Azərbaycançılıq
ruhu, xalqımızın tarixi, adət-ənənələri
milli rəqslərimizdə də öz əksini tapır
Dövlətimizin
daha da güclənməsində mühüm rol oynayan azərbaycançılıq
ideologiyasının təbliği milli rəqslərimizdə,
o cümlədən rəqqaslarımızın
yaradıcılığında özünəməxsus yer
tutur
Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə
davamlı nailiyyətlər qazanan Azərbaycan Respublikası məhz
Ulu Öndər Heydər Əliyevin əsasını
qoyduğu milli ideologiya və strategiya əsasında
inkişaf edir.
Heç şübhəsiz ki, bu inkişafda azərbaycançılıq
ideologiyasının xüsusi payı var. Çünki
Ümummilli Liderin əsasını qoyduğu azərbaycançılıq
ideologiyası cəmiyyətimizin inkişafının ideya təməlini
təşkil etməklə yanaşı, müstəqil Azərbaycan
dövlətinin daha da güclənməsində mühüm
rol oynayır. Ötən müddət ərzində
istər ölkəmizdə yaşayan bütün xalqların
vahid yumruq kimi birləşməsində, istərsə də
xaricdə məskunlaşmış
soydaşlarımızın Azərbaycanla əlaqələrinin
daha da güclənməsində önəmli rol oynayan azərbaycançılıq
ideologiyasının hansı dəyərə sahib olduğu 44
günlük Vətən müharibəsi zamanı bir daha təsdiqləndi.
Bütün bunlar isə həm də bir
reallığı ortaya qoyur. Azərbaycançılıq
ideologiyasının təbliği istiqamətində
addımlar davamlı olmalıdır. Bu
kontekstdə bir məsələni növbəti dəfə
vurğulamağı özümüzə borc bilirik. Söhbət bu ideologiyanın təbliğində cəmiyyət
olaraq üzərimizə düşən vəzifədən
gedir. Yəni bu günə qədər
olduğu kimi, bundan sonra da bu ideologiyanın təbliği
istiqamətində dövlət qurumları ilə
yanaşı, ictimai təsisatların, qeyri-hökumət təşkilatlarının,
həmçinin ziyalıların, sənətçilərin,
bir sözlə, hər birimizin üzərinə mühüm
vəzifə düşür. Təbii ki,
bu sırada rəqqaslarımız da var. Çünki azərbaycançılıq
ideologiyasının təbliği milli rəqslərimizdə,
o cümlədən rəqqaslarımızın
yaradıcılığında da özünəməxsus yer
tutur.
Bəlli
olduğu kimi, ölkəmizin ev sahibliyi
etdiyi nüfuzlu beynəlxalq tədbirlərin
açılış və bağlanış mərasimlərində
təqdim edilən proqramlar rəqslərimizin, musiqimizin, milli
geyimlərimizin və digər mədəniyyət nümunələrimizin
dünya miqyasında təqdimatında da əvəzsiz rol
oynayır. Ölkəmizə gələn
qonaqlar milli mədəniyyət nümunələrimizi
böyük maraqla qarşılayır və
heyranlıqlarını gizlətmirlər. Heç şübhəsiz, bu da azərbaycançılıq
ideologiyasının təməl prinsiplərinə müvafiq
olaraq ölkəmizin dünyada tanıdılması istiqamətində
görülən işlərə verilən daha bir dəstəkdir.
Lakin rəqslərimizin azərbaycançılıq
ideologiyasının təbliğində oynadığı rol
təkcə bununla tamamlanmır. Məlum olduğu kimi,
rəqslərimiz milyon illərdən bəri həyat tərzimizdə,
mədəniyyətimizdə özünə layiqli yer tutan qədim
incəsənət növüdür. Rəqslərimiz
Azərbaycan xalqının tarixi qədər qədimdir desək,
yanılmarıq. Əksər dünya
xalqlarında olduğu kimi, azərbaycanlılarda da ilk rəqslər
ritual və ov rəqsləri olub. Sənətşünasların
bildirdiyinə görə, ibtidai icma quruluşu dövründə
Azərbaycan ərazisində yaşayan müxtəlif qəbilə
üzvləri ova çıxdıqları zaman əl
çala-çala, ya da ağac və daşları bir-birinə
vuraraq rəqs edirdilər. Bu cəhətdən
Qobustan və Gəmiqayadakı qayaüstü təsvirlər
səciyyəvidir. Qobustanda qayaüstü
rəsmlərdə qədim insanların bizim hazırda
“Yallı” kimi tanıdığımız rəqsəbənzər
ifasının əks olunması rəqslərimizin qədimiliyinə
danılmaz sübutdur. Beləliklə,
dünyanın bir çox yerlərində olduğu kimi, Azərbaycanda
da rəqs sənətinin müxtəlif növləri və
janrları öz mahiyyətini şifahi xalq ədəbiyyatının
bir qolu olan xalq rəqslərindən götürüb.
Azərbaycanda rəqs sənəti məişətdə,
xalqımızın adət-ənənəsində müəyyən
mövqe tutur.
