Regionlarda yol infrastrukturunun yenilənməsi mühüm strateji əhəmiyyətə malikdir

 

Bu istiqamətdə görülən işlər ardıcıl və məqsədyönlü xarakter daşıyır

Azərbaycanda Prezident İlham Əliyevin müvafiq fərmanları ilə təsdiqlənən və 2004-cü ildən etibarən uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramlarında bütün ölkə üzrə müasir infrastrukturun yaradılması əsas istiqamətlərdən biri kimi müəyyənləşdirilib. Ötən dövrdə reallaşdırılan layihələr sayəsində Azərbaycanın mənzərəsi tamam dəyişib, ölkəmiz infrastruktur təminatı baxımından dünyanın qabaqcıl ölkələri səviyyəsinə yüksəlib. Məsələn, son 17 ildə istifadəyə verilən yeni generasiya güclərinin sayəsində elektrik enerjisinə olan daxili tələbatın sırf yerli istehsal hesabına qarşılanması və müəyyən həcmlərdə ixrac imkanlarının yaranması respublikamızın böyük uğurudur. Hazırda ölkə üzrə qazlaşdırmanın səviyyəsi 96 faizə çatıb ki, bu da dünya üzrə ən yaxşı göstəricilərdən biridir. Reallaşdırılan layihələr sayəsində respublikamızda fasiləsiz su təminatını 70 faizədək yüksəltmək mümkün olub. Eyni zamanda, regionlarda meliorasiya və irriqasiya tədbirlərinin əhatə dairəsi getdikcə genişlənir, hər il minlərlə hektar ərazinin su təminatı yaxşılaşdırılır.

Regionlarda yeni yolların çəkilməsi ölkə üzrə yüksəksəviyyəli infrastruktur quruculuğunun mühüm tərkib hissəsidir

Yuxarıda deyilənlərdən də göründüyü kimi, respublikamızda infrastruktur quruculuğu müxtəlif istiqamətləri əhatə edir. O cümlədən regionlarda yeni yolların çəkilməsi ölkə üzrə yüksəksəviyyəli infrastruktur quruculuğunun tərkib hissəsidir. Prezident İlham Əliyev respublikamızda həm ölkə, həm də yerli əhəmiyyətli yolların yüksək standartlar əsasında yenidən qurulmasına güclü siyasi iradə nümayiş etdirir. Dövlət başçımız müxtəlif tədbirlərdə diqqəti dəfələrlə yol infrastrukturunun iqtisadi və sosial önəminə çəkib. Məlumdur ki, respublikamız tranzit daşımaları üçün kifayət qədər əlverişli mövqedə yerləşir. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri ölkəmizin ərazisindən keçir. Son 17 ildə respublikamızda yol-nəqliyyat infrastrukturunun yenilənməsinə böyük həcmlərdə investisiyalar yönəldilib və nəticədə, Azərbaycan bütövlükdə Avrasiyanın geniş imkanlara malik tranzit hablarından birinə çevrilib.

Yol infrastrukturunun yenilənməsi iqtisadi aktivliyin artmasına da öz müsbət təsirini göstərir

Yol infrastrukturunun yenilənməsi həmçinin ölkə üzrə iqtisadi aktivliyin artmasına da öz müsbət təsirini göstərir. Son illərdə inşa edilən müasir yollar həm bölgələrin simasını dəyişib, həm də regionların investisiya cəlbediciliyini yüksəldib. Dövlət əsaslı vəsait qoyuluşu hesabına yaradılan yollardan istifadə edən investorlar iqtisadiyyatın müxtəlif sahələrinə məmnuniyyətlə sərmayələr yönəldirlər. Müasir yolların sosial önəmi də kifayət qədər böyükdür. Bu, insanların rahatlığı, yetişdirdikləri məhsulları bazarlara tez çatdırmaları, bir sözlə, vətəndaş məmnunluğunun təmin olunması deməkdir.

Yeri gəlmişkən, son 17 ildə ölkəmizdə yol infrastrukturunun yenilənməsi ilə bağlı statistika kifayət qədər zəngindir. Bəhs olunan dövrdə respublika üzrə uzunluğu 17 min kilometrdən çox olan yollarda təmir-tikinti işləri aparılıb, 470 körpü və tunel istifadəyə verilib. O cümlədən 2020-ci ildə respublikamızda 1385,3 km uzunluğunda avtomobil yolları yenidən qurulub və yaxud yüksək səviyyədə təmir olunub. Bunlardan 254,6 km yol respublika əhəmiyyətli, 767,2 km yol isə yerli əhəmiyyətlidir.

