Bir səfərin təəssüratları, yaxud milli qürur və sevincin bölüşüldüyü tarixi anlar

 

Martın 13-də Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən, media və QHT rəhbərlərinin, bloggerlər və ictimai fəalların işğaldan azad edilmiş Ağdam rayonuna səfəri baş tutdu. Səfər iştirakçılarını Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edirdi.

 

27 il sonra azad etdiyimiz Ağdama qayıtmışıq!

 

Təbii ki, Prezident, Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın 44 günlük müharibədə möhtəşəm tarixi qələbə qazanmasından sonra təşkil edilən bu səfərin fonunda keçirdiyimiz hissləri təsvir etmək o qədər də asan deyil. Hər şeydən öncə, bütün hisslərimizə üstün gələn bir hiss var idi - bu, əldə etdiyimiz qələbənin və torpaqlarımızın işğaldan azad olunmasının bizə bəxş etdiyi sevinc hissi idi. Səfər zamanı hamımızda bu hisslərdən qaynaqlanan bir coşqu və qürur var idi. Amma eyni zamanda, biz bir insanın ən doğmasının reanimasiyada olduğu vaxt yanına gələrkən keçirdiyi hissləri yaşayırdıq. Bu, təbii idi. Çünki Ağdam yaralıdır, Ağdamımızı xarabazara çeviriblər, torpağına, daşına qədər tarimar ediblər. Bu, insanda, əlbəttə ki, acı hisslər yaradır. Ancaq insanda dərhal bir qürur da yaranır ki, biz 27 il sonra Ağdamı azad etmişik, Ağdama qayıtmışıq. Bu, xalqımızın əldə etdiyi tarixi zəfərdir, möhtəşəm qələbədir.

 

Ağdam rayonunun ərazisi 1150 kvadratkilomertdir. Bu, kifayət qədər böyük bir ərazidir. Relyef etibarilə Ağdam dəniz səviyyəsindən 350 metr yüksəklikdən başlayır, 1300 metrə qədər fərqli yüksəkliklərdə yerləşir. Eyni zamanda, bilirik ki, Ağdamın ərazisində müxtəlif strateji nöqtələr var və biz hələ Birinci Qarabağ müharibəsi dövründən Papravənd savaşını, ondan sonra digər ərazilərimizdə, Xramurd ətrafında olan döyüşləri xatırlayırıq. Ermənilər də yerli coğrafiyanın verdiyi strateji üstünlükləri, əslində, çox möhkəm istehkamlara çevirmişdilər. Biz belə gücləndirilmiş istehkamların necə diqqətlə inşa edildiyinin də şahidi olduq. Ərazidə bir neçə qatdan ibarət səngərlər var idi. Hələ Birinci  Qarabağ müharibəsində Ağdam rayonu 6500-dən çox şəhid verib, 5000-dən çox ağdamlı qazi olub. Və bunun hamısı o ərazidə gedən döyüşlərdə olub. Çünki orada strateji nöqtələr, məntəqələr çoxdur. Bütün bunları nəzərə alsaq, yəni orada müharibə aparmağın nə qədər çətin olduğunu, itkilərimizin nə qədər çox ola biləcəyini tarixi müqayisəli metodla yəqin edə bilərik. Ona görə də biz bir daha Azərbaycan Ordusuna, Ali Baş Komandanımıza minnətdarlığımızı bildiririk. 44 günlük müharibədə göstərilən rəşadət sayəsində işğalçı Ermənistan 3 rayonumuzu - 10 min kvadratkilometrdən artıq ərazimizi döyüşsüz qaytarmaq məcburiyyətində qaldı, kapitulyasiya aktına imza atdı.

