Heydər Əliyev və milli-tarixi
yaddaşımızın reallıqları
Biz müstəqil Azərbaycan kimi əzəmətli
bir abidənin təməlini qoyuruq, onu qururuq, yaradırıq.
Onu indiki nəsillər üçün yaradırıq, gələcək
nəsillər üçün yaradırıq. Bizim üzərimizə
şərəfli vəzifə düşübdür və
bunu layiqincə yerinə yetirməliyik. Güman edirəm ki, hər
bir vətəndaş bu vəzifənin yerinə yetirilməsində
öz yerini tapacaqdır.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqının
müasir dövlətçilik tarixinin formalaşmasında və
inkişafında böyük dövlət xadimi Heydər
Əliyevin rolu və xidmətləri ölçüyəgəlməzdir.
Ümummilli Lider bəşəri dəyərlər zəminində
xalqın müstəqillik məfkurəsini reallığa
çevirməklə müasir dövlətçilik
sistemimizin mükəmməl siyasi-ideoloji, iqtisadi və mənəvi
dayaqlar sistemini yaratmışdır. Bu böyük şəxsiyyət
bütöv bir tarixi mərhələnin yaradıcısı
və nadir ictimai-siyasi fenomen idi.
Ulu Öndər Heydər Əliyevin 1969-cu il
iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gəlişi
xalqımızın yaddaşına möhtəşəm tərəqqiyə
dönüş anı, şərəfli bir tarixin
başlanğıc günü kimi həkk olunmuşdur. Təəssüflə qeyd etmək lazımdır
ki, zəngin təbii sərvətlərinə, elmi-texniki
potensialına baxmayaraq, ittifaq hökumətinin ögey
münasibəti üzündən Azərbaycan ötən əsrin
60-cı illərində sosial-iqtisadi inkişaf parametrlərinə
görə müttəfiq respublikalar arasında sonuncu yerlərdən
birini tuturdu. Ölkənin sosial-iqtisadi tənəzzülü
xalqın mənəvi-psixoloji durumuna da mənfi təsir
göstərirdi. Azərbaycanı düşmüş
olduğu ağır vəziyyətdən çıxarmaq
üçün kompleks proqramların həyata keçirilməsi
günün əsas tələbinə çevrilmişdi.
1969-1982-ci illərdə ölkənin
sosial-iqtisadi göstəricilərinin təhlili göstərir
ki, zəngin təcrübəyə, nadir istedada malik Heydər
Əliyevin rəhbərliyi altında respublikada istehsalın həcmi
və məhsuldarlıq sürətlə yüksəlmiş,
böyük nailiyyətlər qazanılmışdır.
O illərdə elmi-texniki tərəqqi sahəsində ciddi irəliləyiş
baş vermiş, yeni və müasir istehsal sahələri
yaradılmış, əhalinin sosial-rifahının
yaxşılaşdırılması istiqamətində önəmli
tədbirlər həyata keçirilmişdir.
Ulu Öndərin fədakar əməyi və
xüsusi təşkilatçılıq qabiliyyəti sayəsində
Azərbaycan iqtisadi inkişaf dinamikasına görə digər
müttəfiq respublikaları ötərək ön
sıraya keçmişdir. Heydər Əliyev Kremldəki
yüksək nüfuzundan istifadə edərək
respublikanın xalq təsərrüfatının
inkişafını təmin etmək üçün
Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin
mühüm qərarlarının qəbul edilməsinə
nail olmuşdur.
