Yeni Azərbaycan Partiyası Azərbaycanın
siyasi həyatının bütün mərhələlərində
tarixi missiya daşıyıb
Milli Məclisin İqtisadi siyasət, sənaye
və sahibkarlıq komitəsinin sədri, Yeni Azərbaycan
Partiyası (YAP) İdarə Heyətinin üzvü Tahir
Mirkişili www.yap.org.az saytına müsahibə verib:
- Tahir müəllim, məlum olduğu kimi
martın 5-də Yeni Azərbaycan Partiyasının VII
Qurultayı keçirildi. Sizcə, qurultayın keçirilməsini
şərtləndirən amillər nədən ibarət idi?
- Yeni Azərbaycan Partiyası Azərbaycanın
siyasi həyatının bütün mərhələlərində
tarixi missiya daşıyıb. 29 il öncə Yeni Azərbaycan
Partiyası müxalifət partiyası kimi
yaranmışdır. Müxalifət partiyası kimi o zaman da
partiyanın Azərbaycanın xilas olması ilə
bağlı cəsarətli təşəbbüslərlə
çıxış etməsi və dövlətçilik
ideyalarını rəhbər tutması tarixi bir zərurət
idi. Ona görə də, Yeni Azərbaycan Partiyası tarixi zərurətdən
yaranmış bir partiyadır. Partiyanın
yaranması, inkişafı və güclənməsi Ulu
Öndər Heydər Əliyevin ideyaları, Onun nüfuzu,
uzaqgörənliyi və dövlətçiliklə
bağlı zəngin təcrübəsi və məsləhətləri
əsasında baş vermişdir. Ötən dövr ərzində
Yeni Azərbaycan Partiyası müxalifət partiyasından
iqtidar partiyasına və eyni zamanda, Cənubi Qafqazın ən
böyük siyasi partiyasına çevrilmişdir.
Son 17 ildə Azərbaycanın bütövlükdə
inkişafı, əldə etdiyimiz uğurlar Yeni Azərbaycan
Partiyasının Sədri cənab İlham Əliyevin yorulmaz,
fədakar fəaliyyəti, Onun cəsarəti və eyni
zamanda, uzaqgörənliyi sayəsində mümkün
olmuşdur. Azərbaycan keçən dövr ərzində
kifayət qədər tarixi uğurlar əldə etmişdir.
Bu uğurlar həm iqtisadiyyat, həm sosial sahədə, eyni
zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun artması sayəsində
əldə edilmişdir. Eyni zamanda, bu uğurlar içərisində
ölkədə əldə edilmiş milli birlik və bu
birliyin nəticəsində uzun illər ərzində
işğal altında olan torpaqlarımızın azad
olunmasını xüsusilə vurğulamaq lazımdır.
Ümumiyyətlə, Yeni Azərbaycan
Partiyasının rəhbəri kimi cənab İlham
Əliyevin fəaliyyəti zamanı, yəni son 17 ildə Azərbaycanda
4 mühüm nəticəyə nail olunmuşdur. Bunlardan
birincisi ondan ibarətdir ki, Azərbaycanda dayanıqlı əsaslara
söykənən bir birlik yaranmışdır. Bu birlik
xalq-iqtidar birliyidir, bu birlik, eyni zamanda, müxtəlif millətlərin
və dinlərin birliyidir. Yəni Azərbaycanda
bu gün hər bir xalqın nümayəndəsi kifayət qədər
rahat yaşayır, öz dilində danışa bilir, öz
dininə sitayiş edir və yaxud hər hansı bir siyasi
partiyanın nümayəndəsi öz fikirlərini azad şəkildə
ifadə edə bilir. Azərbaycanda belə bir birliyin əldə
olunması çox ciddi bir uğurdur. Yeni Azərbaycan
Partiyasının VII Qurultayında 6 siyasi partiyanın YAP-a
qoşulması da sözsüz ki, bu birliyin, həmrəyliyin
bir nümunəsidir. Bu, həm də Yeni Azərbaycan
Partiyasının nüfuzunun artmasının, xalqın
maraqlarına xidmət etməsinin, iqtidara olan müsbət
ictimai fikrin və ən ümdəsi, partiyanın Sədri cənab
İlham Əliyevə və YAP Sədrinin birinci müavini
Mehriban xanım Əliyevaya olan ümumxalq məhəbbətinin
daha da artmasının göstəricisidir.
İkinci mühüm nəticə iqtisadiyyatda əldə
edilmiş uğurlarla bağlıdır. Son 17 ildə Azərbaycan
iqtisadiyyatı 3 dəfədən çox
artmışdır. Bu gün Cənubi Qafqazın
iqtisadiyyatının 75 faizi bizə aiddir. Bu gün regionda Azərbaycanın
iştirakı olmadan reallaşan hər hansı bir layihə
yoxdur. Bu gün Azərbaycan iqtisadi baxımdan regionda ən
müstəqil bir ölkədir. Azərbaycanın iqtisadi,
maliyyə resursları ölkəmizin müstəqilliyini təmin
edəcək qədər güclüdür, yetərlidir və
bundan sonra da Azərbaycanın müstəqilliyinin, qüdrətinin
güclənməsini təmin edəcəkdir.
