Mən məğlub millətin, məğlub
şairi
kimi dünyadan köçməyəcəyəm...
Arzum gözümdə qalmadı
Evimin qapısını ağacdələndən
başqa kimsə döyməz
Demokratik Azərbaycan mətbuatının
təməlini “Gənclik”-”Molodost”
jurnallarıyla biz atdıq
Noyabrın birində Türk dünyasının
böyük şairi, poetik irsi xüsusi özəlliyə
malik olan, Məmməd İsmayılın 82 yaşı tamam
oldu. Hər kəlməsindən vətən eşqi, yurd həsrəti
axan, özü, sözü bir olan, sətirlərində
ürəyinin döyüntülərini verə bilən
şairdir Məmməd İsmayıl.
O, uzun illərdir ki, Türkiyədə
yaşayır, Çanaqqala Universitetində dərs deyir.
Ömrün 82-ci
payızını qarşılayan, dünyaya bir başqa
gözlə baxan fikir adamıyla söhbət mənə
heç asan deyildi. Ona görə söhbətə onun öz misralarıyla nərdivan
saldım. Və elə bir dünyaya baş vurdum ki...
Duyğularımı sözlə
ifadə etmək istəmirəm, o danışsın, biz dinləyək.
“Yeni Azərbaycan” xalqın şairi olmuş, amma Xalq
şairi ola bilməmiş Məmməd İsmayılla
müsahibəni təqdim edir.
- Məmməd müəllim, hətta ən
yaxın illərdə belə verdiyiniz müsahibələrdə,
məqalələrdə Türkiyədən qürbət deyə
bəhs etmisiniz. 30 ilə yaxındır Türkiyədəsiniz,
amma illər ötsə də, Vətən olaraq Tovuzun o cənnət
guşəsi Əsrik kəndini
görürsünüz? Vətəndən uzaqda
özünüzü necə hiss edirsiniz?
- Bir zamanlar bir şeir yazmışdım - Bircə ana-vətənmiş, yerdə qalanı qürbət!
Dünyanı gəzdikcə, dövranın istisi-soyuğu ilə qarşılaşdıqca bunun, həqiqətən də, belə olduğunu dərk edirsən. Tale deyilən qüdrət insana harada dünyaya gəlməyi, ilk dəfə günəşlə, ayla qarşılaşmağı uyğun görübsə və yaddaşının ilk oyanışı harada başlamışsa, ömrü boyu oranı unuda bilmir, fikrən də olsa, dönüb dolanıb dünya ilə ilk tanışlıq məskəninə qayıdır: Ağac böyüyüb kökündə qaçar, Ha qaçar kökündən ayrıla bilməz...misralarım elə-belə yazılmamışdı ki?!
Doğulduğu coğrafiyanın insan həyatında müstəsna əhəmiyyəti var. Anamız Yer kürəsindən və tale deyilən görünməzdən bəxtinə düşən Ana Vətən Doqquzoğuz-Tovuzdursa, işin rəngi dəyişir. Gözünü açıb elə mühitə düşürsən ki, sübh günəşi Qızılqayanın zirvəsini çərtib gözlərini qamaşdırar, axşamın günəşi Kəmər qayasının başından qüruba enəndə “ayağı daşda, başı savaşda” olan, “çörəyi” sarp (sıldırım) qayalardan çıxan və hər kəsin görüb, amma anlamını dərk etmədiyi möcüzə heykəli kimi göylərə yüksələn tək dağdağanı qızılı rəngə boyayanda fərqinə varırsan ki, vətən nəymiş və onun təkrarolunmazlığı, möcüzəsi nədən ibarətmiş...
Və qulaqlarında: “Hər kənddən bir dəli, Əsrikdən əlinə kim keçsə, gətir” atalar misalı səslənib, ürəyində təlatüm qoparanda, aşıqların toy-düyünlərə çəkinə-çəkinə gəldikləri bu kəndin el şənliklərində:
Bir atlı qasid göndərin yuxarı Əsrik-Cırdaxana,
Orada mərd igidlər çoxdu, bəlkə tez tapa yaylığı...
Oxuyanda dərk edirsən hansı kandan, hansı məkana gəldiyini. O Qızıl qayanın, o Kəmər qayanın və o Kəmərin quşqonmazındakı “Tənhalıq çətinsə, mənə bax, yaşa!” təlqin edən tək dağdağanın ruhuna ömürlük həkk olunan pıçıltılarından güc alır və yalnız burada anamız Yer kürəsindən uşaqlıq payına düşən guşəni gəzib, nəfəsin havasından aldıqca əbədiyyətin var olduğunu, həm də başqa yerdə yox, səninçün yalnız burada var olduğuna inanırsan...
