Tarixi şəxsiyyət, əbədiyaşar
Lider - HEYDƏR ƏLİYEV
Xalqımız üçün may
ayının 10-u əlamətdar gündür. Həmin
gün biz azərbaycanlılar üçün artıq
simvollaşıb, tarixləşib. Çünki Azərbaycanın
görkəmli ictimai-siyasi və dövlət xadimi,
xalqımızın dahi oğlu və böyük öndəri
Heydər Əlirza oğlu Əliyev məhz bu gün - mayın
10-da anadan olmuşdur.
Tarix dəfələrlə
sübut etmişdir ki, Ulu Öndər böyük iradə və
qətiyyət sahibi, təkrarsız şəxsiyyət olmaqla
ən çətin vəziyyətdən belə
çıxmaq üçün düzgün yol tapmağı
bacarırdı. Ona görə də həmişə
başladığı işi uğurla sona
çatdırırdı.
Unudulmaz rəhbər hələ
sağlığında xalqımızın qəlbində
özünə əbədi abidə ucaltmış, iti təfəkkürü,
müdrikliyi, təkrarsız siyasi keyfiyyətləri ilə
ölkəmizi dünyada tanıtmışdır. O, qəti
olaraq bəyan etmişdi: “Mənim həyat amalım yalnız
bütün varlığım qədər sevdiyim Azərbaycan
xalqına, dövlətçiliyimizə, ölkəmizin
iqtisadi, siyasi, mənəvi inkişafına xidmət
olmuşdur”. Bundan işıqlı, bundan aydın siyasi ideya
ola bilməz.
Heydər Əliyev xalqımızın ləyaqət
və qeyrət simvolu, ən ağır vaxtlarda yeganə
güvənc yeri olmuşdur. Azərbaycanın
son yarım əsrə yaxın bir dövrünü əhatə
edən tarixi taleyi bu illər ərzində xalqın
ictimai-siyasi, iqtisadi və mədəni həyatının
bütün sahələrində dirçəlişi dahi
şəxsiyyətin adı ilə bağlıdır.
Heydər Əlirza oğlu Əliyev 1923-cü
il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində
anadan olmuşdur. O, 1939-cu ildə Naxçıvan Pedaqoji
Texnikumunu bitirdikdən sonra Azərbaycan Sənaye
İnstitutunun (indiki Azərbaycan Dövlət Neft
Akademiyası) memarlıq fakültəsində təhsil
almışdır. Başlanan müharibə Ona təhsilini başa
çatdırmağa imkan verməmişdir.
1941-ci ildən Heydər Əliyev
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq Daxili
İşlər Komissarlığında və
Naxçıvan Muxtar Sovet Sosialist Respublikası Xalq
Komissarları Sovetində şöbə müdiri vəzifəsində
işləmiş və 1944-cü ildə dövlət təhlükəsizliyi
orqanlarına işə göndərilmişdir. Bu dövrdən təhlükəsizlik orqanları
sistemində çalışan Heydər Əliyev 1964-cü
ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət
Təhlükəsizlik Komitəsi sədrinin müavini, birinci
müavini, 1967-ci ildən isə sədri vəzifəsində
işləmiş, general-mayor rütbəsinə qədər
yüksəlmişdir. Həmin illərdə O, Leninqradda
(indiki Sankt-Peterburq) xüsusi ali təhsil almış, 1957-ci
ildə isə Azərbaycan Dövlət Universitetinin tarix
fakültəsini bitirmişdir.
Ulu Öndərimizin ən ali
keyfiyyətlərindən biri Onun milli ruha, milli maraqlara sadiq
olması idi. 60-cı illərdə respublikanın Dövlət
Təhlükəsizlik Komitəsində işləyən
azarbaycanlıları barmaqla saymaq olardı. Böyük əksəriyyət
başqa xalqların nümayəndəsi idi. Ən dəhşətlisi
isə komitədə ermənilərin çoxluq təşkil
etməsiydi. Bildiyimiz kimi o vaxtlar SSRİ-nin tərkibində
olan respublikalarda dövlət təhlükəsizlik
orqanlarına milli kadrlar təyin olunmurdu. Lakin Ulu Öndərin
yüksək təşkilatçılığı, iti təfəkkürü
ovaxtkı SSRİ rəhbərlərini Azərbaycanda həmin
orqana sədr vəzifəsinə Heydər Əliyevi etibar etmələrinə
səbəb oldu. Onun bu təşkilata rəhbərlik etdiyi
dövrdə isə təhlükəsizlik orqanlarında azərbaycanlı
kadrların xüsusi çəkisi nəinki ildən-ilə,
hətta aydan-aya artırdı.
