Azərbaycanın regionlarında yeni su
layihələrinin icrası intensiv şəkildə davam
etdirilir
İndiyədək bu istiqamətdə
görülən işlər sayəsində ölkə
üzrə su təsərrüfatı sisteminin inkişafı
sürətlənib və əhalinin fasiləsiz içməli
su ilə təminatının səviyyəsi yüksəlib
Azərbaycanda 2004-cü ildən
uğurla reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət proqramları
çərçivəsində bütün ölkə
üzrə müasir infrastruktur quruculuğu birinci dərəcəli
vəzifə kimi müəyyənləşdirilib ki, bu da təsadüfi
deyil. Çünki zəruri infrastruktur olmadan
inkişafla bağlı məsələləri həll etmək
qeyri-mümkündür. Son 17 ildə respublika
miqyasında təxminən 17 min kilometr uzunluğunda yol
çəkilməsi, elektrik enerjisinə olan daxili tələbatın
bütünlüklə yerli istehsal hesabına
qarşılanması, qaz təminatının 96 faizə
çatdırılması ölkəmizin mənzərəsini
tamam dəyişib. Belə ki, ölkə üzrə
iqtisadi aktivlik artıb, insanların əmək bazarına inteqrasiya
imkanları genişlənib. Regionlarda müasir infrastrukturun
yaradılması sosial baxımdan da böyük aktuallıq
daşıyır. Yaxşı yollar, yüksəksəviyyəli
kommunal xidmətlər insanların həyatına rahatlıq gətirir
və onlarda vətəndaş məmnunluğunu daha da
artırır.
Son 17 ildə respublikamızda
genişmiqyaslı infrastruktur quruculuğundan söhbət
açarkən bütün ölkə boyunca
reallaşdırılan su layihələrinin önəmini
xüsusi qeyd edə bilərik. Regional inkişaf
proqramları çərçivəsində Azərbaycanın
bölgələrində yeni su layihələrinin icrası
intensiv şəkildə davam etdirilir. İndiyədək bu
sahədə görülən işlər sayəsində su
təsərrüfatı sisteminin inkişafı sürətlənib,
əhalinin fasiləsiz içməli su ilə təminatının
səviyyəsi əhəmiyyətli dərəcədə
yüksəlib, əkin dövriyyəsinə yeni torpaqlar cəlb
olunub.
Hazırda regionlarda əhalinin içməli su
təchizatının yaxşılaşdırılması
istiqamətində təxirəsalınmaz tədbirlər davam
etdirilir. Respublikanın əksər bölgələrində
olduğu kimi, Yardımlı şəhərinin də sakinləri
içməli su ilə tam təmin olunublar. Bu barədə
Yardımlı Rayon Statistika İdarəsindən məlumat
verilib. Bildirilib ki, Yardımlıda əhalinin su təminatında
mühüm irəliləyişlər qeydə alınıb.
Belə ki, şəhər üzrə ev təsərrüfatlarının
100 faizi su kəməri və fərdi kanalizasiya sistemi ilə
təmin olunub.
Respublikamızda əkin və həyətyanı
torpaq sahələrinin suvarma suyu ilə təminatının
yaxşılaşdırılması da daim diqqət mərkəzində
saxlanılır. İndiyədək ölkə üzrə əkin
sahələrinin su təminatının və meliorativ vəziyyətinin
daha da yaxşılaşdırılması məqsədilə
ayrı-ayrı ünvanlarda bir sıra təxirəsalınmaz
tədbirlər görülüb. Nəticədə,
suvarılan torpaqların su təminatının və
meliorativ vəziyyətinin
yaxşılaşdırılmasına nail olunub. Eyni zamanda, yaşayış məntəqələrinin,
əkin sahələrinin, hidrotexniki qurğuların sel və
daşqın sularının zərərli təsirlərindən
mühafizəsi yaxşılaşıb, çayların su
ehtiyatlarından daha səmərəli istifadə edilməsinə
geniş imkanlar yaranıb. Vurğulamaq yerinə
düşər ki, builki suvarma mövsümünü itkisiz
başa vurmaq məqsədilə ölkəmizin cənub
bölgəsində ən böyük sututar olan Xanbulan Su
Anbarına 37 milyon kubmetr su toplanıb. Suvarma
mövsümü başlanana qədər anbarın tam
doldurulması nəzərdə tutulub. Bu barədə
“Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar
Cəmiyyətinin Yuxarı Xanbulançay
Hidroqovşağı İstismarı İdarəsindən məlumat
verilib. Bildirilib ki, digər sututarlarda təmir işləri
görülüb, Lənkəran və sağ sahil magistral
kanalı boyunca təmizləmə işləri
aparılıb. Xanbulan Su Anbarında, Lənkəran və Bəşəru
suqəbuledici qurğularında elektrik və mexaniki avadanlıqlarda
təmir işləri həyata keçirilib.
