Mənliyimiz, kimliyimiz

üçrəngli bayrağımız...

 

Bayraq dalğalananda...

 

Dövlət rəmzləri heç də hər zaman insanların ürəyinə yatmır. Bəzən onlar bu rəmzləri məcburiyyət üzündən, diktə ilə qəbul edirlər. Məsələn, keçmiş sovet dönəmində insanlar saxta, qəlp rəmzləri qəbul etməyə məcbur idilər. Ürəklərdə isə onların heç biri üçün yersevgi hissləri yox idi.

Müstəqil Azərbaycanın ay-ulduzlu üçrəngli bayrağı isə yaşından, cinsindən, sosial statusundanyer üzünün hansı yerində yaşamasından asılı olmayaraq,  bütün azərbaycanlıların hər zaman başlarının üstündə görmək istədikləri rəmzlərdən biridir. Bu bayraq hər birimizin “mənliyinə”, “kimliyinə” çevrilib. Onu başımız üstündə dalğalandıranda qəlbimiz sonsuz iftixar hissi ilə dolur, özümüzü güclü, yenilməz və bəxtəvər sanırıq. Bayrağa olan sevgimiz canımıza, qanımıza işləyib. Bu sevgi dəniz, okean qədər hüdudsuzdur. Üçrəngli bayrağımız bizi həmişə öz arxasınca aparır. Ötən il 44 günlük Vətən savaşında bütün dünya bayrağımızın cazibə qüvvəsinin şahidi oldu. Müzəffər Silahlı Qüvvələrimizin əsgər və zabitlərinin, arxa cəbhədə Orduya bacardığı dəstəyi verən milyonlarla insanın yeganə arzusu, diləyi üçrəngli bayrağımızın üç onillik ərzində işğal altında qalan şəhər və kəndlərdə dalğalanmasını görmək idi. Ordumuzun əsgər və zabitləri bayrağımızı öpərək, onu qatlayıb ürəklərinin başına qoyaraq döyüşlərə gedirdilər və ondan mənəvi güc alaraq düşmənə aman vermirdilər. Şuşanın işğaldan azad edildiyi ötən ilin bu günlərində düşmən mətbuatı yazırdı: “Haradandır azərbaycanlı döyüşçülərdə bu qədər bayraq sevgisi? Döyüşlərdə həlak olan bütün əsgər və zabitlərin ciblərində bayraq daşıdıqlarının şahidi oluruq”.

Ermənilərin  Azərbaycan döyüşçüsünün bayraqtorpaq sevgisini dərk etməsi çətin məsələdir. Çünki onlar özgə torpaqlarında müharibə aparmağa təhrik edilmişdilər, buna görə də bir ayaqlarını həmişə qaçaraq qoyurdular. Azərbaycanın əsgər və zabitləri isə 30 il davam edən torpaq, yurd həsrətinə son qoymaq  üçün döyüşlərə aslan kimi atılırdılar. Yaralanan hərbçilərimiz bayrağımızı öpüb gözlərinin üstünə qoyaraq “Vətən sağ olsun” deyirdilər. Gözü yaşlı şəhid analarının təsəlli yeri isə övladlarının tabutlarının ay-ulduzlu bayrağımıza bükülərək son mənzilə yola salınmaları olurdu...

Üçrəngli bayrağımızın Azərbaycanın dövlət rəmzlərindən biri kimi təsdiqlənməsinə gedən yol isə heçhamar olmayıb. Tarixə nəzər salaq. 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulduqdan sonra həmin il 9 noyabr tarixində bu bayraq ilk dəfə olaraq AXC Nazirlər Şurası tərəfindən rəsmi dövlət rəmzi kimi təsdiqlənib. Ancaq bəlli səbəblərdən Azərbaycan Xalq Cümhuriyyətinin ömrü qısa oldu. 1920-ci il aprelin 28-də cümhuriyyətin süqut etməsi ilə üçrəngli bayrağımız digər atributlarımız kimi dövlət rəmzləri sırasından çıxardılaraq sovet bayrağı ilə əvəzləndi. Ancaq həmin rejimin sərt qadağalarına baxmayaraq, üçrəngli bayrağımız heç vaxt unudulmadı.

Və nəhayət o gün gəldi. Xalqımız üçrəngli bayrağımızın yenidən dövlət rəmzi kimi təsdiqlənməsinin sevincini Naxçıvan Ali Sovetinin Ulu Öndər Heydər Əliyevin Sədrliyi ilə keçən 1990-cı il 17 noyabr tarixli sessiyasında çıxarılan tarixi qərarlarla yaşadı. Sessiyada Ulu Öndərin təşəbbüsü əsasında  Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağı Naxçıvan Ali Məclisində qaldırıldı və dövlət rəmzi kimi qəbul olundu. Bu, Ulu Öndərin milli təəssübkeşliyinin, vətənpərvərliyinin və cəsarətinin ifadəsi idi. Bu tarixi hadisə imperiyanın hələ ayaqüstə olduğu, qılıncının dalının da, qabağının da iti kəsdiyi bir dövrdə baş vermişdi. Sonradan - 1991-ci il fevralın 5-də Azərbaycan Respublikasının Ali Soveti Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatətinə baxaraq üçrəngli bayrağın Azərbaycanın dövlət bayrağı kimi qəbul edilməsi haqqında qərar verdi.

Son 18 ildə respublikamızda üçrəngli bayrağımıza həm dövlət, həm də cəmiyyət səviyyəsində münasibət daha da möhkəmlənib. Buna Prezident İlham Əliyevin imzaladığı sənədlər öz müsbət təsirini göstərib. Xatırlatmaq yerinə düşər ki, Prezident İlham Əliyev 2007-ci il noyabrın 17-də “Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində Dövlət bayrağı meydanının yaradılması haqqında”, 2009-cu il noyabrın 17-də isə “Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününün təsis edilməsi haqqında” sərəncamlar imzalayıb. Bəhs olunan sonuncu sənədə əsasən ölkəmizdə hər il 9 noyabr Dövlət Bayrağı Günü kimi qeyd edilir. Dövlət Bayrağı Gününün təsis edilməsi Prezident İlham Əliyevin  müstəqilliyimizə, dövlətimizin atributlarına verdiyi yüksək dəyərin ifadəsidir.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 6 noyabr.- S.7.