Bütün qələbələrin bir adı - Milli
Birlik
Ümummilli lider
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi
bütün dövrlərdə sərgiləmiş olduğu
siyasi iradə və güc amilini Qələbəmizə gətirən
yolun başlanğıc nöqtəsi kimi adlandırmaq olar. Məhz
onun vasitəsilə qorunan və hifz olunan məfkurə
dalğası, tarixi-etnik yaddaş, müstəqil dövlət
təfəkkürü və istiqlal təlimi ilə
bağlı bizə aşıladığı “ulusu sevmək
fənni” şüurumuzun, milli-mənəvi
varlığımızın tərəqqi hərəkatında
iştirak edib öz işini gördü. İkinci Qarabağ
savaşında böyük sevgi və coşqu ilə ön cəbhəyə
döyüşə atılanları, vətənin ərazi
bütövlüyü uğrunda canını fəda etməyə
hazır olanları gördükcə qürurlanmaya bilmədik.
Budur, Türk olmaq ibtidadan yurd üçün savaşmağa
müştaq olmaq demək! Dünyaya meydan oxumaq, “bir hilal
uğruna” min dəfə ölüb doğulmaq demək!
Bu fikirlər YAP
İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru
Elnarə Akimovanın AZƏRTAC-a təqdim etdiyi yazıda yer
alıb.
Bildirilib ki, millət
olmağın, bütöv yaşamağın yaddaşda və
amalda keçdiyi yolun müxtəlif mərhələləri
olur. 1990-cı illərdə bir xalq olaraq bu yolu ümummilli
lider Heydər Əliyevlə keçdik. O mərhələ
ki, görülməmiş mənəvi, əxlaqi-siyasi
deqradasiyadan sonra xilaskar kimi yetişib zamanın ahəngi ilə
mənəvi-əxlaqi dəyərlərin sabitliyi arasında
harmoniya yaratmışdı. Son otuz ilə yaxın dövrdə
dünyanın idarəçilik panteonunda çox şey, bəlkə
də hər şey dəyişdi: texnogen sivilizasiya
özünü tükətdi, qlobal çətin və şər
stixiyası, antiinsani düşüncə meydan suladı,
irqçi fəlsəfələr, vulqar qərbçi
“humanizm” oyunları, məzhəbçi müharibələr
çeşidi kamalın təntənəsinin heç bir nəticə
verməyəcəyinin sübutu oldu. Gözəllik
dünyanı xilas etmədi, elm bəhrə vermədi, kamal
qalib gəlmədi.
Belə bir qlobal və
geopolitik maraqların toqquşduğu seysmik zonada, antitəbiət
və antiinsani dünya kultunun hakimi - mütləq olduğu
bir zamanda, üstəlik Qarabağ kimi problemə az qala utopik və
apokalipsis baxışın gücləndiyi bir dönəmdə
toparlanıb millətimizin taleyində tarixi bir
dönüşə imza atmaq Prezident İlham Əliyevin siyasi
səriştə, dövləti təfəkkür və
intellekt miqyasında ehtiva etdiyi gücün sözü idi ki,
qəfil açılan sillə kimi boz üzlərə
çırpıldı. Hər cür süni, qondarma qanun və
stereotiplərin, perspektivdən məhrum bəyanatların
qarşısına milli müqəddəratın
meyarını qoydu. Bütövlüyünü qanı ilə
qazanmağa layiq orduya, milli miqyasda düşüncə və
təşkilati iş vüsətinə sahib olduğunu
dünyanın önünə sərdi. Müstəqillik
mentaliteti və statusunu həmişə uca tutub qoruyan Ali
Baş Komandan İlham Əliyevin bu gün dünyanın
gözü qarşısında nümayiş etdirdiyi “məğrur
lider obrazı” isə onun məqsəd və mövqeyinə
real-əməli mündəricə qazandıran əsas rəmzlərdən
oldu.
