İşğaldan azad olunmuş ərazilərdə infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir

 

Yaradılan yüksəksəviyyəli infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də oraya qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq

Ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad olunan ərazilərin bərpası və Böyük Qayıdışın təmin edilməsi hazırda Azərbaycanın qarşısında duran prioritet məsələlərdən biridir. Güclü dövlət olan Azərbaycan bəhs olunan ərazilərə Böyük Qayıdışı qısa müddətdə və yüksək səviyyədə təmin etmək əzmindədir. Müharibənin başa çatmasından az vaxt ötməsinə baxmayaraq, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və zəruri infrastrukturun yaradılması istiqamətində işlərə başlanılması deyilənləri əyani şəkildə təsdiqləyir. Prezident İlham Əliyev bərpa və infrastruktur quruculuğu ilə bağlı layihələrin icrasını şəxsi nəzarəti altında saxlayır. Dövlət başçımız postmüharibə mərhələsində dəfələrlə işğaldan azad olunan ərazilərə səfərə gedib və müxtəlif infrastruktur obyektlərinin təməlqoyma və yaxud açılış mərasimlərinə qatılaraq Özünün dəyərli tovsiyələrini verib. İyunun 14-də isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Füzuli rayonuna növbəti dəfə səfərə gəliblər. Dövlətimizin başçısı bəhs olunan səfəri çərçivəsində də bir neçə infrastruktur layihəsinin icrası ilə tanış olub.

Müasir yol-nəqliyyat infrastrukturu işğaldan azad olunmuş ərazilərə gediş-gəlişi və yüklərin daşınmasını asanlaşdıracaq

Ötən il 44 günlük Vətən müharibəsində işğaldan azad edilən ərazilərdə zəruri infrastrukturun yaradılması müxtəlif istiqamətləri əhatə edir. Prezident İlham Əliyev Füzuli rayonuna səfəri çərçivəsində burada beynəlxalq hava limanında tikinti işlərinin gedişi ilə tanış olub. Füzuli Beynəlxalq Hava Limanının təməli cari ilin yanvarında Prezident İlham Əliyevin iştirakı ilə qoyulub. Burada uçuş-enmə zolağının inşasının cari ilin sonlarınadək tamamlanması nəzərdə tutulub. Bundan başqa, bir qədər bundan əvvəl yenə də Prezident İlham Əliyevin iştirakı ilə Zəngilan rayonunda beynəlxalq hava limanının təməli qoyulub. İşğaldan azad olunmuş ərazilərdə daha bir beynəlxalq hava limanının inşası isə Laçın rayonunun ərazisində nəzərdə tutulub. Bu hava limanları ayrı-ayrı magistrallarla inteqrasiya ediləcək. Beləliklə, ölkəmizin digər guşələrindən, həmçinin xaricdən işğaldan azad olunmuş ərzilərimizə gediş-gəliş və yüklərin daşınması asanlaşacaq.