Ulu Öndər xalqın milli maraqlarına zidd
olan, milli ziyalılara qarşı yönələn
aksiyaların həyata keçirilməsinə heç vaxt yol
vermirdi. Doğrudur, bir-iki nəfərin
çıxışı və ya yazısı ilə sovet
hakimiyyətinə qarşı durmaq, onun dayaqlarını
sarsıtmaq mümkün deyildi, amma bunlar milli
düşüncəli, vətənpərvər ziyalılar
idilər. Ümummilli Liderimiz Bəxtiyar Vahabzadəni və
onlarla milli düşüncə sahiblərini müdafiə
edir və həbs olunmalarına imkan vermirdi.
Ötən əsrin 60-cı illərinin
sonlarında Azərbaycan iqtisadiyyatının bir çox sahələrində,
xüsusən sənayedə və kənd təsərrüfatında
tənəzzül meyilləri müşahidə olunmağa
başlamışdı. SSRİ rəhbərliyi bu mənfi
meyillərin qarşısını almaq və respublikada inkişafa nail olmaq üçün optimal
çıxış yolu axtarırdı və ən
uğurlu variant tapıldı. Qısa müddət ərzində
Azərbaycan Dövlət Təhlükəsizlik Komitəsində
mühüm dəyişikliklərə nail olmuş Heydər
Əliyev 1969-cu il 14 iyul plenumunda Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri
oldu. 13 ildə Heydər Əliyevin təşəbbüsü
ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi
inkişafı üçün böyük əhəmiyyətə
malik 5 mühüm qərar qəbul etmişdir,
respublikamızda 250-dən çox yeni fabrik, zavod
tikilmişdir. Sənaye məhsulu istehsalının həcmi
4,3 dəfə artmışdı. Bakı Dəniz Özülləri
zavodu, Bakı Kondisionerləri zavodu, “Azərelektromaş”
İstehsalat Birliyinin tikintisinin Bakıya salınması Heydər
Əliyevin ciddi səyi və nüfuzu hesabına
mümkün olmuşdu.
Kənd təsərrüfatında
məhsul istehsalı 2,7 dəfə artmışdı.
1971-1975-ci illərdə 1965-1969-cu illərə nisbətən
kənd təsərrüfatında məhsul istehsalı 34 faiz
çox olmuşdu, 1976-1980-ci illərdə Azərbaycan kənd
təsərrüfatının ümumi məhsulunun
artımına görə İttifaqda 1-ci yerə
çıxmışdı.
Həmin illərdə Azərbaycan elmi intibah
dövrünü yaşamışdır. SSRİ-nin
170 aparıcı ali məktəbinə hər il 1600-1800 gənc
göndərilirdi. 1973-cü ildə Bakıda
C.Naxçıvanski adına Hərbi Məktəb
açıldı. 1969-cu ildə respublikada 10 ali məktəb
fəaliyyət göstərirdisə, 1982-ci ildə bu göstərici
18-ə çatmışdı.
1978-ci ildə yeni Konstitusiyada Azərbaycan dilinin dövlət
dili statusu təsbit olundu. Bu totalitar cəmiyyətdə
görünməmiş hadisə idi.
Mədəniyyət sahəsində görülən
işlərin miqyası əvvəlki illərdən dəfələrlə
fərqlənirdi. 70-80-ci illərdə Nizaminin, Nəsiminin, Tusinin,
Aşıq Ələsgərin, Aşıq Alının,
Üzeyir Hacıbəyovun, Hüseyn Cavidin və onlarla
başqa tanınmış azərbaycanlı mütəfəkkirlərin
Kremlin sütunlu salonunda yubileyləri qeyd olundu. Bir
vaxtlar sürgün edilmiş Hüseyn Cavidin nəşi
1982-ci ildə İrkutsk vilayətindən gətirilərək
Naxçıvanda torpağa tapşırıldı.