Tarixin ibrət dərsi
həm də bu oldu ki, biz 28 il cismən uzaq
salındığımız Qarabağımızdan ruhən
heç ayrılmadığımızı dünyaya bəyan
etdik. Düşmən isə oralarda xarabazarlıq yaratmaqla
öz müvəqqəti mövcudluqlarına bəlkə də
hamıdan çox özlərini inandırmışdı.
Heç eşq olan ürəkdə xarabalığa, viranəliyə
yer olarmı?! Əsla! Biz Qarabağı ona görə geri ala
bildik ki, içimizdəki ilahi eşq, haqqın qələbəsinə
inam oralara qayıdış yollarımızı
işıqlandırmışdı. Qarabağı bu eşqlə
xilas etdik, fəth etdik. Əsgərlərimiz bu eşqə
tapındıqlarına görə şəxsiyyət və fərd
kimi insanlığa və humanist dəyərlərə xidmətdən
bir an belə olsun vaz keçmədilər. Tanrı və əbədiyyət
sevgisinə ucalmaq hər müharibə aparan xalqın mükafatı
ola bilməyib.
Soljenitsın
yazırdı ki, “əgər bir millətin mənəvi
qüdrəti tükənibsə, onu heç bir hökumət
xilas edə bilməz”. Doğru fikirdir, bütün müharibələri
qalib edən xalqın içindəki milli intibah ruhudur. Bu
gün az qala yuxu kimi görünən, cəmi 44 günə
qazanılan Zəfərimizi göz önünə gətirəndə
heyrət etməmək olmur. Əlbəttə, bu misilsiz
savaş əzminin səsi tarixin çox-çox
sonralarından eşidilib, daha aydın, daha uca vurğu ilə
əməl cizgisi kəsb edəcək. Amma bu gün də
baş verənləri sağlam zəka və şüur ilə
analiz edəndə görmək çətin olmur. Bu
müharibə bizə düşüncədə, ovqatda millət
kimi qürurlu olmağın bütün səviyyələrini
yaşatdı. Biz ölkə, ordu və xalq miqyasında vahid
mənəvi məkan yarada bildik. Ötən əsrin
1990-cı illərində ona görə uduzmuşduq ki, Qarabağ
savaşını Vətən və xalq müharibəsinə
çevirə bilməmişdik. Ali Baş Komandan İlham
Əliyevin gücü onda oldu ki, məhz bu amili nəzərə
aldı, milləti milli-diplomatik səriştə, peşəkar
və ali mənəvi-əxlaqi təməllər üzərində
savaş hərəkatına hazırladı.
Məsələnin
ümummilli hərəkat kimi sabit, qlobal səciyyəsini
axıra qədər ona görə saxlaya bildi ki, siyasi
oriyentiri düzgün müəyyənləşdirməklə
yanaşı, milli enerji və təlatümün, güclənən
emosiyaların hərarətini orduya yönəldə bildi. Ona
görə ön cəbhədə düşməni, rəqiblərimizi
belə heyrətdə qoyan kütləvi fədailik və
şəhidlik hünəri meydana qoyuldu. Müharibəni hərbi
texnikadan öncə alt qatdan püskürən milli enerjinin əzəməti
uddu.
Bütün xalq Azərbaycan
əsgəri ilə bir yola çıxdı. Əsgərimiz
o məkanları, heç vaxt o torpaqlarda olmayanlara belə
qarış-qarış sevdirdi. Çünki ən əvvəl
özünü belə heç vaxt olmadığı,
üzünü görmədiyi torpaqlar üçün
canını göz qırpmadan fəda etməyə hazır
bilmişdi. Bəlkə özünə də maraqlı idi,
uşaqlığında yurdundan didərgin
salındığı o yurd yerləri indi necədir?
Görüb bilmək marağı içindəki qorxu
mülkünü çoxdan söküb atmışdı. Bəlkə
də 30 il qətrə-qətrə varlığına
yığılan, yumruğuna sıxıb saxladığı
hirsi, qəzəbi idi, orada, döyüş meydanında qalxan
olub düşmənin başına od kimi yağdı. Bu 44
gündə elə bir dərs verdi ki... Qələmi
hamının əlindən alıb tarixi başdan yazdı. Təqvimdəki
bütün işğalları fəthlə əvəzləyib
millətin üzərindəki qara ləkəni yox etdi.