- Şeirlərinizdə
analı günlərinizdən, o balaca damda keçən
uşaqlıq illərinizdən elə yana-yana bəhs etmisiniz
ki, soruşmaya bilmirəm. O ev dururmu? Qapısını kim
açır, kim yiyə durur?
- Yaralı yerimə toxundunuz. O daxma bizim günlərə, ancaq mənim qayım yaddaşımda gəlib çıxa bilərdi...
Yaşyarım olanda atam İkinci Dünya müharibəsinə gedib qayıtmayıb. Müharibə illərinin çətinlikləri sözlə deyiləsi deyil. O zamanlar bir çox vergilər vardı, ən ağır vergi isə adambaşına qoyulan vergi idi. Biz-anamla mən əsgər ailəsi olduğumuz üçün vergidən azad olmalı idik, amma əmimgillə birlikdə yaşadığımızdan əmimdən bizə görə də vergi alırdılar, ona görə də rəhmətlik Şəmşəd əmim evin küncündəki arı damının üstündən bir baca açıb qarşısından da qapı qoyub bizi o daxmaya köçürdü. Mən o daxmada bacadan gündüzlər günəşin, gecələr ayın şəfəqlərini izləyə-izləyə və uzun qış gecələri qonşu divarın arxasında cürəsini dilə gətirib döyüşlərdən qayıtmayan qardaşlarının dərdinə yas tutan əmimin qaya dibindəki tənha bulaq tək gümüldəyən saz səsini dinləyə-dinləyə böyüdüm və beləcə, bacadan düşən günəş, ay işığını tutub dünyaya çıxmaq arzusuna düşdüm. Mənim şairliyim bacadan düşən günəş-ay işığı ilə əmimin çaldığı cürənin ağrılı fəryadından qaynaqlanır desəm yeridir. Aşıqdan aşıq, şairdən şair olan Şəmşəd əmim dünyasını dəyişəndə haradasa 4-5 yaşım olardı.
Əmimoğlu evlərini yıxıb özünə təzə bir ev tikdirəndə bizim də daxmamız yıxılacaqdı. Və... biz ana-bala əl-ələ verib özümüzə təkotaqlı bir ev tikdirdik, mən daş daşıyır, anam palçıq qarışdırır, bənna da divar hörürdü, tək-tənha, köməksiz, kimsəsiz... O zaman mənim haradasa 17-18 yaşım olardı. Sonralar yazılacaq bir şeirimdə o hadisələr belə dilə gələcəkdi:
Mənə
ev tikirdik o ilin yazı,
Gecəni yatardıq kiçik dəyədə.
Bizim qəlbimizdə
səhər dünyası,
Ümidlə
baxırdıq gələcəyə də...
Bax,
sonralar tək-tənha qalan, qapısını ağacdələnlər
döyən “Ağacdələn” şeirimin yazılmasına
səbəb olan, ev o ev idi... Sonrakı illərdə
o təkotaqlı evin arxasında bir az daha
böyük ev tikdirəcəkdim. Amma anamdan yadigar o təkotaqlı
ev yeni tikilən evin önünü kəsdiyindən
uçurtmaq istəyəcəkdim. Moskvadan qonaq
gəlmiş rus şairi Leonid Litının “o evdə
ananın xatirəsi var uçurma, uçursan daha şeir yaza
bilməyəcəksən” deyəcəkdi. Amma mən
şair dostumun sözünə baxmayıb, o evi
uçuracaqdım və dediyi kimi də olacaqdı haradasa 10 il şeir yaza bilməyəcəkdim. Arada
möcüzə baş verəcəkdi, döyməyə
taxta qapı tapmayan vəfalı ağacdələnlər bu dəfə
də təzə evin həyət qapısının
qarşısındakı mazutlu elektrik dirəyində
üç deşik açıb yuva qurub mənim hələ
də tənha qalan yetim evinin keşiyini çəkəcəkdilər.Yəni
o evin qapısı hələ də bağlıdır və
ildə-ayda özüm getməsəm, onunla kimsə maraqlanmaz,
belə olduqda yenə də var olsun Allahın sədaqət
örnəyi olan ağacdələnlər...
