Azərbaycanın regionlarında sahibkarlara yeni dəstək mexanizmləri işə salınır

 

İndiyədək ölkə üzrə sahibkarlıq subyektlərinə dəstək verilməsi və onlara müxtəlif xidmətlər göstərilməsi üçün 31 “KOB dostu” yaradılıb

Dünyanın qabaqcıl ölkələrinin iqtisadiyyatında özəl qurumların, o cümlədən də kiçik və orta sahibkarlıq subyektlərinin çəkisi kifayət qədər böyükdür. Müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycanda da Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq sahibkarlıq və investisiya mühitinin daha da optimallaşdırılması istiqamətində ardıcıl tədbirlər görülür. Respublikamızda 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı ilə bağlı müvafiq Dövlət proqramları çərçivəsində bütün ölkə üzrə yaradılan yüksəksəviyyəli infrastruktur bölgələrdə sahibkarlığın inkişafını şərtləndirən çox mühüm amil qismində çıxış edir. Bundan başqa, ölkəmizdə mütəmadi olaraq sahibkarlıq subyektlərinə yeni dəstək mexanizmləri işə salınır. Bütün bunlar isə son nəticədə respublikamızda real iqtisadiyyatın inkişafında özünü göstərir. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlının bildirdiyinə görə, əvvəlcədən də proqnozlaşdırıldığı kimi, ilin ilk 5 ayının göstəricilərinə əsasən, Azərbaycanda iqtisadi artım bərpa olunub: “Bu ilin yanvar-may aylarında ümumi daxili məhsul 0,8 faiz artıb. COVID-19 pandemiyasının təsiri altında Azərbaycan iqtisadiyyatında geriləmə 2020-ci ilin mayından başlamışdı və düz bir ildən sonra artım yenidən bərpa olundu. Karbohidrogen sektorunda geriləməyə rəğmən, qeyri-neft sektoru ilk 5 ayda 4,5 faiz artıb”, - deyə qurum rəsmisi bildirib.

Cari ilin əvvəlindən bəri milli iqtisadiyyatımızda ən yüksək artım 16,2 faiz olmaqla qeyri-neft sənayesində qeydə alınıb. 2021-ci ilin ilk beş ayında, həmçinin kənd təsərrüfatının bitkiçilik və heyvandarlıq kimi sahələrində də artım baş verib. Mütəxəssislər bunu regionlarda dövlət dəstəyi mexanizmlərindən bəhrələnən fermerlərin aqrar sektorda gəlirli və perspektivli sahələrə investisiya qoyuluşunu artırmalarının məntiqi nəticəsi kimi dəyərləndirirlər. Öz növbəsində, müvafiq mərkəzi icra orqanları regionlarda fermerlərə dəstək mexanizmlərinin əhatə dairəsini daha da genişləndirirlər.

İsmayıllı rayonunda “KOB dostu” fəaliyyətə başlayıb

Son vaxtlarda respublikamızın regionlarında sahibkarlara göstərilən dəstək tədbirlərinin səmərəliliyinin artırılmasında “KOB dostu” şəbəkəsi mühüm rol oynayır. İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) ölkə regionları üzrə “KOB dostu” şəbəkəsi getdikcə genişlənir və artıq onların sayı 31-ə çatdırılıb. Növbəti “KOB dostu” may ayının son günlərində İsmayıllı rayonunda fəaliyyətə başlayıb və bununla bağlı tədbir keçirilib. Artıq İsmayıllı və ətraf bölgələrdə fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarlıq subyektləri özəl fəaliyyətlə bağlı dəstək və xidmətlər üçün “KOB dostu”na müraciət edə bilərlər.

Mövcud pandemiya qaydalarına uyğun olaraq məhdud sayda sahibkarın, yerli icra hakimiyyəti və digər müvafiq dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin fəaliyyəti və “KOB dostu” mexanizmi barədə məlumat verib. Qeyd olunub ki, mikro, kiçik və orta biznes subyektləri “KOB dostu”nun xidmətlərindən yararlana bilər. “KOB dostu” İsmayıllıda və ətraf bölgələrdə biznesə başlamaq istəyən şəxslərə və sahibkarlara müvafiq dəstəyi təmin edəcək. “KOB dostu”, həmçinin sahibkarların maraqlarının müdafiəsi və onların qarşılaşdıqları çətinliklərin həlli istiqamətində dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində tədbirlər görəcək, sahibkarların ehtiyaclarını və təkliflərini sorğular vasitəsilə öyrənəcəkdir. Sahibkarlara yerində dəstəyin təmin olunması üçün ölkənin digər şəhər və rayonlarında da KOB dostlarının fəaliyyətinin nəzərdə tutulduğunu vurğulayan Orxan Məmmədov sahibkarları yeni fəaliyyətə başlayan “KOB dostu” ilə fəal əməkdaşlığa dəvət edib.

