Evdə qayınanalığı Aqil Abbas
edir
Məmməd Araz adı mənə heç
vaxt kömək olmayıb, əksinə...
O sərt
baxışlarının arxasında bulaq kimi çağlayan
gözlərini gizlədir, tanıyınca qaya kimi sərt
duruşunun altında xəfif bir qadın dayandığını
görürsən. İradə Tuncay kimdir desələr,
“çölü özgələri, içi özünü
yandıran” qadın deyərdim mən. Taleyinə, eyni zamanda
şair Məmməd Arazın qızı, deputat Aqil
Abbasın ömür yoldaşı olmaq da yazılıb.
“Yeni Azərbaycan”ın müsahibi
yazıçı, publisist, “Ədalət” qəzetinin baş
redaktoru, Əməkdar jurnalist
İradə Tuncaydır.
- İradə xanım, sizin haqqınızda
danışanda dedilər kənardan qaya kimi sərt
görünsə də, pambıq kimi yumşaq ürəyi
var. Siz özünüz haqqında nə deyərdiniz?
- Baxır hansı vəziyyətə, hansı
məsələyə münasibətdə. Ola bilər zahirən
sərt görünəm, amma demək olar ki, mülayim
insanam.
- Sizcə Aqil
Abbasla bir-birinizə hədiyyəsiniz, ya sınaq?
- Qismətdir də. Mən bunu hədiyyəyə,
sınağa bölməzdim. “Min acını bir şirinə qurban vermək” kimi bir
deyim var. Aqil Abbasın da mənfi tərəflərini müsbət
tərəfləri
üstələyir. Mən onu idarə
etməkdə çətinlik çəkirəm. Amma həm
də insanı dəyişmək
olmaz axı. Gərək buna
çalışmayasan. Xarakter etibarilə
bəzi şeyləri qəbul edə bilmədiyimə görə,
mənə çətin olur. İnsan kimi
çox yaxşı xasiyyətləri var, müsbətə
meyilli tərəfləri çoxdur. Kaprizləri
həmişə olub. Bəzi şeylər
var ki, mən onda onu görmək istəməzdim, amma olur.
Çox zaman elə bilirlər ki, deputatlar kef
edirlər, bir əli yağda, bir əli balda yaşayırlar.
Hamısı belə deyil. Bir deputat səhv edəndə
bunu ümumiləşdirib bütün deputatların adına
yazırlar. “Troll sürüsü” var ki,
gözləyir, sən bir səhv edəsən, başlasın
söyməyə. Aqil Abbas
danışanda, ümumiyyətlə fikirləşmir ki, bunu
desəm, nə deyəcəklər. O mənada onu qorumaq
mənim boynuma düşür. Bəzən də
danışmasına veto qoyuram.
- Amma siz
də susmursunuz. Hər kəsin meydanı olan
sosial şəbəkələrdə çox rahat, azad, bəzən
də inqilabi fikirlər bildirirsiniz.
- Mənim
inqilabi danışmağım heç kimə təsir etmir. İnqilab əgər həyatda nəyisə
yaxşı mənada dəyişəcəksə, olsun.
Bir var evrim, bir də var devrim. İnqilab devrimdir.
Fikrin dəyişməsi evrimdir və bizim cəmiyyətin
evrimə daha çox ehtiyacı var. Üzü Sabirdən bu
yana “Oxutmuram, əl
çəkin!” şüarına
sadiq qalmış insanlarıq. İndi də
“oxumuram, anlamıram, əl çəkin!” deyirik. Nə qədər aydınlarımız çərləyib
öldülər, bəs biz nə zaman yaxşı mənada dəyişəcəyik? Düşünə bilən
insanlar bu cəmiyyətdə əziyyət çəkirlər...
- Necə
düşünürsünüz, doğru cəmiyyətdə
doğulmusunuz?
- Yox. Ən azından miqyas başqa olmalıydı.
- Bu
sözdən sonra cəmiyyətin sizə hücuma keçməsindən
qorxmursunuz?
-
Daşqalağı süni şəkildə təşkil etməsələr,
qorxmuram. Ağıllı, ziyalı insanlar nə demək istədiyimi
anlayacaq, anlamayan da fikrimə öz bildiyi donu geyindirəcək.
- Məmməd Arazın qızı deyil, sadə bir
sürücünün, bir fəhlə babanın qızı
olsaydınız, bugünkü kimi İradə Tuncay
olardınızmı? Bu adın sizin taleyinizdə, karyeranızda köməyi olub?
