Vətəndaş cəmiyyətinin formalaşmasında
qeyri-hökumət təşkilatlarının
rolu
Məhsəti Hüseynova: Bir dövlətin güclü olması həm də vətəndaş cəmiyyəti
institutlarının azad,
səmərəli və
şəffaf fəaliyyətinin
təmin edilməsindən
asılıdır
Yaşadığımız
XXI əsrdə vətəndaş
cəmiyyəti və
hüquqi dövlət
quruculuğu dünya ölkələrində insan
haqları, demokratiya, söz azadlığı inkişafın əldə
edilməsi üçün
əsas sütunlardan hesab olunur. Azərbaycanda
vətəndaş cəmiyyəti,
hüquqi dövlət
quruculuğu sahəsində
əldə edilən nailiyyətlər isə Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu
siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla
davam etdirilməsinin nəticəsidir. Belə ki,
son illərdə Azərbaycan dövləti
insan hüquq və azadlıqlarının
təmin olunması, vətəndaş cəmiyyətinin
formalaşdırılması, daha da təkmilləşdirilməsi
istiqamətində ciddi
addımlar atıb və müsbət nəticələr əldə
edib.
Onu da vurğulamaq yerinə düşər ki, hüquqi dövlət anlayışının əsas
komponentlərindən sayılan
vətəndaş cəmiyyəti
quruculuğu ölkəmizdə
mühüm tarixi inkişaf yolu keçib. Belə ki, ictimai sektorun
inkişafı üçün
zəruri hesab olunan məqsəd və prioritetlər düzgün müəyyənləşdirilib,
eyni zamanda, bu sahədə beynəlxalq təcrübə
diqqətlə öyrənilərək
tətbiq edilməkdədir.
Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu
sahəsində qazanılan
uğurlara münasibət
bildirən “Gənclərin
Töhfəsi” İctimai
Birliyinin icraçı
direktoru Məhsəti
Hüseynovanın sözlərinə
görə, ölkəmizdə
vətəndaş cəmiyyətinin
formalaşmasında və
onun dayanıqlı inkişafında ictimai
qurumların, o cümlədən
qeyri-hökumət təşkilatlarının
(QHT) rolu danılmazdır:
“Belə ki, müasir dövrdə dünya ölkələrində
hər bir sahədə qeyri-hökumət
təşkilatlarının fəaliyyətini görmək
mümkündür. Bir
çox dövlətlər
cəmiyyətdəki problemlərin
QHT-lərin dəstəyi
və birbaşa iştirakı ilə həll etməyin zəruriliyini başa düşür. Ona görə ki,
bir dövlətin güclü olması həm də vətəndaş cəmiyyəti
institutlarının azad,
səmərəli və
şəffaf fəaliyyətinin
təmin edilməsindən
asılıdır. Ölkəmizdə
də bu istiqamətdə bir sıra mühüm addımlar atılır.
Azərbaycan dövləti QHT-lərə sadəcə bir tərəfdaş kimi deyil, onlara
vətəndaşları birləşdirən
kütləvi təşkilatlar
kimi baxır. Çünki sağlam vətəndaş cəmiyyətinin
formalaşması dayanıqlı
sabitliyin əldə edilməsi, vətəndaşların
təhlükəsizliyinin, sosial
ədalətin, hüququn
aliliyinin təmin olunması deməkdir”.
Ölkə qanunvericiliyində vətəndaş cəmiyyətinin
quruculuğu və
QHT-lərin fəaliyyətinin
təminatı məsələlərinə
də toxunan M.Hüseynova deyib ki, Azərbaycanda bütün vətəndaşlara
sərbəst qaydada öz həmfikirləri ilə müvafiq qanunvericiliyə uyğun qaydada birləşmək hüququ verilib: “Məlum olduğu kimi, 1995-ci ildə müstəqil Azərbaycan
Respublikasının ilk
Konstitusiyası qəbul
edilib. Konstitusiyanın 58-ci maddəsi hər
kəsin başqaları
ilə birləşmək,
istənilən birlik,
o cümlədən siyasi
partiya, həmkarlar ittifaqı, digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququnu təsbit etməklə yanaşı, bu birliklərin sərbəst
fəaliyyətinə tam
təminat verir. Bu, QHT-lərin, vətəndaş cəmiyyəti
institutlarının fəaliyyəti
üçün hüquqi
baza yaradır. Eyni zamanda, 13 iyun 2000-ci ildə Azərbaycan Prezidenti, Ulu Öndər Heydər Əliyevin sərəncamı
ilə qəbul edilən “Qeyri-hökumət
təşkilatları (ictimai
birliklər və fondlar) haqqında” Qanun isə qeyri-hökumət təşkilatları
ilə bağlı bir çox məsələlərə aydınlıq
gətirir. Qeyd edim ki, həmin
Qanun ölkəmizdə
bu sahədə ilk qanunverici akt olmaqla yanaşı,
o dövrdə MDB məkanında
qəbul olunan ilk proqressiv qanun idi”.