 

Bu qələbə bizi yüksəltdi, mənəviyyatımızı ucaltdı, xalqımızın başını uca etdi və düşmənə çox yaxşı bir dərs oldu

 

Ermənilərə 1990-cı illərin əvvəllərində bir “qələbə” hədiyyə edilmişdi. Biz isə qələbəmizi özümüz əldə etdik. Bax Ağdama səfər edərkən hər birimiz, hər şeydən öncə, bu qüruru yaşayırdıq. Amma sırf insani hisslərə gəldikdə isə, əlbəttə ki, Bərdədən keçdikdən sonra biz hər an işğaldan azad olunmuş ərazilərimizə qədəm qoyacağımızı səbirsizliklə gözləyirdik. Azərbaycanın qəhrəman əsgərlərinin dayandığı səngərləri keçəndən dərhal sonra artıq biz məkrli düşmənin, işğalçı ordunun bir neçə qatdan ibarət istehkamları, səngərləri ilə qarşılaşırdıq. Və bu, əlbəttə ki, insanda bir ağrı-acı yaradırdı. Bizim torpaqlarımızı köstəbək kimi eşiblər, özlərinə səngər qurublar, möhkəmləniblər. Və bir daha bizə aydın oldu ki, onlar əsla və əsla danışıqlar yolu ilə bizim torpaqlardan çıxası deyillərmiş. Ona görə də Azərbaycan Prezidenti, Ali Baş Komandanımız hər çıxışında deyir ki, bəzən mənə deyirdilər ki, bu problemin, bu münaqişənin hərb yolu ilə həlli yoxdur. Ancaq mən deyirdim ki, bunun hərbi yolla həlli var. Məhz tarix Prezidentimizin, Müzəffər Ali Baş Komandanımızın mövqeyinin haqlı olduğunu göstərdi.

 

Elə burada ayrıca bir məqama toxunmaq istəyirəm. Bəlkə də, biz danışıqlar yolu ilə torpaqlarımızı işğaldan azad edə bilərdik. Müəyyən bir hissəsini, bir qədərini. Danışıqların predmetinin nə olduğunu da bilirdik. Amma o azadedilmə indiki kimi olmayacaqdı. Və torpaqlarımızın o şəkildə azad olunması bizə bu milli qüruru, bu milli sevinci yaşatmayacaqdı. Bu qələbə bizi yüksəltdi, mənəviyyatımızı ucaltdı, xalqımızın başını uca etdi və düşmənə çox yaxşı bir dərs oldu. Amma təkcə düşmənə, ermənilərə deyil, həm də onların havadarlarına dərs oldu.

 

Səfər proqramı olduqca zəngin idi

 

Bunları düşünərkən, bu hissləri keçirərkən beləcə Ağdama qədəm qoyduq. Çox yaxşı proqram tərtib olunmuşdu. İstəyirəm, burada iki məsələnin üzərində xüsusi dayanım. Birincisi, proqramın zənginliyinin, ikincisi isə, Ağdama səfər edən jurnalistlərin, media qurumlarının kontingentinin kimlərdən ibarət olmasının. Bunların ikisi də, düşünürəm ki, mühüm əhəmiyyətə malikdir.

 

İlk növbədə, biz orada ermənilər tərəfindən basdırılmış minaların partladılmasının şahidi olduq. Bir daha yaxından gördük və daha yaxşı hiss etdik ki, vətəndaşlarımız hələ də orada təhlükədədirlər və düşmən nə qədər məkrli olub. Az qala, hər metrdən bir strateji nöqtələrin hamısına mina yerləşdiriblər. Yeri gəlmişkən, mən vətəndaşlarımızı o ərazilərə icazəsiz səfər etməklə həyatlarını riskə atmamağa çağırıram. Hər bir vətəndaşımızın həyatı qiymətlidir. Qarşıda bizi tarixi qələbəmizin gətirdiyi böyük quruculuq işləri gözləyir. Biz öz sağlamlığımızı və enerjimizi böyük quruculuq prosesində iştirak etməyə, işğaldan azad edilmiş torpaqlarımıza qayıtmağın sevincini yaşamağa saxlayaq.

