Real
dünyanın xəyali sərvəti: Bu gün tezdir, sabah isə
gec olacaq
2030-cu ilə
qədər kriptovalyutalar kağız pulları əvəz edəcək
Rəqəmsal
eranın başlanğıcında
Dünya
valyuta bazarının məkanı kriptovalyutalar tərəfindən
fəth edilir. Qlobal iqtisadiyyat hər gün bir az daha da rəqəmsallaşır.
Dünya sürətlə nəzəri araşdırmalardan
real addımlara doğru irəliləyir.
BVF-nin
məlumatına görə, 110 ölkə rəqəmsal valyutanı (CBDC)
araşdırır. Kripto-bazarda hazırda 1400-dən çox
koin, tokenlər var. Onların 85%-nin gələcəyi
şübhə doğursa da, perspektivi olan kriptovalyutalar az
deyil.
10
ildən sonra artıq neft erasının sonuna
çatacağıq. Bu həqiqəti artıq siyasi liderlər
də dilə gətirirlər. Dünyada neft ehtiyatları
tükənməsə belə, yeni dünya yeni enerji növlərindən
istifadəyə başlasa, neft artıq arxa plana keçib daha
“qara qızıl” olmayacaq. 2015-ci ildə aparılmış tədqiqatlara
görə, dünyanın nəhəng neft
hasilatçıları olan ölkələrdən
Malayziyanın 15, Əlcəzairin 15, Anqolanın 12,
Meksikanın 11, İndoneziyanın 10, Norveçin 7,
Kolumbiyanın 6 illik neft ehtiyatı qalıb. Dünya yeni erada
texnoloji inkişaf və insan kapitalına verilən dəyərlə
meyarlar tətbiq edəcək. Hazırda inkişaf etmiş
ölkələrdə insan kapitalının həcmi artıq
75 faizə çatır. Azərbaycanda da modern
iqtisadiyyatın ən mühüm amilinə çevrilən
insan kapitalının formalaşmasına xüsusi diqqət
göstərilir. Səviyyə yetərlidirmi? Cavabı 10 il
sonra kadr potensialımızın səviyyəsi ilə görə
biləcəyik.
Bitcoini
rəsmi valyuta kimi qəbul edən Yaponiya və Salvadordan
sonra, daha bir ölkə bu sahəni leqallaşdırmaq yolunda
addım atıb. Almaniyanın məşhur banklarından biri
olan “Deutsche Bank” ötən ilin dekabr ayında dərc etdiyi
hesabatda ödəniş vasitəsi kimi alternativ valyutalara tələbin
artdığını qeyd edib. Bankın analitikləri hesab
edirlər ki, rəqəmsal ödəniş formalarına və
anonimliyə artan tələbat nəticədə 2030-cu ilə
qədər kriptovalyutalar kağız pulları əvəz edəcək.
2 il öncə Ukrayna parlamenti kriptovalyutalardan istifadəyə
icazə verilməsi və əməliyyatların tənzimlənməsi
haqqında qanun layihəsini qəbul edib.
Çin
hökuməti isə əksinə, 2018-ci ildə kriptovalyuta sənayesinə
ciddi ziyan vuran qərarlar verdi: kripto-birjalar və İCO-lar
üçün qadağa qoyuldu, kriptovalyuta mayninqi və mübadilə servislərinin
fəaliyyəti məhdudlaşdırıldı. Çin
hökuməti hesab edirdi ki, kriptovalyuta sənayesini məhdudlaşdırmaq
və ciddi nəzarətdə saxlamaqla milli valyutanı daha
stabil saxlamaq olar.
Yeni
reallıqlar-var olanla olmayan üz-üzə
Hələ
1973-cü ildə iqtisadçı və Nobel mükafatı
laureatı Fridrix fon Hayek şəxsi pul haqqında ilk
kitabında dövlət pul vahidlərinin inhisarının
azalacağını, özəl şirkətlərin
üstünlük əldə edəcəyini
yazmışdı. Təxminən 50 il sonra bu, həqiqətə
çevrilməkdədir.