Şuşada ilk
azanı da Azərbaycan əsgəri verdi. Ayasofya məscidində
uzun fasilədən sonra eşidilən ilk azandan sonra ona cavab sədası
Şuşamızdan gəldi. Həm İslamın, həm də
türklüyün birgəlik təntənəsi ruh
birliyimizin əsası oldu. Yəsəvi demiş, “iman
Allahın insana lütfüdür”. Biz vətənin ilahi
paklığına iman gətirdik. Bu, həm də dünyaya
bəyan edilən türkün gücü idi. Səmaya və
zirvəyə can atmaq türkün fitrətində var. Xalq
olaraq, məhz bu anda özümüzə döndük.
Sükut bəlkə də bu anda pozuldu, yalan, böhtan və
haramdan qurulmuş bir sistemi dağıdıb əzəli-əbədi
əxlaq səltənətimizə çağırış
etdik. Axar sular duruldu, o müqəddəs məkanlar yad izlərin
kəsafətindən təmizləndi. Şəhid ruhları
dinclik tapdı. Bu gün artıq ayağını yerə
möhkəm dayayan, başını göyün yeddinci
qatına söykəyib ərazi bütövlüyünü
təmin etmiş məğrur, azad Azərbaycan var.
Müharibədə
Zəfəri bizə qazandıran böyük amillərdən
biri daxili həmrəyliyin baş tutması oldu. Dövlətimizin
başçısının müharibənin ilk günlərindən
etibarən etdiyi çağırışları, müsahibələrindəki
bu məqama etdiyi vurğuları yaxşı
xatırlayırıq: “Milli məsələlərdə biz
hamımız birləşə bilirik. Bu da bizim gələcəyimiz
üçün çox önəmlidir”.
Bu
çağırışın təsdiqi uzun sürmədi.
Ölkədəki 50 partiya İlham Əliyevin ətrafında
sıx birləşdi və bununla vətənin mənəvi
haqqını ifadə və təmsil etməyi bacardılar.
Bu, çox mühüm üstünlük idi. Birinci
Qarabağ savaşında ölkədəki xaotik
dalğanın əsas səbəbi daxili həmrəyliyin
olmaması, vəzifə, kürsü çəkişmələri
idi. Tarixi təkrar etmək ən azı ona görə
lazım deyildi ki, artıq Azərbaycanın özü də
böyümüş, inkişaf etmiş, fərqli bir düzənə
ayaq qoymuşdu. Belə bir halda dövlətin yanında
olmamaq, xalqın ən ağır günündə şəxsi
maraqların əsiri olaraq qalmaq istənilən partiyaya
başucalığı gətirməzdi. Necə ki, bunu “Xalq cəbhəsi”
və “Müsavat” partiyası etməklə, ən həlledici
məqamda kənarda dayanmaqla həmrəylik mövqeyində
“xaric səs” rolunu yerinə yetirdilər. Amma necə deyərlər,
istisnalar qaydanı pozmur, dövlətimizin
başçısının vurğuladığı kimi nəticə
uğurlu idi: “Biz praktiki əməkdaşlığa
başlamaq, düşmənçiliyə son qoymaq və ən
azı bir-birimizlə danışmağa başlamaq
üçün bütün siyasi partiyalara açıq
müraciət etdik və iki partiyadan başqa bütün
partiyalar, onların 50-si bunu dəstəklədi. Biz siyasi
dialoqun ən aktiv fazasındayıq”.
