Heydər Əliyevin
yenidən siyasi hakimiyyətə qayıdışı tarixi zərurət
idi
Azərbaycan Respublikası Milli Məclisi
Sədrinin birinci müavini Əli Hüseynli www.yap.org.az
saytına müsahibə verib:
- Əli müəllim, bir neçə gündən
sonra Azərbaycan Milli Qurtuluş Gününü qeyd edəcək. Azərbaycan
tarixində Milli Qurtuluş Gününün yerini necə dəyərləndirirsiniz?
- Milli Qurtuluş Gününə qədər baş verən
prosesləri obyektiv analiz etdikdə bir daha aydın olur ki, Ulu
Öndər Heydər Əliyev üçün necə
ağır bir miras qalmışdı. Bilirsiniz ki,
1987-ci ildə Heydər Əliyev Moskvada SSRİ rəhbərliyindən
kənarlaşdırıldı. Bunun
arxasında Azərbaycan xalqının düşməni və
erməni lobbisinin təsiri altında fəaliyyət göstərən
Mixail Qorbaçov dayanmışdı.
Məhz bu hadisədən sonra keçmiş
İttifaqın ermənipərəst rəhbərləri və
erməni lobbisi Dağlıq Qarabağda separatçı hərəkətlərə
rəvac verdilər. Bu, həm də 1988-ci ildə 250 mindən
artıq soydaşımızın Ermənistandan kütləvi
deportasiyası ilə nəticələndi. Məqsəd aydın idi - Qarabağı Azərbaycandan
qoparmaq. Bunun ardınca Sumqayıtda
provokasiya törədildi və bu təxribatı azərbaycanlıların
üzərinə yıxmağa cəhd etdilər. Bundan sonra Qarabağda separatizm ciddi surətdə
baş qaldırdı. 1988-ci ildən
başlayaraq Azərbaycanda dərinləşməkdə olan
ictimai-siyasi böhran, hakimiyyətdə olan şəxslərin
qorxaqlığı, həmçinin cəbhəçilərin
təxribatçı davranışları sovet
qoşunlarının Bakıya yeridilməsi və 1990-cı
ilin qanlı 20 Yanvar hadisələri ilə nəticələndi.
Qanlı faciəyə ilk olaraq kəskin
etirazını bildirən və ən dəqiq və obyektiv
tarixi qiyməti verən də Ulu Öndər Heydər
Əliyev oldu. O, həyatı üçün real təhlükələrdən
çəkinmədən Moskvadakı Azərbaycan nümayəndəliyinə
gələrək oradan beynəlxalq aləmə tarixi bəyanat
ünvanladı. Bu cəsarətli
çıxışdan ruhlanmış Azərbaycan
xalqının milli azadlıq hərəkatı daha da
geniş vüsət aldı.
Azərbaycan xalqının yeganə ümid yeri Heydər
Əliyev idi və xalq Ulu Öndəri hakimiyyətdə
görmək arzusu ilə yaşayırdı. Amma o zaman
hakimiyyətdə olan milli xəyanətkarlar hər vəchlə
buna mane olurdular. Heydər Əliyev Moskvada
çəkinmədən, Sovet İttifaqının hələ
gücü olan bir zamanda Qorbaçovu, sovet rəhbərliyini
Azərbaycan xalqına qarşı törətdiyi cinayətdə
açıq şəkildə ittiham etdi. Bundan
sonra Ona qarşı təzyiqlər daha da artdı. 1990-cı ilin yayında Bakıya gələn Heydər
Əliyev iki gündən sonra Naxçıvana getdi. Həmin
il noyabrın 17-də Muxtar Respublikanın
Ali Məclisinin Sədri seçildikdən sonra siyasi fəaliyyətini
orada davam etdirməyə, faktiki olaraq blokada vəziyyətinə
düşmüş Naxçıvanın ağır problemləri
ilə məşğul olmağa başladı.
- Həmin
vaxt ölkə ağır vəziyyətdə idi. Hərc-mərclik, xaos baş alıb gedirdi.
