Azərbaycançılıq
ideologiyası mütərəqqi ənənələri gələcək
nəsillərə ötürən mənəvi
körpüdür
Milli ideologiyamızın təbliği
xalçaçılarımızın
yaradıcılığında da özünəməxsus yer
tutur
Məlum
olduğu kimi, Ümummilli Lider Heydər Əliyevin əsasını
qoyduğu azərbaycançılıq ideologiyası dünya
azərbaycanlılarını vahid amal uğrunda sıx birləşdirib.
Eyni zamanda, dünyanın harasında
yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı
bu ideologiyadan güc alaraq Azərbaycan həqiqətlərinin
beynəlxalq aləmdə təbliği istiqamətində
üzərinə düşən vəzifələrin öhdəsindən
layiqincə gəlir.
Bu məqamda, vurğulamaq
lazımdır ki, ötən il sentyabrın 27-dən
noyabrın 10-dək davam edən 44 günlük Vətən
müharibəsi və onun nəticələri azərbaycançılıq
ideologiyasından güc alan Azərbaycan xalqının, o
cümlədən ölkə gəncliyinin öz
dövlətinə, torpağına
bağlılığını növbəti dəfə
sübuta yetirdi. Bu isə milli ideologiyanın təbliği
istiqamətində ölkəmizdə həyata keçirilən
işlərin səmərəli olduğunu bir daha təsdiqlədi.
Əlbəttə, əldə edilən nəticələr
çox uğurlu olsa da, bu, bizə arxayınlaşmağa,
yaxud da gəlinən nöqtədə dayanmağa əsas
vermir. Əksinə, ötən illərdə olduğu kimi,
postmüharibə dövründə də gənclərin bu
ideologiya ətrafında daha sıx birləşməsi
vacibdir. Və heç şübhəsiz, gələcəkdə
də bu ideologiyanın təbliği istiqamətində
dövlət qurumları ilə yanaşı, qeyri-hökumət
təşkilatlarının, həmçinin
ziyalıların, sənətçilərin, bir sözlə,
hər birimizin üzərinə mühüm vəzifə
düşür. Təbii ki, bu sırada
xalçaçılarımız da var. Çünki azərbaycançılıq
ideologiyasının təbliği
xalçaçılarımızın
yaradıcılığında da özünəməxsus yer
tutur.
Bununla bağlı bir qədər sonra. Hələlik
isə qeyd edək ki, xalqımızın milli sərvətlərindən,
eyni zamanda, ümumbəşəri xarakterli mədəni dəyərlərdən
biri də Azərbaycan xalçasıdır. Tədqiqatlar göstərir ki, Azərbaycan
xalça sənəti tunc dövründən başlayaraq
inkişaf edib, daha da zənginləşərək bu
günümüzə gəlib çatıb. Bu, ulu babalarımızdan bizə miras qalan irsdir, əsrlərboyu
nəsildən-nəslə ötürülüb. Bəlkə də, bu sənətin yaşı elə
xalqımızın yaşına bərabərdir.
Vurğulamaq lazımdır ki,
xalçaçılıq sənəti Azərbaycan dövlətinin
daim diqqət mərkəzində olub. Yeri gəlmişkən, onu da bildirək
ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım
Əliyevanın təşəbbüsü ilə 2010-cu il noyabrın 16-dan Azərbaycan xalçası
UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni
İrsinin Reprezentativ Siyahısına daxil edilib.
Məlumat üçün bildirək ki, Azərbaycan
xalça sənətinin inkişafında böyük xidmətlər
göstərmiş Xalq rəssamı, SSRİ Dövlət
mükafatı laureatı Lətif Kərimovun təşəbbüsü
ilə 1967-ci ildə Bakıda unikal muzeyin - Azərbaycan
Xalça Muzeyinin əsası qoyulub. Muzey
yarandığı vaxt dünyada xalçaların qorunub
saxlanıldığı, öyrənildiyi, sərgiləndiyi
yeganə müəssisə idi. Bu mədəniyyət
ocağında xalqımızın qiymətsiz sərvəti
olan Azərbaycan xalçalarının və xalça məmulatlarının
ən mötəbər və rəngarəng kolleksiyası
qorunur, tədqiq olunur və nümayiş etdirilir. Azərbaycan Dövlət Rəssamlıq
Akademiyasının professoru, Əməkdar rəssam Məmmədhüseyn
Hüseynov “Yeni Azərbaycan” qəzetinə
açıqlamasında deyib ki, xalçaçılıq min
illərdir Azərbaycan incəsənətinin və mədəniyyətinin
ayrılmaz hissəsi olub. “Azərbaycan”, “Azərbaycan
oğuz dünyası”, “Azərbaycan karvanı”, “Füzuli
dünyası”, “Ulu Öndər 75”, “Kəhkəşan”,
“Sufi”, “Nar tabaq” və s. adlı xalçaların müəllifi
olan M.Hüseynov bildirib ki, xalça Azərbaycanın, Azərbaycan
mədəniyyətinin və xalqının rəmzidir. Professorun sözlərinə görə,
xalqımızın həyat tərzi xalçalarımızda
əks olunur. Müxtəlif dövrlərdə
xalçaçılar azərbaycançılıq
ideyasını əsərlərində özgün tərzdə
ifadə etmişlər. Eyni zamanda, bu gün də
xalçaçılar bu istiqamətdə üzərlərinə
düşən vəzifənin öhdəsindən layiqincə
gəlirlər: “Azərbaycan xalçası azərbaycançılıq
ideologiyasının bir növ güzgüsüdür. Zaman keçdikcə yazılı ədəbiyyatda
belə nəyi isə dəyişmək mümkündür,
amma xalça sənəti elədir ki, hər hansı tarix,
yazı, hadisə ornament şəklində, bir növ
kodlaşmış formada xalçada əks olunur. Əgər bu gün qədim xalçaların
üzərindəki ornamentləri insanlar oxuyub başa
düşsəydi, tariximizə daha dərindən
bağlanardılar.