Azərbaycan
1970-1982-ci illərdə 12 dəfə müxtəlif
ümumittifaq yarışlarda qalib çıxaraq keçici
qırmızı bayrağa layiq görüldü, nailiyyətlərinə
görə Azərbaycan SSRİ-nin ən ali
mükafatları, o cümlədən 1970-ci ildə “Oktyabr
inqilabı” ordeni, 1972-ci ildə “Xalqlar Dostluğu” ordeni və
1980-ci ildə “Lenin” ordeni ilə təltif edildi. İkinci Dünya müharibəsində Bakı
neftinin həlledici amilə çevrilməsi istiqamətində
Heydər Əliyevin inadla apardığı təşkilati
işlər nəticəsində 1978-ci ildə Bakıya
“Lenin” ordeni verildi. Heydər Əliyevin
ölkəmizə birinci rəhbərlik etdiyi 1969-1982-ci illərdə
SSRİ rəhbəri Sov.İKP MK-nın baş katibi Brejnev 2
dəfə respublikamıza səfər etmişdir. Onun hər səfəri Ulu Öndərin çox
uzaqgörən siyasəti nəticəsində Azərbaycana
SSRİ büdcəsindən əlavə vəsaitlər
ayrılması ilə nəticələnirdi.
Sabirabad rayonunun da dirçəlişi həmin dövrə
aiddir. Ulu Öndər Heydər Əliyev 1969-1982-ci illərdə
Sabirabada 14 dəfə səfər edib, müstəqillik
dövründə isə 1998-ci ilin oktyabrın 4-də rayona səfəri
olmuşdur. Onun sayəsində bu rayonda 5 istehsal müəssisəsi
açılıb, 31 orta məktəb, 5 xəstəxana, 12 mədəniyyət
obyekti tikilib, Kür çayı üzərindən nəhəng
körpü salınıb, keçmiş İttifaqda analoqu
olmayan Qrup Su kəməri kompleksi qurulub, əhaliyə təbii
qaz verilib, onlarla çoxmərtəbəli yaşayış
və inzibati binalar inşa edilib. Möhtəşəm
mədəniyyət sarayı da digər tikililərlə bərabər
dahi rəhbərin sabirabadlılara hədiyyəsidir. Ulu Öndərin təşəbbüsü ilə
tikilən və Onun iştirakı ilə 1976-cı ilin
sentyabrın 3-də istifadəyə verilən bu mədəniyyət
sarayında Heydər Əliyev 8 dəfə zona müşavirələri
keçirib.
Rayonda torpaqların meliorasiya edilərək yararlı
hala salınması, taxılçılıq,
pambıqçılıq və heyvandarlıq sahəsində
əldə edilən nailiyyətlər Onun gərgin zəhmətinin
nəticəsində mümkün olmuşdur. Əməksevər
insanların fərxi adlara, orden və medallara, rayonumuzda 5 nəfərin
“Sosialist Əməyi Qəhrəmanı” kimi yüksək ada
layiq görülməsi o dövrün unudulmaz xatirələridir.
Heydər Əliyevin rayonda keçirdiyi hər
bir görüş, müşavirə və
yığıncaq, sözün əsl mənasında, həyat
məktəbi idi.
1982-ci ilin dekabrın 3-də Sov.İKP Mərkəzi
Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər
Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə
təyin edilmiş və SSRİ-nin rəhbərlərindən
biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində
SSRİ Ali Sovetinin deputatı, beş il isə SSRİ Ali
Soveti sədrinin müavini vəzifəsində
çalışmışdır. SSRİ-də
ən çox quruculuq işləri həmin dövrdə
görülüb. Baykal-Amur magistral dəmir yol xəttinin
çəkilişinin təşəbbüskarlarından biri
olmuş, 1986-cı ilin aprelin 26-da Ukraynada Çernobl Atom
Elektrik Stansiyasında qəza baş verəndən sonra həmin
ərazilərə ilk səfər edən, əsrin ən dəhşətli
hadisəsi barədə geniş məlumat verən də Heydər
Əliyev olmuşdur.