Bu da ölkənin tarixində, xalqın mədəniyyətində
rəqs sənətinin nə dərəcədə
böyük əhəmiyyət
daşıdığının göstəricilərindən
sayılır. Xalq şənliklərini,
toy mərasimlərini, bayramları rəqssiz təsəvvür
etmək qeyri-mümkündür.
Rəqslərdən danışarkən bildirək ki,
bunlar içərisində “Yallı” rəqsi xüsusi yer
tutur. Xalqımızın kütləvi rəqslərindən
olan yallılar çeviklik, mətanət və zəhmət
tələb edir. Milli rəqslərimizin
fövqündə insanlara birlik təlqin edən “Yallı” rəqsi
dayanır. Bu rəqs insan qəlbində
pak duyğular oyadır, onu vətənpərvərlik hissləri
ilə doldurur.
Əsrlərdir, Azərbaycanın istedadlı rəqqasları
milli rəqslərimizi yaşadıblar, təbliğ ediblər. Rəqqaslarımız
öz ifalarında milli elementləri qoruyub saxlamaqla onları
xeyli inkişaf etdirməyə müvəffəq olublar.
Məsələ
ilə bağlı Əməkdar artist, Bakı Xoreoqrafiya
Akademiyasının incəsənət fakültəsinin
dekanı, baş müəllim Sənan Hüseynli qəzetimizə
açıqlamasında bildirib ki, xalqımızın tarixi,
adət-ənənələri, azərbaycançılıq
ruhu, bir sözlə, xalqımıza xas olan bütün
xüsusiyyətlər rəqslərimizdə öz əksini
tapır: “Öncə onu deyim ki, azərbaycançılıq
ideologiyası ayrı-ayrı şəxslərin
düşüncə və duyğularına hakim kəsilən
təsəvvürlərin məcmusunu, onların özlərinin,
ailələrinin, xalqının, Vətəninin sabahı
naminə arzularını əks etdirir. Məlumdur
ki, xalqımıza xas olan bütün xüsusiyyətlər,
həmçinin rəqs vasitəsilə ötürülərək
bu günümüzə qədər gəlib çatıb.
Ümumiyyətlə, hər bir xalqın rəqsinə
baxsaq, orada həmin xalqın ruhunu, igidliyini hiss edə bilərik.
Mən bu fikri öz milli rəqslərimizə də
şamil edirəm. Rəqslərimizə nəzər
yetirsək, kitablarda yazılmayan bir tariximizi oxuya bilərik.
Milli rəqslərdə xalqın özünəməxsusluğu,
adət-ənənələri, döyüş ruhu, vətənpərvərliyi,
inkişaf səviyyəsi əks olunur”.
Azərbaycançılıq ideologiyasında vətənpərvərlik
amilinin də mühüm yer tutduğunu deyən S.Hüseynli
bildirib ki, vətənpərvərlik insanı öz dövləti
ilə sıx bağlayır. Bu hiss hər bir fərdi öz
torpağına, Vətəninə sahib çıxmağa səsləyir:
“Bildiyiniz kimi, Azərbaycan xalqı əsrlərboyu müharibələr
görüb, hücum və basqınlara məruz qalıb. Tarixin bütün keşməkeşli
yollarını aşaraq geridə qoyan xalqımız
düşmən basqınlarına mərdliklə sinə gərib,
qəhrəmanlıq göstərib, gücünü, qüvvəsini
səfərbər edib, son nəticədə döyüşdən
qalib çıxıb. Onu da deyim ki, hələ
qədimlərdə Azərbaycanda döyüşə gedənləri
ruhlandırmaq üçün “cəngi”lər çalınar,
aşıqlar xalqı qələbəyə səsləyərdilər.
Düşmən üzərində
çalınan hər bir qələbə, zəfər
böyük xalq bayramlarına çevrilərdi. İgidlərin şəninə dastanlar qoşular,
mahnılar bəstələnər, qələbə sevincini əks
etdirən müxtəlifməzmunlu rəqs havaları
yaradılardı. “Cəngi”, “Beşaçılan”, “Qəhrəmani”,
“Pəhləvani”, “Misri”, “Süvarilər rəqsi”,
“Çaparlar rəqsi” və başqaları belə rəqslərdəndir.
Çalışırıq ki, müasir
dövrdə də rəqsin dili ilə xalqımızın mərdliyini,
qələbəmizi göstərək”.
Müsahibimiz
onu da deyib ki, İkinci Qarabağ müharibəsindən sonra qəhrəmanlıq
və cəngavərlik mövzusunda yeni rəqslərin
hazırlanması üçün bizim xoreoqraflara
tapşırıq verilib: “Artıq hazırlıq işləri
görülür. Rəqslər
hazırlanır, kliplər çəkilir. Rəqqaslar bizim ordumuzun döyüş ruhunu rəqs
vasitəsilə nümayiş etdirirlər. Bu da bir vasitədir ki, müharibə anını
canlandıraq və insanlarımız görsünlər ki,
bizim əsgərlərimiz necə igidliklə
döyüşüblər, bu zəfəri bizə
yaşadıblar”.
