKP-nin mərkəzi qərargahında dostluq
şəraitində keçirilən görüşdə
Yeni Azərbaycan Partiyası ilə Ədalət və
İnkişaf Partiyasının əməkdaşlıq əlaqələrinin
inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan
Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham
Əliyev ilə Türkiyə Prezidenti, Ədalət və
İnkişaf Partiyasının Sədri Rəcəb Tayyib
Ərdoğanın tapşırıqları əsasında
iki qardaş ölkənin hakim partiyaları arasında
çoxistiqamətli əlaqələrin vəziyyəti
yüksək dəyərləndirilib.
Diqqətə çatdırılıb ki,
dostluq və qardaşlıq münasibətləri ölkələrimiz
arasında digər sahələrdə olduğu kimi, YAP-AKP
münasibətlərində də nümunəvi məcrada
dinamik şəkildə inkişaf edir.
Görüşdə milli
ideologiyaların inkişafı, birgə sosial layihələrin
işlənib hazırlanması perspektivləri, QHT və media
qurumları ilə əməkdaşlıq, Yeni Azərbaycan
Partiyası ilə Ədalət və İnkişaf
Partiyası arasında əməkdaşlığa dair niyyət
protokolundan irəli gələn vəzifələrlə bağlı
səmərəli fikir mübadiləsi aparılıb və
ümumi razılıq əldə edilib.
Ankarada Yeni Azərbaycan Partiyası ilə
Ədalət və İnkişaf Partiyası Gənclər
birliklərinin rəhbərləri görüşüblər
Səfər çərçivəsində
YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov ilə
qardaş ölkənin hakim Ədalət və İnkişaf
Partiyası (AKP) Gənclər qollarının sədri Eyyub
Kadir İnan arasında da görüş keçirilib.
Görüşdə iki
qardaş ölkənin gənclər birlikləri arasında əməkdaşlıq
imkanları, tərəfdaşlıq əlaqələrinin
qurulması, hər iki partiyanı təmsil edən gənclərin
ölkələrimizə qarşılıqlı səfəri,
intellektual inteqrasiya yolları müzakirə olunub.
Həmçinin Azərbaycanın və
Türkiyənin dövlətçilik tarixindən
mühüm tarixi missiya həyata keçirən YAP-ın və
AKP-nin gənc üzvlərinin ictimai-siyasi proseslərdəki fəaliyyəti
mühüm amil kimi dəyərləndirilib. Diqqətə
çatdırılıb ki, gənclər bundan sonra da milli-mənəvi
dəyərlərimizin qorunmasında, dövlətçiliyə
aid bütün proseslərdə fəal olmalı, təmaslarını
intensivləşdirməli, cəmiyyətlərimizdə saf
imicləri ilə nümunəvi olmağı davam etdirməlidirlər.
YAP-ın və AKP-nin Gənclər birliklərinin
rəhbərlərinin növbəti
görüşünün Azərbaycanda keçirilməsi qərara
alınıb.
Ankarada YAP ilə AKP-nin Təftiş
komissiyaları arasında təcrübə mübadiləsi
imkanları müzakirə edilib
Yeni Azərbaycan
Partiyasının nümayəndə heyətinin Ankaraya səfəri
çərçivəsində partiyanın və Türkiyənin
hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Təftiş
komissiyaları arasında əməkdaşlıq məsələləri
də müzakirə olunub.
YAP Təftiş
Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc
Hüseynovanın Türkiyənin hakim Ədalət və
İnkişaf Partiyasının (AKP) Təftiş
Komissiyasının sədri Ahmet Aydın ilə
görüşündə iki qardaş ölkənin hakim
partiyalarının Təftiş komissiyaları arasında təcrübə
mübadiləsi, gələcək əməkdaşlığın
əsaslarının yaradılması istiqamətində fikir
mübadiləsi aparılıb.
Diqqətə
çatdırılıb ki, Azərbaycanda böyük
nüfuza malik Yeni Azərbaycan Partiyası monolit təşkilat
olaraq cəmiyyətin bütün təbəqələrinə
nüfuz etdiyi kimi, Türkiyədə də hakim Ədalət
və İnkişaf Partiyası xalqın etimadını
qazanıb və onu doğrulda bilib. Bu baxımdan,
YAP-ın və AKP-nin Təftiş komissiyaları arasında
qarşılıqlı təcrübə mübadiləsi hər
iki partiyanın gələcək fəaliyyətinin daha
düzgün istiqamətləndirilməsinə töhfə
verə bilər.
İyunun 3-də davam edəcək səfər
çərçivəsində partiya heyətlərinin digər
görüşləri keçiriləcək.
Yeni
Azərbaycan.- 2021.- 3 iyun.- S.4-5.