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov “KOB dostu”nun fəaliyyətinin rayonda kiçik və orta sahibkarlığın inkişafında, sahibkarlıq fəaliyyətinin genişlənməsində, yeni biznes sahələrinin yaranmasında əhəmiyyətli olacağını qeyd edib.

İsmayıllı rayonunda sahibkarlığın inkişafı məqsədilə reallaşdırılan digər bir layihə barədə də söhbət açmaq istərdik. Bir qədər bundan əvvəl KOBİA-nın sifarişi və Dövlət Məşğulluq Agentliyinin dəstəyi ilə “Odlar Yurdu” Gənclər İctimai Birliyi tərəfindən icra olunan “Kəndlərdə sahibkarlığın və özünüməşğulluğun inkişafı” layihəsi çərçivəsində İsmayıllı rayonunda 15 sahibkarlıq obyekti - kənd qonaq evi istifadəyə verilib. Yerli və xarici turistlərə qonaqlama xidməti göstərəcək kənd qonaq evləri İsmayıllı rayonunun Buynuz, Xanəgah, Topçu, Təzəkənd, Sumağanlı kəndlərində və Lahıc qəsəbəsində yerləşir.

Kənd qonaq evlərinin istifadəyə verilməsi ilə əlaqədar İsmayıllı rayonunun Buynuz kəndində KOBİA İdarə Heyətinin sədri Orxan Məmmədov, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Əliyev, Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov, eləcə də bir sıra dövlət qurumlarının və müxtəlif QHT-lərin nümayəndələrinin iştirakı ilə tədbir keçirilib. Tədbir iştirakçıları kənd qonaq evləri ilə tanış olub, onlara layihə çərçivəsində görülmüş işlər barədə ətraflı məlumat verilib.

AFAQ layihəsi çərçivəsində İmişli rayonunda qadın fermerlərə dəstək göstərilib

Ölkəmizin regionlarında müxtəlif layihələrlə sahibkarlığın inkişafına dəstək verilməsi kimi gözəl ənənə formalaşıb. Bölgələrdə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən “PAŞA Holding”in dəstəyi ilə həyata keçirilən AFAQ (Aqrar Fəaliyyətli Azərbaycan Qadınları) layihəsi də onlardan biridir. Layihə çərçivəsində regionlarda qadın fermerlərlə görüşlər davam edir. Aqrar fəaliyyətlə məşğul olan qadınlarla növbəti görüş İmişli rayonunda baş tutub.

Rayonun Şahverdili kəndində keçirilən görüşdə “Aqrar Tədarük və Təchizat” ASC-nin İdarə Heyətinin sədri Aqil Quliyev, İmişli Rayon İcra Hakimiyyətinin başçısı Elçin Rzayev, “PAŞA Holding”in nümayəndəsi Bəyim İbrahimova, AFAQ layihəsinə müraciət etmiş qadın fermerlər iştirak ediblər.

Görüşdə çıxış edən natiqlər həyata keçirilən bu sosial layihənin qadınlar arasında aqrar fəaliyyətə marağı artırdığını bildiriblər. Layihə icraçıları fərdi təsərrüfatlarda məhsul istehsalı və emalını daha düzgün təşkil etmək üçün qadın fermerlərin ehtiyaclarını öyrənir və onları müvafiq avadanlıqlarla təmin edirlər. Layihə çərçivəsində təlimlərə cəlb olunan qadınlar bildiriblər ki, müvafiq avadanlıqlarla təmin edilməklə məhsul istehsalı və emalı prosesində keyfiyyət göstəricilərini artırmağa müvəffəq olacaqlar. Görüşdən sonra iştirakçılar qadın fermerlərin idarə etdikləri təsərrüfatlara baxış keçiriblər. Layihənin mərhələlərini uğurla tamamlayan 14 təsərrüfat sahibi əvvəlcədən aparılan qiymətləndirmələrə əsasən, təsərrüfatlarının ehtiyacları üzrə kənd təsərrüfatı avadanlıqları (seperator, südsağan aparat, dənüyüdən avadanlıq, otdoğrayan avadanlıq, yemüyüdən aparat və s.) ilə təmin olunublar.

