Azərbaycan dilində böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub
Mahmud Kaşqari
adına Beynəlxalq Fondun “İRS” seriyasından
olan, böyük qazax şairi Abayın “Şeirlər, poemalar, Qara sözlər” kitabı nəşr olunub. Kitabda Abayın bütün şeirlərinin,
poemalarının və
“Qara sözlər”inin
Azərbaycan dilinə
tərcüməsi öz
əksini tapıb.
Kitabın “Ön
söz”ündə yazılır
ki, hər bir xalqın taleyində elə şəxsiyyətlər var
ki, onların adı xalqın adı ilə sinonim təşkil edir: “Belə adamlar mənsub olduqları xalqın simvolu hesab olunurlar
və bir növ, onun pasportu rolunu oynayırlar. Məsələn,
Şekspir deyəndə
göz önünə
ingilislər, Robert Berns deyəndə şotlandlar, Puşkin deyəndə ruslar, Taras Şevçenko deyəndə ukraynalılar
gəlir. Qazax xalqından danışanda
isə yada düşən ilk böyük şəxsiyyət
Abay Kunanbayev olacaq. Bu xalqın
özü də varlığını Abaysız
təsəvvür edə
bilmir. O, qazax cəmiyyətinin, demək
olar ki, bütün sahələrində
həmişə mövcuddur,
toyda, yasda, toplantıda, yaxşı gündə, pis gündə Abay yada salınır, ondan sitatlar gətirilir”.
“Avrasiyanın nəhayətsiz ərazilərinə
yayılmış çoxsaylı
qazax tayfaları sanki Abay işığına
yığışaraq vahid
bir xalq, millət halına gəlmişlər. Yer üzündəki xalqlar arasında çox az şairlər var ki, öz
xalqı tərəfindən
Abay qədər sevilir və yada salınır. O, bunu öz həyatı,
yaradıcılığı və xalqına olan sevgisi ilə
qazanıb”, - deyə
“Ön söz”də vurğulanır.
Qeyd edək ki, Abay Kunanbayev yazılı ədəbiyyat
ənənələri olmayan,
əsasən, şifahi
şəkildə inkişaf
edən qazax poeziyasına, Şərq,
Qərb və rus poeziyasından əxz edib, öz istedad süzgəcindən keçirdiyi
yeni baxış, yeni bir tərz
gətirdi. XIX əsrin
ikinci yarısında qazax yazılı ədəbiyyatının başlıca
nailiyyətləri onun
adı ilə bağlıdır. Abay poeziyaya yeni janrlar, demokratik ideyalar, həyat problemlərinin poetik təsvirləri, yeni deyim tərzləri kimi yeniliklər gətirdi. Klassik qazax ədəbiyyatı məhz onun sayəsində dərin ictimai-siyasi və fəlsəfi məzmunla zənginləşdi.
Onun ədəbi
yaradıcılığı 150-ə qədər şeirdən,
üç poemadan və “Qara söz”
adlanan nəsr kitabından ibarətdir. Abay qələmini tərcümə sahəsində
də sınamış,
rus və dünya ədəbiyyatı
klassiklərinin bir çox əsərlərini
qazax dilinə çevirmişdi. Bundan başqa, Abayın bəstələdiyi bir çox nəğmələr
bu gün də çox populyardır və xalq tərəfindən sevilir.
Qeyd edək
ki, Abayın əsərlərini tərcümə
edənlər Elxan Zal Qaraxan və
İbrahim İlyaslı,
nəşrin redaktorları
isə Əkbər Qoşalı və Əfqan Nəsirlidir.
Bu kitab
Milli Məclisin Mədəniyyət komitəsi
və Mahmud Kaşqari adına Beynəlxalq Fondun birgə layihəsi əsasında nəşr
olunub.
Yeni Azərbaycan.- 2021.- 2 mart.- S.7.