Yeni Azərbaycan Partiyasının VII
qurultayı ölkəmizin ictimai-siyasi həyatında
böyük siyasi hadisədir
Milli Məclisin deputatı, YAP İdarə Heyətinin
üzvü Şahin İsmayılov www.yap.org.az saytına
müsahibə verib:
- Şahin müəllim, məlum olduğu kimi,
martın 5-də Yeni Azərbaycan Partiyasının VII
qurultayı keçirildi. Sizcə, qurultayın keçirilməsinin
əhəmiyyəti nədən ibarətdir?
- Yeni Azərbaycan Partiyasının VII
qurultayı ölkəmizin ictimai-siyasi həyatında
böyük siyasi hadisədir. Qurultayda Prezident, YAP-ın Sədri
İlham Əliyev geniş proqram xarakterli nitq söylədi.
Prezident İlham Əliyev tərəfindən Yeni Azərbaycan
Partiyasının VII qurultayında müəyyən
edilmiş əsas konsepsiyalar ölkəmizin müharibədən
sonrakı dövrdə daha sürətli inkişafını
təmin edəcək. YAP-ın VII qurultayı
Azərbaycan torpaqlarının işğal altında
qaldığı dövrün bitməsini şərtləndirən
proses və hadisələrin obyektiv təhlili, həmçinin
bu dövr ərzində əldə olunmuş bir çox
uğur və nailiyyətlərimizin düzgün qiymətləndirilməsi
baxımından da böyük əhəmiyyət kəsb
edir. Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri
İlham Əliyevin partiyanın VII qurultayındakı
çıxışında vurğuladığı kimi, son
üç il ölkəmiz üçün bir çox məqamlarla
bağlı həlledici dövr olub.
Təbii ki, bu müddət ərzində
Azərbaycanın həyatında baş verən hadisələr
arasında ən önəmlisi ərazi
bütövlüyümüzün bərpa edilməsi, Vətən
müharibəsində parlaq Qələbənin əldə
olunmasıdır. Azərbaycan bu Qələbəsi ilə
öz ərazi bütövlüyünü və tarixi ədaləti
bərpa etdi. Hər birimiz şahidik ki, son 17 il ərzində
dövlətimizin başçısı münaqişə ilə
bağlı bütün çıxışlarında deyirdi
ki, heç vaxt Azərbaycan xalqı bu işğalla
barışmayacaq və heç vaxt imkan verməyəcək
ki, öz tarixi torpaqlarında ikinci erməni dövləti
yaradılsın. Uzun illər ərzində beynəlxalq
vasitəçilər, demək olar, bütün
aparıcı beynəlxalq təşkilatlar deyirdilər ki,
münaqişənin hərbi yolla həlli yoxdur. Lakin Silahlı Qüvvələrin Ali Baş
Komandanı İlham Əliyev isə dəfələrlə
demişdi ki, əgər bu məsələ sülh yolu ilə
öz həllini tapmasa, biz bu məsələni hərbi yolla həll
edəcəyik və belə də oldu. Əldə olunmuş
tarixi Qələbə dövlətimizin
başçısının güclü iradəsini,
xalqımızın böyük əzmini və Azərbaycan
dövlətinin gücünü bütün dünyaya
nümayiş etdirdi. Ancaq bu möhtəşəm
tarixi Zəfər gününə qədər ölkəmizdə
bu Qələbəni şərtləndirən bir çox
proseslər, o cümlədən zəruri hazırlıq
işləri həyata keçirilib, mühüm hadisələr
baş verib.
Həmçinin Yeni Azərbaycan
Partiyasının VI qurultayından keçən 3 il ərzində
ölkəmizdə prezident, bələdiyyə və parlament
seçkiləri keçirilib. Əlbəttə ki, bu
seçkilərin ölkəmizin ictimai-siyasi həyatında
müstəsna yeri var. Belə ki, məhz bu seçkilərdən
sonra ölkəmiz yeni siyasi islahatlar mərhələsinə
qədəm qoydu. Etiraf olunmalıdır ki, son illər Azərbaycanda
bütün sahələrdə əldə olunmuş uğur
və nailiyyətlərdə bu islahatların böyük rolu
var.