Qeyd edək ki, AFAQ layihəsi kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən qadınların dəstəklənməsi, onların bilik və bacarıqlarının artırılması, maliyyə və digər resurslara çıxışlarının asanlaşdırılması məqsədilə icra edilir. Bu günədək layihəyə 600-ə yaxın müraciət daxil olub, 145 müraciətçinin təsərrüfatına baxış keçirilərək qiymətləndirmə sorğusu aparılıb. Layihənin tələblərinə cavab verən, ümumilikdə, 82 təsərrüfat sahibinə isə müvafiq avadanlıqlar və aktivlərlə dəstək göstərilib. Layihə çərçivəsində dəstək tədbirləri bundan sonra da davam etdiriləcək.

KOBİA regionlardan olan sahibkarların “Caspian Agro 2021 və InterFood Azerbaijan 2021” sərgilərində iştirakını təmin edib

Koronavirus pandemiyası ilə əlaqədar yaranmış iki illik fasilədən sonra ənənəvi formatda Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı (“Caspian Agro 2021”) və 26-cı Azərbaycan Beynəlxalq Qida Sənayesi (“InterFood Azerbaijan 2021”) sərgiləri keçirilib. “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərində, ümumilikdə, dünyanın 27 ölkəsindən 248 şirkət təmsil olunub. “Caspian Agro 2021” sərgisində “ağıllı ferma”, heyvandarlıq sənayesi üçün avadanlıqlar, kənd təsərrüfatı texnikaları, laboratoriya avadanlıqları, yeni toxum sortları və digər məhsullar nümayiş olunub. Sərgi, həmçinin heyvandarlıq və quşçuluq, yem, baytarlıq, bitkiçilik, gübrələr, meyvə və tərəvəzlərin yetişdirilməsi, istixana, elektron kənd təsərrüfatı, kənd təsərrüfatında innovasiya texnologiyaları bölmələrini əhatə edib. “InterFood Azerbaijan 2021” sərgisinin ekspozisiyasında qida sənayesinin müxtəlif sahələri üçün avadanlıqlar, qida məhsulları, istehsalın avtomatlaşdırılması üçün həll variantları, qablaşdırma materialları və digər məhsullar təqdim edilib.

Bəhs olunan sərgilərdə, həmçinin Azərbaycanın bölgələrindən olan mikro və kiçik sahibkarlar məhsul və xidmətlərini təqdim ediblər. Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin dəstəyi ilə yaradılmış xüsusi stenddə 9 mikro və kiçik sahibkarlıq subyekti tərəfindən müxtəlif bitki çayları, ədviyyatlar, yağlar, meyvə quruları, çərəzlər, qablaşdırma məhsulları və s. nümayiş olunub. Bakı və Gəncə şəhərlərini, Abşeron, Qəbələ və Zaqatala rayonlarını təmsil edən KOB-lar onlar üçün ayrılmış xüsusi stenddə məhsul və xidmətlərini təqdim etməklə yanaşı, satış imkanlarını genişləndirmək və yeni biznes əlaqələri qurmaq üçün müxtəlif işgüzar görüşlərə qatılıblar. Sərgilər sahibkarların, xüsusilə də mikro və kiçik biznes subyektlərinin satış imkanlarını genişləndirmələri və onların işgüzar əlaqələrinin inkişafı baxımıdan əhəmiyyətlidir. KOBİA 2018-ci ildən etibarən startapların, mikro və kiçik sahibkarların məhsul və xidmətlərini ixtisaslaşmış sərgilərdə təqdim etməsinə dəstək göstərir. İndiyədək Agentliyin bu dəstəyindən 170-dən çox startap, mikro və kiçik sahibkarlıq subyekti yararlanıb. KOBİA, həmçinin “Caspian Agro 2021” və “InterFood Azerbaijan 2021” sərgilərinə dəstək göstərən qurumlar sırasındadır.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.-2021.-19 iyun.-S.8.