Azərbaycançılıq
ideologiyası xalqımızın zəngin milli-mənəvi
dəyərlərinin qorunmasında müstəsna rola malikdir
Azərbaycanda milli və dini mənsubiyyətindən
asılı olmayaraq, bütün vətəndaşların,
bütün sosial təbəqələrin mənafeyi nəzərə
alınmaqla həyata keçirilən ardıcıl siyasət
ölkəmizin gücünü artırır və
davamlı inkişaf üçün möhkəm zəmin
formalaşdırır
Azərbaycan əlamətdar tarix ərəfəsindədir.
Ölkəmiz öz müstəqilliyinin 30-cu ilini qeyd etməyə
hazırlaşır. Üç onillik dövlət
quruculuğu baxımından elə də böyük zaman kəsiyi
deyil. Ancaq qısa müstəqillik tarixində respublikamız
möhtəşəm uğurlara imza atıb. Xüsusilə,
Prezident İlham Əliyevin rəhbərliyi ilə keçən
son 18 ilə yaxın müddət ölkəmizin
inkişafında ayrıca bir mərhələ təşkil
edir. Respublikamız müstəqilliyinin 30-cu ilinə
artıq yalnız regionda deyil, ümumilikdə, dünyada
çəkisi və rolu artan, bütün sahələrdə
sürətli tərəqqiyə nail olmuş, öz milli
maraqlarının müdafiəsində və tarixi ədalətin
bərpa edilməsində uğur qazanmış dövlət
kimi daxil olub.
Təbii ki, uğurlar barədə söhbət
açarkən onların əldə olunmasını şərtləndirən
amillərə də nəzər salmaq lazımdır. Azərbaycanın
qısa zaman kəsiyində real müstəqilliyə nail
olmasını, özünü dünyaya güclü dövlət
kimi təqdim etməsini şərtləndirən amillər
hansılardır? Sualın cavabı olaraq ekspertlər
çoxsaylı amillər sırasında Azərbaycan dövlətinin
ideoloji əsaslarının möhkəm təməllər
üzərində qurulmasının önəmini xüsusi
vurğulayırlar. Məlum olduğu kimi, azərbaycançılıq
müasir, müstəqil dövlətimizin ideoloji əsasını
təşkil edir. Bu ideologiyanın təməlini isə
1993-cü ilin iyununda xalqın təkidli tələbi ilə
ikinci dəfə respublikamızın siyasi rəhbərliyinə
gələn Ulu Öndər Heydər Əliyev qoyub. Həmin
dövrdə respublikamızda vəziyyət heç də
ürəkaçan deyildi. AXC-“Müsavat”
iqtidarının səriştəsizliyi, dövlət siyasətini
korporativ maraqlar üzərində qurması ölkəmizi
uçurumun kənarına gətirib çıxarmışdı.
Müdrik dövlət xadimi olan Ulu Öndər Heydər
Əliyev aldığı qərarlarla qısa müddətdə
respublikamızdakı hərc-mərcliyi, anarxiyanı aradan
qaldırmağa nail oldu, ölkə sabitliyə
qovuşdu və tədricən inkişafa istiqamətləndi.
“Müstəqilliyimizin ilk illərində Azərbaycana
rəhbərliyi qeyri-legitim yolla ələ keçirən
AXC-“Müsavat” iqtidarının ən böyük
günahı cəmiyyətimizin enerjisini parçalaması
oldu. Həmin dövrdə hakimiyyətdə olan qüvvələrin
apardığı siyasət cəmiyyətin ayrı-ayrı təbəqələrinin
və ölkəmizdə yaşayan müxtəlif xalqların
mənafeyinə qətiyyən çavab vermirdi. Bu da təbii ki, narazılıqlara yol
açırdı, siyasi partiyalar arasında ziddiyyətlər
günbəgün dərinləşirdi. İş o yerə
çatmışdı ki, ön xətdəki silahlı birləşmələr
belə ayrı-ayrı “liderlər”in ambisiyalarının girovuna
çevrilmişdilər. Məkrli düşmən də
bundan istifadə edərək torpaqlarımızı öz
işğalı altına alırdı. Respublikada milli zəmində
separatizm meyillərinin baş qaldırması da olduqca təhlükəli
idi. Bütün bunların qarşısını Ulu Öndər
Heydər Əliyev Öz müdrikliyi sayəsində aldı.
Ulu Öndər azərbaycançılığı gənc
dövlətimizin ideoloji əsas kimi müəyyənləşdirdi.
Bu ideologiya vasitəsilə Ümummilli Liderimiz sosial və
milli-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin
bütün vətəndaşlarını vahid amal, doğma
Vətənə bağlılıq ruhunda birləşdirməyə
nail oldu. Son 18 ilə yaxın müddət ərzində isə
Ulu Öndərimizin layiqli siyasi varisi olan Prezident İlham
Əliyev azərbaycançılıq ideologiyasını
qlobal miqyasda meydana çıxan yeni
çağırışları nəzərə almaqla daha
da zənginləşdirib”.