Dünya
qarşılıqlı hesablaşmalarda yeni vasitələrin
meydana çıxması həqiqəti ilə üz-üzədir.
Artıq kriptovalyutalarla, xüsusən Bitcoin-lə fiat
valyutaların rəqabəti çətinləşib. Bu
gedişlə beynəlxalq hesablaşmalarda əsas rol oynayan Amerika valyutası
öz mövqeyini itirəcək. Səbəb dolların
qeyri-sabit hərəkətliliyidir.
Mərkəzi banklar, hətta rekord həddə bahalaşan,
mötəbər dünya valyutalarına qədər
bahalaşan adı olub , özü olmayan, həm var, həm də
yox olan pullara qarşı az qala müharibə elan
ediblər. 2010-cu ildə bir dollara min bitkoin verilirdisə, indi
bir bitkoinə 62-63 min dollar verirlər. Məsələn, beynəlxalq
səviyyədə və 1944-cü ildə Beynəlxalq Valyuta
Fondunun yarandığı formada həllini tələb edir. Rəqəmsal
valyutaya keçidlə prosesi tənzimləyən müəyyən
konvensiyalar tələb olunur. Belə boşluqla dollara
inamı bərpa etmək çox çətindir.
Bütün bunlar bir daha beynəlxalq valyuta
hesablaşmaları sistemində dəyişikliklərin zəruriliyindən
xəbər verir.
Ümumi
tendensiyaya əməl edən Azərbaycan Mərkəzi
Bankı vaxtaşırı rəqəmsal manatın
yaradılması üzərində də
çalışdığını elan edir. 2018-ci ildə
AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bu məsələnin
prioritet olduğunu, Türkiyənin tənzimləyici
orqanı ilə bu sahədə
çalışdığını bildirmişdi.
Təhlükəsizlik
naminə milli kadrlar vacibdir - Söhbət milyardlardan gedir
Sabiq
maliyyə naziri, professor Saleh Məmmədov isə hesab edir ki,
Azərbaycanda bu proses çox ləng gedir. O, “Yeni Azərbaycan”a
bildirib ki, bu gün dünya ölkələrinin təxminən
80%-i elektron pul buraxmağa hazırlaşır.
“Rəqəmsal
manata keçid bizim üçün inqilabi sosial-iqtisadi dəyişikliklər
deməkdir. Azərbaycanda bütün nağd pullar fiziki
dövriyyədə olduğundan bu yolda xüsusi çətinliklərimiz
var. Ölkədə hələ də nağd ödənişlər
ümumi ödənişlərin 40%-ni təşkil edir. Bu,
bütün iqtisadi və sosial orqanizmdə əsaslı dəyişikliklər
tələb edən çoxşaxəli prosesdir. Bütün
əlaqəli problemlərin həlli və həyata
keçirilməsi çox vaxt aparacaq.
Valyutanın
rəqəmsal transformasiyası üçün ilk növbədə,
həyatımızın bütün sahələrində
blokçeyn texnologiyalarının tətbiqi ilə
bağlı keçid proqramı hazırlanmalıdır. Amma
respublikada belə bir problemi həll etmək üçün
milli maliyyə mühəndisimiz yoxdur. Bunun üzərində
kibertəhlükəsizlik və məxfilik üzrə yerli
mütəxəssislər çalışmalıdır.
Yerli
universitetlər maliyyə mühəndisləri, maliyyə
texnoloqları, məlumatşünaslar hazırlamır, Qərbdə
belə kadrlar ötən əsrin 90-cı illərinin
sonlarından yetişdirilir. Hesab edirəm ki, ölkədə
bu məsələnin həlli üçün xarici
kadrların cəlb edilməsi təhlükəli ola bilər.
Söhbət sanal dünyada dövlətin və xalqın həcmi milyardlarla
ölçülən vəsaitinin idarə edilməsindən
gedir. Bu vəzifənin necə həll olunacağı sual
altındadır. Çünki tənzimlənmə prosesinə
nəzarət edəcək qanunlar yoxdur. Pul dövriyyəsinin,
emissiyanın və bütövlükdə bütün
prosesin necə tənzimlənəcəyini heç kim bilmir.