Həmçinin keçən il
partiyaların böyük əksəriyyəti dövlət
başçısının təşəbbüsünə
müsbət cavab verərək, siyasi dialoqa qoşuldular.
Ölkə Prezidentinin dediyi kimi, müharibədən əvvəl
artıq ölkəmizdə yeni, müsbət bir siyasi iqlim
yaranmışdı. Bu vəziyyət isə
əlbəttə ki, hərbi əməliyyatların
aparıldığı dövrdə ölkədə sabitlik
və siyasi həmrəyliyin təmin olunması
baxımından son dərəcə mühüm amil kimi
çıxış etdi. Ümumilikdə isə əgər
biz son 17 ildə ölkəmizdə gedən proseslərə
xronoloji ardıcıllıqla nəzər
salsaq görərik ki, bütün bu illər ərzində Azərbaycan
Prezidenti tərəfindən qarşıya konkret hədəflər
qoyulurdu, hədəflər düzgün müəyyən
edilirdi, ölkə bu hədəflərə
çatırdı və ondan sonra qarşıya yeni hədəflər
qoyulurdu. Beləliklə, həm siyasi, həm
iqtisadi sahədə dayanıqlı inkişaf təmin edildi,
beynəlxalq aləmdə Azərbaycan çox böyük
nüfuza və hörmətə malik olan ölkəyə
çevrildi və əsas məsələ - ölkəmizin ərazi
bütövlüyünün bərpası təmin olundu.
- Bəzi siyasi partiyaların Yeni Azərbaycan
Partiyasına birləşməsini necə dəyərləndirirsiniz?
- Ölkəmizdəki dialoq mühiti siyasətdə
yeni tərəqqi məzmunlu konsolidasiyalara səbəb olub. Yeni Azərbaycan Partiyasının VII qurultayında 6
siyasi partiyanın YAP-a qoşulmasına dair qərar qəbul
edilməsi bunu bir daha təsdiqləyir. Şübhə yoxdur
ki, bu qərar ölkəmizdə dialoq mühitinin dərinləşməsinə
və demokratik ənənələrin şaxələnməsinə
xidmət edəcək. Siyasi rəqabətin əsas aləti
olaraq partiyaların güclənməsi vətəndaşların
maraqlarının müdafiə olunmasında yeni imkanlar
yaradır. Deyə bilərik ki, ölkənin siyasi həyatında
yeni demokratik məzmunlu presedent yaranıb. Azərbaycan
Prezidenti İlham Əliyevin “Biz birlikdə güclüyük”
fikri dövlət siyasətinin əsas fəlsəfəsinə
çevrilərək siyasi münasibətlərdə də
öz əksini tapır. Belə ki, 6 siyasi partiyanın YAP-a
qoşulması faktı Azərbaycanda dövlət və milli
maraqlar naminə müxtəlif siyasi qüvvələrin
inteqrasiya nümunəsidir. Bu inteqrasiya siyasi partiyaların daha
səmərəli və təsirli siyasi fəaliyyətinə
gətirib çıxaracaq. Məhdud resurslara malik
partiyaların kifayət qədər güclü siyasi partiyaya
qoşulması ölkədə yeni siyasi mənzərənin
yaranmasına səbəb olmaqla yanaşı, həmin
partiyaların üzvləri üçün yeni imkanlar
yaradacaq. Bununla da partiya üzvlərinin siyasi
maraqlarının təminatı prosesi daha effektiv təşkil
olunacaq.
Eyni zamanda, siyasi qüvvələrin
inteqrasiyası ölkənin siyasi partiyalar sisteminin daha effektiv
fəaliyyətinə nail olmaq məqsədi
daşıyır. Ölkədə partiyaların ləğv
olunmadan sayının azalması siyasi proseslərə təsir
etmək iqtidarında olan partiyalar üçün daha əlverişli
şərait yaradılmasına müsbət təsir
göstərəcək.
