Yunus Əmrə
kimdir, niyə önəmlidir?
Məlum
olduğu kimi, böyük şair və mütəfəkkir
Yunus Əmrənin vəfatının 700 illiyi münasibətilə
bu il Türkiyədə “Yunus Əmrə
İli” elan olunub. Bu münasibətlə
Türkiyədə və dünyanın bir çox yerlərində
tədbirlər keçirilir. Öz
növbəsində, Bakı Yunus Əmrə İnstitutu
mütəfəkkirin fəlsəfəsini gənc nəsillərə
çatdırmaq məqsədilə Türkiyədəki Yunus
Əmrə tədqiqatçılarının dəyərli
yazılarını Azərbaycan ictimaiyyətinin diqqətinə
çatdırmağı planlaşdırır. Beləliklə, bu istiqamətdə
yazılmış yazılardan biri oxuculara təqdim edilir.
Onu da qeyd edək ki, Bakı Yunus Əmrə
İnstitutu tərəfindən redaksiyamıza təqdim edilən
şair, yazıcı Mustafa Özçeliyin “Yunus Əmrə
kimdir, niyə önəmlidir?” adlı yazısını Azərbaycan
dilinə Aygün Ələkbərzadə tərcümə
edib.
Yunus
Əmrə XIII əsrin sonları, XIV əsrin əvvəllərində,
1240-1320-ci illər arasında Anadoluda ömür sürən
çox önəmli bir sufi şairidir. Onun yaşadığı dövr Monqol
hücumları, Babailər üsyanı, Səlcuqlu dövlətinin
dağılması, Şərqdən-Qərbə türk
köçləri kimi hadisələrin
yaşandığı bir zamandır. Onun
böyüklüyü və əhəmiyyəti belə bir
zamanda dili, şeiri, düşüncə dünyası, əsərləri,
sosial missiyası, milli və dünyəvi tərəfi ilə
ortaya qoyduğu şəxsiyyətindən və etdiklərindən
qaynaqlanmaqdadır.
Yunus
Əmrənin həyatı
Yunus Əmrə haqqında üç həyat hekayəsindən
bəhs edə bilərik. Birincisi, tarixi hekayəsi, digəri
xalqın gözündə və könlündə onun
üçün inşa etdiyi əfsanəvi hekayəsi, eyni
zamanda, xüsusilə “Divan” adlı əsərində
şeirləri vasitəsilə bəhs etdiyi daxili
(könül) hekayəsi, yəni insan olaraq təkamülü
(inkişaf) hekayəsidir.
Yunus Əmrə Anadoluda bugünkü Eskişəhər
şəhərinə bağlı Sarıköydə anadan
olmuşdur.
Hacı Bektaşla tanış olması
onu elm və sufizm yoluna yönəltmiş, Konyada mədrəsə
təlimi, Tapdıq Əmrə təkkəsində təsəvvüf
təhsili almışdır. Daha sonra onu
davamlı səyahətdə olan dərviş olaraq
görürük. Müəllimi Tapdıq
Əmrənin icazəsi və buyruğu ilə baş tutan səyahətlərində
Anadolunun, demək olar ki, hər yerini gəzmişdir. Hətta onun bu prosesdə Suriya, İraq, İran və
Azərbaycana səfər etdiyi də şeirlərindən məlum
olur.
Yunus Əmrə bu səyahətlər zamanı bir
növ səyyah, xalq maarifçisi kimi xidmət etmişdir. O, Tapdıq Əmrədən
dərviş olaraq öyrəndiyi təsəvvüf
düşüncəsini və İslam dininin inanc, ibadət və
əxlaq prinsiplərini şeir yolu ilə insanlara izah
etmişdir. Beləliklə, bu geniş
coğrafiyada onun şeirləri vasitəsilə dil,
düşüncə, həssaslıq və dəyərlər
birliyi meydana gəlmişdir.
Yunus Əmrə bu səyahətlərinin sonunda
Sarıköyə gələrək dərgah qurmuş və
dərvişlər yetişdirmişdir. Burada da vəfat
etmişdir. Ancaq onu çox sevən Anadolu xalqı onun
ölümünü eşidəndə adına
məqam-məzar adlanan tikililər tikərək xatirəsini
yaşatmaq istəmişdir. Bu gün Türkiyənin
Karaman, Aksaray, Manisa kimi bir çox şəhərlərində
Yunus Əmrənin məzarı vardır. Bunlardan
biri də Azərbaycanın Qax rayonunda yerləşməkdədir.