-
Heç şübhəsiz, yetişdiyim mühit mənim həyatıma
öz möhürünü vurub. Mən
varlı, imkanlı ailənin qızı deyildim. Sadə
bir qələm adamının qızıydım və onun qələmini
götürüb yoluma davam etdim. Başqa cür necə olardım,
bilmirəm. Amma
atam, onun adı mənə kömək, dəstək
olmayıb. Məmməd Araz adı mənə
hansısa təkanı verməyib. Adının
gücləndiyi, sözünün keçdiyi vaxtlarında o
çox ağır xəstəydi və bizim ona deyil, onun bizə
ehtiyacı var idi. Əksinə, Məmməd Araz adına görə mənə bir az da zərbələr
dəyib.
- Bəs Aqil Abbasla necə? Onun adının kölgəsi olub?
- Aqil
Abbas, adının gətirdiyi gurultunu hamıya anlada bilən
adamdır, atam elə deyildi.
-
Atanız adından istifadə etmirdi?
- Yox. Amma Aqil Abbas başa düşmək istəməyən
adamı onun öz dilində başa salmağı bacarır.
Məsələn, qonşu təmir edir, səs-küy
var, istirahət günüdür. Sən
yumşaq dillə başa salmaq istəyirsən, anlamır.
Aqil Abbas, gedir, hay-küy salır və səs-küy
dayanır. Deməli, insanlarla anladığı
dildə danışmaq lazım imiş.
- Ailədə
də belə coşqundur?
- Elə
şeylər var ki, Aqil onları net şəkildə tələb
edir. Amma çox əsəbi olduğumu görəndə
bəzən susur. Bəzən də mən
danışmıram, qorxuram. Kirimiş
dururam.
- Nənələrin
alqışı vardı, “əl çörəyi yox, ər
çörəyi yeyəsiniz” deyə. Əslində,
əlinizin çörəyini yeyəcək gücdə
qadınsınız. Aqil bəy olmadan
güclü İradə olardınız?
- Ər çörəyi rahatlıqdır da. Deyim ki, mən
onsuz olmağa cəhd etmişəm, yox. O mənə
arxadır, dayaqdır. Həmişə olsun.
Bütün qadınlara bunu arzu edirəm.
- Sizin
yerinizdə olmaq istəyən çox qadın olub. Qısqancsınız?
- Həm
də çox. Amma səbəbsiz yerə deyil.
O mənada Aqil Abbasdan çətin adam sanmıram
ki, olaydı. Aqilə də çox can atanlar olub,
o da ətrafa çox can atıb. Amma həmişə
bilmişəm ki, qayıdacaq evinə. Ağıllı
insandır o anlamda. Yəni getmək barədə
düşünməyib və bunun söhbəti də
olmayıb. Həmişə susmuşdum, son illər susa bilmirəm.
- Belə
çıxır ki, yenə qısqandırmağa davam edir?
- Edir. Yəni mənim susduqlarıma hər qadın susmaz.
- Sevib evlənmişdiniz?
- Hə. Amma yəqin hansısa hesab da olub. Aqil Abbas
deyirdi ki, bir dəfə Səməd Vurğunun nəvələri
efirdə danışırdı, düşündüm ki, nə
xoşbəxt uşaqlardılar. Yəqin o
da öz övladlarının həm də Məmməd
Arazın nəvələri kimi tanınmasını istəyib.
Ümumiyyətlə, Məmməd Araz adı
onu cəlb edib. Onun ailəsi mənim ailəmdən
daha imkanlı idi. Seçim edərkən
yəqin bir kasıb yazıçının
qızının nələri görüb- götürəcəyini
bilirdi. Mən isə onun ədəbiyyata olan sevgisinə
görə
seçim etdim.
-
Keçmişin ətrini xatırlayıram demisiniz bir yazınızda.
Ən ətirli günləriniz
hansılardır.
- Mənə
gələn gəlincik hədiyyələrini, ad günlərini,
evimizə gələn tanınmış qonaqları
xatırlayıram. Amma sonra dağıldı hər
şey. 14 yaşlı bir uşaq üçün şöhrətli
atasının belə vəziyyətə düşməsini
görmək çox ağrılıydı.
-
Çox səyahətlər etmisiniz. Ən
çox nə cəlb edib sizi? Ümumiyyətlə,
şərq, yoxsa qərb ruhlu insansınız?
-
Avropalıların rahatlığını, azad ruhunu sevirəm.
Hər dəfə düşünürəm
ki, bizim insanlarımız niyə belə deyillər? Bu, maddiyyatla bağlı deyil. Biz
axı kasıb ölkə də deyilik. Onların
qəlb rahatlığı var. Kimsə kimsənin işinə
qarışmaz, dönüb baxmaz, kimsə “ay camaat nə deyər?”
düşüncəsinə düşmür. Məsələn, Praqada şəhərin
ehtişamını da görürsən, insanların sadəliyini
də. Strasburqu çox sevmişəm.
Mən tarixi şəhərləri daha çox
sevirəm. Yəqin buna görə
Dubayı heç sevmədim. Bir də
Sinqapur xəyal qırıqlığı yaratdı. Şərqdə Qərbin yaratdığı bir
şəhər-dövlətdir. Qadağalarla
yaşayan, qadağalara tabe olan. İranda da olmuşam. İran
kəndlərinin səfalətini görmüşəm.