Siyasi partiyalar sistemində müşahidə
olunan tendensiyalar YAP-ın gücündən və
elektoratın potensialından xəbər verir. 6 siyasi partiyanın
YAP-a qoşulması iqtidar partiyasına olan etibar və
inamı ifadə edir.
- Yeni Azərbaycan Partiyasında gənclər də
fəal şəkildə təmsil olunurlar. Bu barədə nə
deyə bilərsiniz?
- Partiyamızın Sədri,
Prezident İlham Əliyevin qurultayda çıxışı
zamanı toxunduğu məqamlardan biri də ölkəmizdə
həyata keçirilən gənclər siyasəti, gənclərin
vətənpərvərlik ruhunda tərbiyəsinin vacibliyi, Vətən
müharibəsi zamanı Azərbaycan gənclərinin
şücaəti, milli-mədəni köklərə
bağlı gəncliyin formalaşmasının ölkəmiz
üçün əhəmiyyətinin vacibliyi oldu. Gənc nəslin
vətənpərvərlik ruhunda tərbiyəsi Ulu Öndər
Heydər Əliyevin də daim diqqət göstərdiyi məqamlardan
biri idi. Prezident İlham Əliyev də Azərbaycanda hər
zaman gənclər siyasətinə xüsusi diqqət göstərib,
nəticədə, uğurlu bir gənclər siyasəti modeli
yaranıb. Bu gün ölkəmizdə gənclər siyasəti
sahəsində fəaliyyət göstərən bir sıra
dövlət müəssisələri mövcuddur. Gənclər
üçün kifayət qədər geniş imkanlar
yaradılıb. Prezident İlham Əliyevin
başlatdığı yeni islahatlar dalğasında da gənclər
prosesin mərkəzindədirlər.
Bu gün gənclər kifayət qədər
yüksək postlarda təmsil olunurlar. Yeri gəlmişkən,
qeyd etmək yerinə düşər ki, YAP-ın yeni
formalaşan İdarə Heyətində də kifayət qədər
gənc təmsil olunub. Vətən müharibəsi
zamanı Azərbaycan gənclərinin xüsusi şücaətinə
toxunan dövlətimizin başçısı bundan
sonrakı dövrdə də vətənimizin daha da
inkişafı üçün gənclərimizin üzərinə
böyük yük düşdüyünü qeyd edib. Vətən
müharibəsi zamanı şücaət göstərən
gənclər məhz Prezident İlham Əliyevin hakimiyyəti
illərində yetişən gənclər olub. Burada Ulu
Öndər Heydər Əliyevin “Cəmiyyətin gələcək
tərəqqisi bir çox cəhətdən indi gənclərimizə
nəyi və necə öyrətməyimizdən asılı
olacaqdır” kəlamı yada düşür. Azərbaycan gəncliyi
Prezident İlham Əliyevin hakimiyyəti dövründə
dövlətimizin başçısının fəaliyyətinin
bütün istiqamətlərində ən önə
çıxan anlayışın Vətən sevgisi
olduğunu gördü, belə yetişdi.
Prezident İlham Əliyev, həmçinin
Qarabağın bərpasında, Böyük
Qayıdışın icrası zamanı partiyanın gənclərinin
də fəal şəkildə iştirak etməli
olduğunu, xüsusilə vurğuladı.
Düşünürəm ki, ətrafında kifayət qədər
böyük gənclər ordusu toplayan Yeni Azərbaycan
Partiyası bütün bu proseslərdə yaxından
iştirak edəcək və üzərinə düşən
missiyanı layiqincə yerinə yetirəcək.
Bütövlükdə, hesab edirəm ki, bundan sonrakı
dövrdə də partiya fəaliyyətini müasir
dövrün tələblərinə uyğun quracaq, daha
böyük uğurlar qazanacaq.
Yeni Azərbaycan.-
2021.- 16 mart.- S.5.