Azərbaycançılıq ideologiyası Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları birləşdirən dəyərdir

 

Ölkəmizdə müxtəlif xalqların nümayəndələri və ayrı-ayrı dinlərə mənsub olan insanlar sülh, əmin-amanlıq şəraitində mehriban birgəyaşayışa malikdirlər

Hər zaman tolerantlığı ilə dünyaya nümunə göstərilən Azərbaycanda multikulturalizmin dərin kökləri var. Eyni zamanda, multikulturalizm, hazırda ölkəmizin dövlət siyasətində aparıcı yer tutur. Milli, dini fərqliliyi mədəniyyətimizin zənginliyi kimi qavramamız və təqdim etməyimiz ölkəmizdə bu istiqamətdə aparılan siyasətin uğuru kimi dəyərləndirilir. Bu məqamda qeyd etmək yerinə düşər ki, multikulturalizmin mühüm elementlərindən sayılan dini dəyərlərin qorunması, inkişaf etdirilməsi də ölkəmizdə hər zaman diqqət mərkəzində olub. Ulu Öndər Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışının ardından ölkəmizdə bir çox sahələrdə olduğu kimi, dini dəyərlərə münasibətdə, dövlət-din münasibətlərində də yeni mərhələnin başlanğıcı qoyuldu. Ulu Öndərin müəllifi olduğu azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan fərqli dinlərin daşıyıcılarının vahid milli məfkurə ətrafında birləşməsini təmin etdi. Həyata keçirilən uğurlu siyasət nəticəsində vətəndaşların hüquq və azadlıqları, eləcə də dini etiqadlarını rahat şəkildə ifadə edə bilmək imkanları yaradıldı. Məhz bunun nəticəsidir ki, bu gün Azərbaycandakı bütün dinlərin daşıyıcıları ölkəmizin inkişafı uğrunda vahid plaftformadan çıxış etməkdədir. Təsadüfi deyil ki, 44 günlük Vətən müharibəsi dövründə ölkəmizdə yaşayan bütün dini icmalar Azərbaycanın ərazi bütövlüyü uğrunda birlik nümayiş etdirdi, müxtəlif dinlərin daşıyıcısı olan gənclərimiz əldə silah Vətənin qorunmasında çiyin-çiyinə döyüşdü. Bu, azərbaycançılıq ideologiyasının ölkəmizdəki dini birliyin təmin olunmasına verdiyi ən böyük töhfələrdəndir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Elnarə Kərimova bildirib ki, azərbaycançılıq məfkurəsi Azərbaycanı doğma vətəni hesab edən bütün xalqları, etnik qrupları birləşdirən dəyərdir. E.Kərimova bugünkü və gələcək inkişafımızın əsas meyarlarından sayılan azərbaycançılıq ideologiyasını Ulu Öndərimizin xalqımıza yadigar qoyduğu sərvətlərdən biri adlandırıb. Onun sözlərinə görə, Azərbaycan tarixən müxtəlif millətlərin dinc, yanaşı yaşadığı, milli və dini tolerantlığın bərqərar olduğu ölkə olub. Məhz bu birgəyaşayış ənənəsi Azərbaycan vətəndaşı sayılan hər kəsi azərbaycançılıq ideyası ətrafında birləşdirib. Azərbaycan xalqının adət-ənənələrini, milli-mənəvi dəyərlərini vahid konsepsiya halında birləşdirən azərbaycançılıq ideyasının tərkibində dini həmrəyliyimizin xüsusi yeri vardır: “Bu gün dünyada dini zəmində qarşıdurmaların artdığı bir dövrdə tolerantlıq, birgəyaşayış, multikulturalizm kimi ülvi dəyərlər Azərbaycanda dövlət siyasətinin tərkib hissəsidir. İnkaredilməz həqiqətdir ki, dünya ölkələrində demokratik dəyərlərdən biri kimi təbliğ olunan dini dözümlülük xalqımızın əsrlərboyu formalaşan və bir çoxlarına örnək olan xarakterik xüsusiyyətidir. Müstəqil Azərbaycanda multikulturalizm və tolerantlıq siyasətinin banisi Ulu Öndər Heydər Əliyev daim mötəbər tribunalarda Azərbaycan Respublikasının çoxmillətli dövlət olduğunu, ölkəmizdə müsəlmanlarla yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların da sülh və əmin-amanlıq şəraitində yaşadığını, Azərbaycanın öz ərazisində yaşayan bütün xalqlara, bütün millətlərə dinindən, dilindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq azadlıq imkanları verdiyini fəxrlə vurğulayıb. Ulu Öndər Heydər Əliyevin böyük uzaqgörənliklə əsasını qoyduğu siyasi kurs bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezidentimizin xüsusi diqqət və qayğısı nəticəsində ölkəmiz konfessiyalararası münasibətlərin, tolerantlıq mühitinin, multikultural təfəkkürün dünya üçün nümunəvi modelinə çevrilib. Həyata keçirilən uğurlu strategiya nəticəsində milli-mənəvi həmrəylik, etnik-dini tolerantlıq mühiti qorunub saxlanılır və mütərəqqi tarixi ənənələr daha da inkişaf etdirilir”.

