Azərbaycançılıq
ideologiyası dünya azərbaycanlılarını vahid amal
uğrunda sıx birləşdirir
Azərbaycançılıq
ideologiyasının təməlində dayanan milli-mənəvi
dəyərlərimiz ölkəmizdə sabitlik, həmrəylik
və tolerantlıq mühitinin daha da möhkəmlənməsində
mühüm rola malikdir
Hər bir dövlətin inkişafında onun
ideoloji əsasları müstəsna önəm
daşıyır. Milli-etnik və sosial mənsubiyyətindən
asılı olmayaraq, cəmiyyətin bütün təbəqələrinin
vahid məqsədlər uğrunda səfərbər edilməsi
son nəticədə qarşıya qoyulan hədəflərə
çatmağa güclü impuls verir. Bunu
qısa müstəqillik tarixində bütün sahələrdə
möhtəşəm uğurlara imza atan, dünyanın
sayılıb-seçilən ölkələrindən birinə
çevrilən, milli maraqlarını qətiyyətlə
qorumağı bacaran Azərbaycan Respublikasının təcrübəsində
aydın şəkildə izləmək mümkündür.
Müstəqil Azərbaycan dövlətinin ideoloji əsasını
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təməlini
qoyduğu azərbaycançılıq ideologiyası təşkil
edir. Bu ideologiya həm milli-etnik və sosial mənsubiyyətindən
asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını,
həm də respublikamızın hüdudlarından kənarda
yaşayan azərbaycanlıları vahid amal uğrunda birləşdirməyə
xidmət edir. Azərbaycançılıq ideologiyası Vətəni,
milli maraqları hər şeyin fövqündə qoyur. Ulu Öndərin qənaəti belə idi ki, hər
bir azərbaycanlı Vətənin ona nə verdiyi barədə
deyil, onun özünün Vətənə nə verdiyi barədə
düşünməlidir. Ümummilli Liderimizin həyatı və
fəaliyyəti də məhz bu prinsip üzərində
qurulmuşdu. Onun tərcümeyi-halı, keçdiyi yol
azərbaycanlılar üçün əsl örnəkdir. Bütün varlığı ilə doğma Azərbaycana
bağlı olan dahi şəxsiyyət Heydər Əliyevin
kritik məqamlarda xalqına dayaq durması, Vətənin
köməyinə gəlməsi, həmişə
insanların qəlbində ümid işığı
yandırması böyük vətənsevərlik nümunəsidir.
O, nə edirdisə, Azərbaycan naminə edirdi. Ulu Öndər
ötən əsrin doxsanıncı illərinin əvvəllərində
Naxçıvana rəhbərlik edərkən respublikamızın
xalqımızın gələcəyi naminə bir sıra
taleyüklü qərarlar qəbul edib. Ulu Öndərin təşəbbüsü
ilə Azərbaycan Xalq Cümhuriyyətinin
atributlarının bərpa edilməsi, keçmiş
ittifaqın saxlanılması ilə bağlı referenduma
“yox” deyilməsi böyük cəsarət tələb edirdi. Bununla yanaşı böyük dövlət xadimi
Heydər Əliyev Azərbaycanın xoşbəxt gələcəyini
respublikamızın müstəqillik qazanmasında
görürdü və bu ali məqsəd naminə hər
cür fədakarlıq göstərməyə hazır idi.
Müdrik dövlət xadimi Heydər Əliyev
ötən əsrin doxsanıncı illərinin əvvəllərində
xalqın təkidli tələbi ilə Azərbaycanın
siyasi rəhbərliyinə qayıdanda, ilk növbədə,
vətənpərvərliyi, ölkəmizin,
xalqımızın sabahı naminə qətiyyətli
addımlar atması, yeganə düzgün yol seçməsi
sayəsində insanları Öz ətrafında birləşdirməyə
və respublikanı düşdüyü çətin
durumdan çıxarmağa, cəmiyyətdə sabitlik, vətəndaş
həmrəyliyi yaratmağa nail oldu. Tezliklə ölkəmiz
qarşıdurmalardan qurtuldu. Ulu Öndərin çox
böyük səyləri sayəsində bərqərar olan həmrəylik
respublikanın potensialını tərəqqiyə,
taleyüklü məsələlərin həllinə,
ümumi rifaha yönəltməyə imkan verdi.
Biz tarixdə bu və ya digər ölkədə
elan edilən hansısa bir təmtəraqlı ideologiyanın
öz ömrünü elə beşikdəcə başa
vurduğunun şahidi olmuşuq. Bu qəbildən olan
ideologiyaların həyat qabiliyyətindən məhrum
qalması onların milli maraqlara və zamanın
çağırışlarına uyğun təməl
prinsiplərinin olmaması ilə bağlıdır. Tarixi təcrübə
göstərir ki, inzibati resurslar tükəndikdə və
yaxud formasiyalar dəyişdikdə cəmiyyətlərə
sırınan ideologiyalar da tarixin arxivinə göndərilir.