- Məhəmməd
Füzulinin qapısını badi-səbadan qeyri kimsə
döyməzdi, Məmməd İsmayılın
qapısını da ağacdələndən. Ağrılı bənzətmədir.
Necə düşünürsünüz,
ağrılı-acılı, yoxluq içində, amma təbiətin
ətrini duyaraq böyümənizin şair kimi
formalaşmanızda rolu var?
- Bu suala
haradasa yuxarıda cavab vermişdim. Yaşadığın
mühitin, soy ağacının insan taleyində əvəzsiz
rolu olduğunu biz yaşlaşdıqdan sonra öyrənirik.
Şəmşəd
əmim dünyasını dəyişdikdən və mənim
ağlım kəsməyə başladıqdan sonra onun necə
bir usta söz adamı olduğunu öyrənəcəkdim,
amma nə yazıq ki, onun şeirlərini vaxtında dəftərə,
kağıza köçürən olmamışdı. O illərdən
qulağımda qalan iki bəndi mükəmməlliyi ilə hələ
də məni heyrətləndirməkdədir:
Geyinibsən
komsomolka
Bürünübsən şal, ay Lala.
Yön
çevir Əsrik elinə,
Quvarransın yol, ay Lala.
İçimdəki
qarşısıalınmaz enerjinin üzə
çıxmasının başqa bir səbəbkarı isə
Şəmşəd əmimin zamansız ölümündən
sonra sınıq cürəsini uzun qış gecələri
qoltuğuna vurub səsi olub, saz çala bilməsə də
kökdən düşmüş telləri
dınqıldadıb müharibədən sonrakı o ehtiyac illərində
anaş toyuq balalarını qanadının altına
yıdığı kimi bütün qohum- qonşu
qadınları (Müharibə kəndin
başıpapaqlılarını çoxdan silib
süpürmüsdü) və biz yetim uşaqları
hisli-paslı kərənli uzun qara damın altına
yığıb söylədiyi hədisləri,
nağılları ilə addamaş rolunu oynayan Rəhim əmi
olacaqdı. Rəhim əminin söylədiyi hədis
və nağıllara ağlım kəsəndən sonra
heç yerdə rastlamadım. Oxumamış, təhsil
görməmiş bir adam bu hədisləri,
nağılları haradan öyrənə bilərdi axı?!
Deməyim odur ki, biz bəxtimizə düşən tale
payının və doğulub böyüdüyümüz
ortamın övladı və məcmusuyuq.
- “Şairin karyerası yox,
taleyi olur, yaradan qarşısında seçdikləri yolu Yer
üzündə unudanların həyatı alınmır”
demisiniz bir dəfə. Siz
Yaradan qarşısında da şair olmağı
seçmişdiniz. Taleyinizdən
yarıdınızmı?
- Bir
şeirimdə dediyim kimi:
Seçilən bəndədir,
seçən Allahdır.
Bir fəlsəfi essemdə yazmışdım ki, o
dünyadan bu dünyaya ruh halında yol salınanda Allah gələcəyimiz
dünyada nə olmaq istədiyimizi soruşur və bizdə
şüuraltı bir oyanışla fikrimizdən keçənlər
ya da ilahi qüdrətin özünün bizə səssiz diktə
etdiyi peşəni söyləyirik. Amma ruhun bu dünyaya yolu doqquz ay ana
bətninin qaynar qaranlıq tunelindən keçir və bu
tuneldə çox şeylər unudulur, vücud axtaran ruh
yerini aldıqdan, körpə adam olduqdan
sonra yalnız yaddaşı qayım olanlar ruhlar aləmində
Allaha verdiyi sözü xatırlayıb yoluna davam edir:
Unutqanlar isə...
Nə olur olsun, bəxtimə düşənlərdən
razıyam. Bir ay əvvəl L.N.Tolstoyun “Etiraflarım”
kitabını oxuyub qurtarmışdım. İndi
gördüyüm mənzərələrlə, heçlik nəğməsini
oxuyan çevrə ilə 50 yaşında ən ünlü və
məhsuldar vaxtında çıxılmazlıq içinə
girən Tolstoyun fikirləri necə də bir-birini
tamamlayır:
“Artıq gerçəyi kəşf etmək belə istəmirdim,
çünki mənimçün həyatın heç bir
anlamı yoxdu. Sual – Nədən
yaşayıram? Cavab - Sonsuz kosmos və zamanda,
sınırsız sayda var olan parçacıqlar saysız
mürəkkəb dəyişimdən keçərlər və
bu dəyişimləri idarə edən qanunları öyrəndiyimiz
zaman nədən
yaşadığımızı öyrənmiş oluruq...