Üçüncü nəticə
Azərbaycanın beynəlxalq nüfuzu ilə bağlı əldə
edilmiş nəticədir. Ölkəmiz müstəqillik əldə
etdiyi illərdə hər birimizin arzusu Azərbaycanın daha
çox tanınması, xarici ölkələrdə Azərbaycanın
milli, mənəvi dəyərlərinin bilinməsi, məşhur
şeirdə deyildiyi kimi “İmzalarımızın
imzalar arasında olması” idi. Hər zaman Azərbaycan deyəndə
onun tanınması, adət-ənənələrimizin bilinməsini
biz çox arzulayırdıq. Biz artıq bu arzulara
çatmışıq. Bu gün dünyada Azərbaycan kifayət
qədər nüfuzlu, öz milli dəyərləri olan,
qurub-yaradan, güclü və müstəqil bir ölkə
kimi qəbul olunur.
Azərbaycan bu gün Qoşulmama Hərəkatının
sədridir. Azərbaycan BMT Təhlükəsizlik
Şurasına rəhbərlik edən ölkələrdən
biri olub, bütövlükdə bu gün Avropa
Şurasında, ATƏT-də, Avropa İttifaqında müstəqil
və yaradıcı mövqeyi olan çox azsaylı ölkələrdən
biridir.
Dördüncü nəticə
isə uzun illərdir ki, Azərbaycan xalqının vahid bir
amal uğrunda apardığı Vətən müharibəsindən
tam qalib çıxmasıdır. İşğal olunmuş
torpaqlarımızın Müzəffər Ali Baş Komandanım
İlham Əliyevin rəhbərliyi ilə erməni
faşizminin tapdağından azad olunması, milli
qürurumuzun dirçəlməsi, xalqımızın
başını ucaltdı.
- Partiyamızın Sədri, cənab Prezident
İlham Əliyev çıxışında vurğuladı
ki, Yeni Azərbaycan Partiyasının qurultayının
keçirilməsi yaranmış yeni reallıqlarla
bağlıdır. Bu barədə nə deyə bilərsiniz?
- 2020-ci ildə Müzəffər Ali Baş
Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
Ordusu torpaqlarımız işğaldan azad etdi. Düşmənə
ağır zərbə vuruldu. Möhtəşəm qələbə
əldə olundu. Bu gün Azərbaycan 21-ci əsrdə
dünyada yeni reallıqlar yaradan bir xalq kimi, qalib bir xalq kimi,
regionda daha çox hesablaşılan bir ölkə kimi qəbul
olunur.
Yuxarıda qeyd etdiyim 4 istiqamətdə
əldə etdiyimiz mühüm nəticələr həm də
Yeni Azərbaycan Partiyasının rəhbəri kimi Azərbaycan
Prezidenti cənab İlham Əliyevin və eyni zamanda, bu
amallara xidmət edən hər bir azərbaycanlının əməyinin
nəticəsidir. Biz artıq yeni bir reallıqlar
dövrünə daxil olmuşuq. Biz reallıqları öz
gücümüzlə yaratdıq. Ona görə də yeni dövrün
də əsas söz sahibi Azərbaycandır.
Xalq və dövlət olaraq
artıq bizi düşündürən əsas məsələlər
bunlardan ibarətdir: bundan sonra bizi hansı
çağırışlar gözləyir, bizim
keçmişdə hansı səhvlərimiz olub, bu səhvlərin
bir daha təkrar olunmaması üçün hansı addımlar
atmalıyıq, dövlətimizin daha da güclənməsi
üçün hansı istiqamətdə daha çox
inkişaf etməliyik, xaricdən gələn təhlükələrə
necə cavab verməliyik və s. məsələlərdir.
Partiyanın VII Qurultayında cənab Prezident bütün bu
istiqamətlərdə kifayət qədər açıq və
geniş bir nitq söylədi, gələcək fəaliyyət
istiqamətlərini göstərdi.
- Sizcə, Yeni Azərbaycan Partiyasının
bundan sonrakı fəaliyyətində hansı yeniliklər
baş verəcək?
- Yeni Azərbaycan Partiyası bundan sonra fəaliyyətini
müasir çağırışlara uyğun həyata keçirəcək.
YAP-ın növbəti üç ay ərzində
proqramının hazırlanması və bu məsələlərin
proqramda öz əksini tapması partiyanın Sədri tərəfindən
qarşıya bir tapşırıq kimi qoyuldu. Bu
tapşırıq partiyanın İdarə Heyəti
qarşısında qoyuldu. Biz əminik ki, partiyanın yeni
seçilən İdarə Heyəti partiya resurslarının
daha da artmasına, qarşıya qoyulan hədəflərə
nail olmaq üçün partiyada dinamizmin,
funksionallığın daha da yüksəlməsinə
çalışacaq.