 

İkincisi, səfər proqramı çərçivəsində Ağdamın adı ilə simvollaşan ərazilərdə olduq. Çay evi, Ağdam Dram teatrı, Şəhidlər xiyabanı, Böyük Vətən müharibəsi qurbanlarının məzarlığı, Qarabağ xanlarının türbəsi, Şahbulaq qalası ziyarət edildi, İmarət stadionunda olduq və s. Bax bütün bunlar, əlbəttə ki, unudulmazdır və hər biri tarixdən bəri Ağdam adı ilə assosiasiya olunan milli yaddaşımıza həkk edilmiş simvolik ərazilər idi. Əlbəttə ki, artıq onlardan bir əlamət qalmayıb və yaxud sadəcə dağıdılmış yerləri qalıb. Hər halda, hamımızda bir ümid, hamının gözündə bir sevinc vardı ki, “Ağdam, sənin sahibin qayıdıb və səni bərpa edəcək”.

 

Bir daha milli birliyimizin və bərabərliyimizin şahidi olduq

 

Kontingentlə bağlı məsələyə gəldikdə isə, ətrafa qısaca nəzər salan kimi görürdük ki, tənqidi medianın, hətta vaxtilə “radikal media” kimi adlandırdığımız media mənsubları, bəzən Azərbaycanda, ölkədən kənarda baş verən hadisələri müxtəlif formada şərh edən, ən müxtəlif media mənsubları bu səfərin iştirakçılarıdır. Bu, informasiya müstəvisində milli birliyimizin yeni nümunəsi idi. Mən burada bir daha 44 günlük müharibədə göstərdiyimiz birliyin və bərabərliyin intellektual müstəvidə, yəni media müstəvisində təzahürünü gördüm. Vaxtilə bir-birini sərt tənqid edən media nümayəndələrinin, sosial şəbəkə iştirakçılarının, bloggerlərin və s. heç birinin gözündə bir-birinə qarşı kin görmədim. Qələbəmiz, milli sevincimiz hamını birləşdirmişdi və hamı bir-birinə məhəbbətlə baxırdı.

 

Bu, əslində, hamımız üçün yeni bir həmrəylik nümunəsi idi. Beləliklə, qeyd etdiyim kimi, bir daha milli birliyimizin, bərabərliyimizin şahidi olduq. Bu qələbəni bizə bəxş edən qəhrəman Azərbaycan əsgərinə sonsuz minnətdarlığımızı bildirir, şəhidlərimizin ruhu qarşısında baş əyirik. Müzəffər Ali Baş Komandanımıza çox minnətdarıq ki, bu tarixi zəfəri bizə - Azərbaycan xalqına yaşatdı.

 

Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yeni tarix yaratdı

 

Yeri gəlmişkən, məni illərdən bəri düşündürən bir suala da səfər zamanı cavab tapdım. Əslində, bu, tarixçilərin, sosioloqların mübahisə etdiyi bir məsələdir. Tarixmi şəxsiyyəti yaradır, şəxsiyyətmi tarixi yaradır...?! Və mən nəhayət, bu suala cavab tapdım. Bəli, şəxsiyyət tarixi yaradır. Tarixi şəxsiyyət olan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev yeni tarix yaratdı. Bu, yeni reallıqlar tariximizdir və olduqca qürurvericidir.

 

Milli sevincin və qürurun bölüşüldüyü tarixi səfər

 

Yeri gəlmişkən, bizim getdiyimiz avtobusda Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı və eyni zamanda, əslən Ağdamdan olan bir nəfər vətəndaşımız da vardı. Məni yolboyu, elə Ağdama girəndə də kövrəldən onların davranışları oldu. Akif Nağı Papravənd, digər yoldaşımız isə Ağdamın başqa bir kəndindən idi. Onların hisslərinə biz də qoşulurduq - kövrəlirdik, gülümsəyirdik. Bir xatirə yada düşəndə, bir xoş hadisə danışılanda sevinirdik. Bu, milli sevincin, milli qürurun bölüşüldüyü tarixi səfər idi.