Yunus
Əmrənin dili
Yunus
Əmrə ərəb dilinin, fars dilinin ədəbiyyat
dili olduğu bir dövrdə yaşayırdı. Xitab etdiyi kütlə isə ya əvvəlki
dövrlərdə, ya da son köçlərlə Anadoluya gələn
türkmənlər idi. Daha da əhəmiyyətlisi
Səlcuqluların çökməsindən sonra yeni bir
Türk dövləti qurulmalı idi. Dövlət
isə bir mədəniyyətə söykənən möhkəm
təməllər üzərində qurula bilərdi. Bu da dil ilə mümkün idi. Çünki
dil duyğu və düşüncə üçün də,
biliklərin istehsalı və paylaşılması
üçün də bir vasitə idi.
Yunus Əmrənin əhəmiyyəti burada ortaya
çıxır. Çünki o, türk dilini
danışıq dilindən çıxararaq yazılı mədəniyyət
və ədəbiyyat dilinə çevirdi. Beləliklə, Anadoluda dili türk, həssaslığı
türk həssaslığı, inancı və
düşüncəsi İslam olan bir ədəbiyyatın
qurucusu oldu. Onun yaratdığı bu dillə
türk dili sanki qanadlandı və xüsusilə xalq və təkkə
mühitində çox böyük şairlər yetişdi,
çox əhəmiyyətli əsərlər qələmə
alındı. Bu baxımdan Anadolu
türklüyünün dil, din, vətən, millət,
dövlət şüuru ilə bu coğrafiyada mövcud
olmasına ən böyük xidməti dil məfhumu ilə
Yunus Əmrə göstərmiş oldu.
Yunus
Əmrənin şeiri
Yunus Əmrə bütün tədqiqatçılar tərəfindən
əski Anadolu türkcəsinin ən böyük təmsilçisi
hesab edilir. O,
Əhməd Yasəvi ilə Türkistanda başlayan təkkə
şeirimizin Anadoludakı qurucusudur. İfadə
dili kimi türkcəni üstün tutaraq, onu bir ədəbiyyat,
şeir dili halına gətirmişdir. Daha
önəmlisi isə təsəvvüf kimi özünəməxsus
qavramları olan bir düşüncə sistemini türkcə
ilə ifadə edə bilmək Yunus Əmrənin türkcəmizə
verdiyi ən böyük töhfədir. Üstəlik,
bu ifadə tərzi elə sadədir ki, sadə bir vətəndaş
belə bu dillə ifadə edilənləri başa
düşməkdə çətinlik çəkmir.
Yunus Əmrə şeirlərində əruz vəznindən
də istifadə etmişdir, lakin əsas
üstünlüyü milli ölçümüz olan heca vəzninə
vermişdir. Nəzm forması olaraq da adətən
dördlükdən istifadə etmişdir. Bəzi şeirləri isə beytlər şəklindədir.
Bir ziyalı olaraq isə xalqından əsla
uzaqlaşmamış, onlara anladıqları dil və
üslubla xitab etmişdir. İfadəsi
çox lirikdir. Səmimi ifadə tərzi
ən böyük xüsusiyyətidir. Allah
eşqindən, insan sevgisindən, qürbət və
ayrılıq fikrindən, ölümdən onun qədər
duyğulu və səmimi bəhs edən başqa bir şair
tapmaq, demək olar ki, mümkünsüzdür.
Yunus
Əmrənin düşüncəsi
Yunus Əmrə şair olmaqla yanaşı, mütəfəkkirdir. Onun mənsub
olduğu düşüncə sisteminin adı isə təsəvvüfdür.
İslam dininin xüsusi şərhi olaraq ortaya
çıxan bu məfhum ən güclü təmsilçisini
Yunus Əmrədə tapmışdır. Bu
məfhumun özünü isə çox səmimi bir Allah və
insan sevgisi təşkil edir. Buna görə
sevgi mərkəzli bir həyat, varlıq, bilik fəlsəfəsi
ortaya qoyur. Bu fəlsəfədə
bütün varlıqlara hörmət əsasdır. İnsanın Allahı tanımasında ən
böyük dəyər isə eşqdir. Bu
baxımdan bilik anlayışı da buna görə
formalaşır və insanın özünü bilməsi ən
dəyərli bilik növü olaraq görülür.
Təsəvvüf düşüncəsinin önə
çıxan digər bəzi xüsusiyyətləri isə
bunlardır. Vəhdət-i vücud (varlıq birliyi) əsasdır.