Oğuz-Şəki avtomobil yolunun əsas hissəsi yenidən qurulur

Öz resursları hesabına inkişafın milli modelini formalaşdıraraq tərəqqi yolunda inamla irəliləyən Azərbaycanda yol infrastrukturunun yenilənməsi ardıcıl səciyyə daşıyır. Vətən müharibəsinin başa çatmasından az vaxt ötməsinə, həmçinin pandemiya şəraiti olmasına baxmayaraq, bu istiqamətdə işlər 2021-ci ilin əvvəlindən də yüksək intensivliklə davam etdirilir. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müxtəlif ünvanlarda ayrı-ayrı yeni yol layihələrinin icrasını həyata keçirir.

Yenidən qurulan respublika əhəmiyyətli yollar arasında, həmçinin Qaraməryəm-İsmayıllı-Oğuz-Şəki avtomobil yolu da var. Hələ ötən əsrin 70-ci illərində inşa edilən bu yolun Qaraməryəm-İsmayıllı və Qəbələ-Oğuz hissəsinin fasilələrlə yenidən qurulması işləri həyata keçirilib. Yolun 38,1 km uzunluğa malik Oğuz-Şəki hissəsi isə uzun müddətdir əsaslı şəkildə yenidən qurulmadan istismardadır. Buraya 3,4 km-lik Oğuz və 3,2 km-lik Şəki şəhərlərinə giriş yolları da daxildir. Bu səbəbdən də sözügedən yol boyu rahat və maneəsiz hərəkətin təmin edilməsi istiqamətində genişmiqyaslı işlərə start verilib.

Oğuz-Şəki avtomobil yolunun 31,5 km-lik əsas hissəsi 2-ci texniki dərəcəyə uyğun yenidən qurulur. Bunun üçün müvafiq genişləndirmə işləri aparılaraq yolun hərəkət hissəsinin eni 9 metrə çatdırılır. Yenidənqurma işləri zamanı yolun köhnə örtüyü sökülür, yararsız qrunt qazılaraq çıxarılır, əks-dolğu işləri görülür, lazımi tikinti materiallarından istifadə olunmaqla yol yatağı və yol əsasının inşası işləri həyata keçirilir. Bəhs olunan işlərin icrası ilə yol yeni asfalt-beton örtüyünün döşənməsi üçün hazır vəziyyətə gətirilir. Bundan başqa, zəruri olan yerlərdə müxtəlif diametrlərə malik yeni suötürücü borular quraşdırılır, su keçidləri inşa edilir. Həmçinin Zəyzidçay üzərində yerləşən körpü istismar müddətini başa vurduğu üçün sökülərək yerində yeni ötürücünün inşasına başlanılıb.

Oğuz-Şəki avtomobil yolunun yenidən qurulması çərçivəsində 9,1 km uzunluğa malik Şəki dairəvi yolunun da ( Zərifə Əliyeva və Salman Mümtaz küçələri) əsaslı şəkildə təmiri işləri aparılır. Şəki dairəvi yolunun 6 km-lik hissəsi (Salman Mümtaz küçəsi) 4 hərəkət zolaqlı olmaqla 1-ci texniki dərəcəlidir, 3,1 km-lik hissəsi (Zərifə Əliyeva küçəsi) isə 2 hərəkət zolaqlıdır. 3,4 km-lik Oğuz və 3,2 km-lik Şəki şəhərlərinə giriş yollarının isə 3-cü texniki dərəcəyə uyğun yenidən qurulması nəzərdə tutulub.

Beynəlxalq nəqliyyat dəhlizinin tərkib hissəsi olan magistralın tikintisi davam etdirilir

Azərbaycan perspektivdə özünün tranzit imkanlarını daha da genişləndirməyi strateji hədəflərdən biri kimi müəyyənləşdirib. Bu məqsədlə ölkə ərazisindən keçən dəhlizlər boyunca yol-nəqliyyat infrastrukturunun yenilənməsi davam etdirilir. Hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Şimal-Cənub nəqliyyat dəhlizinin tərkib hissəsi olan M1 Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun “Yaşma bağları” yaşayış məntəqəsindən başlayan hissəsinin tikintisi həyata keçirilir. Prezident İlham Əliyevin müvafiq sərəncamları əsasında inşa olunan yol 150 km uzunluğundadır. 4 hərəkət zolaqlı yeni yol 1b texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihəyə uyğun olaraq tikinti işləri 5 hissə üzrə aparılır. Artıq ödənişli avtomagistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Layihə üzrə 2 yol qovşağı, 1 yol ötürücüsü, 1 kanal körpüsü, 4 düzbucaqlı yeraltı avtomobil keçidi, 33 müxtəlif ölçülərdə düzbucaqlı və dairəvi beton boruların tikintisi, müxtəlif köçürülmə işləri, yolun ayırıcı zolağında ümumilikdə cəmi 31 min p/m beton baryerlərin tikintisi tamamlanıb.