 

Tarixi qalalar millətimizə miras buraxılan milli irsdir

 

Başqa bir məqama toxunmaq istəyirəm. Ağdamda Şahbulaq dağ silsiləsi var. Təqribən 20 kilometr boyu uzanan dağ silsiləsidir. Tərnöyüt və Ağdərə arasında uzanır, simmetrik zirvələrdən ibarətdir və dəniz səviyyəsindən təqribən 1300 metr yüksəklikdə olan ərazidir. O qalaya toxunulmayıb. Düşmənlərimiz o qalanı “Tiqranakert qalası” kimi muzeyə çeviriblər. Çünki guya “Tiqranakert” şəhəri olub. Amma, əslində, bu, tam uydurmadır. Ətrafda arxeoloji qazıntılar aparıblar, vaxtilə Ağdamda olan çox mühüm arxeoloji qazıntılardan biri - Leylatəpə, Üzərliktəpə kimi yerlərdə 6-8 min il bundan öncəyə aid olan nümunələr, əmək alətləri tapılıb və s. Bunları da “ermənilərin qədim tarixi maddi mədəniyyət nümunələri” kimi təqdim edirlərmiş, eksponatlar düzüblərmiş. Bunları isə Şahbulaq qalasında nümayiş etdirirlərmiş. Mən əcdadlarımızdan miras qalan bu tarixi qalalarda müdhiş hisslər keçirdim. Daşlara toxunmaqla, sanki, onlardan informasiya almağa cəhd göstərirdim. Bəzən də mənə elə gəlir ki, doğrudan da, oradan hansısa məlumat almaq olar. Mən Azərbaycanın harasına getsəm, mütləq tarixi qalalarımızda oluram. Açığını deyim ki, gəzdiyimiz bu qədər abidələrin, qalaların heç birində mən Şahbulaq qalasında olduğu kimi hisslər keçirmədim. Çünki oraya daxil olan kimi qəribə əhval-ruhiyyə, qəribə bir rahatlıq, dinclik məni bürüdü. Yoldaşlarımız oradan qayıdıb gələndə mən, sanki, öz-özümə “buradan getmək istəmirəm” dedim. Sırf insani kontekstdə Şahbulaq qalası məndə belə bir təəssürat yaratdı.

 

Ondan sonra Qarabağ xanlarının türbələri olan əraziyə səfər də məni kövrəltdi. Yuxarıda qeyd etdik ki, şəxsiyyətlər tarix yaradır. Əslində, o Şahbulaq, Bayat, Şuşa qalalarını inşa edən bir nəsildən - İbrahimxəlil xandan, Pənahəli xandan söhbət gedir. Yəni onların yaratdığı bu möcüzələrdən, millətimizə miras buraxdığı milli irsdən söhbət gedir. Və insan orada necə özünü fərqli hiss etməyə bilər?! Orada necə emosional olmaya bilər?! Bax bütün bunlar bizə çox möhtəşəm hislər yaşadırdı.

 

Qələbə sevinci bütün hisslərin fövqündəydi

 

Mən ilk dəfədir ki, Ağdamda olurdum. Bu da ayrı bir hissdir, əlbəttə. 30 ildir, həsrəti ilə yaşadığımız, ağdamlı, qarabağlı dostlarımızdan eşitdiyimiz xatirələr insanın ürəyində bir yara buraxırdı. Bu yara get-gedə dərinləşirdi. Sağ olsun Müzəffər Ali Baş Komandanımız, var olsun Azərbaycan əsgəri - onların hesabına biz bu gün bax o ürəyimizdəki dərin çat-çat yaraların artıq yavaş-yavaş qaysaq bağladığını görürük.