Bir də anlamıram hansı səbəbə
görəsə, qəbirlərinin üzərinə zəncirlər
dolayıb qıfıllamışdılar. Düşmənlərin intiqamındanmı
qoruyurdular, ya nə idi, onu bilə bilmədim. Qərb ruhluyam mən. Yəni
hansısa informasiya mənə aid deyilsə, mənə aid
olmayan işləri özümdən uzaq tutmağı
bacarıram. Təbii ki, vətənim,
xalqımla bağlı məsələlər istisna olmaqla.
Kövrəlmək, sulugözlülük də
məndə yəqin Şərqdən qalmadır. Şərqdə ağlamağı, ahu-zar etməyi
sevirlər axı.
-
Ağlamaq zəiflikdir sizcə?
- Əsla yox. Hər adam ağlaya bilir bəyəm?
-
Müsahibəmiz zamanı gözləriniz dəfələrlə
dolsa da, bu məqamlardan qaçmağa
çalışdığınızı da hiss
etdim.
Anarın bir
sözü var. Xatirələrin dəvəti məni kədərləndirir.
- Necə
düşünürsünüz, millət olaraq
özümüzə çəkdiyimiz sədlər, sərhədlər,
mentalitet anlayışı çərçivəsində
hördüyümüz qəfəs bizə çoxmu mane
olur?
- Bəzi
şeylər var ki, onları unutmaq, kənarlaşdırmaq
olmaz. Unudursan ki, sənin utanacaq bir kəsin yoxdur, onda
da ortaya bu gün
hamımızı utandıran görüntülər
çıxır. Görürük də sosial
şəbəkələrdə nə oyunlar
çıxarırlar. Hər kəsin bir ətrafı
var, biz cəmiyyətdən kənarda yaşamırıq.
- Qırmızısözlü adamlar var. Hər şeyi hər
kəsin üzünə deməklə “düzdanışanam”
deyib öyünən. Bu necə yanaşmadır sizcə?
- İnsana ziyan gətirən bir vərdişdir. Bəzən
olub mən də etmişəm, demişəm, sonra peşman
olmuşam ki, o adama ağrı verdim. Nahaq
elədim.
- İndi sözü ütüləməyi
bacarırsınız?
- Son illərdə
görünür daha müdrik olmuşam,
ağıllanmışam. Həmişə
alınmasa da, bacarmağa çalışıram.
- Bu
ayın 9-u ad gününüzdür. Zəfər
bayramımızla üst-üstə düşür. Hansı duyğuları yaşayırsınız?
- Bu 44
günlük müharibədə mən çox
ağladım, əzab çəkdim. Qələbə
sevincimiz var. Amma şəhidlərimizin ağrısı da
var. Bu anlamda mən yəqin ki, bir daha özümə ad
günü etməyəcəm. Ağrı var. Hərçənd
hesab edirəm ki, millət olaraq da bu kədərdən,
dərddən hansısa bir yolla qurtulmalıyıq. Bir ömür acılarla yaşamaq olmaz. 200
ildir Qarabağ, ermənilər, ümumiyyətlə bu mövzu bizə
yalnız dərd verib. Bu problemin kökündən
həlli vacibdir.
- Bayaq
dedim, bir çox qadınların gözündə kənardan
baxınca çox xoşbəxt ömür
yaşamısınız. Ömrün daha bir
payızını qarşılayırsınız. Hansı arzunuz var ki, onun yerinə yetməsini istərdiniz?
-
Yalnız övladlarımın sağlığını. Müəyyən yaşa çatınca anlayırsan
ki, bu dünyada övladlarının
sağlamlığından önəmli heç nə yox
imiş. Yalnız yaşlanınca başa
düşürsən ki, insanın səadəti övladlarındaymış.
2 oğlum ,4 qız nəvəm var.
- Necə
qayınanasınız?
- Mən
qayınana deyiləm ki. Bizim evdə qayınana
Aqil Abbasdır. Hamının işinə
qarışır.
- Ailə
qurmaq, əslində müharibə aparmaq kimidir...
-
Yaxşı müqayisə etdin. Gör nə qədər
strategiyan, taktikan olmalıdır ki, idarə edə biləsən.
-
Unutmursunuz qəlbinizi incidən şeyləri?
- Yox.
Müharibə dedin axı.
- O bilir?
- Bilir. Nəsə deyən kimi, deyir “yenə Fatma cijin
yadına düşüb”. Amma yenə
deyirəm, nələrisə nəyəsə qurban eləyirik.
İdeal mühit, ideal ailə harda var ki?
Söhbətləşdi: İlhamə
Rəsulova
Yeni
Azərbaycan.- 2021.- 4 noyabr.- S.8.