E.Kərimova vurğulayıb ki, ölkəmizdə vətəndaşların dini etiqad azadlığının təmin edilməsi, bütün dini konfessiyalara ibadət və ayinlərinin rahat icrası üçün hər cür şərait yaradılıb. Mütəmadi olaraq hər il dövlət başçısı tərəfindən dini konfessiyalara ayrı-seçkilik qoyulmadan maliyyə yardımı ayrılır. Bundan başqa, ölkədəki bütün dinlərin tarixi-memarlıq abidələri, məscid, kilsə və sinaqoqlar, ziyarətgahlar təmir və ya bərpa olunur. “Müxtəlif mədəniyyətlər və sivilizasiyalar arası dialoqun dərinləşməsinə, tolerantlıq ənənələrinin qorunmasına xüsusi əhəmiyyət verən Heydər Əliyev Fondunun, xüsusilə Fondun Prezidenti Mehriban xanım Əliyevanın bu sahədə əvəzolunmaz xidmətləri vardır. Fond fəaliyyətinin mühüm istiqamətlərindən biri kimi həm ölkə daxilində, həm də onun hüdudlarından kənarda milli-mənəvi dəyərlərin və mədəni irsin qorunub saxlanması, ölkə və dünya əhəmiyyətli tarixi dini abidələrin bərpası və yenidən qurulması ilə bağlı kifayət qədər böyük işlər görmüşdür. Bir məqamı da vurğulamaq lazımdır ki, bu gün azərbaycançılıq ideologiyası multikultural dəyərlərin qorunub saxlanıldığı Azərbaycan cəmiyyətində öz orjinallığı ilə seçilir. Azərbaycançılıq bəşəri dəyərlərə böyük əhəmiyyət verən, mənəviyyatı və insanpərvər prinsipləri bütün maraqların fövqündə saxlayan xalqımızın davranış tərzində öz aydın ifadəsini tapıb. Azərbaycançılıq ideologiyasının əhəmiyyətinin ölkəmizdə yaşayan müxtəlif xalqların, dinlərin nümayəndələrinin Qarabağ müharibəsində, Azərbaycanın haqq səsinin dünyaya çatdırılması prosesində yaxından iştirak etməsi zamanı bir daha şahidi olduq. Həm 1-ci Qarabağ, həm də 44 günlük Vətən müharibəsində ölkəmizdə yaşayan digər xalqların nümayəndələri, istər müsəlman, istərsə də qeyri-müsəlman vətəndaşlarımız, ölkəmizdəki bütün dini konfessiyalar vahid mövqe nümayiş etdirərək həmrəylik nümunəsi göstərdi. Təsadüfi deyil ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canını fəda edən vətəndaşlarımız arasında bütün xalqların və dinlərin nümayəndələri var”, - deyən E.Kərimova onu da əlavə edib ki, azərbaycançılıq ideologiyasının təcəssümü kimi Vətənin bütövlüyü uğrunda ortaya qoyulan bu milli həmrəylik, birlik və bərabərlik Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin ətrafında sıx birləşərək torpaqlarımızın düşmən işğalından azad olunması uğrunda apardığımız haqq savaşının qələbə ilə başa çatmasında müstəsna rol oynayıb.

Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Hacı Fuad Nurullayev də bildirib ki, Azərbaycanda yaşayan xalqlar hər zaman dostluq və qardaşlıq mühitində yaşayıb, fəaliyyət göstəriblər. QMİ-in sədr müavini deyib ki, bu dostluq, qardaşlıq mühiti bizə babalarımızın mirasıdır: “Baxmayaraq ki, bu gün Azərbaycanda əhalinin 96 faizindən çoxu İslam dininə etiqad edir, ölkəmizdə bütün dinlərə qarşı eyni münasibət, eyni hörmət və diqqət nümayiş etdirilməkdədir. 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra milli məfkurəmiz - azərbaycançılıq ideologiyası dini etiqadlara münasibətin daha yüksək səviyyədə inkişafını təmin etdi. 1995-ci ildə qəbul edilmiş müstəqil Azərbaycanımızın ilk Konstitusiyasında da fərqli dini etiqadlara malik vətəndaşlaımızın qanun qarşısında bərabər hüquqa malik olduğu tövsif olunur. Bu, olduqca mühüm bir məqamdır və Azərbaycan dövlətinin, xalqının milli, dini ayrı-seçkiliyə yol vermədiyini, bütün dinlərə və millətlərə qarşı eyni münasibəti sərgilədiyini bir daha təsdiqləyir”.

F.Nurullayev qeyd edib ki, Azərbaycanda yaşayan bütün xalqlar hansı dini etiqada mənsub olmasına baxmayaraq, vahid milli kimlik, mlli məfkurə ətrafında - azərbaycançılıq ideologiyası ətrafında birləşiblər: “Bu gün Azərbaycanda bütün dinlərə məxsus ayinlərin keçirilməsi normal bir hal kimi qəbul edilir. Hətta möhtərəm Prezidentimiz İslam dini ilə yanaşı, digər dinlərə məxsus bayramlarda da həmin icmaları xüsusi olaraq təbrik edir, onların ölkəmizin inkişfı istiqamətindəki addımlarını təqdir edir. Qafqaz Müsəlmanları İdarəsi də bu bayramlarda hər zaman fəallıq nümayiş etdirir, həmin dinlərin daşıyıcıları ilə birgə olduqlarını göstərir. Bu bizim qardaşlığımızdır, səmimiyyətimizdir. QMİ olaraq biz hətta multikultural dəyərlərin təbliği ilə bağlı xarici ölkələrdə də fərqli dinlərin daşıyıcılarının tədbirlərinə qatılırıq. Həmin dövlətlərdə də maraqlanırlar ki, necə olur Azərbaycanda hökm sürən bu multikultural, tolerant mühit əsrlərdir qorunur, yaşadılır. Onlar hətta təəccüblənirlər ki, Azərbaycan nümayəndə heyətinin tərkibində bütün dinlərə məxsus nümayəndələr olduqca mehriban, səmimi şəkildə bu tədbirlərdə iştirak edirlər. Biz cavab verirdik ki, bizi birləşdirən dəyərlər ülvi dəyərlərdir və biz azərbaycançılıq ətrafında sıx birləşmişik”, - deyən F.Nurullayev əlavə edib ki, biz həmin şəxsləri Azərbaycana dəvət edib bildirirdik ki, gəlib bizim ölkəmizdə yaşayan fərqli dinlərin daşıyıcısı olan insanlarımızın qardaşlıq mühitində yaşadıqlarını öz gözləri ilə görə bilərlər: “Təbii ki, bu münasibətlərin dostluq, qardaşlıq məcrasında inkişaf etməsində azərbaycançılıq ideologyasının rolu və yeri məxsusidir. QMİ mültikultural dəyərlərin yaşadılmasına hər zaman öz töhfəsini verir. Torpaqlarımızın işğaldan azad olunmasında çiyin-çiyinə döyüşən oğullarımız bu multikultural dəyərlərin nə qədər dərin olduğunu bir daha ortaya qoydu. Şəhid olan övladlarımızın arasında fərqli dinlərə məxsus onlarla gəncimiz var. Biz hər bir Azərbaycan oğlunun xatirəsini əziz tuturuq, onların göstərdikləri şücaətin qarşısında baş əyirik”.

 

Pərviz SADAYOĞLU

 

 Yeni Azərbaycan.- 2021.- 16 mart.- S.8.