Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Nəbatat bağına Xarıbülbül gülü qələmləri verilib

 

İyunun 16-da Rusiyanın Azərbaycan Gənclər Birliyinin (RAGB) sədri, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə Moskva Dövlət UniversitetininAptekarski oqorodNəbatat bağına Qarabağın rəmzi olan Xarıbülbül gülü qələmləri verilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Nəbatat bağının direktoru Aleksey Reteyum iştirak edib. O xatırladıb ki, bu güllər Nəbatat bağına RAGB tərəfindən verilib.

A.Reteyum deyib: “Biz Rusiyanın Azərbaycan Gənclər Birliyi ilə çoxdan əməkdaşlıq edirik. RAGB Nəbatat bağına bundan əvvəl hədiyyələr edib. Qarabağın rəmzi olan bu nadir səhləblər təkcə Azərbaycanda bitir bizə 6 nüsxə səhləb hədiyyə ediblər. Növbəti aprel ayında bu səhləblər Nəbatat bağının qonaqlarını sevindirəcəklər. Bu bitki üçün subtropik iqlim şəraiti lazımdır. Nəbatat bağının oranjereyası belə bir iqlim şəraitini təmin edə bilər”.

RAGB-nin məsul katibi Ceyhun Hüseynov mərasimdə çıxış edib. O bildirib ki, RAGB-nin sədri Leyla Əliyevanın təşəbbüsü ilə MDU-nun Nəbatat bağına Xarıbülbül gülü qələmləri verilməsi hər bir azərbaycanlı üçün əlamətdar hadisədir. C.Hüseynov deyib: “Xarıbülbül Qarabağın rəmzidir. Artıq aprel ayında arzu edən hər kəs Nəbatat bağına gələrək bu gülün açılmasına tamaşa edə biləcək”.

 

Yeni Azərbaycan.- 2021.- 17 iyun.- S.10.