Tarix öz yaddaşında hakimiyyət əldə
etmək, fərdi ambisiyalarına yetmək üçün
çalışanları deyil, xalqın azadlığı,
dövlətin müstəqilliyi, ölkənin tərəqqisi
uğrunda mübarizə aparan siyasi xadimləri saxlayır. Ulu Öndər Heydər Əliyev də Öz
xalqının, Vətəninin müqəddəratının
həll olunduğu çox çətin mübarizələrdən,
ağır sınaqlardan şərəflə
çıxmış, Öz adını Corc Vaşinqton, Mustafa
Kamal Atatürk, general Şar de Qoll, Konrad Adenauer kimi dünya
tarixinə qızıl hərflərlə həkk
etmişdir. Geniş dünyagörüşü, unikal təfəkkürü,
dəmir məntiq, böyük əməksevərlik,
obyektivlik, xalqına sonsuz məhəbbət Onun fenomenal şəxsiyyətini
xarakterizə edən əsas keyfiyyətlər idi. Yaşadığı dövrdə baş verən
hadisələrin, proseslərin zaman keçdikcə nə ilə
nəticələnəcəyini yaxşı dərk edən
Heydər Əliyev gələcək müstəqil dövlətin
iqtisadi, sosial bazasının, kadr potensialının
yaradılmasına da uzaqgörənliklə qayğı
göstərir, əlverişli zəmin
formalaşdırırdı. Xalqımızın böyük
oğlu istisnasız olaraq Öz həyatını Azərbaycana
həsr etmişdi. Böyük bir inamla deyə bilərik ki,
Azərbaycanın müstəqil dövlət quruculuğuna
hesablanmış şərəfli yol Ulu Öndərin ölkəmizə
birinci rəhbərliyi dövründən
başlamışdır.
Bu həqiqəti biz 1991-ci ildən sonra daha
aydın dərk etməyə başladıq. SSRİ
dağılandan sonra Azərbaycana həmin dövrdən
böyük bir infrastruktur miras qalmışdı. Başqa
sözlə, Azərbaycan keçmiş ittifaqda
özünü müstəqil olaraq dolandıra biləcək
üç respublikadan biri idi.
Azərbaycan öz müstəqilliyini
1991-ci il oktyabrın 18-də elan etsə də, o vaxtlar ölkədə
hakimiyyətdə olan Mütəllibov güruhunun, daha sonra
AXC-”Müsavat” cütlüyünün fərasətsiz idarəçiliyi
üzündən yaranmış dərin siyasi, iqtisadi və hərbi
böhran nəticəsində Azərbaycan dövlətçiliyi itirilmək təhlükəsi ilə
üzləşmişdi. 1993-cü ilin iyununda xalqın təkidli
tələbi ilə Azərbaycanda hakimiyyətə qayıdan
Heydər Əliyev mürəkkəb və ziddiyyətlərlə
dolu olan tarixi prosesləri düzgün qiymətləndirərək,
geosiyasi dəyişikliklərin gedişini xalqın
maraqları çərçivəsinə yönəltdi,
praqmatik və rasional tədbirlər həyata keçirdi.
Qısa müddətdə ölkədə sabitlik bərpa
olundu, cəbhədə Ermənistanın hərbi təcavüzünün
qarşısı alındı, atəşkəs əldə
edildi, irimiqyaslı islahatlara başlanıldı, milli və
etnik zəmində qarşıdurma aradan qaldırıldı.
1993-cü ilin oktyabrında Azərbaycanda ilk
demokratik, azad və ədalətli prezident seçkiləri
keçirildi. Bu seçkinin keçirilməsi
üçün tam demokratik şərait yaradılması,
seçicilərin böyük mütəşəkkillik və
fəallıqla səsvermə prosesində iştirak etməsi
ölkədə sabitliyin davamlı xarakter almasına müsbət
təsir göstərdi.
1994-cü il mayın 12-də Ermənistanla atəşkəs
haqqında razılaşma imzalanması düşmənin və
onun xarici havadarlarının planlarını alt-üst etdi. Böyük dövlət xadimi Heydər Əliyev atəşkəsə
nail olmaqla müharibənin Azərbaycana gətirəcəyi
faciələrin, məhrumiyyətlərin, təxribatların,
ağır itkilərin, sosial-psixoloji gərginliyin
qarşısını aldı və ölkənin gələcək
inkişafı üçün zaman qazandı.
İctimai-siyasi müstəvidə
sabitləşmə dövlət müstəqilliyinin möhkəmləndirilməsi,
ölkədə demokratik, hüquqi dövlət
quruculuğunun genişləndirilməsi üçün real
zəmin yaratdı. Ulu Öndər ölkənin milli
inkişaf strategiyasını müəyyənləşdirərək
demokratik, hüquqi dövlət quruculuğu istiqamətində
mühüm və zəruri addımlar atmağa
başladı.