Bu sənətdə
o qədər sirlər var ki, onlar açılsa, hər bir adam xalçanı evinin ən qiymətli sərvəti
sayar. Bu sirlərdən agah olmaq
üçün xalça sənətinin tarixini bilmək
lazımdır”.
“Hamımızın evində valideynlərimizdən, nənə-babalarımızdan
bizə qalan, özündə neçə-neçə nəsillərin
xatirələrini yaşadan sevimli xalçalarımız var.
Onlar bizim evlərimizin bədii tərtibatının əsas
hissəsidir.
Qədimlərdən üzü bu yana Azərbaycanda
belə bir ənənə vardı. Uşaq anadan olan kimi adına xalça toxunardı. Onu
toxuyan ya ana, ya nənə olardı. Onların
toxuduğu xalçalar genetik informasiya şəklində ilmələrə
köçürülər, nəsildən-nəslə
ötürülərdi. Uşaq həmin
xalça üzərində iməklədikcə bədəninə
dəyən qıcıqlar, gözünə toxunan rənglər,
şüuruna təsir edən müsbət enerji doğulduğu
elə, obaya, vətənə, ailəyə
bağlılığını şüuruna və genetik
koduna hopdurardı. Həmin toxunan
xalçaların bəzisi xofsuz, bəzisi xovlu olardı.
Yayda, qışda, çöldə-bacada
xalçanı beşiyin altına sərərdilər. Bu da uşaqların təhlükəsizliyinə zəmanət
verərdi. Çünki nə ilan, nə əqrəb,
nə də zərərverici həşəratlar
xalçanın üstündə hərəkət edə
bilir. Uşaq böyüyüb yetkinlik
yaşına çatanda qızlara və oğlanlara aid
xalçalar toxunardı. Kişilərə
aid xalçalarda qəhrəmanlıq, nəsilartırma,
xeyir, döyüş və ibadət simvolları əks
olunardı. Qadınlara aid xalçalarda isə
bakirəlik, gözəllik, analıq nişanələri
ornamentlərdə əksini tapardı. Qız-gəlinlərimiz
özləri üçün cehizlik xalça toxuyar, ərə
gedəndə özü ilə birlikdə həmin qiymətli
sərvəti aparardı. Ona görə də xalça
bizim həm mənəvi, həm də maddi sərvətimizdir”,
- deyə Əməkdar rəssam söyləyib.
Qeyd olunub ki, Azərbaycan xalçası həm texnoloji
xüsusiyyətlərinə, həm rəng, həm də
ornament xüsusiyyətinə görə Bakı, Təbriz,
Quba, Şirvan, Qarabağ, Gəncə-Qazax klassik xalça məktəblərinə
bölünür. Hər məktəbin özü isə
qruplara, tiplərə, məntəqələrə, ocaqlara
ayrılır. Bu da xalça sənətimizin
zənginliyindən irəli gəlir. Bizim
xalçaları fərqləndirən onun keyfiyyəti,
gözəlliyi və tarixiliyidir. Bu gün
dünyada ən məşhur xalçalar elə Azərbaycan
xalçalarıdır. Onlar həm yadigar
hədiyyə, həm də qiymətli mirasdır. Ona görə də bütün mədəni, mənəvi
irsimizə həssaslıqla yanaşıb, onu
araşdırıb, öyrənib dünyaya
tanıtmalıyıq.
O da
bildirilib ki, qədim və mənəvi sərvətimiz olan
xalçaçılığın daha da inkişaf etdirilməsi
üçün bu sənətə gənclər daha
çox cəlb edilməlidir. Çünki bu,
həm xalçaçılıq sənətinin
yaşaması, həm də xalçaçılıq vasitəsilə
azərbaycançılıq ideologiyasının təbliğinin
davam etdirilməsi baxımından vacibdir.