Respublikamızın digər bölgələrində də
bu qəbildən olan işlər həyata keçirilir. Məsələn, Qax rayonunun yaşayış məntəqələrini
və əkin sahələrini baş verə biləcək sel
təhlükəsindən qorumaq məqsədilə “Meliorasiya
və Su Təsərrüfatı” ASC tərəfindən rayon
ərazisindən axan dağ çaylarında sahilbərkitmə
işləri davam etdirilib. Bu barədə Qax rayon Suvarma
Sistemləri İdarəsinin rəisi Soltan Camalov məlumat
verib. Onun bildirdiyinə görə cari ildə
İbaxlı, Əlibəyli kəndlərinin və əkin
sahələrinin mühafizəsi üçün
Kürmük çayının sağ və sol sahillərində
120 və 80 poqonmetr, eyni zamanda, Kürmük
çayının Qax şəhərinin
yaxınlığından keçən hissəsində 100
poqonmetr uzunluğunda daş-beton bəndlərin tikintisi
nəzərdə tutulur.
Respublikamızın bölgələrində
suya olan tələbatın ödənilməsində
subartezian quyuları da mühüm rol oynayır. Son illərdə
respublikamızın hər yerində olduğu kimi, Şəki-Zaqatala
iqtisadi rayonuna daxil olan yaşayış məntəqələrində
də bu sahədə xeyli iş görülüb. “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin Şəki Subartezian Quyularının İstismarı
İdarəsinin rəisi Sabir Əhmədov bildirib ki, Prezident
İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara
uyğun olaraq, 2013-2020-ci illər ərzində rayon ərazisində
99 subartezian və artezian quyusu qazılaraq əhalinin istifadəsinə
verilib. Bu quyuların istismara verilməsi nəticəsində
yüzlərlə hektar əkin sahəsinin suvarma suyu, eləcə
də on minlərlə sakinin yaşadığı
yaşayış məntəqələrinin içməli su
ilə təminatı əhəmiyyətli dərəcədə
yaxşılaşıb. Təkcə 2020-ci ildə
rayonda 18 subartezian quyusu qazılıb. Yeni
subartezian quyularının istismara verilməsi nəticəsində
116 min nəfərdən çox əhalinin
yaşadığı 15 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu ilə
təminatı yaxşılaşacaq, həmçinin əhalinin
içməli suya olan tələbatı ödəniləcək.
Qurum rəsmisinin verdiyi məlumata görə,
hazırda rayon ərazisində 184 subartezian və 9 artezian
quyusu istismardadır. Bu quyular vasitəsilə
2773 hektar əkin sahəsinin suvarma suyu və həmin ərazilərdə
yaşayan on minlərlə sakinin isə içməli su ilə
təminatı ödənilir. 2020-ci ildə bu quyulardan 7 milyon
652 min kubmetr su çıxarılıb. Əkin sahələri
və yaşayış məntəqələrinə 7 milyon
268 min kubmetr su verilib.
Sabir Əhmədov Oğuz rayonunda qazılan
subartezian quyuları barədə də məlumat verib. Bildirib
ki, “Azərbaycan Meliorasiya və Su Təsərrüfatı”
ASC tərəfindən 2013-2020-ci illər ərzində
Oğuz rayonunda 47 subartezian quyusu qazılaraq əhalinin istifadəsinə
verilib. Onun sözlərinə görə, təkcə ötən
il rayonda 10 subartezian quyusu qazılıb. Bu
quyuların istismara verilməsi nəticəsində 12 min nəfərdən
çox əhalinin yaşadığı 9 yaşayış
məntəqəsində əkin sahələrinin və əkin
üçün istifadə olunan həyətyanı torpaq sahələrinin
suvarma suyu ilə təminatı yaxşılaşacaq, həmçinin
əhalinin içməli suya olan tələbatı
ödəniləcək.
İdarə rəisi deyib ki, hazırda rayon ərazisində
65 subartezian və 14 artezian quyusu istismardadır. Bu quyular vasitəsilə 1015 hektar əkin sahəsinin
suvarma suyu və həmin ərazilərdə yaşayan minlərlə
sakinin içməli su ilə təminatı ödənilir.