Ümummilli Lider Heydər Əliyev Azərbaycanda
hüquqi dövlət quruculuğunun etibarlı qanunvericilik
bazasının yaradılmasına xüsusi önəm verirdi.
Lakin totalitar sovet rejimindən miras qalan hüquq sistemi insan
hüquq və azadlıqlarının müdafiəsinə,
qanunun aliliyinin təmin olunmasına, demokratik, azad vətəndaş
cəmiyyətinin qurulmasına imkan vermirdi. Bu səbəbdən
də mütərəqqi və demokratik dəyərlərə
əsaslanan yeni qanunvericilik bazasının yaradılması,
müasir dünya standartlarına cavab verən hüquq və
məhkəmə sisteminin qurulması zəruri idi. Ölkənin
siyasi həyatında hər bir fərdin iştirakını təmin
etmək üçün demokratiya, humanizm, insan
hüquqları, siyasi və iqtisadi azadlıqlar kimi fundamental bəşəri
dəyərlərə geniş meydan verilməsi mühüm
vəzifəyə çevrilmişdi. Demokratik cəmiyyətlərdə
olduğu kimi, hakimiyyətin obyektləri və subyektləri
xalqın simasında cəmləşməli idi.
Bu istiqamətdə görülən işlərin
nəticəsi olaraq 1995-ci il noyabrın 12-də referendum yolu
ilə demokratik dəyərləri özündə ehtiva edən
Azərbaycan Konstitusiyası qəbul olundu. Heydər
Əliyevin Sədrliyi ilə Dövlət Konstitusiya
Komissiyası tərəfindən hazırlanmış Əsas
Qanun Azərbaycanda hüquqi dövlət və azad vətəndaş
cəmiyyəti quruculuğu, hakimiyyətin demokratik meyarlar əsasında
bölgüsü, qanunun aliliyinin, insan hüquqlarının
qorunması, söz, fikir, mətbuat azadlığının, siyasi plüralizm və
çoxpartiyalılığın, demokratik seçki və
bazar iqtisadiyyatı prinsiplərinin bərqərar olması
üçün real şərait yaratdı. Ulu Öndər
Konstitusiyanın qəbulunun dövlət quruculuğu
baxımından əhəmiyyətini çox yüksək dəyərləndirərək
demişdir: “Əminəm ki, Azərbaycanın ilk demokratik Konstitusiyası xalqımızın
demokratiya, milli dövlətçilik yolu ilə getməsini təmin
edəcək və gələcək nəsillərə
sivilizasiyalı, yüksəksəviyyəli, dünya
demokratiyasında özünəməxsus yer tutan müstəqil
Azərbaycan dövləti miras qoyacağıq”.
Azərbaycanın beynəlxalq və
regional təşkilatlarda təmsil olunmasına,
dünyanın bütün dövlətləri ilə bərabərhüquqlu
faydalı əməkdaşlıq əlaqələri, tərəfdaşlıq
münasibətləri qurulmasına xüsusi önəm verən
Heydər Əliyev enerji amilini xarici siyasətin mühüm təsir mexanizminə çevirməklə
ölkəmizin təhlükəsizliyini dünyanın təhlükəsizlik
sistemi ilə qırılmaz tellərlə əlaqələndirirdi.
Çünki ölkənin müstəqilliyini möhkəmləndirmək,
ərazi bütövlüyünü təmin etmək,
iqtisadiyyatımızın dünya iqtisadi sisteminə
inteqrasiyasına nail olmaq üçün, hər şeydən
əvvəl, Azərbaycanın beynəlxalq təhlükəsizlik
sistemində yerini müəyyənləşdirmək və
bütün mövcud imkanlardan istifadə etməklə
mövqeyimizi möhkəmləndirmək lazım idi.