Ulu Öndər Moskvada işlədiyi illərdə də
Azərbaycana böyük himayədarlıq edirdi. Məhz buna
görə də erməni millətçiləri
Dağlıq Qarabağ məsələsini ortaya gətirməyə
cəsarət etmirdilər. Həmin
dövrdə Türkiyə mətbuatı yazırdı ki,
türk oğlu Kremldə oturur. Şübhəsiz
ki, ermənilər Heydər Əliyevin İttifaq rəhbərliyində
təmsil olunmasından çox böyük
narahatçılıq keçirirdilər. Ulu Öndər 1987-ci ilin oktyabrın 24-də Kremldə
tutduğu vəzifəsindən istefa verdikdən sonra isə məlum
aqambekyanlar və balayanlar Azərbaycana qarşı xain niyyətlərini
həyata keçirməyə imkan tapdılar. Bu hadisədən 21 gün sonra M.Qorbaçovun məsləhətçisi
erməni Aqanbekyan Fransada erməni icmasına Dağlıq
Qarabağın Ermənistana birləşdirilməsi barədə
Qorbaçovun razılıq verdiyini bildirdi. Ermənistandan
qısa müddətdə (1988-ci ildə) 260 min
soydaşımız didərgin salındı, hazırkı
Ermənistanın 24,6 min kv. km
ərazisindən azərbaycanlılar qovuldu, evləri talan
edildi, 20 min nəfərdən çox soydaşımız
öldürüldü və şikəst edildi.
Həmin dövrdə SSRİ hakimiyyəti ilə bərabər
respublika rəhbərliyində çalışan milli xəyanətkarlar
ölkənin həyati əhəmiyyətli məsələlərini
bir tərəfə qoyub Heydər Əliyevə qarşı
çirkin kampaniya aparırdı. O ağır günlərdə
1990-cı ildə Heydər Əliyev Azərbaycandan uzaqda -
Moskvada xüsusi nəzarət altında yaşayırdı. Ancaq 20 Yanvar faciəsinin ertəsi günü
özünün və ailə üzvlərinin həyatını
açıq təhlükə qarşısında qoyaraq Azərbaycanın
Moskvadakı daimi nümayəndəliyinə gəlib sərt
bəyanatla çıxış etməsi göstərdi ki,
bu böyük şəxsiyyət üçün Vətənindən,
Xalqından əziz heç nə yoxdur.
20 Yanvar qırğınından sonra Azərbaycan
xalqının ümidi, ancaq Heydər Əliyevə
qalmışdı. Vəzirov, Mütəllibov dövründə
Ulu Öndər Heydər Əliyevin respublikaya gəlməsinə
şərait yaradılmaması nəticəsində O,
1990-cı ilin iyulunda ata yurdu Naxçıvana getdi. Heydər Əliyev, sadəcə olaraq,
Naxçıvanda yaşamağa, muxtar respublika əhalisinin dərd-sərinə
şərik olmağa qərar vermişdi. Ancaq
Naxçıvan əhalisi Onu Ümummilli Lider kimi qəbul etdi
və muxtar respublikanın rəhbərliyinə gətirdi.
O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikasının
Ali Məclisinin Sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin
müavini olmuşdur. Ulu Öndər Heydər
Əliyev 1992-ci ilin noyabrın 21-də Yeni Azərbaycan
Partiyasının (YAP) Naxçıvan şəhərində
keçirilmiş təsis konfransında partiyanın Sədri
seçilmişdir.