- Bəli,
həmin vaxt Bakıda tamamilə fərqli hadisələr
baş verirdi. Qarabağda separatizm geniş
vüsət almışdı. Mafioz
qruplarda birləşmiş hakimiyyət hərisləri özlərinin
şəxsi maraqlarına xidmət edən fəaliyyətlə
məşğul idilər. AXC-”Müsavat”
cütlüyü xalqa xəyanət yolu tutmuşdu. Onları xalqın, dövlətin
düşdüyü ağır vəziyyət
maraqlandırmırdı. Ancaq hakimiyyət
uğrunda mübarizə gedirdi. 1992-ci ilin
yaz aylarından başlanan daxili hərc-mərclik, siyasi
qüvvələrin çəkişməsi cəbhə
bölgəsinin nəzarətdən kənar qalmasına və
Qarabağ savaşında ermənilərin
üstünlüyü ələ almasına gətirib
çıxardı. Bir-birinin ardınca
strateji cəhətdən ən əhəmiyyətli ərazilərin
itirilməsi ilə müşayiət olunan bu olaylar daha
çox AXC-”Müsavat” cütlüyünün Azərbaycan
dövlətinə qarşı satqın və xəyanətkar
mövqeyi ilə əlaqəli idi. AXC-”Müsavat”
cütlüyünün xəyanəti nəticəsində
1992-ci ilin mayında Şuşa və
Laçın işğal olundu. Bu məsələlərə
hüquqi qiymət verilmişdir. Mən Ali
Məhkəmədə çalışmışam və ona
görə də bu məsələdən məlumatlıyam.
Xocalı
şəhərinin, Şuşa, Laçın, Kəlbəcər
rayonlarının və digər yaşayış məntəqələrinin
işğal edilməsi barədə hələ 1992-ci ilin may
ayında başlanmış cinayət işlərinin
materialları, daha sonra 1994-1996-cı illər ərzində Azərbaycan
Respublikası Ali Məhkəməsinin Xocalı, Şuşa və
Laçın rayonlarının işğalı ilə
bağlı çıxardığı hökmlər və
digər araşdırmaların nəticələri xəyanət
əməlləri ilə müşayiət olunan hadisələrin
qaranlıq məqamlarına işıq salan və onların
hüquqi qiymətinin əks olunduğu sənədlərdir. Özünümüdafiə dəstələri
onların nəzarətində idi. Şuşanın,
Laçının müdafiəsini təşkil etmək əvəzinə
tabeliklərində olan silahlı birləşmələri cəbhə
xəttindən çıxarıb Bakıya gətirdilər.
Həmin qüvvələri Ali Sovetin
qarşısına topladılar və faktiki olaraq silah yolu ilə,
güc yolu ilə, zorla Mütəllibovu devirərək
hakimiyyəti faktiki olaraq zəbt etdilər.
AXC-”Müsavat” cütlüyünün hakimiyyətdə
olduğu dövrü dəyərləndirmək çox
asandır.
Bir il ərzində ölkə daha dərin
iqtisadi və siyasi böhrana yuvarlandı. AXC-”Müsavat”
cütlüyünün əsl siması bu birillik hakimiyyətləri
dövründə tam şəkildə bəlli oldu. Ulu Öndər Azərbaycanda ilk hakimiyyəti illərində
ölkədə güclü iqtisadi potensial
yaratmışdı. Həmin iqtisadi potensialı bir il ərzində dağıtdılar.
Sərvətlər talan edilir, işbazlar tərəfindən
xaricə satılırdı. Ümumiyyətlə,
ölkə kriminal, mafioz qruplar, silahlı birləşmələr
tərəfindən idarə olunurdu. Ölkə
vətəndaş müharibəsinə doğru sürüklənir,
AXC-”Müsavat” hakimiyyətinin biabırçı sonuna
yaxınlaşırdı.
1993-cü ilin 4 iyun hadisələrindən sonra
AXC-”Müsavat” iqtidarı Heydər Əliyevi dəvət etmək
məcburiyyətində qaldı. Onlar bunu xalq
üçün etmirdilər, özlərini Surət
Hüseynovdan xilas etmək üçün edirdilər. Belə bir vəziyyətdən
çıxış yolunu axtaran Azərbaycan xalqı
xilasını yalnız Heydər Əliyevin simasında
görürdü. Heydər Əliyevin
yenidən siyasi hakimiyyətə qayıdışı
artıq tarixi zərurət idi. Azərbaycan
xalqı qanı və canı bahasına əldə etdiyi
müstəqilliyin qorunması üçün bu müstəqilliyin
əldə olunmasına ən çox töhfə vermiş və
onu qoruya biləcək əvəzsiz Lideri dəvət etdi.
1993-cü il iyunun 9-da Heydər Əliyev, nəhayət,
xalqın və respublikanın hakim dairələrinin təkidli
dəvətini qəbul edib Bakıya gəldi. Xilaskarlıq
missiyasını Öz üzərinə götürən
Heydər Əliyev Bakıda hakimiyyət davasının getdiyi
bir vaxtda həyatını təhlükə altında qoyaraq
dərhal Gəncəyə yollandı və bölgədə
hələ də davam edən qiyamın və qardaş
qırğınının qarşısını aldı.