Qeyd edək ki, bu həmrəyliyin
və dialoqun baş tutmasında Azərbaycanda aparılan
siyasi islahatların, kadr siyasətinin də böyük rolu
oldu. Müharibədən az öncə, 2019-cu il dekabrın
5-də Beşinci çağırış Milli Məclisin
buraxılması və 2020-ci il fevralın 9-da Azərbaycan
Respublikasının Milli Məclisinə növbədənkənar
seçkilərin keçirilməsi bu proseslərin start
nöqtəsi idi. Bunu dövlətimizin
başçısı İlham Əliyev də VI
çağırış Milli Məclisin ilk iclas nitqində
vurğulamışdır: “Həm seçkilər, həm də
seçkilərdən sonrakı dövr, iqtidar tərəfindən
siyasi partiyalara yönəlmiş addımlar - bütün
bunlar bizim mövcud siyasətimizin yeni mərhələsini əks
etdirir. Bu, bizim islahatçı kursumuzu əks etdirir. Bildiyiniz
kimi, islahatların yeni mərhələsi 2018-ci ilin prezident
seçkilərindən sonra başlamışdır”.
Ali Baş
Komandanın imza atdığı islahatların yeni mərhələsi,
həmçinin Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının yeni strukturunun təsdiqlənməsi,
ilk dəfə olaraq Siyasi partiyalar və qanunvericilik hakimiyyəti
ilə əlaqələr şöbəsinin yaradılması
faktını da özündə çevrələyir. Siyasi
sistemin təkmilləşdirilməsi, partiyalarla müntəzəm
əməkdaşlıq qurulması məqsədilə 2019-cu
il noyabrın 29-da yaradılan bu şöbə proseslərin
sonrakı nizamlı gedişində əsaslı rol oynadı.
Aydındır ki,
millilik amilinin özülündə bütün qüvvələrlə
milli koalisiya və konsensus lazımdır. Bunu Prezident İlham
Əliyevin özü də dəfələrlə səsləndirib:
“Hesab edirəm ki, indiki genişmiqyaslı islahatlar
dövründə siyasi islahatlar mütləq
aparılmalıdır. Siyasi islahatlar partiyalararası geniş
dialoq aparılmadan həyata keçirilə bilməz. Bir
partiya – hakim partiya təkbaşına siyasi dialoq apara bilməz”.
Bu dialoqun nəticəsi
olaraq müharibənin gərgin dönəmində,
oktyabrın 3-də Prezident Administrasiyasında “Milli həmrəylik
– siyasi dialoqun nəticəsi” adlı videokonfrans formatında
keçirilən görüşdə əlli partiyanın rəhbərləri
iştirak edərək milli və siyasi həmrəyliyin
qorunmasında bir araya gəlməyin modelini meydana qoydular, Azərbaycan
Ordusuna və Ali Baş Komandana dəstəklərini ifadə
etdilər. Zənnimizcə, qarşılıqlı münasibətlərdə
yeni keyfiyyətə keçməyin vaxtı çoxdan
çatmışdı, milli əməkdaşlıq
strukturuna, bütün siyasi dəyərlərin milli
dövriyyəyə daxil olması və vahid mənəvi
ortaq məkan yaratmasına ehtiyac vardı. Ortaq məxrəcə
adətən, nə etdiyini və edəcəyini özü
üçün aydınlaşdırmayan tərəflər gələ
bilmir, müəyyənləşmiş milli proqram və
konsepsiyalarla hərəkət edən qüvvələr
arasında isə ahəng, nizam və vəhdət yaratmaq
çətin olmur.
Son iki əsrdə
Azərbaycanda gedən suverenlik hərəkatlarının
inkişaf trayektoriyası ümummilli amal səviyyəsində
deyil, fərdi maraqlar, sosial meyar və məqsədlər
çərçivəsində cərəyan edib. Bir əsr
öncə yaradılan Azərbaycan Cümhuriyyətinin fəci
sonluğu məlumdur. Sonrakı illərdə, kommuna vaxtından
başlayaraq, Bakıda baş verən milli qırğınlar
bütünləşən deyil, bölünən
düşüncənin və şüurun nəticəsi
oldu. Bütün dövrlərdə çox ziyalıların
təmsil olunduğu partiyalar yarandı, amma ən həlledici
məqamda millət və xalq naminə bir yerə cəm
olmağı, bir bayraq altına sığınmağı
bacarmadılar. Halbuki xalq olmağın sübutu onun vəhdət
yaratmaq bacarığı ilə ölçülür. Millətin
mənafeyi naminə maraqlar birləşmirsə burda milli
intibah ideyaları deyil, intriqa və qütb, təbəqə
maraqları meydan sulayır deməkdir. Atatürkün
sözüdür: “Milli birliyə nail olmayan milləti
başqasına şikar olmaq taleyi gözləyir”.
