Milli Qurtuluş Günü müasir Azərbaycan
tarixində dönüş nöqtəsidir
Prezident İlham Əliyev: Ulu Öndər Heydər
Əliyevin hakimiyyətə qayıtması nəticəsində
Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və
bugünkü Azərbaycan dünya miqyasında seçilən
ölkələrdən biridir
Azərbaycanın üç onilliyi əhatə
edən qısa müstəqillik tarixində ölkəmizin və
xalqımızın gələcəyi üçün
müstəsna əhəmiyyət daşıyan bir neçə
əlamətdar günü xüsusi qeyd edə bilərik.
Bunlardan biri də 15 İyun - Milli Qurtuluş
Günüdür. Müstəqil
respublikamızın bugünkü uğurlu
inkişafının təməli 15 İyun - Milli Qurtuluş
Günü ilə qoyulub. 1993-cü il iyunun 15-də Ulu Öndər
Heydər Əliyev respublikamızda xalqın təkidli tələbi
ilə siyasi hakimiyyətə qayıtdı, - O, Azərbaycan
Ali Sovetinin Sədri seçildi. Bundan sonra Ulu Öndərin
aldığı müdrik qərarlar sayəsində Azərbaycanın
həyatında xaosa, anarxiyaya, müstəqilliyimiz
üçün yaranan daxili və xarici təhdidlərə
son qoyuldu, ölkəmiz sabitliyə qovuşdu və
inkişafa istiqamətləndi. Prezident İlham Əliyev
müxtəlif auditoriyalardakı
çıxışlarında və nitqlərində 15
İyun - Milli Qurtuluş Gününün müstəqil Azərbaycanın
tarixindəki rolunu həmişə yüksək dəyərləndirib.
Dövlətimizin başçısı bildirib ki, Qurtuluş
Günü bugünkü reallıqları şərtləndirən
gündür. “Qurtuluş Günü müasir Azərbaycan
tarixində dönüş nöqtəsi idi. Ulu Öndər
Heydər Əliyevin hakimiyyətə qayıtması nəticəsində
Azərbaycanda sabitlik bərpa edildi, inkişafa start verildi və
bugünkü Azərbaycan dünya miqyasında seçilən
ölkələrdən biridir”, - deyə dövlətimizin
başçısı vurğulayıb.
Naxçıvanı qoruyan Ulu Öndər Heydər
Əliyev sonrakı mərhələdə bütün Azərbaycan
miqyasında xilaskarlıq missiyası yerinə yetirdi
Ulu Öndərimiz Heydər Əliyevin həyatı
və fəaliyyəti bütünlüklə milli təəssübkeşlik,
xalqına, Vətəninə bağlılıq nümunəsidir.
O, həyatıboyu müdriklik və cəsarət göstərərək
Azərbaycanın inkişafına misilsiz töhfələr
verib. Ulu Öndər Azərbaycana müxtəlif ictimai-siyasi
formasiyalarda rəhbərlik edib. Lakin O, hər dəfə
ölkəmizin inkişafı üçün zəruri olan məqamları
düzgün seçib. Ulu Öndər respublikamızın rəhbərliyinə
ilk dəfə 1969-cu ildə gəlib. Həmin dövrdə Azərbaycan
keçmiş İttifaqın geridə qalmış aqrar
respublikası idi. Ulu Öndər Heydər Əliyev qısa
müddətdə belə vəziyyəti aradan qaldırdı
və Azərbaycanı sənaye inkişafına istiqamətləndirdi.
Həyatının sonrakı mərhələsində
Ulu Öndər Heydər Əliyev əvvəlcə blokada
şəraitində olan Naxçıvanı qorudu və
yaşatdı, bunun ardınca isə bütün Azərbaycan
miqyasında xilaskarlıq missiyası yerinə yetirdi. Məlumdur
ki, Naxçıvan Muxtar Respublikası Ali Sovetinin - 17 noyabr
1990-cı il tarixində çağrılan sessiyasına Heydər
Əliyev Sədrlik edirdi. Həmin sessiyada Heydər Əliyevin
cəsarəti, milli təssübkeşliyi, xalqına
bağlılığı bütün cəhətləri ilə
bir daha özünü büruzə verdi. Sessiyada
Ulu Öndərin təşəbbüsü ilə
Naxçıvan Ali Sovetinin adı dəyişdirilərək
Naxçıvan Respublikasının Ali Məclisi
adlandırılması haqqında qərar
çıxarıldı, eyni zamanda, Azərbaycan Xalq
Cümhuriyyətinin o vaxtlar çoxlarının
tanımadığı üçrəngli bayrağı
Naxçıvan Ali Məclisində qaldırıldı.