“Azərbaycançılıq ideologiyası
xalqımızın milli birliyi və vahidliyi üçün
uğurlu təməl, milli-mənəvi dəyərlərimizi
qoruyub saxlamağı bacaran və yaşadan milli
düşüncə sistemi olmaqla yanaşı, mütərəqqi
ənənələri gələcək nəsillərə
ötürən mənəvi körpüdür. Bu sistemin ən
ümdə amillərindən biri milli ənənədir.
Azərbaycan xalqının dərin köklərə
malik ənənəvi xalq sənəti
xalçaçılıqdır”.
Bunu isə müzeyin Elmi-tədqiqat və milli irsin
qorunması şöbəsinin müdiri, sənətşünaslıq
üzrə fəlsəfə doktoru Aytən Əhmədova
deyib. Qəzetimizə
açıqlamasında şöbə müdiri bildirib ki, Azərbaycan
xalqının ruhunu, həyat fəlsəfəsini, dini
inanclarını öz ilmələrində əks etdirən
xalça sənəti mədəniyyətimizin ən vacib sahəsidir:
“Xalça sənəti evlərimizi bəzəyərək təkcə
bədii zövqümüzü əks etdirən və utilitar
funksiya daşıyan əşya deyil, həm də şifrələnmiş
rəngli məktubdur, bir nəslin digər nəslə
ünvanladığı məktub və biz onu gələcək
nəsillər üçün qoruyub saxlamalıyıq”.
Onun
sözlərinə görə, milli dəyərimiz olan Azərbaycan
xalçası yaşadılaraq gələcək nəsillərə
ötürülür: “Qədim tarixə malik Azərbaycan
xalçaçılıq sənəti bu gün də öz
ənənələrini davam etdirərək gələcək
nəsillərə ötürülür. Xalçaçılıq
dekorativ-tətbiqi sənətin ən geniş
yayılmış növlərindən biri kimi tarixən Azərbaycan
xalqının həyatında, məişətində
çox mühüm yer tutub. Ənənəvi
Azərbaycan xalçaları sıx toxunuşa malikdir. Hər bir xalça toxunduğu yerin təbiəti,
onu ərsəyə gətirən insanların
dünyagörüşü və inancları ilə
bağlı simvolları əks etdirən sənət əsəridir.
Ayrı-ayrı regionların coğrafiyası,
tarixi, mədəni və dini mühiti xalçanın
özünəməxsus ornament, kompozisiya və digər
elementlərinə təsir göstərir. Elə ona görə də
xalçaçılığın inkişafı tarixi, mədəni
və maddi irsin qorunması baxımından müstəsna əhəmiyyət
kəsb edir. Xalçaçılıqda
azərbaycanlı qız-gəlinlərin, sənətkarların,
nənələrimizin zəhməti danılmazdır”.
A.Əhmədova
əlavə edib ki, xalçaçılıq sənətinin
inkişafına diqqət, onun öyrənilməsi,
xalçaçılıq irsinin qorunması həm də azərbaycançılıq
ideologiyasına xidmət edən dövlət əhəmiyyətli
məsələdir: “Xalqımızın mənəvi
dünyasını, gözəllik duyumunu, fitri
istedadını, dünyaya fəlsəfi
baxışlarını sirli naxışlarda yaşadan Azərbaycan
xalça sənətinin qədim tarixi var. İpək yolu
üzərində olan dövlətlərdə xalça sənəti
mövcuddur. Amma bütün ölkələrdə
istehsal olunan xalçalar arasında Azərbaycan
xalçası qiymətli və zəngindir”.
Şöbə
müdiri onu da vurğulayıb ki, son illərdə
kolleksiyamızın zənginləşdirilməsi
üçün dəyərli və dünya miqyaslı nadir
sənət əsərlərinin alınması və muzeyə
bağışlanması işində Heydər Əliyev Fondu
böyük işlər görür: “Bu gün qədim
xalçaların tarixi vətəninə qaytarılması və
muzeyin kolleksiyasına daxil edilməsi nəinki muzey səviyyəsində,
hətta ölkəmizin bu sahədə atdığı
mühüm addımlardan biri olaraq, çox böyük
tarixi-mədəni əhəmiyyətə malikdir. Hədiyyə olunmuş Şirvan tikməsi (XVIII əsr),
Qarabağın “Xətai” (XVII əsr) və “Naxçıvan”
(XVIII əsr) xalçaları buna bariz nümunədir”.
Beləliklə, yuxarıda da
vurğuladığımız kimi, azərbaycançılıq
məfkurəsinin təbliği hər zaman olduğu kimi, bu
gün də xalçaçıların
yaradıcılığında xüsusi yer tutur.
Müşfiqə
BAYRAMLI
Yeni
Azərbaycan.- 2021.- 4 may.- S.8.