Siyasətdə
milli birlik amalı tarixin sınağından
çıxmış ən etibarlı amildir. Rusiya müsəlmanlarının
XX yüzilin ilk illərində azərbaycanlı Əlimərdan
bəy Topçubaşovun rəhbərliyi ilə
“İttifaqi-müslimin” partiyasını yaratması da həmin
səbəblə bağlı idi. İdeoloji istiqamət “Dildə
birlik, işdə birlik, əməldə birlik” düsturunu irəli
sürən İsmayıl bəy Qaspıralıdan gəlirdi.
Rusiya müsəlmanlarının milli
bağımsızlıq yoluna çıxması məhz bu
ideologiyanın tətbiqindən və mənimsənilməsindən
sonra mümkün oldu. Bu məqamda tarixi bir faktı qeyd etmək
yerinə düşər.
1992-ci ilin
mayında Qarabağda Şuşa və Laçının ermənilər
tərəfindən işğalından sonra Azərbaycanın
ərazi bütövlüyü apokaliptik bir dağıntı
ilə üzləşəndə ulu öndər Heydər
Əliyev həmin ilin noyabrında Naxçıvanda Yeni Azərbaycan
Partiyasını yaratdı. Respublikanın nəinki dövlət
müstəqilliyi, eləcə də torpaq
bütünlüyü düşmən təcavüzü ilə
üzləşəndə Ümummilli Lider insanların
müstəqil dövlətçilik ideyası və azərbaycançılıq
məfkurəsi ətrafında birləşdirilməsini
yaratdığı partiyanın əsas məqsədlərindən
biri kimi müəyyənləşdirdi. Faktiki bölünmək
təhlükəsi qarşısında qalan Azərbaycan
üçün milli birlik düşüncəsinin bundan da
gözəl təzahürü ola bilməzdi. Qarabağın
yarasına siyasi məlhəmin anonsu Naxçıvandan
verilirdi. Bu məfkurənin, milli birlik fəlsəfəsinin qələbəsi
üçün, yəni Qarabağa
dönüşümüz üçün Azərbaycana 28 il
vaxt lazım gəldi. Şuşanın azad edildiyi gün
Müzəffər Ali Baş Komandanın “Xoşbəxtəm
ki, ata vəsiyyətinə əməl etdim” deməsi də mənəvi
baxımdan bu tarixi gerçəkliyin fərəhli nəticəsi
ilə bağlı idi. O, Ümummilli Liderin vəsiyyətinə
böyük hərbi və iqtisadi proqramların gerçəkləşdirilməsi,
ən başlıcası isə xalqı vahid milli məfkurənin
ətrafında birləşdirməklə nail olmuşdu. Elə
bu səbəbdən də İkinci Qarabağ
savaşının ilk günlərindən etibarən Azərbaycanda
fəaliyyət göstərən bütün siyasi partiyalar
müstəqil dövlətçilik və azərbaycançılıq
məfkurəsinin ətrafında birləşdi...
Çünki bunsuz Qarabağın işğaldan azad edilməsi
mümkün deyildi və 28 il idi ki, Azərbaycanın dövlət
müstəqilliyini istəməyən yad qüvvələr
Azərbaycanda məhz milli birlik düşüncəsinin
reallaşmasına əngəl olmaqdaydılar.