Azərbaycançılıq isə
uzunömürlü, gələcəyə hesablanan, milli
dövlətçiliyimizin güclənməsinə xidmət
edən bir ideologiyadır. Əslində, azərbaycançılıq
ideologiyasını xalqımızın özünəməxsusluğunu
şərtləndirən dəyərlərin ümumi bir məcmusu
kimi də səciyyələndirmək
mümkündür. Azərbaycançılığın
ayrılıqda dövlətçiliyin, hər bir azərbaycanlının
məfkurəsinə və ümummilli səviyyədə bizi
birləşdirən çox mühüm ideoloji platformaya
çevrilməsi məhz bununla bağlıdır.
Məlumdur ki, hazırda dünyada yaşanan bir
sıra hadisələr, ələlxüsus da qloballaşma
deyilən proses milli dövlətlərin və
ayrı-ayrı xalqların qarşısına yeni
çağırışlar çıxarıb. Bu çağırışların mühüm bir
qismi hər bir xalqın identlikliyini səciyyələndirən
milli-mənəvi dəyərlərinin getdikcə artan təzyiqlərdən
qorunması, onların daha da zənginləşdirilməsi və
gələcək nəsillərə ötürülməsi
ilə bağlıdır. Deyilənlər kontekstində
Azərbaycandakı mühit bir nümunə kimi diqqəti cəlb
edir. Azərbaycan cəmiyyətində xalqımızın
tarixin dərin qatlarından gələn zəngin milli-mənəvi
və onun tərkib hissəsi olan dini dəyərlərinə
möhkəm bağlılıq var. Deyə bilərik ki, bu
gün əcdadlarımızın bizə miras qoyduqları zəngin
mənəvi irslə qürur duyur, bu irsi
özümüzün gündəlik həyat tərzimizdə
yaşatmağa çalışırıq. Eyni
zamanda, Azərbaycan dövləti cəmiyyətdən gələn
sosial sifarişə əsaslanaraq xalqımızın milli-mənəvi
dəyərlərinin, ənənələrimizin yad təsirlərdən
qorunub saxlanılmasına və daha da zənginləşdirilməsinə,
milli və dini abidələrimizin bərpa olunmasına, yenilərinin
tikilməsinə güclü siyasi iradə
nümayiş etdirir. Öz növbəsində, dövlətin
və cəmiyyətin birgə səyləri ilə qorunaraq
daha da zənginləşdirilən milli-mənəvi dəyərlərimiz
ölkəmizdə sabitlik, birlik, bərabərlik, həmrəylik
ovqatının, tolerantlıq mühitinin daha da möhkəmlənməsində
mühüm rol oynayır. Azərbaycan öz müstəqilliyini
cəmi üç onillik bundan əvvəl bərpa edib. Ancaq
məhz milli-mənəvi dəyərlərimiz, zəngin mədəniyyətimiz,
dilimiz xalqımızı müstəqillikdən əvvəlki
dövrdə assimilyasiyaya uğramaqdan qoruyub. Perspektivdə
xalqımızın identikliyini saxlaması yenə də
milli-mənəvi dəyərlərimizin qorunmasından, gənclərin
vətənpərvərlik və milli ruhda tərbiyə edilməsindən
asılı olacaq. Yeri gəlmişkən, Prezident İlham
Əliyev bu xüsusda dəfələrlə öz fikirlərini
diqqətə çatdırıb. “Gənclərin
vətənpərvərlik ruhunda tərbiyə edilməsi
xüsusi əhəmiyyət daşıyır. Çünki
sirr deyil ki, bu gün bəzi hallarda bəzi xarici dairələr
gənclərimizin beyinlərini zəhərləmək, onlara
xalqımıza yad olan dəyərləri aşılamaq istəyirlər.
Buna qətiyyən yol vermək olmaz. Azərbaycan
gənci Azərbaycan dəyərləri, ənənəvi dəyərlər
əsasında tərbiyə almalıdır, Vətənə
bağlı olmalıdır, Azərbaycan dəyərlərini
hər şeydən üstün tutmalıdır, öz
tarixini, ədəbiyyatını, ana dilini mükəmməl
bilməlidir, fəxr etməlidir ki, Azərbaycan vətəndaşıdır.
Ona görə bu məsələyə çox böyük
diqqət verilməlidir. Mən gənclərimizin vətənpərvərlik
ruhunda tərbiyə olunması ilə əlaqədar gedən
prosesləri müsbət qiymətləndirirəm”, - deyə
dövlətimizin başçısı vurğulayıb.