Ötən il bu quyulardan 3 milyon 222 min kubmetr su
çıxarılıb. Əkin sahələri və
yaşayış məntəqələrinə 3 milyon 59 min
kubmetr su verilib.
Subartezian quyularının şəbəkəsi
ölkənin bütün regionları üzrə genişləndirilir.
Azərbaycan Prezidentinin “Əkin sahələrinin
suvarma suyu ilə təminatının
yaxşılaşdırılması və əhalinin
içməli suya olan tələbatının ödənilməsinə
dair əlavə tədbirlər haqqında” 2020-ci il 16 aprel
tarixli Sərəncamının icrası olaraq “Azərbaycan
Meliorasiya və Su Təsərrüfatı” ASC tərəfindən
ötən il Qax rayonunda 17 subartezian quyusu qazılaraq əhalinin
istifadəsinə verilib. Bu barədə Qax rayon Suvarma Sistemləri
İdarəsinin baş mühəndisi Nəzir Mustafayev məlumat
verib. Baş mühəndisin sözlərinə
görə, bu quyuların istismara verilməsi nəticəsində
28 min nəfərdən çox əhalinin
yaşadığı 17 yaşayış məntəqəsində
əkin sahələrinin və əkin üçün istifadə
olunan həyətyanı torpaq sahələrinin suvarma suyu, həmçinin
əhalinin içməli su ilə təminatı
yaxşılaşdırılıb. Qeyd edək ki, 2013-2020-ci
illər ərzində Qax rayonunda 91 subartezian və artezian
quyusu qazılaraq əhalinin istifadəsinə verilib.
Bu məqamda bildirmək yerinə düşər
ki, qarşıdakı illərdə Vətən müharibəsində
işğaldan təmizlənən ərazilərdə
aparılacaq quruculuq işləri ölkəmizin həyatına
çoxsaylı yeniliklər gətirəcək. Böyük
Qayıdış keyfiyyətcə yeni bir həyata
qayıdış olacaq. İşğaldan təmizlənən
ərazilərimizdə bütün işlər planlı
şəkildə həyata keçiriləcək. O cümlədən
bəhs olunan ərazilərin zəngin su ehtiyatlarından səmərəli
şəkildə istifadə edilməsini nəzərdə
tutan bir sıra layihələrin həyata keçirilməsi
planlaşdırılır. Artıq bu istiqamətdə bəzi
layihələrin icrasına başlanılıb. Dövlət
başçısının xüsusi
tapşırığına əsasən, Şuşa şəhərində
həyati əhəmiyyətə malik infrastruktur obyektlərinin,
o cümlədən içməli su təchizatı sisteminin
bərpası işləri həyata keçirilir. Kiçik
Kirs mənbəyindən sonra Zarıslı mənbəyindən
suyun verilməsi ilə Şuşa şəhərinin
dayanıqlı içməli su təchizatı təmin
olunub. “Azərsu” ASC-dən bildirilib ki,
Şuşa şəhərinin içməli su təchizatının
dayanıqlılığını təmin etmək və
Kiçik Kirs mənbəyindən asılılığı
aradan qaldırmaq üçün Zarıslı mənbəyində
və Zarıslı-Şuşa magistral kəmərində
aparılan təmir-bərpa işləri
yekunlaşıb və şəhərə yeni mənbədən
suyun verilməsi təmin olunub.
Qeyd edək ki, məkrli
düşmən Şuşa şəhərini tərk edərkən
magistral su kəmərini də sıradan
çıxarmışdı. Yaranmış içməli su
probleminin həlli məqsədilə ilkin olaraq Daşaltı
kəndinin içməli su təchizatı bərpa edilib.
Şuşa şəhərini müvəqqəti olaraq
maşınlarla su ilə təmin etmək üçün
Daşaltıda sudoldurucu məntəqə yaradılıb.
Şəhərə yeni mənbələrdən suyun çəkilməsindən
sonra bütün çətinliklər arxada qalıb.
Ümumiyyətlə, işğaldan azad
edilmiş ərazilərə Böyük
Qayıdışın təmin edilməsi ilə regional
inkişaf proqramlarının əhatə dairəsi daha da
genişlənəcək. O cümlədən yeni su layihələrinin
icrası sayəsində bu ərazilərin, eləcə də
keçmiş təmas xəttinə yaxın bölgələrin
iqtisadi potensialından daha səmərəli istifadə edilməsinə
geniş imkanlar yaranacaq.
Müşfiqə BAYRAMLI
Yeni
Azərbaycan.- 2021.- 10 mart.-S.- 7.