Bizim neft strategiyamızda zəngin
neft və qaz ehtiyatlarının genişmiqyaslı
istismarına xarici investisiyaların cəlb edilməsi,
1994-cü il sentyabrın 20-də Xəzər dənizinin Azərbaycan
sektorunda “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının birgə işlənməsi və neft
hasilatının pay bölgüsü haqqında xarici neft şirkətləri ilə
bağlanmış “Əsrin müqaviləsi” mühüm yer
tutur. Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü
ilə imzalanmış bu müqavilədən sonra həyata
keçirilməyə başlayan neft strategiyası sayəsində
dünya dövlətlərinin Azərbaycana marağı daha
da artdı, ölkəmizin beynəlxalq mövqeləri
möhkəmləndi, iqtisadi əlaqələrimiz genişləndi.
Neft strategiyasının reallaşdırıldığı ilk
illərdə Bakı-Novorossiysk, Bakı-Supsa boru kəmərləri
yenidən quruldu, daha sonra yeni neft və qaz ixrac kəmərləri
inşa olundu. Bakı-Tbilisi-Ceyhan neft və
Bakı-Tbilisi-Ərzurum qaz ixrac boru kəmərlərinin
istifadəyə verilməsi sayəsində neftin və
qazın ixracının artması Azərbaycanın yeni neft
strategiyasının böyük uğuru və qələbəsi
kimi dəyərləndirilməlidir.
Azərbaycana daxil olan
böyük neft gəlirlərinin toplanması və şəffaflıq
şəraitində səmərəli istifadəsinin təmin
edilməsi məqsədilə Ulu Öndər Heydər Əliyevin
Fərmanı ilə 1999-cu ildə Dövlət Neft Fondu
yaradıldı. Bununla da neft sərvətlərinin nəsillər
arasında ədalətli bölgüsünə, ölkədə
mühüm investisiya, o cümlədən infrastruktur və
regional layihələrin maliyyələşdirilməsinə əlverişli
şərait və aşkarlıq mühiti yarandı.
İlkin hesablamalara görə, “Azəri-Çıraq-Günəşli”
yataqlar blokundan çıxarılan neft ehtiyatları 511 milyon
ton müəyyən edilmiş, sonralar qiymətləndirici
quyuların nəticələrinə görə, bu rəqəm
1 milyard 72 milyon tona yüksəlmişdir. Yataqların işlənilməsinə
tələb olunan sərmayə xərcləri 11,5 milyard
ABŞ dolları təşkil edirdi. Bu müqavilə
dünyanın 19 ölkəsinin 41 neft şirkəti ilə
30-dan çox sazişin imzalanmasına yol açdı.
“Əsrin müqaviləsi” karbohidrogen
ehtiyatlarının miqdarına və qoyulan sərmayələrin
həcminə görə dünya miqyasında ən iri
sazişlər siyahısına daxildir. Bu müqavilənin
imzalanmasına həsr olunmuş təntənəli mərasimdə
çıxış edərkən Ümummilli Lider Heydər
Əliyev demişdir: “Biz belə bir addım atmaqla Azərbaycanın
dünya üçün, dünya iqtisadiyyatı
üçün açıq bir ölkə olduğunu
nümayiş etdiririk. Biz bu müqaviləni
imzalamaqla Azərbaycan Respublikasının suveren
hüquqlarının bərqərar olduğunu, Azərbaycanın
tam müstəqil olduğunu, xalqımızın öz sərvətlərinə
özünün sahib olduğunu dünyaya bir daha nümayiş
etdiririk. Biz bu müqaviləni imzalamaqla Azərbaycan
Respublikası ilə dünyanın inkişaf etmiş dövlətləri,
onların ən böyük şirkətləri arasında əlaqələr
yaradırıq... Biz bu müqaviləni imzalamaqla xarici ölkələrdən
Azərbaycana investisiya qoyulması üçün
böyük yol açırıq”.
Sonrakı hadisələr Heydər
Əliyevin nə qədər uzaqgörən şəxsiyyət
və müdrik dövlət xadimi olduğunu bir daha təsdiqlədi.
