İşğaldan azad edilmiş ərazilərin
bərpasında innovativ texnologiyalardan geniş istifadə
olunur
Prezident İlham Əliyev: Bütün
Qarabağ zonası “yaşıl enerji” zonası olacaq.
Bütün şəhərlər “ağıllı şəhər”
konsepsiyası əsasında qurulacaq
Ötən il sentyabrın 27-dən
noyabrın 10-dək davam edən Vətən müharibəsində
şanlı Qələbə qazanaraq ərazi
bütövlüyünü təmin edən Azərbaycan
hazırda Böyük Qayıdış ərəfəsindədir.
Ölkəmiz Böyük Qayıdışı qısa
müddətdə və uğurla təmin etmək
üçün işğaldan azad olunmuş ərazilərdə
bərpa işlərinin aparılmasını və zəruri
infrastrukturun yaradılmasını öz gündəliyinin əsas
məsələlərindən biri kimi müəyyənləşdirib.
Vətən müharibəsində şanlı Qələbəmizin
əsas memarı olan Prezident İlham Əliyev işğaldan
azad olunan ərazilərdə başlanan bərpa işlərini
də şəxsi nəzarətində saxlayır. Prezident
İlham Əliyev postmüharibə mərhələsində
Onun iştirakı ilə keçirilən əksər tədbirlərdə
Qarabağ bölgəsində başlanan və yaxud nəzərdə
tutulan bərpa işlərinə diqqət çəkir. Müharibə başa çatandan sonra dövlət
başçımız dəfələrlə mədəniyyət
paytaxtımız sayılan Şuşaya və işğaldan
azad edilmiş digər ərazilərə səfərlərə
gedərək başlanan layihələrin icrası ilə
bağlı Özünün xeyir-duasını və dəyərli
tövsiyələrini verib.
Müharibədən sonra Qarabağ bölgəsində
genişmiqyaslı bərpa və infrastruktur quruculuğu
işlərinə başlanılması Azərbaycan dövlətinin
gücünü göstərir
Müharibənin başa çatmasından az
vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə
genişmiqyaslı bərpa və infrastruktur quruculuğu
işlərinə başlanılması Azərbaycan dövlətinin
gücünü göstərir. Güclü
dövlət olan Azərbaycan üç onillik ərzində
erməni vandalları tərəfindən
dağıdılaraq yerlə-yeksan edilən şəhər və
kəndlərimizi, tarixi dini-mədəni abidələrimizi
yüksək səviyyədə bərpa etmək əzmindədir
və buna qadirdir. Bərpa prosesi ilə bağlı
qarşıya qoyulan hədəflər müxtəlif məsələləri
əhatə edir. Prezident İlham Əliyev yerli
və xarici media nümayəndələri üçün
keçirdiyi mətbuat konfransında işğaldan azad
edilmiş ərazilərdə görüləcək işlərin
geniş spektrinə diqqət çəkərək
vurğulayıb: “İndi təsəvvür edin ki, biz
üç hava limanı inşa edirik. Biz 100 kilometrlərlə
dəmir yolu çəkməyə başlamışıq. Bəlkə
minlərlə kilometr avtomobil yolu çəkiləcək, həm
şəhərlərarası, həm kəndlərarası.
Bütün kəndlərə asfalt yol çəkiləcək.
Bütün bölgələrdə elektrik enerjisi ilə
bağlı layihələr bu ilin sonuna qədər icra ediləcək.
Ondan sonra içməli su və bununla bağlı işlər,
kənd təsərrüfatı işləri, ondan sonra bir
milyon insanı ora qaytarmaq üçün nə qədər
inşaat işləri aparılmalıdır. Məktəblər,
xəstəxanalar, idman kompleksləri, mədəniyyət
ocaqları. Hesablamaq çox çətindir. Ona
görə biz hər il üçün müəyyən
büdcə ayırdıq. 2,2 milyard manatlıq büdcə
son rəqəm deyil. Əgər biz görsək ki, bu ilə
bu çatmır, biz əlavə edərik. Çünki bu
gün bizim Qarabağın bərpasından başqa önəmli
bir işimiz yoxdur. Çünki əsas infrastruktur layihələri
artıq gerçəkləşib. Ölkə
qarşısında duran çox ciddi inşaat layihələri
də yoxdur. Ona görə bütün gücümüzü
biz oraya yönəldirik”.