Amma bu birlik düşüncəsi, sadəcə
Tanrı-İnsan birliyini deyil, eyni zamanda, sosial birlik fikrini də
ifadə edir. Mövzuya bu baxımdan nəzər
yetirdikdə, insanlığı sülh, qardaşlıq, ədalət,
əmək, çalışmaq, mərhəmət,
paylaşmaqla dolu bir həyata çağırdığı
görülür.
Yunus
Əmrənin sosial missiyası
Yunus Əmrə öz dövründə iki önəmli
missiyanı yerinə yetirmişdir. Monqol
işğalı, Babailər üsyanı kimi hadisələrlə
dövlətini itirən, birliyi dağılan, maddi və mənəvi
cəhətdən müxtəlif çətinliklərlə
üzləşən, beləliklə, mənəvi-psixoloji
travmalar yaşayan insanların bu cür problemlərinin sevgiyə,
qardaşlığa, birliyə əsaslanan bir anlayışla
həll olunmasını təmin etmişdir. Bir növ mənəvi həkimlik etmişdir.
Yunus
Əmrənin gördüyü ikinci önəmli iş isə
Türk birliyinin bəyliklərə
parçalandığı bir dövrdə türk bəyliklərinin
Osmanlı bəyliyi ətrafında birləşərək
yeni və böyük bir Türk dövlətinin qurulması
fikrinin yaranmasına təsir etməsidir. Digər
tərəfdən, şeirində bəhs etdiyi həyat, insan,
varlıq, bilik, əxlaq, dəyər qavramları ilə
Osmanlı dövlətinin qurucu ruhu oldu.
Türk
dünyasının ortaq dəyəri
Yunus Əmrə Anadoluda yaşamış bir şairdir. Lakin türkcə
şüuru, türk millətinə aidlik duyğusunun yüksəkliyi
və türklərin müştərək inancı olan
İslam dininə bağlı olması, şeir və fikir
dünyasının türklərin ortaq atası Əhməd
Yasəviyə bağlanması baxımından bütün
dünyadakı türklərin də ortaq dəyəridir.
Bu baxımdan, Türkiyə xaricində,
xüsusilə Azərbaycanda və Balkan ölkələrində
daha çox tanındığını demək olar. Bəxtiyar
Vahabzadə, Məmməd Aslan kimi Azərbaycan şairlərinin
və Ənvər Baki, Fəxri Əli, Zeynəl Beksaç
kimi Balkan şairlərinin şeirlərində dərin Yunus
Əmrə təsiri və sevgisi hiss olunur.
Yunus
Əmrənin dünyəviliyi
Yunus Əmrə duyğu, düşüncə və
anlayış dünyasının mərkəzinə
insanı qoyduğu üçün həm milli, həm də
dünyəvi bir dəyərimizdir. O, xüsusilə insan sevgisi səbəbi
ilə Qərb ölkələrində və Amerikada diqqət
çəkən bir şair olmuş, şeirləri başda
ingilis dili olmaqla, italyan, fransız və s. dillərə tərcümə
olunmuşdur.
Yunus Əmrənin düşüncə
dünyasındakı zənginlik daha sonra Qərb
filosoflarına da təsir etmişdir. Bu gün xüsusilə
humanizm, ekzistensializm fəlsəfəsində Yunus Əmrə
izlərini və təsirlərini görmək
mümkündür.
Yunus
Əmrənin əsərləri
Yunus Əmrə əsərləri ilə də türk
mədəniyyətinin çox önəmli bir ismidir. Onun geridə
iki əsəri qalmışdır. Bunlardan
ilki lirik şeirlərinin yer aldığı “Divan”dır.
Yunus Əmrə əsl şöhrətini bu əsərinə
borcludur. Çünki bu kitabdakı
şeirlər istər dil, istərsə də ifadə və
məna baxımından çox yüksək səviyyədədir.
Yunus Əmrənin əsl şairlik gücü
bu əsərdə görülür.
Yunus Əmrənin digər əsəri isə “Risalətün-Nüshiyyə”
adlı məsnəvisidir. “Nəsihət
kitabı” mənasını verən bu əsərində təsəvvüf
səfərinə çıxacaq birinin yaşayacağı
proseslər hekayə edilir. Əsər bu
baxımdan dərviş namizədləri üçün bir
bələdçi kitab rolunu oynayır. Lakin
insanlığın mənəvi və ruhi mənada
inkişaf etməsi, müsbət mənada dəyişməsi
mövzusunda ortaya qoyduğu görüşlərlə
bugünkü müasir dövrün insanına da xitab edən
bir xüsusiyyət daşıyır.
Mustafa Özçelik Şair, yazıçı
Yeni Azərbaycan.-
2021.- 28 may.- S.5.