Bu fikirləri “Yeni Azərbaycan”a
açıqlamasında Milli Məclisin deputatı Rauf
Əliyev ifadə edib. Azərbaycanın müasir mənzərəsinin
qürur doğurduğunu diqqətə çatdıran
R.Əliyev deyib: “Son 18 ilə yaxın müddət
ərzində dövlət başçımızın siyasi
iradəsi əsasında inkişafla bağlı müasir və
yeni yanaşmaların ehtiva olunduğu ardıcıl tədbirlərin
reallaşdırılması Azərbaycanın milli
gücünü artırıb. Bəhs olunan dövrdə
Azərbaycanın özünün iqtisadi müstəqilliyini
tam təmin etməsi böyük nailiyyətdir. Otuz il ərzində
milli iqtisadiyyatımız 3 dəfədən çox
genişlənib ki, bu da bütün dünya üzrə ən
yaxşı göstəricilərdən biridir. Bu gün
republikamızın xarici borcu kifayət qədər
aşağı səviyyədədir. Azərbaycan heç
bir beynəlxalq maliyyə qurumundan, kredit təşkilatından
asılı deyil, əksinə özu dünyanın
ayrı-ayrı ölkələrində uğurlu investisiya
siyasəti həyata keçirir. Qısa müstəqillik
tarixində ölkəmizin dünya kosmos ailəsinin
azsaylı üzvlərindən birinə çevrilməsi hər
bir azərbaycanlı üçün son dərəcə
qürurverici bir haldır. Azərbaycanın inkişafı
ardıcıl və hərtərəfli səciyyə
daşıyır. Ölkəmiz güclü iqtisadi əsaslar
üzərində özünün siyasi müstəqilliyini də
tam təmin etməyə nail olub. Biz
işğalçı Ermənistanın timsalında
iqtisadiyyatı çökən, investisiya cəlbediciliyini
tamam itrirən bir ölkənin forpost vəziyyətə
düşməsinin, siyasi asılılığının
artmasının və müstəqil qərarlar vermək
imkanlarının getdikcə məhdudlaşmasının
şahidi oluruq. Azərbaycan isə özünü
bütün dünyaya milli maraqlarını qətiyyətlə
qoruyan güclü dövlət kimi təqdim edir. Bu gün dünya
miqyasında respublikamızla diktat dili ilə danışa biləcək
hansısa bir güc mərkəzi yoxdur. Azərbaycan öz
imkanlarını təqdim etməklə regional və qlobal əməkdaşlığa
sanballı töhfələr verir və bu da beynəlxalq
birlik tərəfindən yüksək dəyərləndirilir.
Son 18 ilə yaxın müddət ərzində Prezident
İlham Əliyev bütün səviyyələrdə
ölkəmizin milli maraqlarını qətiyyətlə
qoruyub. Dünyada nüfuzu getdikcə artan Azərbaycan beynəlxalq
münasibətlərdə önəmli rol oynayır, qlobal
iqtisadi və humanitar layihələrdə liderlik keyfiyyətləri
nümayiş etdirir. Xarici ölkələrin və beynəlxalq
təşkilatların rəhbərlərinin 28 May - Respublika
Günü münasibətilə Prezident İlham Əliyevə
təbrik məktubları ünvanlamaları
respublikamızın və onun Liderinin beynəlxalq miqyasda
nüfuzunun artmasını əyani şəkildə təsdiqləyir”.
R.Əliyev bildirib ki, Azərbaycanın
bu kimi uğurlar qazanması dövlətimizin məqsədyönlü
siyasətinin ölkəmizin reallıqlarına uyğun gələn,
bütün vətəndaşların mənafeyinin
qorunmasını hədəfləyən və buna görə
də hamı tərəfindən qəbul olunan
sağlam ideoloji əsaslara söykənməsi ilə bilavasitə
bağlıdır. Milli Məclisin deputatının sözlərinə
görə, Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu və Prezident İlham Əliyevin daha da zənginləşdirdiyi
azərbaycançılıq ideologiyası sayəsində
ölkəmizdə unikal bir model formalaşdırıb. “Bu
gün biz dünya miqyasında ksenefobiyanın, milli, dini
dözümsüzlüyün şahidiyik. XXI əsrdə
Avropada həyatlarını müharibələrdən,
aclıqdan qorumaq üçün gələn miqrantların
qarşısına çəpər çəkilməsinin,
onların odun-alovun, səfalətin içinə geri göndərilməsinin
məntiqini heç nə ilə izah etmək mümkün
deyil. Bütün bunlarla müqayisədə Azərbaycanda
sabitlik və milli həmrəylik yüksək səviyyədədir.