İmzalanmış neft sazişləri üzrə Azərbaycanın
neft sənayesinin inkişafına 64 milyard ABŞ dolları həcmində
sərmayə qoyuldu. Bu sərmayənin
57,6 milyard dolları dəniz yataqlarının mənimsənilməsinə
və perspektivli strukturlarda axtarış-kəşfiyyat
işlərinin aparılmasına sərf olundu. 1997-ci ildə
“Çıraq” yatağından neft hasilatına
başlandı. 1999-cu ildə isə Azərbaycanın mənfəət
nefti ilə doldurulmuş ilk tanker dünya bazarlarına yola
salındı.
Azərbaycan dünya bazarında artıq təkcə
neftin və qazın ixracatçısı kimi deyil, həm də
neft və neft-kimya sənayesi məhsullarının
istehsalçısı kimi layiqli yer tutur. Bu məhsulların
istehsalına ötən əsrin 70-80-ci illərində Ulu
Öndərin rəhbərliyi və təşkilatçılığı
ilə yaradılmış mövcud emal və neft-kimya müəssisələri
imkan yaratmışdır.
“Əsrin müqaviləsi”nin
imzalandığı dövrün iqtisadi-siyasi mənzərəsini,
reallıqlarını incəliklərinə qədər bilən,
bu prosesdə fəal iştirak edən, xalqımız və
dövlətimiz qarşısında misilsiz xidmətləri
olan cənab İlham Əliyev bu müqavilənin ölkəmizin
həyatında rolunu və önəmini yüksək dəyərləndirmişdir:
“Əsrin müqaviləsi”nin Azərbaycan tarixində xüsusi
yeri vardır və Azərbaycanın müstəqil ölkə
kimi yaşamasında bu rol əvəzolunmazdır. O vaxt bizim nə
imkanımız var idi, nə də vəsaitimiz. Ölkədə
sənaye sahəsində hələ ki, tənəzzül
yaşanırdı, iqtisadiyyat, demək olar ki,
çökmüşdü. Müstəqil ölkə
üçün yaşamaq çox çətin idi. Müstəqilliyimiz,
demək olar ki, şübhə altında idi. Məhz
o çətin illərdə Azərbaycana investisiyalar gətirmək,
Azərbaycanı dünya birliyinə etibarlı tərəfdaş
kimi təqdim etmək, xarici investorlar üçün şərait
yaratmaq, eyni zamanda, Azərbaycanın dövlət
maraqlarını tam şəkildə qorumaq böyük siyasi
təcrübə, bilik və məharət tələb edirdi.
O vaxt Azərbaycanın xarici şirkətlərlə əməkdaşlığı
bölgədə birmənalı qarşılanmırdı.
“Əsrin müqaviləsi”nin imzalanması böyük siyasi cəsarət
tələb edirdi. Ancaq Heydər Əliyevin qətiyyəti və
Azərbaycan xalqının dəstəyi ilə biz buna nail ola
bilmişik”.
2017-ci il sentyabrın 14-də
Bakıda “Azəri”, “Çıraq”, “Günəşli”
yataqlarının dərinlikdə yerləşən hissəsinin
işlənməsi və hasilatın pay bölgüsü
haqqında yenidən tərtib olunmuş Saziş imzalandı və
yataqların işlənməsi müddəti 2050-ci ilə qədər
uzadıldı. Yeni Sazişdə Azərbaycana
çatacaq mənfəət neftinin həcmi 75 faiz nəzərdə
tutulur.
Ümummilli Lider Heydər
Əliyev böyük dövlətlərin, müxtəlif
qruplaşmaların təsir və təzyiqlərinə
baxmadan müstəqil və ardıcıl siyasət yeritməkdə
Azərbaycanın geosiyasi müstəvidə strateji
maraqlarının təmin olunmasına
çalışır, eyni zamanda, tarixi şəraitə
uyğun olaraq, xarici siyasət kursunu dəyişən
geosiyasi mühitdə gələcək strateji müttəfiqləri
müəyyənləşdirirdi. Xarici siyasətin
ardıcıl və sistemli aparılması Azərbaycan
diplomatiyasının uğurlarını getdikcə
artırır, çoxtərəfli və ikitərəfli
formatda əməkdaşlıq imkanlarını genişləndirirdi.