Magistralın digər 62 km-lik 3 hissəsi üzrə isə hazırda torpaq yatağının və yol əsasının inşası, qovşaq, yol ötürücüsü, yeraltı keçid, suötürücü boruların tikintisi və müxtəlif köçürmə işləri davam etdirilir. Ümumilikdə sözügedən hissələrdə tikinti işlərinin növbəti ilin əvvəlinədək yekunlaşdırılması planlaşdırılır. Vurğulamaq yerinə düşər ki, yeni inşa edilən yol boyunca ümumilikdə 39 qovşaq və yol ötürücü körpünün, 15 hidravlik və kanal körpüsünün, 41 kəndlərarası düzbucaqlı yeraltı keçidin, 514 müxtəlif diametrlərdə dairəvi beton suötürücünün və ehtiyat borunun, 43 düzbucaqlı suötürücü borunun, 20 avtomobil və mal-qara keçidinin tikintisi, həmçinin müxtəlifgərginlikli elektrik-rabitə xətlərinin, su, beynəlxalq əhəmiyyətli qaz və neft xətlərinin köçürülməsi nəzərdə tutulub.

Şuşaya “Zəfər yolu”nun çəkilməsinin böyük rəmzi mənası var

Fərəh və qürur hissi ilə qeyd etmək lazımdır ki, Vətən müharibəsində şanlı qələbə qazanaraq tarixi ədaləti və öz ərazi bütövlüyünü bərpa edən Azərbaycanın qarşısında yeni perspektivlər açılıb. Bu, ölkə iqtisadiyyatının dinamik inkişafının dayanıqlılığının təmin olunması, eləcə də regionların sosial-iqtisadi inkişafı baxımından da müstəsna əhəmiyyət daşıyır. Daha dəqiq desək, üç onillik ərzində işğal altında qalan ərazilərimizin Azərbaycanın müzəffər Silahlı Qüvvələrinin rəşadəti və cəsarəti sayəsində azad olunması ilə regional inkişaf proqramlarının əhatə dairəsi daha da genişlənəcək. Hazırda ölkəmiz işğaldan azad edilən ərazilərə Böyük Qayıdış ərəfəsindədir. Artıq bəhs olunan ərazilərdə zəruri infrastrukturun yaradılmasına başlanılıb. Füzulidən Şuşaya çəkilən və böyük rəmzi məna daşıyan yol işğaldan xilas edilən ərazilərimizdə icrasına başlanan ilk infrastruktur layihəsidir. Prezident İlham Əliyev 101 km uzunluğa malik bu yolu “Zəfər yolu” adlandırıb.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin cari il yanvarın 14-də Füzuli rayonuna səfəri zamanı təməli qoyulan yeni Füzuli-Şuşa avtomobil yolunun inşası 4 hissə üzrə aparılır. Tikinti işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin iki tabeli təşkilatı, “AZVİRT” MMC və Türkiyənin “Kolin İnşaat” şirkəti tərəfindən həyata keçirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin məlumatına görə, artıq “Zəfər yolu” boyunca tikinti işlərinin birinci mərhələsi yekunlaşdırılıb. Cəmi 2 ay ərzində sözügedən yol genişləndirilib, yeni torpaq yatağı inşa edilib və yol ilə gediş-gəliş təmin olunub. “Zəfər yolu”nun Əhmədbəyli-Böyük Tağlar yaşayış məntəqələri arasında yerləşən hissəsində tikinti ərazisinə cəlb olunmuş xüsusi texnikaların çevik hərəkətinin təmin olunması məqsədilə yol çiyinlərinin minalardan və partlamamış hərbi sursatlardan təmizlənməsini sürətləndirməklə yolun asfalt-beton örtüyü ilə döşənməsi üçün hazır vəziyyətə gətirilməsi nəzərdə tutulur. Bu prosesin həyata keçirilməsi ilə cari ilin sentyabr ayınadək yolun tam olaraq 2 hərəkət zolağı enində asfaltlanaraq istifadəyə verilməsi planlaşdırılır.

Nəticə etibarilə, regionlarda yol infrastrukturunun yenilənməsi təkcə bölgələrin deyil, bütövlükdə, ölkəmizin davamlı inkişafının təmin olunması, eləcə də əhalinin rifahının mütəmadi olaraq yaxşılaşdırılması, məşğulluq səviyyəsinin artırılması və digər sosial-iqtisadi məsələlər kontekstində mühüm strateji əhəmiyyətə malikdir.

Nurlan QƏLƏNDƏRLİ

Yeni Azərbaycan.- 2021.- 5 mart.- S.7.