Ölkəmiz “dünyada multikulturalizmin gələcəyi
yoxdur” deyənlərə öz həyatının rəngarəngliyini
təqdim edir. Azərbaycan müxtəlif milli-dini mənsubiyyətə
malik insanların vahid ailə kimi mehriban yaşadıqları
bir diyardır. Biz respublikamızın mədəni, dini
müxtəlifliyə malik olmasını
özümüzün böyük xoşbəxtliyi
sanırıq. Eyni zamanda, sosial dövlət olan Azərbaycanda
ədalətli resurs bölgüsü təmin edilir.
Respublikamızda qayğıya ehtiyacı olan bütün vətəndaşlar
dövlət dəstəyi ilə əhatə olunub. Azərbaycan
dövləti daim öz vətəndaşlarının
yanında olmaq nümunəsi sərgiləyir. Bir
sıra çətinliklərlə müşayiət olunan
qlobal pandemiya şəraitində Azərbaycan dövləti vətəndaşların
sağlamlığını qorumaq, əhalinin sosial müdafiəsini
təmin etmək üçün geniş əhatə dairəsinə
malik proqramlar reallaşdırdı. Dövlətimizin
apardığı belə xəlqi siyasət isə öz
növbəsində, vətəndaş məmnunluğunu
artırır. Bu gün ölkəmizin hər
bir vətəndaşı çətin günlərdə ona
arxa, dayaq duran, milli maraqlarımızı qətiyyətlə
qoruyan, cəmiyyətdən gələn sosial sifarişləri
icrasını təmin edən dövlətimizin, Prezidentimizin
yanındadır”, - deyə R.Əliyev bildirib.
R.Əliyev qəzetimizə
açıqlamasında onu da xüsusi olaraq nəzərə
çatdırıb ki, azərbaycançılıq
ideologiyası bütün ümummilli məsələlərdə
xalqımızın dövlətlə yüksək həmrəyliyini,
səfərbər olunmasını təmin edir. Ötən il
sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən
müharibəsində bütün dünya Azərbaycan cəmiyyətinin
monolitliyinin şahidi oldu. Məlumdur ki,
müharibənin ilk günlərində mənfur düşmən
ölkəmizdə yaşayan xalqlar arasında nifaq salmaq
üçün müəyyən cəhdlər etdi və
sosial şəbəkələrdə dövriyyəyə guya
“respublikamızda ön xəttə azsaylı xalqların təmsilçilərinin
göndərildiyi” barədə şayiələr
buraxdı. Lakin düşmənin mənfur niyyəti bu dəfə
də baş tutmadı, belə feyk məlumatlar Azərbaycan cəmiyyətinin
həmrəyliyinə zərrə qədər də olsun təsir
göstərmədi. Rəşadətli Silahlı Qüvvələrimiz
müharibədə düşməni tam kapitulyasiyaya məruz
qoydu və tarixi ədaləti, özünün ərazi
bütövlüyünü təmin etdi. Azərbaycanın 44
günlük müharibədə qazandığı tarixi qələbəyə
ölkəmizdə yaşayan bütün xalqların təmsilçiləri
öz töhfələrini verdilər.
Milli Məclisin deputatı R.Əliyevin sözlərinə
görə, sadalanan bu kimi faktlar ölkəmizin
inkişafında mühüm rol oynayan azərbaycançılıq
ideologiyasının həmişəyaşarlılığına
dəlalət edir: “Dövlətimizin gücünü
artıran azərbaycançılıq ideologiyası
sağlam zəminə əsaslanır. Ulu
Öndər Heydər Əliyev bu ideologiyanı müstəqil
Azərbaycan dövlətinin ideoloji əsası kimi müəyyənləşdirərkən
ölkəmizin reallıqlarına, xalqımızın milli-mənəvi
dəyərlərinə, əsrlərin dərinliyindən gələn
ənənələrinə istinad etmişdi. Mən yenə
də Avropa ilə Azərbaycanın müqayisəsini aparacam.
Bu gün Avropada dəyərlərin
aşılandığının şahidiyik. Bir sıra cəmiyyətlərdə
yaşlı insanlar, yumşaq desək, çıxdaş
edilirlər. Azərbaycan cəmiyyəti isə
sözün yaxşı mənasında, mühafizəkar cəmiyyətdir,
özünün ənənələrinə hörmətlə
yanaşır, tarixi yaddaşını qoruyur və kələcəyini
layiqli keçmişi üzərində qurmağa
üstünlük verir. Bu kimi amillərə istinad
olunmaqla müəyyənləşdirilən azərbaycançılıq
ideologiyasının həmişəyaşalığı da
elə bununla bağlıdır. Azərbaycançılıq
kosmopolit bir ideologiya deyil, bu, özündə
xalqımızın tarixi-milli xüsusiyyətlərini əks
etdirən və buna görə də həyat qabiliyyəti
kifayət qədər yüksək olan bir ideologiyadır”.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 8 iyun.- S.7.