 

Amma biz yenə də qəlbimizdəki sızıyla qayıtdıq. O cür möhtəşəm binalar, çörək muzeyi və digər tarixi abidələrimiz dağıdılıb. Çörək muzeyini dağıdanlar ancaq yediyi çörəyə qarşı nankor çıxanlar ola bilər. Ermənilər elə bizim çörəyimizi yeyib bizə qarşı nankorluq edənlərdir. Ancaq bu məsələdə “nankorluq” sözü ən yüngül ifadədir. Eyni zamanda, bir mədəniyyət sarayını, bir məscidi necə dağıtmaq olar?! Bax bütün bunlar, əlbəttə ki, bizdə çox acı hisslər yaradırdı, amma qələbəmizin, torpaqlarımızın azad olunması sevinci bütün hisslərin fövqündəydi.

 

Erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmaq hər bir media mənsubunun və ictimai fəal fərdin vəzifəsidir

 

İndiki mərhələdə hər bir media mənsubunun və ictimai fəal fərdin vəzifəsi erməni vandalizmini daha geniş miqyasda dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Ermənilər din pərdəsi arxasında gizləniblər. Həmişə özlərini “mədəni xalq” kimi göstərməyə çalışıblar. Daim qlobal ictimai rəyə azərbaycanlıları “vandal bir xalq” kimi təqdim etməyə çalışıblar. Və biz artıq, əlbəttə, böyük ölçüdə onların bu anti-azərbaycançı, anti-türk informasiya təbliğatının qarşısını ala bilmişik. Baxın Ağdamda olan o görüntülər erməni mənəviyyatının, “erməni mədəniyyəti”nin, erməni faşizminin bariz bir nümunəsidir. Hazırda əlimizdə bax bu cür əyani faktlar var. Biz bunları bacardığımız qədər qlobal ictimai rəyin diqqətinə təqdim etməliyik. Kim hansı dili bilirsə, o dildə, kim hansı sosial platformada aktivdisə, orada, kim hansı media qurumunda işləyirsə, onun vasitəsilə. Biz bu reallıqları daha geniş auditoriyaya çatdırmaq üçün resurslarımızı səfərbər etməliyik.

 

150-dən çox media mənsubu bəhs olunan səfərdə iştirak edirdi. Onların böyük əksəriyyəti, əslində, bizim elə dünyaya yayılan səsimizdir. Dünyaya informasiya ötürən subyektlərimizdir. Ona görə mən bir daha o səfəri təşkil edənlərə təşəkkür edirəm. Hamımız bu milli məsələdə həmrəylik nümayiş etdirərək erməni vandalizmini bütün dünyaya çatdırmalıyıq.

 

Milli informasiya siyasətimizin subyektlərinin üzərinə mühüm vəzifə və məsuliyyət düşür

 

Ən mühüm məsələlərdən biri budur ki, təhrif olunmuş yer adlarımızın qlobal media resurslarında bərpası istiqamətində ardıcıl və məqsədyönlü işlər görməliyik. “Google” axtarış sistemində axtarış apardıqda hələ də Ağdamın adının “Akna”, Şahbulaq qalasının “Tiqranakert” qalası çıxdığını görürük. Qlobal miqyasda ümumi ictimai rəyi formalaşdıran internet resurslarında, vikipediyada və digər belə klassik mənbələrdə təhrif olunmuş məlumatların aradan qaldırılması ilə bağlı ümumi strategiya tətbiq olunmalıdır. Burada milli informasiya siyasətimizin subyektlərinin üzərinə mühüm vəzifə və məsuliyyət düşür. Ümumiyyətlə, hamımız Azərbaycan həqiqətlərini, erməni vandalizmini, tarixi qələbəmizin əhəmiyyətini və nəticələrini dünyaya çatdırmalıyıq. Bu, bizim ümummilli vəzifəmizdir!

 

Hikmət BABAOĞLU

Yeni Azərbaycan.- 2021.- 16 mart.- S.4.