Gəncədə real vəziyyəti öyrənən Heydər
Əliyev Bakıya qayıdaraq parlamentə, xalqa məlumat verdi. Azərbaycan xalqı
AXC-”Müsavat” iqtidarının əsl simasını bir daha
gördü, onların bacarıqsızlığının,
səriştəsizliyinin, xəyanətinin şahidi oldu.
1993-cü
il iyunun 15-də Heydər Əliyev Azərbaycan
Respublikası Ali Sovetinin Sədri seçildi. Həmin
gün xalqın gələcəyə ümidi yarandı.
Böhrandan, xaosdan, vətəndaş müharibəsindən,
səfalətdən qurtulacağına inandı. Ona görə də həmin tarix Milli Qurtuluş
Günüdür.
Amma canlarını qurtarmaq üçün Ulu Öndəri
Bakıya dəvət edən AXC-”Müsavat” cütlüyü
hər vəchlə Heydər Əliyevin müstəqilliyimizin
qorunması və dövlət quruculuğu istiqamətində
başladığı fəaliyyətə mane olur, Onun
gördüyü taleyüklü işləri gözdən
salmağa çalışırdılar. Şuşanın
və Laçının işğalına şərait
yaratmaqla hakimiyyətə gəlmiş AXC-”Müsavat”
cütlüyü bu dəfə digər rayonların
işğalına şərait yaratmaqla hakimiyyətdə
qalmaq kimi mənfur niyyətlərini həyata keçirmək
istəyirdilər. Bu məqsədlə də
faktiki olaraq cəbhəçilərin nəzarətində
olan silahlı birləşmələr döyüş
zonalarından uzaqlaşdırılır və orduda hərc-mərclik
yaradılırdı. Nəticədə,
1993-cü ilin iyul-avqust aylarında Ağdərə, Ağdam,
Cəbrayıl, Füzuli, Qubadlı rayonları düşmənin
nəzarəti altına keçdi. Onların
xəyanəti məhkəmə qərarlarında yer alıb.
Belə ki, onların tabeliklərində olan
silahli qüvvələr müdafiəni təmin etmirdilər.
Bir sıra hallarda isə ərazinin
boşaldılmasına şərait yaradırdılar. Bununla bağlı məhkəmə qərarları
mövcuddur.
Vəziyyət daha da gərginləşdi və
keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin ətrafında
bir halqa yarandı. Faktiki olaraq bir bufer zona yaradıldı.
AXC-”Müsavat” cütlüyü, demək olar
ki, bütün qonşu dövlətlərlə - Rusiya ilə,
İranla, hətta qardaş Türkiyə ilə də
münasibətləri korlamışdı.
1993-cü
il oktyabrın 3-də prezident seçkiləri
keçirildi və Heydər Əliyev xalqın yekdil səsi
ilə Azərbaycan Respublikasının Prezidenti seçildi. 1993-cü ilin dekabr ayında Heydər Əliyev
bütün daxili çəkişmələri kənara qoyub
torpaqları azad etmək naminə Azərbaycan hərbçilərini
səfərbər olmağa çağırdı. Azərbaycan Ordusunun həmin günlərdə
başlayan hücum əməliyyatları 1994-cü ilin
yanvarında Horadizin və Füzuli rayonunun bir hissəsinin
azad olunması ilə başa çatdı.
Qarabağ savaşında ciddi uğur nümunəsi olan
Horadiz əməliyyatının əsas siyasi əhəmiyyəti
budur ki, öz havadarlarına arxayın olan rəsmi
Yerevanın bu məğlubiyyətdən sonra atəşkəs
rejiminə imza atmaqdan başqa çıxış yolu
qalmadı.
Bundan sonra, Heydər Əliyev, ilk növbədə, Azərbaycanı
gücləndirmək, iqtisadiyyatı bərpa etmək, ordu
quruculuğu istiqamətində işə başlamağı
qarşıya məqsəd qoydu. “Əsrin kontraktı”
və Bakı-Tbilisi-Ceyhan kəməri ilə bağlı məsələ
çox vacib idi. Amma 1993-cü ilin
ortalarında ölkə daxilində ictimai-siyasi vəziyyəti
daha da mürəkkəbləşdirən və cəbhədəki
durumu ağırlaşdıran başqa ciddi səbəblər
də var idi. Bundan öz maraqları naminə
istifadə etmək istəyən və xarici
havadarlarının dəstəyinə güvənən daxili
separatçı qüvvələr də siyasi meydanda
görünməyə başlamışdılar. 1993-cü ilin iyun-avqust aylarında cənub bölgəsinin
7 rayonunu əhatə edən bir ərazidə saxta polkovnik
Əlikram Hümbətovun ortaya atdığı üzdəniraq
“Talış-Muğan Respublikası” ideyası, şimal
bölgəsində isə 1990-cı ildən bəri milli zəmində
millətçi “Sadval” hərəkatının fəallaşması
respublikanın müstəqilliyi üçün əlavə
təhlükə mənbəyinə çevrilmişdi.