Ulu
Öndər Heydər Əliyevin siyasi fəaliyyətinin
Naxçıvan səhifələri milli dövlətçilik
ənənələrimizin dirçəldilməsi, muxtar
respublikanın adından “Sovet Sosialist” sözlərinin
çıxarılması, Azərbaycan Xalq Cümhuriyyətinin
üçrəngli bayrağının bərpa olunması,
1990-cı ilin 20 Yanvar fəciəsinə siyasi qiymət verilməsi,
Naxçıvan əhalisinin SSRİ-nin saxlanılması barədə
referendumdan imtina etməsi, muxtar respublika ərazisində
kommunist partiyası yerli orqanlarının fəaliyyətinin
dayandırılması, 31 dekabrın Dünya Azərbaycanlılarının
Həmrəylik Günü elan olunması silinməz tarixdir. Bu qısa dövr indi də xalqa xidmətin misilsiz
nümunəsi kimi xarakterizə edilir.
Vaxtilə meydanlarda demokratiyadan, insan hüquq və
azadlığından ağızdolusu danışan
AXC-”Müsavat” cütlüyü siyasi hakimiyyəti ələ
keçirdikdən sonra dövləti bolşevizm
üsulları ilə idarə etməyə başladılar. Belə bir
şəraitdə cəmiyyət də vətəndaş həmrəyliyi
üçün zəruri olan ictimai razılıq
sarsıldı, hakimiyyətin və əhalinin ayrı-ayrı
qrupları arasında narazılıq və qarşıdurma
gücləndi. Ölkəni xaos və
anarxiya bürümüşdü.
Müstəqilliyimizin ilk illəri Azərbaycan
üçün çox ağır keçdi. Vaxtilə Heydər
Əliyevin qurub-yaratdıqlarını dövlət
quruculuğunda və idarəçiliyində heç bir səriştəsi
olmayanlar talan etdilər. Bu azmış kimi
cəmiyyətin ayrı-ayrı zümrələrinə də
münasibət dəyişdi. İkinci Dünya
müharibəsi veteranlarına az qala
düşmən kimi baxırdılar. Vaxtilə
respublikamızın inkişafı üçün
böyük əmək sərf edən, adlı-sanlı
insanlar unuduldu. Hər şeyə, hər kəsə
bolşevikcəsinə yanaşılırdı. Xalq aclıqla da imtahana çəkilmişdi.
Daha insanlar cana doymuşdular. Geri çəkilməyə yer yox idi, sanki
uçrumun bir addımlığında
dayanmışdılar.
AXC-“Müsavat” iqtidarının siyasi səriştəsizliyi
və savadsızlığı üzündən ölkədə
yaranmış dərin problemlər müstəqilliyimizin və
dövlətçiliyimizin mövcudluğunu təhlükə
altına alanda xalq təkidlə Ulu Öndər Heydər
Əliyevi ölkəni xilas etmək üçün
Naxçıvandan Bakıya dəvət etdi. Ölkəni
iflic vəziyyətə salmış, Surət Hüseynovun
quracağı dar ağacından qorxuya düşən bəylər
Onun Naxçıvandan Bakıya qayıtması
üçün dəfələrlə təyyarə göndərdilər.
Ulu Öndər xalqın təkidli tələbi ilə
1993-cü ilin iyunun 9-da Bakıya gəldi. Xalq öz
xilaskarını böyük sevinclə qarşıladı.
O, ertəsi gün Gəncəyə getdi. Həmin
dövrdə artıq vətəndaş müharibəsi
başlamışdı, Gəncədə qardaş qanı
axıdılmışdı. Öyrəndi
ki, Gəncədə 35 nəfər öldürülüb,
150 nəfər ağır yaralanıb. Bütün
bunlar barədə O, Ali Sovetin iyunun 14-dəki iclasında
geniş məlumat verdi.
Ulu
Öndər Heydər Əliyev 1993-cü il
iyunun 15-də Azərbaycan Ali Sovetinin Sədri seçildi. 3 gün sonra isə ölkə Prezidenti Əbülfəz
Elçibəy vəzifəsini “dondurub” Kələkiyə
qaçdı. Belə çətin bir
situasiyada Heydər Əliyev iyunun 24-də Azərbaycan
Respublikası Milli Məclisinin qərarı ilə Azərbaycan
Respublikası Prezidentinin səlahiyyətlərini icra etməyə
başladı. 1993-cü ilin oktyabrın
3-də isə Heydər Əliyev yekdilliklə ölkə
Prezidenti seçildi.