Xatırladaq ki, həmin dövrdə hələ Sovet
İttifaqı kommunist partiyası fəaliyyət göstərirdi.
Heydər Əliyev isə təhdidlərdən,
Özü və ailəsi üçün yarana biləcək
təhlükələrdən çəkinməyərək
respublikamızın gələcək taleyi baxımından
müstəsna əhəmiyyət daşıyan qərarların
qəbul olunmasına nail oldu. Bir qədər sonra - 1991-ci
il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə
baxaraq üçrəngli bayrağın Azərbaycanın
dövlət bayrağı kimi qəbul edilməsi haqqında
qərar verdi.
1991-ci il sentyabrın 3-də
Naxçıvan Ali Məclisinin Sədri seçilən Heydər
Əliyev Özünün şəxsi nüfuzundan və
yüksək diplomatik bacarığından istifadə edərək
qonşu Türkiyənin, İranın siyasi rəhbərliyi
ilə təmasları gücləndirdi və blokada şəraitində
yaşayan muxtar respublikanı erməni təcavüzündən,
aclıqdan, səfalətdən qorudu. Eyni
zamanda, Ulu Öndər xalqda müstəqillik uğrunda
mübarizə əzmini möhkəmləndirməyə
çalışırdı. Onun
çağırışı ilə Naxçıvanın
1991-ci il martın 17-də keçmiş Sovet
İttifaqının saxlanılması ilə bağlı
keçirilən referenduma qatılmaması Azərbaycan
xalqının müstəqillik ideyalarına
inamını artırdı, insanlarda mübarizə əzmi
yaratdı. Prezident İlham Əliyev Yeni Azərbaycan
Partiyasının (YAP) VII qurultayındakı nitqində Ulu
Öndərin Naxçıvandakı fəaliyyətinə
xüsusi diqqət çəkərək bildirib: “Digər önəmli amil Heydər Əliyevin
Naxçıvan dövrü ilə bağlıdır.
Çünki o vaxt Naxçıvan həm Ermənistanın
hücumlarına məruz qalırdı, eyni zamanda, ovaxtkı
Azərbaycan rəhbərliyinin əsassız
hücumlarına, təqiblərinə məruz qalırdı.
Faktiki olaraq blokada şəraitindəki respublika
işıqsız, qazsız, susuz, heç bir maddi imkanı
olmadan yaşayırdı və Heydər Əliyev amili burada əsas
rol oynayırdı. Ermənilər nə qədər cəhd
etsələr də, Naxçıvanda öz istəklərinə
nail ola bilmədilər. Halbuki Qarabağdan sonra onların
növbəti hücum hədəfi Naxçıvan idi. Heydər
Əliyev və onun ətrafında birləşmiş insanlar
Naxçıvanı qoruya bildilər, düşməni yerinə
oturtdular və orada sərhəddə gedən şiddətli
döyüşlərdə qalib gəldilər”.