Qüvvədə olan qanunlar nağd və nağdsız
dövriyyəni tənzimləyir. Mərkəzi Bankın
göstərişləri və bir sıra ümumi qanunlar
yenilənməlidir. İnternetin, bank xidmətlərinin və
nağd puldan başqa pulun, internetin
olmadığı ucqar kəndlərdə bu çox
böyük problemdir. Pul dövriyyəsi və kreditləşmə
ilə bağlı başqa aydın olmayan məqamlar da var.
Ona görə də, rəqəmsal pula keçid məsələsinə
kompleks yanaşılmalıdır.
İxtisaslaşdırılmış tədqiqat strukturları,
rəqəmsal valyutanın buraxılması və
blokçeyn texnologiyalarının tənzimlənməsi, təminatn
formalaşdırılması ilə məşğul olacaq
elmi qurumlar lazımdır”- deyən alim iqtisadiyyatın ayaqda
durması, daim güclənməsi üçün ilk
növbədə, elm sahəsinin gücləndirilməsinin əhəmiyyətini
qeyd edib.
“Elm
olmayan yerdə sənaye ola bilməz. Hazırda qlobal dünya
4-cü sənaye inqilabı ərəfəsinə daxil olub.
Dünya ölkələrinə nisbətən müstəqillik
illərində elm sahəsində nəyə nail olmuşuq?
Azərbaycanda əhalinin hər 10 min nəfərinə elm sahəsində
çalışanların sayı 23 nəfər təşkil
edir. Bu rəqəm hazırda İsraildə 90 nəfər,
Sinqapurda 76, İsveçrədə
88 nəfərdir. Ölkəmizdə ixtira
üçün patentlərin sayı 1985-ci illə müqayisədə
7 dəfə azalıb, amma kiçicik Sinqapurda ixtira patentlərinin
sayı Azərbaycandan 60 dəfə çoxdur - 11000 ədəd,
İsraildə isə 38 dəfə çoxdur və 7000 ədəd
təşkil edib. 200 ölkə
üzrə elmin inkişafı indekslərinə görə
müsəlman ölkələrinin ilk yeri 35-c? yerdən sonra
başlayır, əksəriyyət göstəricilər
üzrə İslam ölkələri içərisində
Türkiyə, Malayziya, Ərəb Əmirlikləri gəlir.
İnnovasiya indeksi üzrə Azərbaycanın yeri təhlil
olunan 127 ölkə içərisində 100 ballıq
şkala ilə 30,6 balla 82-ci yerdədi, son beş ildə 71-ci
yerdən bu səviyyəyə düşmüşdü və
getdikcə də pisləşməyə doğru irəliləyir.
Elmsiz inkişaf yoxdur, elmin zəifləməsi ölkənin hərtərəfli
zəifləməsi deməkdir.
Elmin
gəncləşdirilməsi üçün elmin məktəblərə
yerləşdirilməsi zəruridir. Hər bir məktəbdə
müxtəlif sahələrdə elmi laboratoriyaların
yaradılması, şagirdlərin geniş miqyasda elmə cəlb
edilməsi zəruridir. İnkişaf etmiş ölkələrdə
müasir kəşflərin xeyli hissəsi şagirdlərə
məxsusdur. Əminəm ki, Azərbaycan gəncləri iş
düzgün qurulduğu halda böyük uğurlar qazanacaq.
Elm xərclərinin
ümumi daxili məhsulda (ÜDM) payına görə ilk yeri
İsrail tutur - 5%-ə yaxın. İnkişaf etmiş ölkələrin
hamısında bu göstərici yüksəkdir. Azərbaycan
bu göstərici üzrə 0,2% faizlə 91 ölkə
içərisində 66-cı yeri tutur”,- deyə
iqtisadçı alim qeyd edib.