İnsanların
hava qaralandan sonra küçəyə çıxmağa
ürək etmədiyi, sabaha inamsızlıqdan doğan qorxu və
təlaşın hökm sürdüyü, kriminal qüvvələrin
adamları vahimə içərisində saxladığı
bir dövrdə hakimiyyət sükanı arxasına keçən
Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqını və
dövlətini rüsvayçılıqdan və məhv
olmaqdan xilas etdi.
Amma Azərbaycan dövlətçiliyini, müstəqilliyini
istəməyən qara qüvvələr də var idi. Onlar “sapı
özümüzdən olan baltalar”ın əli ilə Azərbaycanda
yeni yaranmış sabitliyi pozmaq, öz məkrli niyyətlərini
həyata keçirmək üçün 1994-cü ilin
oktyabrın 4-5-də və 1995-ci ilin martın 13-17-də
dövlət çevrilişinə cəhdlər etdilər.
Lakin Xalq-Heydər Əliyev birliyi və həyata
keçirilən müdrik siyasət bu cəhdlərin
qarşısını qətiyyətlə aldı və
ölkəmizdə siyasi sabitlik təmin edildi.
Böyük iftixarla qeyd etmək istəyirəm ki, rayonumuzun
Əliləmbəyli kəndindən Ağayev Fərhad
İslam oğlu 1995-ci ilin mart dövlət çevrilişi cəhdinin
qarşısının alınmasında göstərdyi
hünərə görə “Azərbaycanın Milli Qəhrəmanı”
adına layiq görülüb.
Mahir
diplomat və böyük idarəçilik ustadı olan Heydər
Əliyev ölkəni böhrandan qurtarmağın əsas
yolunu daxili ictimai-siyasi sabitliyin təmin edilməsində və
cəbhədə atəşkəsə nail olunmasında
görürdü. Ulu Öndər bunları
ardıcıllıqla həyata keçirirdi. 1994-cü ilin mayın 12-də Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ müharibəsində atəşkəs
elan olundu. Müharibədə şəhid olanlar minlərlə
idi, təkcə Sabirabad 223 şəhid vermişdi, onlardan 2 nəfəri
“Azərbaycan Milli Qəhrəmanı” adına
layiq görülmüş, 4 nəfəri “Azərbaycan
bayrağı” ordeni ilə təltif edilmişdir.
Ölkədə sabitlik və əmin-amanlıq
yaradıldıqdan sonra iqtisadi-siyasi islahatların həyata
keçirilməsinə yönəlmiş addımlar
atıldı.
1994-cü il sentyabrın 20-də isə Azərbaycan
Dövlət Neft Şirkəti ilə Beynəlxalq Konsorsium
arasında “Əsrin müqaviləsi” imzalandı. Sonralar reallaşdırılan Bakı-Tbilisi-Ceyhan
neft, Bakı-Tbilisi-Ərzurum qaz ixrac kəmərləri kimi
dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə
zəmanət verən möhtəşəm layihələr
bu addımların məntiqi nəticəsi idi.
1995-ci il noyabrın 12-də Heydər Əliyevin rəhbərliyi
ilə Milli Konstitusiyamız qəbul edildi. Torpaq
islahatı keçirildi, dövlət əmlakının
özəlləşdirilməsi aparıldı. Geniş hüquqi baza yaradıldı, 600-dən
çox yeni qanun qəbul edildi. 1998-ci il martın 26-da “ Azərbaycanlıların soyqırımı
haqqında” Sərəncam imzalandı, elə həmin il mətbuatda
senzura ləğv edildi, ölüm hökmü aradan
qaldırıldı. Xarici siyasət sahəsində
də böyük uğurlar əldə olundu. Azərbaycanın Avropa Şurasının tam və
bərabərhüquqlu üzv qəbul edilməsi milli
maraqlarımızın daha geniş miqyasda təmin edilməsinə
növbəti zəmin yaratdı. 2001-ci ildən
AŞPA-dakı daimi nümayəndə heyətinin ilk rəhbəri
İlham Əliyevin prinsipiallığı və təşəbbüskarlığı
nəticəsində Avropa miqyaslı bu qurum Ermənistanı
işğalçı dövlət kimi tanıyan ilk rəsmi
beynəlxalq sənəd qəbul etdi.
