Şəhid ailələri
və müharibə əlillərinə daha 30
mənzil təqdim edildi
Tədbirdə şəhid Polad Həşimovun anası Səmayə Həşimova
da iştirak edib
Prezident İlham
Əliyevin tapşırığına
uyğun olaraq bu il 3 min,
yaxın 5 ildə 11 mindən çox şəhid ailəsi və müharibə əlili mənzil və fərdi evlərlə təmin ediləcək. Bakının
Ramana qəsəbəsindəki
yeni yaşayış
kompleksində şəhid
ailələri və müharibə əlillərinə
daha 30 mənzilin təqdim olunmasına həsr olunmuş tədbir keçirilib.
Əmək və Əhalinin
Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə
əlaqələr və
kommunikasiya şöbəsindən
AZƏRTAC-a bildirilib ki,
tədbirdə nazirliyin
rəsmiləri ilə
yanaşı, şəhid
general-mayor Polad Həşimovun anası Səmayə Həşimova,
“Qarabağ Qaziləri”
İctimai Birliyinin üzvü Rey Kərimoğlu və başqaları iştirak ediblər.
Qeyd olunub
ki, Prezident İlham Əliyevin şəhid ailələri
və müharibə əlillərinə qayğısı
olaraq şəhid ailələri və müharibə əlillərinin
mənzil və fərdi evlərlə təminatı proqramı ildən-ilə genişlənir.
Nazirlik tərəfindən həmin
vətəndaşlara 2018-ci ildə 626, 2019-cu ildə
934, 2020-ci ildə 1572 mənzil
və fərdi ev verilib. 2021-ci ildə isə 3 minədək mənzil və fərdi ev verilməsi nəzərdə tutulur ki, bu da
mənzil və fərdi evlə təminat proqramının
2018-ci ilə nisbətən
5 dəfəyə yaxın
genişləndiyini göstərir.
Tədbirdə S.Həşimova deyib ki, tarixi Zəfərimizlə
başa çatan 44 günlük Vətən müharibəsində düşmənə
sarsıdıcı zərbələr
vurulub, şəhidlərimizin
qisası alınıb,
qanları yerdə qalmayıb. Onların yazdığı böyük tarix heç vaxt unudulmayacaq. Şəhid anası şəhidlərimizin
ailələrinin və
müharibə əlillərinin
hərtərəfli qayğı
ilə əhatə olunması üçün
dövlətimizin davamlı
işlər apardığını
bildirib, yeni mənzillə təmin olunanlara bu mənzillərdə
firavan həyat arzulayıb.
R.Kərimoğlu qazilərimizə, şəhid
ailələrinə hər
zaman dövlət başçısının diqqət
və qayğısı
ilə əhatə olunduqlarını vurğulayıb.
Onlara göstərilən
genişmiqyaslı dəstək
tədbirlərindən bəhs
edib. Vətən müharibəsində şəhid
olmuş hərbi qulluqçuların ailə
üzvlərinin və
müharibə iştirakçılarının
sosial təminatı, onların rifahının yaxşılaşdırılması sahəsində aparılan
işləri qeyd edib.
Şəhid ailələri və müharibə əlilləri
Prezident, Müzəffər
Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan Ordusunun möhtəşəm
Zəfər yürüşündən
qürur hissi keçirdiklərini vurğulayıblar.
Onların sosial təminatlarının gücləndirilməsi
üçün aparılan
işlərdən razılıqlarını
bildiriblər. Göstərilən
diqqət və qayğıya, bu gün yeni, mənzillərlə təmin
edildiklərinə görə
Prezident İlham Əliyevə minnətdarlıq
ediblər.
Mənzillərdən 18-i Qarabağ müharibəsi
əlillərinə, 12-si şəhid
ailələrinə təqdim
edilib.
Yeni Azərbaycan.- 2021.- 5 mart.- S.5.