Ulu Öndər Heydər
Əliyev yaxşı bilirdi ki, müasir dünyada demokratikləşmə
xəttini müdafiə etməyən, yaxud insan və vətəndaş
hüquq və azadlıqlarına dəyər verməyən
dövlətin ciddi nüfuz qazanmasından, geniş coğrafi
məkanda cərəyan edən hadisələrə,
proseslərə təsiretmə imkanlarından bəhs etmək
mümkün deyildir. Bu səbəbdən də
Azərbaycan dünyanın fövqəlgüc mərkəzlərinin
regiondakı maraqlarını optimal çərçivədə
uzlaşdırmaqla ayrı-ayrı dövlətlərlə bərabərhüquqlu
tərəfdaşa çevrilmək yolunu tutur, beynəlxalq təşkilatlarla
faydalı əməkdaşlıq əlaqələri qurur,
milli mənafelərimizi yüksək səviyyədə
müdafiə edirdi.
Ümummilli Lider bu reallıqdan
çıxış edərək BMT, ATƏT, Avropa
Şurası, Avropa İttifaqı, NATO, İKT, MDB, GUAM,
QİƏT, İƏT və digər beynəlxalq təşkilatlarla
əməkdaşlığın qurulmasına və
inkişaf etdirilməsinə böyük diqqət yetirir, əzmkarlıq
nümayiş etdirirdi.
Dünyanın aparıcı dövlətlərinin
təcrübəsi göstərir ki, müasir dövrdə
beynəlxalq birliyə inteqrasiya etmədən, dünya ölkələri
arasında layiqli yer tutmadan milli maraqların təmin
olunması qeyri-mümkündür. Buna görə
də Ulu Öndər Azərbaycanın etibarlı tərəfdaş
imici qazanmasına böyük səy göstərir, strateji tərəfdaşlarımızın
sayının artmasına çalışır, qlobal güc
mərkəzləri ilə əlaqələrin genişləndirilməsini
mühüm vəzifə kimi ön plana
çəkirdi. Ölkəmizin geosiyasi cəhətdən
olduqca həssas bölgədə yerləşməsi dünya
nizamını müəyyənləşdirən
böyük dövlətlərin Azərbaycandakı
maraqlarının məharətlə
tarazlaşdırılmasını tələb edirdi. Sürətlə dəyişən qlobal proseslər
nəzərə alınmadan hadisələrin dərin
qatlarına nüfuz etmək, düşüncəni nəticələrdən
səbəblərin dərk olunmasına istiqamətləndirmək
müşkül işə çevrilərdi. Müstəqillik qazanmış gənc ölkədə
tarixin sınağına çəkiləcək dövlətçiliyin
möhkəmləndirilməsi, onun müasir dünyada
tüğyan edən siyasi təlatümlərdən
qorunması, radikal transformasiyalar fonunda respublikanın
sosial-iqtisadi qüdrət sahibi olmasını təmin etmək
vəzifəsi Heydər Əliyevin Liderlik
missiyasının əzəmətini daha da
artırırdı.
Tarixi dönüş məqamında
xalqın çağırışı ilə hakimiyyətə
qayıdan Ulu Öndər müxtəlif istiqamətlərdən
daxili və xarici təzyiqlərlə, işğal və
müharibə faktorları ilə üzləşsə də,
ruhdan düşmür, insani qüvvə xaricində olan bir fədakarlıqla
mübarizə aparırdı.
Heydər Əliyevi realist, praqmatik lider kimi səciyyələndirən
mənəvi-siyasi, elmi-intellektual keyfiyyətlərin zənginliyi
Ona ağılın və intellektin gücü ilə taleyüklü
məqamlarda istisnasız olaraq düzgün qərar qəbul
etmək qabiliyyəti vermişdi. Ulu Öndərin möhtəşəm
tarixi qayıdışını zəruri edən nəzəri-ideoloji
əsaslar da məhz güclü şəxsiyyət, həqiqi
lider imicinə dayaqlanırdı.