Ötən əsrin
doxsanıncı illərinin əvvəllərində
bütövlükdə Azərbaycanda çox ağır vəziyyət
yaranmışdı. 1992-ci ilin yazında qeyri-legitim yolla
hakimiyyətə gələn AXC-”Müsavat” iqtidarının
səriştəsizliyi ucbatından müstəqilliyimiz
çox ciddi təhdidlərlə üz-üzə
qalmışdı. Problemlər getdikcə artır, xaos
dərinləşirdi. Hakimiyyət strukturlarına, o cümlədən
silahlı birləşmələrə nəzarəti itirən
ozamankı Azərbaycan iqtidarı 1993-cü ilin yayında
ölkəni vətəndaş müharibəsi təhlükəsi
ilə üz-üzə qoydu. Belə
ağır məqamda insanlar təkidlə Ulu Öndər Heydər
Əliyevin Azərbaycanın siyasi rəhbərliyinə
qayıtmasını tələb edirdilər. Ümummilli Lider
Heydər Əliyev belə ağır günlərdə
xalqını tək buraxmadı və respublikamızın rəhbərliyinə
qayıtmağa razılıq verdi. O, iyunun 9-da Bakıya
gəldi. Ulu Öndər 13 iyunda parlamentdə
çıxış etdi, Gəncəyə gedib oradakı vəziyyətlə
tanış oldu. 15 iyunda isə Ulu Öndər Heydər
Əliyev Azərbaycan Ali Sovetinin Sədri seçildi. Beləliklə,
respublikamız diletant, naşı və həris insanların
hakimiyyətindən qurtuldu. Azərbaycanın
sabitlik və inkişafla səciyyələnən qurtuluş
tarixi başladı. Azərbaycan xalqının böyük
etimadı əsasında Ulu Öndər Heydər Əliyev ilk
dəfə 1993-cü il oktyabrın 3-də və 1998-ci il
oktyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti
seçildi. Ulu Öndər Heydər Əliyevin müstəqil
Azərbaycana rəhbərlik etdiyi 1993-2003-cü illərdəki
fəaliyyəti, heç şübhəsiz ki, dövlət
quruculuğunun bütün istiqamətlərini əhatə
edirdi. Prezident İlham Əliyev Azərbaycan Xalq
Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil
olunan rəsmi qəbulda söylədiyi nitqində ölkəmizin
real müstəqilliyinin əsasının 1993-cü ildə
Ulu Öndərimiz tərəfindən qoyulduğunu
xatırladaraq vurğulayıb: “1993-cü il tariximizdə
dönüş nöqtəsi olmuşdur. Əslində,
bizim müstəqil tariximiz o ildən
başlamışdır. Çünki 1991-1993-cü illərdə
müstəqillik formal, şərti xarakter daşıyırdı.
Azərbaycan demək olar ki, xaricdən idarə olunurdu. Biz
hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan
xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın
dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin
qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Azərbaycan dünyada güclü və
nüfuzlu dövlət kimi tanınır
Azərbaycanın xoşbəxtliyi ondadır
ki, respublikamızda Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu sabitlik və davamlı inkişaf kursunun
ardıcıllığı bu gün Prezident İlham
Əliyev tərəfindən yüksək səviyyədə
təmin edilir. Bunun da sayəsində respublikamız
bütün sahələrdə uğurlara nail olub. Bu gün
ölkəmizin hər bir vətəndaşı güclü
Azərbaycanla qürur duyur. Respublikamızın iqtisadi, maliyyə
potensialının genişlənməsi ilə paralel şəkildə,
beynəlxalq nüfuzu da əhəmiyyətli dərəcədə
artıb.
Ölkəmizin müasir mənzərəsini
göz önündə canlandıran uğurların sayı
kifayət qədər çoxdur. Prezident İlham Əliyev
yuxarıda bəhs olunan qəbulda diqqəti Azərbaycanın
bugünkü müsbət mənzərəsinə çəkərək
“2003-cü ildən sonra Azərbaycanın dinamik
inkişafı təmin edilmişdir. Biz güclü, qüdrətli
dövlət qura bilmişik. Bu gün Azərbaycan,
sözün əsl mənasında, müstəqil siyasət
aparan ölkədir. Bu gün dünya xəritəsində belə
ölkələrin sayı o qədər də çox deyil”,
- deyə vurğulayıb.
Müstəqillik yolu ilə inamla
irəliləyən Azərbaycanın uğurlarından
söhbət açarkən Silahlı Qüvvələrimizin
ötən il 44 günlük Vətən müharibəsində
şanlı qələbə qazanmasını, ölkənin ərazi
bütövlüyünü təmin etməsini xüsusi
vurğulamaq lazımdır. Vətən müharibəsindəki
qələbə müstəqil Azərbaycanın
gücünü bütün dünyaya göstərdi. Bu
şanlı qələbə xalqımızın tarixində əbədi
qalacaq.
Mübariz
ABDULLAYEV
Yeni Azərbaycan.-
2021.- 15 iyun.- S.4