Yeni Azərbaycan
Partiyasının rəhbərliyi dünyada baş verən ən
son yeniliklər haqqında düşünür, onları təhlil
edir və buradan gələn çağırışlara
cavab vermək üçün partiyanın yenilənməsi və
onun qarşısında duran məqsədlərə
çatmaq naminə yeni resursların tapılması
istiqamətində fəaliyyətlə məşğuldur. Bu
kifayət qədər təqdirəlayiq haldır. Dövlət
başçısının dediyi kimi, biz böyük tarixi
uğurlar əldə etmişik və eyni zamanda bundan sonra
hansı uğurlar əldə edəcəyimizlə
bağlı düşünməliyik. Təbii ki, burada bizim ən
böyük rəqibimiz zamandır. Çünki zaman sürətlə
axır, dövr sürətlə dəyişir. Belə bir
zamanda ölkəmiz qarşısında da çox
mühüm çağırışlar vardır. Tarix
göstərir ki, indiki dövrdə zamanla ayaqlaşmasaq, biz gələcəkdə
bir çox məsələlərdə geridə qala bilərik.
Aparıcı partiya kimi bu barədə düşünmək
bizim vəzifə borcumuzdur, bu, eyni zamanda, bir missiyadır. Cənab
Prezidentin verdiyi tapşırıqların bir çoxu həm
də bu missiya ilə bağlıdır.
Bəşəriyyətin qədəm
qoyduğu 4-cü sənaye inqilabı bütövlükdə
insan münasibətlərini dəyişir. Təkcə
partiyaların yox, insanlar arasında geniş ünsiyyətin
qurulmasının tarixinə baxsanız, görərsiniz ki,
kollektiv iştirak - dəyərləri paylaşmaq,
informasiyanın daha çox insanlar arasında
yayılmasını təmin edən alət internetdir. Bu cəhətdən
baxsaq belə bir fikir var ki, bu gün siyasi partiyaların ən
böyük rəqibi əslində siyasi səhnənin yeni
aktorlarıdır. Bu aktorlar internet platformaları - bloggerlik fəaliyyəti,
insanların öz fikirlərini çox qısa bir müddətdə
milyonlara yaymaq bacarığıdır ki, bu tamamilə yeni bir
reallıqdır. Bu gün nəinki Azərbaycanda, hətta
bütün dünyada siyasi partiyalar qarşısında bu
çağırış durur. Birincisi, biz bu
reallığı daha çox araşdırmalı, qəbul
etməli, onun üstün və mənfi cəhətlərini
bilməliyik, bu alətdən öz işimizdə daha
çox istifadə etməyi bacarmalıyıq. Digər tərəfdən
isə insanların hansı informasiyaların düzgün,
hansı informasiyaların yalan olduğunu seçmək
qabiliyyətini artırmalıyıq. Bu, eyni zamanda, dövlətin
qarşısında duran çox mühüm bir vəzifədir.
Partiyada verilmiş qərarlar, eyni zamanda,
partiyada olan siyasi ardıcıllığın bariz nümunəsidir.
Yeni Azərbaycan Partiyasında yeni Veteranlar
Şurası yarandı. Onların təcrübəsindən
istifadə etmək, eyni zamanda, yeni gənc qüvvələr
vasitəsilə bu təcrübənin yeni metodlarla və dəyərlərlə
yayılmasını təmin etmək olduqca vacibdir. Bu gün ideyaların, dəyərlərin
yayılmasında ən yeni metod olan rəqəmsal vasitələri
daha çox qavramaq, bundan daha çox istifadə etmək, eyni
zamanda ən önəmli məsələlərdən biri
yeni məzmun və yeni gündəliyin yaradılması
qarşımızda duran əsas çağırışlardandır.
Bu gün YAP qeyd etdiyimiz məsələlərə
nail olmaqla Azərbaycanda daim müasir texnologiyalardan istifadə
edə bilən, eyni zamanda, bu texnologiyalar vasitəsilə yeni
gündəlik yarada bilən, yeni ideyalar və dəyərlər
yayan bir partiya olmağı qarşısına hədəf
qoyub.
Bu, eyni zamanda, partiyanın ənənəvi
funksiyalarından bəhrələnmək və yeni
çağırışlara cavab verməklə, siyasi səhnədə
gənc və orta nəsildən olan şəxslərin siyasi
cəhətdən daha da püxtələşməsi,
onların yüksək davranış nümayiş etdirməsi
kimi bir vəzifəni qarşıya
qoymaqdır ki, bu da indiki dövrdə çox mütərəqqi
bir vəzifədir. Əminəm ki, biz YAP olaraq partiyanın Sədri
tərəfindən müəyyən edilən hədəflərə
çatmaqla Ulu Öndər Heydər Əliyevin “Gələcəyin
Partiyası olmaq” missiyasını əzmlə davam etdirəcəyik.
Yeni Azərbaycan.- 2021.- 10 mart.- S.5.