Ulu
Öndər Heydər Əliyev beş dəfə
keçmiş SSRİ-nin Lenin ordeni ilə, Qırmızı
Ulduz ordeni və çoxsaylı medallarla təltif edilib, iki dəfə
Sosialist Əməyi Qəhrəmanı adına, həmçinin
müxtəlif ölkələrin ali mükafatlarına,
nüfuzlu ali məktəblərin fəxri adlarına layiq
görülüb.
Azərbaycan xalqının Ümummilli Lideri Heydər
Əliyevin milli maraqların təmin edilməsi istiqamətində
həyata keçirdiyi titanik siyasi fəaliyyəti barədə
söz açarkən, ilk növbədə, bu
günümüzün reallıqlarını qeyd etmək zərurəti
yaranır. Belə ki, 2003-cü ildən indiyədək Azərbaycan
xalqının etimadını böyük bacarıqla
doğrultmuş möhtərəm Prezident İlham Əliyev
xalqa xidmət etməyin Heydər Əliyev nümunəsinə
möhtəşəm bir sədaqət nümayiş etdirir.
Ulu
Öndərin idarəçilik məktəbini ən zərif
incəliklərinə qədər öyrənən cənab
İlham Əliyev dövlətin sosial-iqtisadi inkişafı
sahəsində, cəmiyyətin demokratikləşdirilməsində
və həmçinin beynəlxalq münasibətlərdə
özünə məxsus Azərbaycan nümunəsi
formalaşdırmağa nail olmuşdur.
Dövlət
başçımızın yürütdüyü iqtisadi inkişaf
strategiyasının əsas qayəsi regionların tarazlı
inkişafına nail olmaqdır. Sabirabad rayonu da
möhtərəm Prezidentimizin diqqət və
qayğısı ilə əhatə olunub. 2010-cu ildə Kür və Araz çaylarının
yaratdığı təbii fəlakət zamanı rayon sakinləri
bunun bir daha şahidi oldular. Əhalinin ən
çətin anlarında dövlət başçısı
onlara dayaq durdu, dərdlərinə şərik
çıxdı, bütün zəruri köməkliyin
göstərilməsini təmin etdi. Çox
qətiyyətlə deyərdim ki, məhz Prezidentin fədakarlığı
sayəsində insan itkisi olmadan fəlakətin
qarşısı mətinliklə alındı.
Ölkə
Prezidenti sel və daşqınların nəticələrinin
aradan qaldırılması vəziyyəti ilə yerində tanış olmaq üçün 2 dəfə
Sabirabada səfər etmişdir. Ölkə
başçısının rayonumuza birbaşa diqqətinin nəticəsidir
ki, fəlakətin törətdiyi dağıntıların nəticələri
tamamilə aradan qaldırılıb.
Bu gün Ümummilli Liderimizin ideyalarına əməli
ilə sadiqliyini nümayiş etdirən möhtərəm
Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz
böyük inkişaf yolundadır. Ulu Öndərin
adını daşıyan Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın rəhbərliyi ilə həyata
keçirilən qlobal layihələr də ölkə
Prezidentinin fəaliyyəti ilə vəhdət təşkil
edir.
Ölkə Prezidentinin rəhbərliyi ilə
respublikamızda görülmüş işlərin
miqyası əminliklə söyləməyə əsas verir ki,
Ulu Öndər Heydər Əliyevin yaratdığı və
sarsılmaz təməl üzərində tərəqqi edən
Azərbaycan Respublikası yaxın gələcəkdə
uğurları daha da artıracaqdır.
Nə qədər
Azərbaycan var, Azərbaycan xalqı var, Heydər Əliyev də
olacaqdır!
Kamal CƏFƏROV
Milli Məclisin deputatı,
Yeni Azərbaycan.- 2021.- 7 may.- S.4.