Ümumiyyətlə, işğaldan azad olunmuş ərazilərdə yüksəksəviyyəli yol-nəqliyyat infrastrukturunun yaradılması ilə bağlı statistika kifayət qədər zəngindir. Prezident İlham Əliyev imzaladığı müvafiq sərəncamlarla işğaldan azad olunmuş ərazilərdə çoxlu sayda avtomobil yollarının inşası məqsədilə böyük həcmlərdə maliyyə vəsaitləri ayırıb. Hazırda Əhmədbəyli-Füzuli-Şuşa yolunda və Zəfər yolunda işlər intensiv şəkildə davam etdirilir. Qeyd edək ki, Vətən müharibəsində igid hərbçilərimiz bizim hamımız üçün əziz olan Şuşaya məhz Zəfər yolunun keçdiyi ərazidən daxil olublar və misilsiz şücaətlər göstərərək şəhəri işğaldan azad ediblər. Məlumat üçün bildirək ki, 4 və 6 hərəkət zolağından ibarət Əhmədbəyli-Füzuli-Şuşa yolunun uzunluğu 81 kilometr, Zəfər yolunun uzunluğu isə 101 kilometr olacaq. Hər iki yol boyunca tunellər, körpülər inşa ediləcək, bütün zəruri infrastruktur yaradılacaq. Zəfər yolunun Xocavənd rayonundan keçən hissəsində körpü inşa edilir. Quruçay üzərində inşa olunan üçaşırımlı körpünün uzunluğu 86 metr olacaq. İşğaldan azad edilən ərazilərimizdə görülən bütün bərpa və yenidənqurma işləri kimi, burada da tikinti yüksək sürətlə aparılır və yol istismara verilənədək bu körpü də hazır olacaq. Prezident İlham Əliyev bəhs olunan səfəri çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun Daşaltı kəndinin ərazisindən keçən hissəsində inşa olunacaq tunelin təməlini qoyub. Tunelin texniki göstəriciləri kifayət qədər yüksəkdir. Yol üzərində, ümumilikdə, iki tunel tikiləcək və onların hər biri ikizolaqlı olacaq. Tunellərin hər birinin uzunluğu 530 metr, eni isə 12 metr təşkil edəcək.

İşğaldan azad olunmuş ərazilərin su və enerji potensialından səmərəli istifadə olunacaq

Vətən müharibəsində işğaldan azad edilmiş ərazilərin su və enerji potensialı kifayət qədər böyükdür. Azərbaycan postmüharibə mərhələsində bu potensialdan maksimum səmərə ilə və ekoloji normaları gözləməklə istifadə etmək niyyətindədir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iyunun 14-də Füzuli rayonundakı Aşağı Köndələnçay su anbarında olublar. Ümumi tutumu 9,5 milyon kubmetr olan bu su mənbəyi 6200 hektar sahəni suvarmağa imkan verirdi. Xatırladaq ki, bu su anbarı Ulu Öndər Heydər Əliyevin göstərişi və təşəbbüsü ilə 1980-ci illərin əvvəllərində inşa edilib. 1993-cü ildə Füzuli rayonu erməni qəsbkarları tərəfindən işğal ediləndən sonra su anbarının Azərbaycan tərəfindən istismarı qeyri-mümkün olub. İşğal zamanı torpaqlarımızda ekoloji terror törədən ermənilər təsərrüfat işlərində suya ciddi ehtiyac olduğu mövsümlərdə suyun qarşısını kəsir, daşqınlar zamanı, yaxud suya ehtiyac olmayan vaxtlarda isə anbarlardan suyu buraxaraq ciddi problemlər yaradırdılar. Hazırda işğaldan azad edilmiş ərazilərdəki bütün su ehtiyatları araşdırılır, təhlil edilir. Həmin su mənbələrindən istifadə edilməsi gələcəkdə ölkəmizə böyük üstünlük qazandıracaq.

Hazırda Azərbaycan işğaldan azad olunmuş ərazilərdə enerji mənbələrinin bərpası istiqamətində də ayrıca proqram reallaşdırır. Artıq Laçın rayonunun ərazisində “Güləbird” Su Elektrik Stansiyası bərpa olunaraq Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilib. Onu da vurğulayaq ki, Azərbaycan son illərdə özünün enerji müstəqilliyinin möhkəmləndirilməsi istiqamətində böyük uğurlara imza atıb. Hazırda elektrik enerjisinə olan daxili tələbatını tam yerli istehsal hesabına ödəyən respublikamız xarici ölkələrə müəyyən həcmlərdə enerji ixrac edir. İşğaldan azad olunmuş ərazilərdəki enerji mənbələrinin bərpası nəticəsində respublikamızın enerji ixracı imkanları daha da artacaq. Ümumiyyətlə, yaradılan yüksəksəviyyəli infrastruktur həm işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialından səmərəli istifadə edilməsində, həm də ora qayıdacaq insanların normal həyat şəraiti ilə təmin olunmasında mühüm rol oynayacaq.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaucan.-2021.-18 iyun.-S.3.