Vətən müharibəsində
işğaldan azad edilən ərazilərin bərpası
planlı və mərhələli şəkildə həyata
keçirilir. Ərazilərin bərpası proqramı çərçivəsində
zəruri infrastrukturun yaradılmasının prioritetliyi təmin
edilir ki, bu da təbiidir. İlkin mərhələdə zəruri
infrastrukturun qurulması həm insanların doğma yurd
yerlərinə qayıtmalarını təmin etmək, həm
də işğaldan azad edilmiş ərazilərin
iqtisadiyyatını qurmaq baxımından zəruridir.
Həyata keçirilən bərpa-quruculuq
işlərinin mühüm bir istiqamətini işğaldan
azad edilmiş ərazilərdə müasir elektrik enerjisi
şəbəkəsinin qurulması təşkil edir.
Vurğulamaq yerinə düşər ki, bəhs olunan ərazilər
bərpa olunan enerji mənbələri ilə zəngindir və
onların hamısından istifadə olunacaq. Hazırda bu
istiqamətdə bir neçə layihə
reallaşdırılır. Bir qədər bundan əvvəl
Həkəri çayı üzərində yerləşən
8 meqavat gücündə “Güləbird” Su Elektrik
Stansiyası dövlətimizin başçısının
iştirakı ilə istifadəyə verildi. Qısa müddətdə
Şuşa şəhərinin elektrik enerjisi ilə təchizatı
tam təmin edilib. Hazırda Daşkəsəndən Kəlbəcərə
yeni ötürücü xətlər inşa edilir.
İntensiv şəkildə
reallaşdırılan bərpa işlərində digər
mühüm bir istiqamət yol-nəqliyyat infrastukturunun
qurulması ilə bağlıdır. Burada da işlər
kompleks şəkildə görülür. Belə ki, bu
istiqamətdə reallaşdırılan layihələr
avtomobil, dəmir yolu və hava nəqliyyatını əhatə
edir. Prezident İlham Əliyev müharibədən sonrakı
mərhələdə işğaldan azad edilmiş ərazilərə
səfərləri çərçivəsində çoxlu
sayda yol layihələrinin təməlqoyma mərasimlərinə
qatılıb.
İşğaldan azad edilmiş ərazilərdə
zəruri infrastruktur quruculuğu proqramı çərçivəsində
beynəlxalq səviyyəli üç hava limanının
inşasının da sosial-iqtisadi önəmi kifayət qədər
böyükdür. Artıq Füzuli Beynəlxalq Hava
Limanının tikintisi uğurla davam etdirilir. Prezident İlham
Əliyevin işğaldan azad olunmuş ərazilərə
növbəti səfəri çərçivəsində Zəngilanda
yeni hava limanının təməli qoyulub. Daha bir hava
limanının isə Laçın rayonunun ərazisində
inşası nəzərdə tutulub.
Müharibənin başa çatmasından
sonra işğaldan azad olunmuş ərazilərdə
yaşayış məntəqələrinin bərpasına
başlanılması da əlamətdar hadisədir. Bu istiqamətdə
ilk pilot layihənin icrasına Prezident İlham Əliyevin
iştirakı ilə Zəngilan rayonunun Ağalı kəndində
start verilib. Layihənin icrası əsasən, 5 komponent
üzrə aparılacaq. Prezident İlham Əliyev Zəngilanda
beynəlxalq hava limanının təməlqoyma mərasimindəki
çıxışında Ağalı kəndində ən
müasir texnologiyaların tətbiq olunacağını diqqətə
çatdıraraq vurğulayıb: “Altı aydan sonra
Ağalıda yeni kəndin təməl daşı qoyuldu və
bu nümunəvi kənd olacaq. Çünki bu kənddə tətbiq
olunacaq texnologiyalar ən müasir standartlara cavab verir. Həm
tikiləcək evlər, ictimai binalar, sosial obyektlər, həm
də iş yerləri, əkin sahələri müəyyən
edilibdir”.
Bu günlərdə isə Azərbaycan
Prezidenti İlham Əliyevə Ağdam şəhərinin bərpasının
müasir yanaşmalar əsasında hazırlanan Baş
Planı təqdim olunub və dövlət
başçımızın iştirakı ilə şəhərdə
ilk yaşayış binasının təməli qoyulub.