- Belə çıxır ki, Kaalu
Bəla hadisəsinə inanırsınız. Reinkarnasiyaya
inandığınızı bilirəm.
- Sokrat
özünü ölümə hazırlayarkən “həqiqətı,
sadəcə, həyatdan uzaqlaşa bildiyimiz ölçüdə
yaxınlaşa bilirik, ağıllı bir adam
həyatı boyunca ölümü axtarar, bu səbəbdən
də ölüm onun üçün qorxuverici olmur, - deyirdi.
Süleyman peyğəmbərə görə
beyhudəliyin beyhudəliyi beyhudəlikdir. Bir nəsil gəlir, diğəri köçür,
fəqət dünya yenə də dönməyə davam edir.
Keçmişdə var olan gələcəkdə
də var olacaqdır. Günəşin
altında heç bir şey yeni deyildir. Bütün
bunlara baxmayaraq, yaşayanların içində bir bu qədər
ümid hardan qaynaqlanır. Əgər varsam, var
olmamı saxlayan, bütün səbəblərin səbəbi
olan bir səbəb
olmalıydı.
Var olan hər şeyin səbəbi Tanrıdır.
- Biz dörd nəfər idik,
Təpəl qoyun idi,
gəzəl alma idi,
Anamdı, məndim...
Niyə 3 ana? Niyə məhz gəzəl alma, təpəl
qoyun. Məncə bu şeirinizin də
arxasında ömrünüzün ağrılı bir hissəsi
gizlənib.
- Bu
şeir bütünlükdə, mənim həyatımın
özətidir. Və bu şair fantaziyasından
yaranan bir şeir də deyil. Fədakarlıq
türk insanının anadangəlmə xarakteridir. Bu, folklorumuzda da belədir, yazılı ədəbiyyatımızda
da. Ç.Aytmatovun “Dəniz kənarıyla qaçan
alabaş” və
Hüseyn Nihal Atsızın “Bozqurdlar” əsərlərinin
əsas qayəsi gələcək həyatı yaşatmaq
üçün özünü fəda etməkdir. Və
dediyin 3 ana-təpəl qoyun, gəzəl alma
və anam üçü də işləyib əldən
düşüb mənim uğrumda, özlərini məhv edib
məni müharibənin, aclığın, ehtiyacın əlindən
aldılar. Bu mövzu şair təxəyyülü
deyil. Atam müharibəyə getdikdən
sonra anam məni zülüm-zillətlə böyütməyə
başlamışdı. Kolxozdan bizə verilən məhlə
yerində yalnız bir çökürlü gəzəl alma vardı. Meyvəsini,
yarpağını heyvanlar belə yeməzdi. Və günlərin birində anam yolda köçdən
yorulub qalan bir quzu tapıb gətirdi. Sahibi
çıxmadığına görə quzu bizim oldu.
Quzu böyüdü və ildə iki dəfə əkiz bala verdi. Bir yaz məhlədə yer əkərkən
gəzəl almanın dibindən sapsarı bir alma
çıxdı, nağıllarda alma göydən
düşərdi, bu dəfə isə yerdən
çıxdı və başa düşdük ki, yerdəki
sarı alma gəzəl almanın meyvəsidir. Quzu qoyun olub
quzuladı, gəzəl alma meyvəsi ilə
bizə kömək etməyə başladı. Beləcə,
təpəl qoyun, gəzəl alma və anam üçü də işləyib
əldən düşüb məni odun-alovun içindən
çıxardılar, əvvəlcə təpəl qoyun bizi
tərk etdi, sonra bir payız gecəsi tufan gəzəl
almanı ikiyə parçaladı. O qış çox soyuq olsa
da, anam o almanı müqəddəs varlıq kimi kəsib
yandırmadı, yazda isə uzun bir yer qazıb almanı
torpağa dəfn etdi. Dünyanın ən uzun məzarı
idi bu. Elə o zaman anam mənə indi sıra mənə gəldi deyəcəkdi
və o da məni tərk edəcəkdi... İndi
mən o üç ananın gəzəri heykəli və
yadigarları kimi yaşamaqdayam.
- Saza qarşı da xüsusi sevgi var
sizdə. Sanki saz başqa bir dünyadır sizin
üçün.