Onun
sözlərinə görə, milli rəqslərin
xalqımızın maddi-mənəvi sərvəti olduğunu
unutmamalıyıq, onları mahiyyəti üzrə qoruyub
inkişaf etdirməliyik: “Bu gün Bakı Xoreoqrafiya
Akademiyasında rəqslərimizin xüsusiyyətlərini, o
cümlədən xalqımızın adət-ənənələrini
və azərbaycançılıq ideologiyasını
şagird və tələbələrimizə öyrətməyə
çalışırıq. Bildiyiniz kimi, rəqslər
də milli ideologiyamızın təbliğində
böyük rol oynayır. Buna görə
övladlarımızı kiçik yaşlarından xalq rəqslərimizlə
tanış etməliyik. Bütün
imkanlardan istifadə etmək lazımdır ki, bizim gələcək
nəsillərimiz öz rəqslərimiz haqqında məlumatlı
olsunlar”.
Azərbaycan
Respublikasınin Əməkdar artisti, Bakı Xoreoqrafiya
Akademiyasının baş müəllimi, incəsənət
fakültəsinin dekan müavini Eteri Cəfərova isə
bildirib ki, hər bir ansamblın repertuarında qəhrəmanlıq
rəmzi olan rəqslər yer almalıdır: “Azərbaycan rəqsləri
özündə qədim və zəngin tarixi
daşıyır. Azərbaycan xalqı əsrlərboyu
rəngarəngliyi və coşqunluğu ilə insanı valeh
edən rəqslər yaradıb. Fikrimcə,
hər bir ansamblın repertuarında qəhrəmanlıq rəmzi
olan rəqslər yer almalıdır. Qələbəmiz,
birliyimiz əks olunmalıdır. Rəqsləmizlə
biz bu Qələbə bayramını yenidən
yaşatmalıyıq və bütün dünyada bunu göstərməliyik.
Gənc xoreoqraflar bizim xalq rəqslərimizin,
baletimizin tarixini mütləq bilməlidirlər. Köklərimizi, tariximizi dəyişmədən
yeni üslublar, yeni hərəkətlər, yeni rəqslər
qurmaq bacarığı olmalıdır”.
E.Cəfərova onu da xatırladıb ki,
xalqımızın xoreoqrafiyasında müxtəlif xarakterli
çox rəqs olub. Bu zəngin mənəvi sərvət sadədən
mürəkkəbə doğru inkişaf edərək
saflaşıb, cilalanıb və büllurlaşıb.
Kütləviliyi ilə seçilən milli rəqslərimiz
məzmun yükünə görə də olduqca qiymətlidir:
“Belə ki, hər bir hərəkət özlüyündə
böyük bir məna kəsb edir. Ən sadə
fikir və hisslərdən başlayaraq dərin
duyğuları, iztirabları, sevinci, kədəri,
ümumilikdə, mənəvi yaşantıları fiziki hərəkətlərlə
ifadə etmək ən səlis və qeyri-adi ünsiyyətdir.
Dünyanın heç bir yerində Azərbaycandakı
kimi, 111 rəqs növü mövcud deyil. Bu,
xalqımızın musiqi və rəqs sənətinin
yaradıcısı olmasını göstərən
faktlardandır. Hər rəqs özündə
bir mənanı, tarixi, incəsənəti yaşadır”.
Bildirilib
ki, milli rəqslərimizin hər birinin özünəməxsus
musiqisi, geyimi və süjet xətti var: “Azərbaycan rəqs
sənəti çox zəngindir. Rəqslərdəki incəliyi,
zərafəti, eləcə də mərdliyi, kişi
əzəmətini nümayiş etdirmək üçün
milli rəqs geyimlərinin də önəmi
böyükdür. Çünki geyimlə hərəkət
böyük bir vəhdət təşkil edir. Milli rəqs geyimlərimizdəki naxışlar,
işləmələr, aksesuarlar, rənglərin ahəngi
musiqi və rəqs elementləri ilə birləşdikdə
möhtəşəm bir görüntü ortaya
çıxır. Buna görə də rəqsin
quruluşu, ifa edənin bacarığı qədər geyimin
də əhəmiyyəti böyükdür. Odur ki, rəqslərimizdə və geyimlərimizdə
milliliyimizi qorumalıyıq”.
Beləliklə, bütün bu sadalananlar bir daha azərbaycançılıq
ideologiyasının təbliğinin milli rəqslərimizdə,
o cümlədən rəqqaslarımızın
yaradıcılığında da özünəməxsus yer
tutduğunu təsdiqləyir. Bu, həm də onu deməyə
əsas verir ki, azərbaycançılıq
ideologiyasının təbliğində özünəməxsus
rol oynayan rəqslərimizi də qorumaq, təbliğ etmək,
gələcək nəsillərə çatdırmaq
hamımızın mənəvi borcu olmalıdır.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2021.- 10 iyun.- S.7.