Abutalıb Səmədov:
Əsas hədəf azad edilən ərazilərdə genişmiqyaslı
quruculuq işlərinin
həyata keçirilməsidir
“30 ildən çox davam edən işğal faktı nəticəsində təcavüzkar Ermənistan bütün şəhər və kəndlərimizi dağıtdığı üçün hazırda əsas hədəf azad edilən ərazilərdə genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsidir”.
Bu fikirləri qəzetimizə açıqlamasında Azərbaycan Naminə Alyans Partiyasının sədri Abutalıb Səmədov deyib.
A.Səmədov deyib ki, Azərbaycan Prezidenti İlham Əliyev keçirdiyi son görüşlərdə də Dağlıq Qarabağ münaqişəsinin tarixə qovuşduğunu xüsusi vurğulayaraq əsas diqqəti artıq başlanmış quruculuq işlərinə yönəltməyin vacibliyini qeyd edib: “Dövlətimizin başçısı Avropa Yenidənqurma və İnkişaf Bankının yeni prezidentini videoformatda qəbul edərkən və digər çıxışlarında azad edilmiş ərazilərdə şəhərlərin, kəndlərin, tarixi-mədəni abidələrin, bütün infrastrukturun dağıdıldığını xatırladıb. Belə ki, təxminən 10 min kvadratkilometrdən çox ərazi tamamilə yenidən qurulmalıdır. Artıq Füzulidə beynəlxalq hava limanının, avtomagistralların, dəmir yolu xətlərinin inşasına başlanıb”.
Partiya sədrinin sözlərinə görə, işğaldan azad olunmuş torpaqlarda quruculuq işlərində xarici investorların, o cümlədən beynəlxalq maliyyə qurumlarının iştirakı mühüm əhəmiyyət kəsb edir: “Bu baxımdan, Avropa Yenidənqurma və İnkişaf Bankının azad edilmiş ərazilərdə investisiya layihələrinin maliyyələşdirilməsində iştirakı yenidənqurma və bərpa işlərinə xüsusi töhfə ola bilər. Məhz bu kontekstdən çıxış edən Prezident İlham Əliyev hazırda regional inkişaf və əməkdaşlıq üçün yeni imkanların açıldığını qətiyyətlə bəyan edir. Eyni zamanda, dövlətimiz 44 günlük Vətən müharibəsini qələbə ilə başa çatdırdığı kimi, erməni vandalizminə məruz qalmış əraziləri də dirçəltmək gücünə malik olduğunu da nümayiş etdirir”.
Qaşqay ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.- 2021.- 17 mart.- S.7.