- Mənim
belə bir ifadəm var, harda saz var, orada türk harada türk
var orada saz var. Allah yer üzünü sürgün yeri kimni xəlq
edib və insanın burada yaşaya bilməsi üçün
hər xalqa bir musiqi aləti göndərib, biz türklərin
payına saz düşüb. Saz bizim ruhumuzun tərcümanıdır.
- Bir zamanlar “Gənclik”
jurnalının baş redaktoru idiniz və bu jurnal öz
dövrü üçün çox populyar, oxunaqlı bir mətbu
orqan idi. Bununla bağlı xatirələriniz
varmı?
- Təvazökarlıq olsa da, deyim ki, demokratik Azərbaycan
mətbuatının təməlini “Gənclik”-”Molodost”
jurnallarıyla biz atdıq. Bu, etiraf olunsa da, olunmasa da, bomboz həqiqətdir.
Bizim etdiyimiz inqilabi işlər o dövrün mətbuat
rəhbərlərinin yatsalar, yuxularına da girməzdi.
Komsomolun orqanı
olmasına baxmayaraq, biz hər cür təhlükəni
gözə alıb o zamana qədər
qadağan olunmuş mövzuları gündəmə gətirdik.
Bu dediklərimin həqiqət olduğunu 1989-1992-ci illər
arasında dərc
olunan qəzet və jurnallarını vərəqləyib
“Gənclik”lə müqayisə etsəniz görərsiniz. “Gənclik” jurnalında ilk dəfə idi ki,
arzularımla imkanlarım üst-üstə
düşmüşdü və bunu yetəri qədər dəyərləndirə
bildim. Və bu gün unudulmağa
çalışılsa da, ya da “Gəncliyin”
uğurlarını öz adlarına çıxmağa
çalışanlar olsa da, bir gün əlahəzrət
zaman hər şeyi öz yerinə qoyacaq.
- Məmməd müəllim, xatirələrinizdə
həyatınızda rolu olmuş müəllimlərinizdən
sevgiylə bəhs etmisiniz. Bu gün
özünüz də universitetdə dərs deyirsiniz. Tələbələrinizlə ünsiyyətdə ən
çox nəyə üstünlük verirsiniz?
Onların tədris fənnini qavramasına yoxsa, müəllim-tələbə
münasibətlərinə. Çünki tələbələrin
ömründə sizin də mütləq iziniz olacaq.
- Siz gərək
mənim necə bir müəllim olduğumu tələbələrimdən
soruşaydınız. Ömrümün üçdəbiri
müəllimliklə keçdi və deyə bilərəm
ki, mənə bu şansı verən taleyə borcluyam.
- İşğaldan azad
edilmiş torpaqlarımıza gəlmək arzunuz varmı?
- Arzunuz
varmı da sözdürmü? Ürəyimin
başı da göynəyir. Şuşaya Vaqif günlərinə
ilk səfər zamanı Azərbaycanda idim və gizlətmirəm
içimdən o ilk dəstədə mənim də
adımın ola biləcəyini
düşünmüşdüm, buna bir baxımdan haqqım da
vardı.
Şuşayla
bağlı bir çox şeirlər yazmışdım, bunu
unutdurmağa çalışa bilənlər ola
bilər. Amma axı söhbət
“Vaqif” poeziya günlərindən gedirdi və Şuşaya
gedib özlərini göstərməyə
çalışanların çoxundan fərqli olaraq mən
M.P.Vaqifin hələ 2003-cü ildə Türkiyə Milli
Eğitim Bakanlığının nəşriyyatında
“Yaralı turna” adlı elmi şərhlərlə bir cildliyini
nəşr etdirmişdim. Və bu
barədə Azərbaycan mətbuatında da xəbərlər
verilmişdi, ən azı bu işimə görə mənim
“Vaqif” poeziya günlərinə gedənlər arasında
adım və yerim olmalıydı. Amma olsun, Vətən
torpağına sifarişlə, siyahi ilə gedilməz ki, ilk
imkan düşən kimi azad olunmuş Qarabağ
torpaqlarına gedəcəyəm. Mən məğlub millətin,
məğlub şairi kimi dünyadan köçməyəcəyəm.
Allaha qurban olum, arzum gözümdə qalmadı, müzəffər
Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad
etdi və mən qalib millətin qalib oğlu kimi çox
xoşbəxtəm.
Söhbətləşdi: İlhamə
Rəsulova
Yeni Azərbaycan.- 2021.- 11 noyabr.-
S.8.