Həmin qüvvələr əslində,
AXC-”Müsavat” cütlüyünün yanlış milli siyasəti
nəticəsində baş qaldırmışdılar. Heydər Əliyev xalqın dəstəyi ilə həm
şimal, həm də cənub bölgəsində süni
yaradılmış separatçı meyillərin
qarşısını aldı. Sonrakı
mərhələlərdə daxili sabitliyi pozmaq cəhdləri
göstərilsə də, Heydər Əliyev ölkəmizi
tarixin bu sınaqlarından da üzüağ
çıxarmağı bacardı. Bundan
sonra, nəhayət, ölkədə ictimai siyasi sabitlik
ümumən bərqərar olmağa başladı.
1995-ci il noyabrın 12-də bilavasitə
Heydər Əliyevin rəhbərliyi ilə işlənib
hazırlanmış müstəqil Azərbaycan Respublikasının
Konstitusiyası qəbul olunduqdan sonra dinc quruculuq işləri
yeni keyfiyyətdə davam etdirilməyə
başlanıldı.
Zaman keçdikcə Milli Qurtuluş Gününün əhəmiyyətini
daha yaxşı dərk edirik. Azərbaycanın
qurtuluşu Heydər Əliyevlə bağlıdır. Əgər 1990-cı ildə Heydər Əliyev
Moskvadan Bakıya dönərkən hakimiyyətdə olan
qüvvələr Ümummilli Liderin bacarığından
istifadə etsəydilər, Azərbaycan əraziləri
işğal olunmayacaq, ölkə elə ağır vəziyyət
düşməyəcəkdi. 1991-ci ildə
keçmiş İttifaqın digər dövlətləri də
müstəqilliklərini elan etdilər. Amma
onlar bizim kimi ağır dövr keçirmədilər.
Milli Qurtuluş Günü Azəribaycanda milli
hakimiyyətin bərqərar olmasıdır. Heydər Əliyevə qədər Azərbaycanda
hakimiyyətdə olmuş qüvvələrin heç biri
milli qüvvələr olmayıb. Əsl
milli hakimiyyət Heydər Əliyevlə, Milli Qurtuluşla gəldi.
Azərbaycan xalqı xəyanətkarlardan
qurtularaq ümid etdiyi, arzu etdiyi, inandığı, güvəndiyi
Liderinə qovuşdu.
- Milli Qurtuluşdan başlayan uzaqgörən siyasətin
məntiqi nəticəsi tarixi Zəfər,
torpaqlarımızın işğaldan azad olunması, ərazi
bütövlüyümüzün bərpası oldu.
- Azərbaycan
xalqı hər zaman əmin idi ki, məhz Heydər Əliyev siyasətinin
davam etdirilməsi torpaqlarımızı işğaldan azad edəcək
və ərazi bütövlüyümüz bərpa olunacaq. Heydər Əliyev siyasəti davam edir və davam edəcək.
Dünya dəyişib, amma xalqa sədaqətlə
xidmət, dövlətçilik, azərbaycançılıq
kimi fundamental dəyərlər dəyişməyib.
Məhz bu prinsiplərlə inkişaf edən Azərbaycan
tarixi Zəfərə imza ataraq ərazi
bütövlüyünü bərpa etdi. Azərbaycanda
yaşayan bütün xalqlar dilindən, dinindən, etnik məsubiyyətindən
asılı olmayaraq, Vətən müharibəsində
iştirak etdilər. Bu, Heydər Əliyevin
azərbaycançılıq fəlsəfəsinin məntiqi
nəticəsidir. Postsovet məkanında həllini
gözləyən münaqişələr var və
onların nə zaman həll olunacağı bəlli deyil.
Dağlıq Qarabağ münaqişəsi isə
Ali Baş Komandanın siyasəti, qətiyyəti, liderliyi,
Ordumuzun böyük qəhrəmanlığı ilə həll
olundu. Azərbaycan xalqının ən
böyük nailiyyəti müstəqil siyasət həyata
keçirən müstəqil dövlətidir. Çox az xalqlar real müstəqil olan, güclü
dövlət qura biliblər. Azərbaycan
dövləti də həmin dövlətlərin
sırasındadır. Bunun səbəbi
Ulu Öndərin əsasını qoyduğu siyasətin
Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən
uğurla davam etdirilməsidir.
Yeni Azərbaycan.- 2021.- 10 iyun.- S.5.