Cənubi Qafqaz regionunda sabitləşdirici
rol oynayan, demokratik dəyərlərin həyatın
bütün sahələrində bərqərar olmasına
xüsusi önəm verən Azərbaycan dövləti Avropa
ilə Asiyanı daha sıx bağlayan nəhəng iqtisadi
layihələrin təşəbbüsçüsü və
təşkilatçısı kimi
artıq böyük uğurlar qazanıb. Ölkəmiz
üçün strateji əhəmiyyət kəsb edən
qlobal məsələlərin həllinə təsir
gücünə malik olan böyük dövlətlərin
diqqətini cəlb etmək, onlarla strateji tərəfdaşlıq
əlaqələri yaratmaq xarici siyasətimizin ciddi
uğuru kimi dəyərləndirilməlidir. ABŞ və
Avropa dövlətlərinin Cənubi Qafqaz, Xəzər
hövzəsi, Mərkəzi Asiya ilə bağlı çox
mühüm layihələrində Azərbaycan əlaqələndirici,
etibarlı tərəfdaş imici qazanıb.
Avropa İttifaqı ilə Azərbaycan
arasında imzalanmış Tərəfdaşlıq və
Əməkdaşlıq Sazişi siyasi dialoq, demokratik institutların
inkişafına dəstək, iqtisadi əməkdaşlıq,
sərmayələrin təşviqi kimi proseslərdə
çərçivə bazası rolunu oynadı.
Şərq Tərəfdaşlığı
və Avropa İttifaqı ölkələrinin dövlət və
hökumət başçılarının, Avropa
Komissiyası və Avropa İttifaqı Şurasının rəhbərlərinin,
Avropa Parlamentinin, Aİ-nin digər strukturlarının
yüksək vəzifəli rəsmilərinin iştirakı
ilə keçirilən Riqa Zirvə
görüşündən sonra Avropa İttifaqı - Azərbaycan
münasibətləri keyfiyyətcə yeni mərhələyə
qədəm qoydu. Azərbaycan dövlətinin
israrlı mövqeyi nəticəsində Tərəfdaşlıq
və Əməkdaşlıq Sazişini əvəzləyəcək
yeni ikitərəfli sazişin hazırlanmasına
razılıq verildi və bununla da Avropa İttifaqı ilə
Azərbaycan arasında bərabərhüquqlu əməkdaşlığın
möhkəm təməli qoyuldu.
Azərbaycan xalqı xoşbəxtdir
ki, Ulu Öndərin əsasını qoyduğu müstəqil
dövlətə bu gün Onun layiqli siyasi varisi möhtərəm
Prezidentimiz cənab İlham Əliyev rəhbərlik edir, Onun
ideyalarını qətiyyətlə, yaradıcılıqla həyata
keçirir. Türkiyə Cümhuriyyətinin banisi
Mustafa Kamal Atatürk deyirdi ki, tarix yazmaq, tarix yaratmaq kimi
çətin və məsuliyyətli vəzifədir. Xoşbəxtik
ki, Uca Tanrı bizə ideya və əməlləri ilə təkcə
dünənin, bu günün deyil, həm də sabahın
tarixini yazan, yaradan iki böyük siyasi lider bəxş edib.
Onların ən böyük güc mənbəyi mənsub
olduqları xalqın dəstəyi, ən güclü
silahları zəka və intellektdir.
Ulu Öndər Heydər
Əliyev və cənab İlham Əliyev yeni tipli dövlət
xadimi obrazının parlaq rəmzləri kimi xalqın passionar
enerjisini, ölkənin bütün potensialını rasional
idarəetmə yolu ilə vahid məcraya yönəldərək
milli dövlətçilik maraqlarımızı,
arzularımızı gerçəkləşdirdilər,
həm tarix yazdılar, həm də tarix yaratdılar.
Çağdaş tariximizin böyük bir mərhələsi
zaman və məkan hüdudlarına sığmayan bu nəhəng
siyasi liderlərin, fenomen şəxsiyyətlərin -
Ümummilli Lider Heydər Əliyevin və möhtərəm
Prezidentimiz cənab İlham Əliyevin adı ilə
bağlıdır.