“Ərazisi
125 dəfə Azərbaycandan, hətta Bakının
Qaradağ rayonunun ərazisindən kiçik olan Sinqapurun əhalisi
5,6 milyon nəfərdir, heç bir resursu, hətta içməli
suyu yoxdur. Elm hesabına dünyanın ən inkişaf
etmiş ölkəsinə çevrilib, Rusiya ilə Azərbaycanın
toplam ixracatından da çox məhsul ixrac edir. İldə
yalnız 70 milyard dollarlıq inteqral sxem, 200 milyarda yaxın
soft proqramlar, hard İT məhsullar, yüksək texnologiya
ixrac edir. Vaxtilə Malayziyadan müstəqillik qazananda iqtisadi
və hərbi güc fərqləri Azərbaycanla Rusiya
arasında olan fərq kimi idi. İndi müstəmləkə
Sinqapur yenə də elm hesabına müstəmləkəçi
Malayziyadan xeyli çox iqtisadi və hərbi gücə
malikdir”,- deyə o vurğulayıb.
Kriptovalyutaların
balaca tarixi
Kriptovalyutaların
tarixi qısa olsa da, kriptovalyutaların əsasında dayanan
Blokçeyn texnologiyasının xüsusiyyətləri gələcəkdə
yaranacaq kriptovalyutalar siyahısının daha da genişlənəcəyi
gözləntilərinə əsas verir.
İlk
dəfə 1998-ci ildə Vey Day “b-money” adlı yazı
çap edir ki, bu da anonim, paylaşdırılmış pul vəsaitlərinin
rəqəmsal sistemi idi. Bundan qısa zaman sonra Nik Sabo “bit
gold” sistemini yaratdı.
İlk
mərkəzləşdirilməmiş valyuta, “bitcoin” 2009-cu
ildə ləqəbi Satosi Nakamota olan şəxs və ya şəxslər
tərəfindən yaradılmışdı. 2011-ci ilin oktyabr ayında “Litecoin”
meydana gəldi. Kriptovalyutalar hər bir şəxsə sərbəst
qazan (eyni zamanda itirmək) şansı verdiyinə görə,
onunla maraqlananlar az deyil. Kriptovalyutalara investisiya etməklə
gəlir əldə etməyin 4 əsas üsulu var:
kriptovalyutanı alıb uzunmüddətli mövqedə
bahalaşmasını gözləmək və
bahalaşdıqdan sonra satmaq; kriptovalyutalarla ticarət etmək
və onların məzənnə fərqində qazanmaq;
xüsusi mayninq üçün avadanlıqlar almaqla
kriptovalyuta əldə etmək; ICO və İEO-larda
iştirak etməklə şirkətlərin (startaplar) daxili
valyutası olan - token almaq. Layihə uğurlu olacağı təqdirdə
tokenlərin dəyəri qalxır.
Bu
günlərdə ortaya bir Libra termini də atılıb.
Libra kriptovalyuta deyil və əslində dövlətlərin
pul buraxılışı monopoliyasına alternativ kimi
“Facebook” tərəfindən yaradılması
planlaşdırılan rəqəmsal valyutanın yeni bir
növüdür. “Facebook” iyun
ayında Libra layihəsini təqdim etdikdən sonra maliyyə
sektoru və xüsusilə kriptovalyuta cəmiyyətində
yeni bir canlanma müşahidə olundu. Başda ABŞ olmaqla
dünya dövlətlərinin maliyyə tənzimləyiciləri
və beynəlxalq maliyyə təşkilatları Libra ilə
bağlı öz narahatlıqlarını bildirdilər. Səbəb
dünyanın maliyyə və pul-kredit siyasətini dəyişə
biləcək yeni və fərqli maliyyə alətinin meydana gəlməsidir.
Libranın əsas rəqibi banklardır. Ehtimal var ki, layihəyə
start verildikdən müəyyən müddət sonra “Facebook”
hətta qısamüddətli kreditlər də verməyə
başlasın.