Müstəqil respublikamızda azərbaycançılıq
ideologiyasının ölkəmizin milli gücünü
artıran bir platformaya çevrilməsini təmin etmək
üçün görülən məqsədyönlü tədbirlər,
ardıcıl şəkildə aparılan təbliğat
işi öz müsbət nəticəsini verir. Bu
gün qürur hissi ilə deyə bilərik ki, Azərbaycan cəmiyyəti
ümummilli məsələlər ətrafında sıx birləşən
və öz qüvvəsini səfərbər edən bir cəmiyyətdir.
Biz bunu ötən il sentyabrın 27-dən noyabrın 10-dək
davam edən Vətən müharibəsində əyani şəkildə
gördük. Prezident İlham Əliyevin dəfələrlə
bildirdiyi kimi, 44 günlük müharibədə Azərbaycan
xalqı yenilməz ruhunu bütün dünyaya nümayiş
etdirdi. Bəhs olunan müharibə Azərbaycan
üçün ədalətli, Ermənistan üçün
isə işğalçılıq müharibəsi idi. Döyüşlər bizim ərazilərimizdə
gedirdi. Üç onillik idi ki, xalqımız torpaq həsrəti
ilə yaşayırdı. Bütün dünya azərbaycanlılarını
düşmənin ötən əsrin doxsanıncı illərinin
əvvəllərində zor tətbiq etməklə öz nəzarətinə
aldığı ərazilərə sıx mənəvi tellər bağlayırdı. Tarixi ədaləti
bərpa etmək, məkrli düşməni
torpaqlarımızdan qovmaq lazım idi və Müzəffər
Ali Baş Komandan İlham Əliyevinin rəhbərliyi ilə
döyüşən Azərbaycan Ordusu bunu etdi. 44 gün davam
edən müharibədə rəşadətli Ordumuzun əsgər
və zabitləri yüksək vətənpərvərlik
nümayiş etdirərək misilsiz qəhrəmanlıqlar
göstərdilər. Onların qəhrəmanlıqları,
şücaətləri ilə qazanılan şanlı qələbə
sayəsində tarixi ədalət və ölkəmizin ərazi
bütövlüyü təmin olundu. Verilən məlumatlara
görə, müharibədə düşmənin ordusunda 10
mindən çox fərari qeydə alınıb. Azərbaycanın
Silahlı Qüvvələrində isə bir nəfər də
olsun fərarilik etməyib, Ordumuz hər gün yeni zəfərlərə
imza atıb. Silahlı Qüvvələrimizin şəxsi heyətinin
qəhrəmanlığının təməlində dayanan əsas
amil isə Vətən sevgisi idi.
Diqqəti çəkən əsas məqamlardan
biri ondan ibarətdir ki, müharibə dövründə Azərbaycan
cəmiyyəti, siyasi partiyalar, vətəndaş cəmiyyəti
təsisatları Prezident, Ali Baş Komandan İlham Əliyevə,
Ordumuza yüksək dəstək nümayiş etdirdilər.
Müharibənin davam etdiyi günlərdə Prezident İlham
Əliyevin ünvanına cəmiyyətin müxtəlif təbəqələrinin
təmsilçilərindən, ayrı-ayrı xalqların
nümayəndələrindən çoxsaylı məktublar
daxil olurdu. Məktublarda vətəndaşlar Ali Baş
Komandanın çağırışı ilə hər an
döyüşlərə atılmağa hazır
olduqlarını bildirirdilər.
Eyni zamanda, biz Vətən müharibəsi
günlərində dünyanın ayrı-ayrı ölkələrində
yaşayan soydaşlarımızın ana Vətənə necə
böyük rəğbət bəslədiklərinin bir daha
şahidi olduq. Onlar ayrı-ayrı ölkələrin
iri şəhərlərində müxtəlif səpkili
aksiyalar keçirərək ermənilərin
yalanlarını ifşa edir, Azərbaycan həqiqətlərini,
o cümlədən də ölkəmizin ədalətli
mövqeyini dünya ictimaiyyətinin diqqətinə
çatdırırdılar. Bütün bunlar dünya
azərbaycanlılarının qəlbinin ana Vətənlə
döyündüyünü əyani şəkildə təsdiqləyir.
Bütün bu reallıqlar isə bir daha deməyə əsas
verir ki, azərbaycançılıq ideologiyası konseptual
milli məfkurə kimi dünya azərbaycanlılarını
eyni amal uğrunda sıx birləşdirib. Bu isə Azərbaycan
dövlətinin milli gücünün mühüm tərkib
hissəsi və dövlətimizin qüdrətinin əyani
ifadəsidir.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.- 6 mart.- S.7.