Beləliklə, mənfur düşmənin xarabalığa
çevirdiyi Ağdamın yeni növrağı
başlayıb. Prezident İlham Əliyev Ağdam ictimaiyyətinin
nümyəndələri ilə görüşündəki
çıxışında əminliyini ifadə edərək
bildirib ki, bütün nəzərdə tutulmuş planlar
Baş Plan əsasında icra ediləcək və Ağdam
şəhəri yenidən qurulacaq. Bütövlükdə,
dövlətimizin başçısının
vurğuladığı kimi: “Bütün Qarabağ zonası
“yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər
“ağıllı şəhər” konsepsiyası əsasında
qurulacaq”.
İşğaldan azad olunmuş ərazilərin
bərpasında dost ölkələrin şirkətləri
yaxından iştirak edirlər
Azərbaycana dost olan ölkələr 44
günlük Vətən müharibəsində ərazi
bütövlüyünün bərpası uğrunda
mübarizə aparan respublikamıza güclü mənəvi-siyasi
dəstək verdilər. Azərbaycan dost ölkələrin dəstəyini
yüksək dəyərləndirir. Dost ölkələrin
şirkətlərinin işğaldan azad olunmuş ərazilərin
bərpasına cəlb olunmaları bunu bir daha təsdiqləyir.
İşğaldan azad olunan ərazilərin bərpası
və zəruri infrastrukturun yaradılması ilə
bağlı ilk müqavilələr də dövlət
başçımızın siyasi iradəsinə uyğun
olaraq, dost ölkələrin təmsilçiləri ilə
imzalanıb. Bu sırada qardaş Türkiyənin şirkətləri
öndə gəlir. “Mən deyə bilərəm ki,
Türkiyədən olan şirkətlər artıq bizim layihələrimizdə
yer alıblar. Bizim üçün strateji önəm daşıyan
Füzuli-Şuşa avtomobil yolunun inşası ilə
bağlı türk şirkətləri artıq fəaliyyətdədirlər.
Eyni zamanda, Göygöl bölgəsindən Kəlbəcərə
çəkilən yolda da türk şirkətləri fəaliyyət
göstərirlər və o da çox mürəkkəb,
çətin bir ərazidən keçir, orada tunellər qazılmalıdır.
Artıq ilkin razılaşmalar əldə edilib”, - deyə
dövlətimizin başçısı bildirib.
Türkiyənin şirkətləri, həmçinin
Zəngilan rayonunun Ağalı kəndində təməli
qoyulan ilk “Ağıllı kənd” layihəsində yer
alırlar. Qardaş ölkənin şirkətləri pilot
layihə çərçivəsində özlərinin
innovativ tətbiqlərini reallaşdıracaqlar. Bu, bərpaedilən
enerji qurğusu olan “Arximed” sistemidir.
İşğaldan azad olunmuş ərazilərin
bərpası proqramı çərçivəsində, həmçinin
“Azərenerji” ASC ilə İtaliyanın “Ansaldo Energia” şirkəti
arasında qarşılıqlı əməkdaşlıq sahəsində
təchizat müqaviləsi imzalanıb. Bununla da
işğaldan azad edilən ərazilərdə həyata
keçiriləcək layihələrə Türkiyə
şirkətlərindən sonra başqa bir nüfuzlu dövlət
- İtaliya da qoşulub. Videokonfrans formatında imzalanan
müqaviləyə əsasən, Ağdam, Füzuli, Kəlbəcər
və Qubadlı rayonlarında inşa olunacaq 4 ədəd 110
kilovoltluq yarımstansiyanın avadanlıqlarla təchizatını
məhz İtaliya şirkəti həyata keçirəcək.
“Huayvei-Azərbaycan” şirkəti də ölkəmizin
işğaldan azad olunmuş ərazilərində bərpa
layihələrinə qoşulub. Şirkət Azərbaycanda
ilk dəfə “Qiqabit AirPON” texnologiyasından istifadə edəcək.
Bu texnologiya fiber-optik xətlərin çəkilişini 10
kilometrdən 1 kilometrə qədər qısaltmaq imkanına
malikdir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 9 iyun.- S.2.