BERNAMA agentliyi AZƏRTAC-ın 101-ci ildönümü ilə bağlı xüsusi məqalə yayıb
Malayziyanın BERNAMA Milli İnformasiya Agentliyi Azərbaycan
Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC)
yaranmasının 101-ci ildönümü ilə
əlaqədar xüsusi məqalə yayıb.
AZƏRTAC-ın bu ölkə üzrə xüsusi müxbiri xəbər verir ki, “Azərbaycanın ilk informasiya agentliyi AZƏRTAC
101 yaşını qeyd edir” adlı məqalədə martın 1-nin AZƏRTAC-ın yarandığı gün kimi qeyd edildiyi əksini tapıb. Bildirilib ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan agentlik tezliklə yeni inşa edilmiş, müasir binaya köçməyə hazırlaşır.
Qeyd edilir ki, ötən 101 il ərzində AZƏRTAC çətin, lakin şərəfli yol keçib. Agentlik ötən dövrdə bir çox uğurlara imza atıb.
Xatırladılır ki, AZƏRTAC
1920-ci il martın 1-də Azərbaycanın ilk xəbər agentliyi olaraq fəaliyyətə başlayıb. Onun ilk xəbərləri martın 2-də
“Azərbaycan” qəzetində dərc olunub.
Vurğulanır ki, 24 saat fasiləsiz olaraq çalışan AZƏRTAC
8 dildə - Azərbaycan, ingilis, fransız, rus, alman, ispan, ərəb və Çin dillərində xəbərlər hazırlayır. Agentlik tərəfindən hər gün video və foto materiallar da daxil olmaqla 500-dən çox informasiya yayımlanır.
Qeyd edilir ki, beynəlxalq informasiya məkanının nüfuzlu fiqurlarından birinə çevrilən agentlik OANA,
EANA, Dünya Xəbər Agentlikləri Konqresi,
ANİA, BSANNA, TKA və İİNA kimi beynəlxalq və regional informasiya təşkilatlarının üzvüdür.
Məqalədə bildirilir ki, 2016-cı ildən 2019-cu ilədək AZƏRTAC Dünya Xəbər Agentlikləri Konqresinə və OANA-ya sədrlik edib. Bundan əlavə, məqalədə agentliyin 2011-2013-cü illərdə Qara dəniz Milli Xəbər Agentlikləri Birliyinə rəhbərlik etdiyi də əksini tapıb.
AZƏRTAC-ın hazırda Türkdilli Xəbər Agentlikləri Birliyinə sədrlik etdiyi qeyd olunub.
Yazıda AZƏRTAC-ın dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən nüfuzlu xəbər agentlikləri ilə sıx əlaqələr qurduğu,
50-dək agentliklə ikitərəfli əməkdaşlıq barədə müqaviləyə malik olduğu da bildirilir. Hazırda agentliyin xüsusi müxbirlərinin 22 ölkədə fəaliyyət göstərdiyi, ölkənin daxilində isə bütün bölgələrdə müxbir məntəqəsinə malik olduğu qeyd edilir.
Ötən ilin payızında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu tərəfindən Ermənistan silahlı qüvvələrinin 30 ilə yaxın bir dövrdə işğal altında saxlanan torpaqların azad edilməsi barədə ilk xəbərlərin də bütün dünyaya məhz AZƏRTAC tərəfindən çatdırıldığı xüsusi vurğulanır.
Bildirilir ki, agentliyin kollektivi müasir dövrün çağırışlarına operativ reaksiya vermək və qabaqcıl texnologiyalara yiyələnmək üçün əzmlə çalışır. Vurğulanır ki, sosial media bumunun yaşandığı bir dövrdə ənənəvi medianın qabaqcıl mövqeyinin saxlaması üçün AZƏRTAC kifayət qədər güclü yaradıcı və texniki potensiala malikdir.
Yeni Azərbaycan.- 2021.- 2 mart.- S.7.