“La Vanguardia”
qəzeti: Müharibədən
sonra Qarabağa qayıdış
Azərbaycan Prezidenti İlham Əliyevin fevralın 26-da
yerli və xarici media nümayəndələri
üçün keçirdiyi
mətbuat konfransında
iştirak edən jurnalistlər ölkəmizlə
bağlı həqiqətləri
işıqlandırmaqda davam
edirlər. Həmin jurnalistlər işğaldan
azad olunmuş rayonlarımıza da səfər
edib, erməni vəhşiliyini gözləri
ilə görüb və bu barədə
dünya ictimaiyyətini
ətraflı məlumatlandırırlar.
Növbəti belə məqalə
İspaniyanın nüfuzlu
“La Vanguardia” qəzetində
dərc olunub.
AZƏRTAC Jordi Joan Banosun
müəllifi olduğu
“Müharibədən sonra
Qarabağa qayıdış”
adlı məqalənin
xülasəsini təqdim
edir.
Doğma yurdlarından didərgin düşmüş azərbaycanlılar
evlərinə qayıtmaq
üçün genişmiqyaslı
təmir-bərpa işlərinin
bitməsini gözləyirlər.
Yüz minlərlə
köçkün bir
vaxtlar onlara mənsub olan diyarlarına - Qarabağa qayıtmaq istəyirlər
və 30 illik həsrətdən sonra səbirsizlənirlər. Onları oraya
tələsdirən 3-4 divardan
savayı, bir izin qalmadığı dədə-baba yurdlarını
tamamilə yenidən inşa etmək istəyidir. Ancaq, ilk növbədə,
Azərbaycan dövləti
bu əraziləri minalardan təmizləməlidir,
bu, minlərlə kilometr ərazi deməkdir. “Minalar hər tərəfdədir. Ermənistan
minalanmış sahələrin
xəritəsini verməkdən
boyun qaçırır
və ya belə bir xəritənin
mövcud olmadığını
iddia edir”, - deyə Azərbaycan tərəfi bildirir.
Beləliklə, 30 il əkilib-becərilmədən daş
dövrünə geri
qayıtmış bu ərazilərdə ilk iş
elektrik dirəklərinin,
yüksəkgərginlikli qüllələrin
qurulması oldu. Hazırda ilk
elektrik stansiyası inşa edilir.
Bir müddət
bundan öncə yalnız xarabalıq və müharibə izlərinin olduğu bu ərazilərdə indi irihəcmli işlər gedir. Məsələn, minalardan təmizləmə,
təmizlənmış ərazilərdə
elektrik xətlərinin
çəkilişi və
yolların salınması.
Füzuli rayonunda “Beynəlxalq
hava limanı” yazısı ilə rastlaşırıq.
“Azərbaycan Hava Yolları”nın nümayəndəsi Füzulidə
tikilən hava limanının ölkənin
ən böyük aeroportlarından biri olacağını bildirib.
Hansı
ki, ermənilər bu əraziləri - Füzuli və Ağdam rayonlarının
bir hissəsini işğal zamanı viran qoyublar.
Xocavənd rayonunun azad olunmuş Böyük Tağlar kəndində Azərbaycan və Türkiyə bayraqlarının
əks olunduğu lövhələr diqqəti
cəlb edir.
On dörd yaşına qədər Ağdamda yaşamış və
1990-cı illərin əvvəllərinə
kimi böyük əksəriyyəti azərbaycanlılardan
ibarət olmuş şəhərin girişində
məyus olmuş tur bələdçimiz qarışıq hisslər
keçirdiyini söyləyir:
“Bu yerlərdən məcburi
köçürülmüş azərbaycanlılar artıq
geri qayıda bilərlər. Onların evləri Suriyadan
və ya Livandan buraya köçürülmüş ermənilər tərəfindən
zəbt olunmuşdu”.
Böyük Tağlar kəndi, eyni zamanda, Avrasiyanın
ən qədim mağaraları ilə məşhurdur.
Zəfər yolu azərbaycanlılar üçün qeyri-adi bir şəhər olan Şuşaya gedən yoldur.
Azərbaycan bu günlərdə 26 fevral tarixini - müharibənin ən qanlı, amansız səhifəsi olan Xocalı faciəsini anıb. İyirmi doqquz il əvvəl
böyük əksəriyyəti
azərbaycanlılardan ibarət
olan Xocalı şəhəri etnik təmizləməyə məruz
qalıb. Altı min sakin qaçmağa
məcbur olub. Hər 10 nəfərdən biri öldürülüb.
Beynəlxalq Münasibətlərin Təhlili
Mərkəzinin idarə
heyətinin sədri Fərid Şəfiyev deyir ki, Xocalı
faciəsinin müəllifləri
heç vaxt cəzalandırılmadılar. Bu səbəbdən yalnız
barış deyil, həm də Balkanlarda, Sierra Leonada və ya Ruandada
olduğu kimi, ədalət də vacibdir. Bütün törədilənlərin cəzasız qalması isə Ermənistanın Gəncədə mülki
şəxsləri bombardman
etməsinə gətirib
çıxardı.
Beş yaşında
məcburi köçkün
düşən Samira Hüseynova
deyir ki, yalnız ədalət qalib gəlsə, sakitlik tapacağıq.
Bölgədə bərpa işlərinin
tam həyata keçirilməsini
ərazilərə basdırılmış
minalar məhdudlaşdırır. Təlim keçmiş
itləri olan minatəmizləyənlər yeganə
təhlükəsiz ərazi
sayılan asfalt yollarla yanaşı, digər əraziləri də yoxlayırlar.
Şuşaya çəkilən və Zəfər adlanan yolun azərbaycanlılar üçün böyük
əhəmiyyəti var.
Heç şübhəsiz,
Azərbaycan öz ərazisinin ən gözəl guşəsini
azad etdi. Bu torpaqlar azərbaycanlıların
əcdadlarının dəfn
olunduqları və uşaqlıq xəyallarının
onları gözlədiyi
yerlərdir.
Yeni Azərbaycan qəzeti.- 2021.- 10
mart.- S.7.