Dünyanın siyasi elitasının cəmləşdiyi
nüfuzlu forumlarda, siyasi diskussiyalarda onların məntiqinə,
siyasi düşüncəsinə, yüksək intellektinə,
qeyri-adi yaddaşına, müdrikliyinə həmişə
heyran qalmışlar. Bütün bunlar tarixə çevrilən
həqiqətlərdir.
Prezident İlham Əliyevin fəaliyyətinin
təhlili göstərir ki, O, Ulu Öndərin
ideyalarını XXI əsrin
çağırışlarına, baş verən qlobal
proseslərin, zamanın ruhuna uyğun olaraq,
yaradıcılıqla inkişaf etdirən böyük
dövlət xadimidir. Dövlət
başçısının özünəməxsus liderlik
keyfiyyətləri, siyasi prosesləri yönəltmək məharəti,
torpaqlarımızın işğaldan azad olunması istiqamətində
göstərdiyi rəşadət və əzmkarlıq Ona
böyük xalq məhəbbəti
qazandırmışdır.
Sentyabrın 27-də başlayan Vətən
müharibəsi noyabrın 10-da Qələbə ilə
başa çatdı. Qəhrəman Azərbaycan Ordusu 44
gün davam edən hərbi əməliyyatlar zamanı Ermənistan
ordusunun məğlubedilməzliyi haqqında mifləri
darmadağın etdi, döyüş cəbhəsində
böyük zəfərə imza atdı. Düşmənin
ağ bayraq qaldırmaqdan, kapitulyasiya aktına imza atmaqdan
başqa yolu qalmadı. Ermənistanın müdafiə naziri
David Tonoyanın Qələbəmizin möhtəşəmliyinə
dəlalət edən etirafına diqqət yetirək: “Biz
çox böyük bir qüvvəyə - super silahlı Azərbaycan
Ordusuna qarşı vuruşmuşuq. Məndən “siz niyə
silahlanmadınız?” - deyə soruşa bilərsiniz. Biz də
silahlı idik, ancaq kəmiyyət və resurslar
baxımından imkanlar qeyri-mütənasib idi”.
Noyabrın 10-da Azərbaycan və Rusiya
prezidentləri İlham Əliyev, Vladimir Putin və Ermənistanın
baş naziri hərbi əməliyyatların
dayandırılması haqqında Bəyanat imzaladılar. Bəyanat
imzalandıqdan sonra Prezident İlham Əliyev xalqımıza
müraciət etdi: “Biz qalib gəldik. Azərbaycanın ərazi
bütövlüyü danışıqların mövzusu
deyil və heç vaxt olmayacaq. Azərbaycan bu mövqedən
bir addım belə geri çəkilməyəcək, Azərbaycanın
ərazi bütövlüyü məsələsində
heç bir güzəşt olmayacaqdır”.
BMT-nin, nüfuzlu beynəlxalq təşkilatların
qətnamələrinin kağız üzərində
qalmasına, havadarlarının işğalçı Ermənistanı
daim silahlandırmasına, ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə
və imitasiyalarına baxmayaraq geosiyasi mübarizə prosesində
zaman Azərbaycanın xeyrinə işləyirdi.
Diplomatik-siyasi mübarizə müstəvisində
reallığı təhlil edən Ulu Öndər Heydər
Əliyev deyirdi ki, diplomatiya döyüş meydanı deyil,
burada siyasətçilər təvazökarlıq, səbir,
iradə və əzm göstərməklə istədiklərinə
nail olurlar. Müdrik kəlamdır. Zaman
yetişdi və Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab
İlham Əliyevin polad iradəsi, sarsılmaz qətiyyəti,
müzəffər Ordumuzun qüdrəti, əsgər və
zabitlərimizin qəhrəmanlığı,
xalqımızın monolit birliyi sayəsində Azərbaycan
misilsiz bir Zəfər qazandı.
Həsən HƏSƏNOV
“Xalq qəzeti”nin baş redaktoru, Əməkdar
jurnalist,
YAP Təftiş Komissiyasının
üzvü
Yeni Azərbaycan.- 2021.- 7 may.- S.3.