Bəli, biz milli
birliyə həm də ona görə nail olduq ki, son otuz ilə
yaxın bir dövrdə azərbaycançılıq təlimi
gerçəklikdən doğan elmi doktrina, konsepsiya kimi dərinlərə
işlədi. Bu ideologiyanın həyata keçməsinə
təminat verən əsas amil o oldu ki, bizim istiqlal qanunumuz
milli şüur və elmi təlimlə birləşib vəhdət
yaratmağa müvəffəq oldu. Milli “mən”
axtarışları və özünüdərk məsələləri
konsepsiya və əməl gerçəkliyi kəsb etməklə
milli birliyin və siyasi sabitliyin qarantına çevrildi.
Əslində, sivil, inkişaf etmiş ölkələrin
hamısında çoxpartiyalı, plüralist siyasi struktur
hakimdir və bu, dövlət mexanizmində xaosa gətirib
çıxarmır. Çünki millət birdir və
partiyaların çoxluğu qarşıdurma
yaratmamalıdır. Bu mənada, xalqımızın milli
mübarizə və haqq savaşında dövlətimizin
başçısının yanında olmaqla birlik
nümayiş etdirən 50 partiyanın əks mövqeyi, ifrat
radikallığa varmaq təhlükəli taktiki səhvlərə
gətirib çıxara bilərdi. Həmçinin onlarla
bağlı ictimai fikirdə neqativ əks-səda
doğurardı.
Müharibə
dövründə başlayan və günümüzədək
davam edən, sərgilənən bu əməkdaşlıq
mükəmməl milli təlimin, rəhbər
strategiyanın, ali dövlət proqramının gerçəkləşməsi
və müntəzəm icrası kimi həyata keçirilməkdədir.
Bu günlərdə taleyin bizə yaşatdığı ən
şərəfli tarixə şahidlik edərkən
nümayiş olunan daha bir birlik əzminə qürurlanmaya
bilmədik. Azərbaycanda fəaliyyət göstərən
siyasi partiyalar “Azərbaycan Respublikası ilə Türkiyə
Respublikası arasında müttəfiqlik münasibətləri
haqqında Şuşa Bəyannaməsi”nin imzalanması ilə
əlaqədar bəyanat yaydılar və həmin bəyanatla
inteqrasiya nöqtələrini tapmağa imkan verən mənəvi
ərazi və siyasi məkanın sahələrini daha da
genişləndirdilər: “Biz – Azərbaycanda fəaliyyət
göstərən siyasi partiyalar Azərbaycanın və
bütövlükdə türk dünyasının qədim mədəniyyət
beşiyi olan Şuşa şəhərində Azərbaycan və
Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini
ölkələrimizin keyfiyyət baxımından yeni əlaqələrinin
inkişafı və hər iki ölkənin gələcək
birgə fəaliyyətinin vacib əsası hesab edir və bu
yüksək strateji müttəfiqlikdə dövlətimizin
yanında olduğumuzu bəyan edirik. Yaşasın Azərbaycan-Türkiyə
dostluğu və qardaşlığı!”.
Yenə
də iki partiya kənarda qaldı. Görünür, Qərbpərəst
mövqenin təmsilçisi olmaq, əsirinə çevrildikləri
zahiri Avropa maraqları, yaxud milli hərəkata
inamsızlıqlarından doğan, aşa bilmədikləri
psixoloji maneələri ən həlledici məqamda belə
onlara bir araya gəlmək imkanı qazandırmır. Halbuki
“Xalq cəbhəsi” xalq anlayışına daxil olan
bütün qütbləri birləşdirən mərkəz
rolunu oynamalı idi. Milli tərəqqidə daxili müxalifət
rolu icra etmək, müqavimət potensialına çevrilmək
bu partiyanın özünə olan etibarlılığa zərbədir.
Əlbəttə, Türkiyə ilə Azərbaycanın bu
müqtədir birliyi meydanda ikən belə “mərkəzdənqaçma
tendensiyaları” artıq heç bir maraq kəsb etmir və əhəmiyyətini
itirir. Necə ki, düşmən üzərində
böyük Qələbəmizi qazanmaq üçün “Dəmir
yumruq” siyasətinin gücü və böyük
çoxluğun bir hədəfə köklənməsi kifayət
etdi.
Yeni Azərbaycan.-2021.-24 iyun.-S.5.