Kriptopullar
və kibercinayətkarlıq
Hazırda
korporativ investorların kriptovalyuta bazarına girməsini
gecikdirən əsas faktor beynəlxalq və ya lokal səviyyədə
tənzimləmə mexanizmlərinin olmamasıdır. Bəzi
ekspertlər düşünür ki, hər hansı inzibati tənzimləmə
mexanizmlərinin tətbiq edilməsi bazara neqativ təsir
göstərəcək.
Maliyyə
cinayətləri və çirkli pulların yuyulması ilə
mübarizə üzrə hökumətlərarası beynəlxalq
qurum olan Financial Action Task Force (
FATF) 2019-cu ilin iyun ayında
kriptovalyuta xidmətləri göstərən şirkətlərə çirkli pulların yuyulması və
terrorizmin maliyyələşdirilməsində kriptovalyutalardan
istifadənin qarşısını almaq məqsədilə
tövsiyələr verdi.
Biznes
üçün maliyyə əməliyyatlarının
konfidensiallığı və sürəti çox vacibdir.
Böyük kriptovalyutalar bu məsələlərin öhdəsindən
həmişə gələ bilmir. Mütəxəssislərə
görə əksər kriptovalyutaların əsas problemi
konfidensiallığın olmamasıdır. Ödənişlər
edilən zaman anonimliyin olmaması biznesə zərər gətirə
bilər. Fiat pulları istifadə edilən zaman təşkilatın
maliyyə hesabatlarına yalnız vergi xidməti giriş əldə
edə bilər, lakin Bitkoin blokçeynində verilənlər
bütün istifadəçilərə, o cümlədən
rəqiblərə və bədniyyətlilərə əlyetər
olur və blokçeyndə baş verən tranzaksiyaları
analiz etmək olar. Mütəxəssislərə görə,
kriptovalyutalarda konfidensiallığı təmin etmək
üçün ilk növbədə, onların anonimliyi təmin
edilməlidir. Lakin kriptovalyutaların anonimliyi kibercinayətkarlıqla
mübarizəni xeyli çətinləşdirir.
2018-ci
ildə ölkəmiz də kriptovalyuta və blokçeyn sahəsi
ilə əlaqəli yeni bir qurumun - Blokçeyn Azərbaycan Mərkəzinin
(BAM) yaradılması haqda məlumat verildi.
Mərkəz
maarifləndirmə, kriptovalyuta bazarının və
blokçeynin tənzimlənməsi məsələsi üzrə
təkliflərin hazırlanması, eləcə də bu sahədə
konsaltinq işlərinin aparılması məqsədi
daşıyır.
Kriptovalyutaların
fiat valyutaları əvəz etməsi üçün ilk
növbədə, onlardan kütləvi halda ödəniş
vasitəsi kimi istifadə olunması önəmli şərtdir.
Bunun üçün müvafiq qanunvericilik aktların qəbul
edilməlidir. Dövlətlər isə hələlik tələsmir,
yeni maliyyə texnologiyanın imkanları da
araşdırırlar.
Azərbaycan
Respublikasının pul haqqında qanunvericiliyinə əsasən,
rəsmi ödəniş vasitəsi yalnız Azərbaycan
Manatı ola bilər. Digər valyutların isə ödəniş
kimi istifadə olunması qadağandır. Kriptovalyuta ilə
alış-veriş isə qadağan deyil. 2018-ci ildə
“Kriptovalyuta ticarətinin nizamlanması haqqında” qanun layihəsi
irəli sürülsə də hələ də təsdiqni
tapmayıb.
Mövzuya
başlayarkən tezliklə neftin erasının bitəcəyini
təsadüfən xatırlatmadım. Dəyişən zaman,
yeni reallıqlar bizdən yeni yanaşmalar tələb edir.
Elmin, texnologiyanın gücü ilə təbii resursu olmayan
cırtdan dövlətlər özlərini xilas edir, bu rəqabətdə
lider olurlar. Böyük sürətlə gedən bu dəyişikliklər
operativ qərarlar verilməsini
tələb edir. Zaman və fürsətlər gözləmir.
İlhamə Rəsulova
Yeni Azərbaycan.- 2021.- 20 noyabr. S. 8.