“Bununla belə,
fikrimcə, sözügedən
Qanuna müasir dövrün tələblərinə
uyğun olaraq, əlavə və dəyişikliklərin edilməsinə
ehtiyac var. Belə ki, 2014-cü ildən QHT-lərin xarici donorlardan maliyyələşdirilməsi ilə
bağlı prosedurların
çətinləşdirilməsi QHT-lərin inkişafına mane olan əsas
faktorlardan biridir. Düzdür, Azərbaycanın
milli təhlükəsizliyi
ilə bağlı məsələ olduğundan
bunu anlayışla qarşılamaq olar. Bir çox ictimai təşkilatların
qeyri-leqal yollardan maliyyələşdiyinə dair
vaxtaşırı mediada
da məlumatlar dərc olunur. Amma leqal şəraitdə
Azərbaycan QHT-lərinin
maliyyələşdirilməsi üçün geniş imkanlar yaratmaq olar. Digər tərəfdən, ölkəmizdə
fəaliyyət göstərən
bütün ictimai təşkilatlar bizdə qeyri-hökumət təşkilatı
adlanır. Ancaq beynəlxalq təcrübədə
təsnifat fərqlidir.
Bizdə də bu şəkildə təsnifatlandırmanın olması
arzuolunandır”,- deyə
M.Hüseynova bildirib.
Ölkəmizdə vətəndaş cəmiyyətinin indiki vəziyyətini də qiymətləndirən QHT rəhbəri
deyib ki, vətəndaş cəmiyyətinin
inkişafına yerli və beynəlxalq donorların, özəl sektorun dəstəyi böyük əhəmiyyətə
malikdir: “Ölkəmizdə
bu sektora kömək edən milli donorların az olması, mövcud olan bir sıra
donorların yalnız
“şəxsi münasibət”
kontekstində dəstək
göstərməsi, özəl
sektorun korporativ sosial məsuliyyətini tam dərk etməməsi,
yalnız gəlir əldə etmək düşüncəsi vətəndaş
cəmiyyətinin inkişafına
bir sıra maneələr törədir.
Üstəlik, bütün
dünyanı öz cənginə almış
pandemiya vətəndaş
cəmiyyətinin vəziyyətini
daha da ağırlaşdırıb”.
QHT-lərə dövlət dəstəyinin
vəziyyətinə gəlincə,
M.Hüseynova bildirib ki, dünya təcrübəsində vətəndaş
cəmiyyəti institutlarının
maliyyələşdirilməsinin müxtəlif formaları
mövcuddur: “Müəyyən təşəbbüslər,
təkliflər olsa da, 2007-ci ilədək ölkəmizdə QHT-lərin
maliyyələşdirilməsi mexanizmi işlənib hazırlanmamışdı. 2007-ci ildə Prezident İlham Əliyev QHT-lərə dəstək konsepsiyasını təsdiqlədi
və Azərbaycan Respublikasının Prezidenti
yanında Qeyri-Hökumət
Təşkilatlarına Dövlət
Dəstəyi Şurasının
yaradılması ilə
bağlı fərman
imzaladı. 2008-ci ildən
etibarən Şura üzvləri təsdiq edildi və fəaliyyətə başladı.
Ötən 13 il ərzində Şura cəmiyyət üçün
aktual olan istiqamətlərdə QHT-lərin
müxtəlifyönlü layihələrinin,
təşəbbüslərinin
dəstəklənməsi üçün
vəsait ayırıb.
Həmçinin bu istiqamətdə Azərbaycan
Gənclər Fondunun fəaliyyətini, Təhsil
Nazirliyinin və digər qurumların qrant müsabiqələrini
və QHT-lərə dəstəyini sadalamaq olar. Yeri gəlmişkən, qeyri-hökumət təşkilatlarına
dövlət dəstəyi
sahəsində idarəetmənin
təkmilləşdirilməsi məqsədilə cari ilin 19 aprel tarixində
dövlət başçısı
tərəfindən imzalanan
müvafiq Fərmana əsasən, “Azərbaycan
Respublikasının Qeyri-Hökumət
Təşkilatlarına
Dövlət Dəstəyi
Agentliyi” publik hüquqi şəxs yaradılıb. Cənab Prezidentin bu addımı ilə həmin sahədə yeni-yeni uğurların əldə ediləcəyinə
şübhə yoxdur”.
QHT sədri Vətən müharibəsi
dövründə vətəndaş
cəmiyyəti institutlarının
fəaliyyətinə də
diqqət çəkərək,
onu yüksək qiymətləndirib: “44 günlük
müharibə dövründə
Ordumuz düşmənlə
ön cəbhədə,
QHT-lərimiz isə arxa cəbhədə mübarizəsini
davam etdirdi. Ölkəmizdə fəaliyyət
göstərən bütün
QHT-lər Ali Baş Komandana dəstək bəyanatı
qəbul etdi. Eyni zamanda, düşmən tərəfin informasiya cəbhəsində təxribatlarının
qarşısı mütəşəkkil
və operativ şəkildə alındı.
Həmçinin QHT-lər
hərbi hospitallarda müalicə alan yaralılarımıza dəstək
sərgilədilər, öz
imkanları daxilində
əsgərlərimizə müxtəlif
yardımlar etdilər. Nəticə etibarilə də mübarizəmiz hər iki cəbhədə Zəfərlə nəticələndi”.
M.Hüseynova sonda onu da
əlavə edib ki, “Gənclərin Töhfəsi” İctimai Birliyi Qələbənin birinci ildönümünə
həsr olunmuş “Zəfərə doğru addımla” layihəsinin icrasına başlayıb.
Oktyabrın 1-də start
verilən layihənin
məqsədi 44 günlük
Vətən müharibəsində
rəşadətli Azərbaycan
Ordusunun hərb meydanında yazdığı
qəhrəmanlıq dastanını
yeniyetmə və gənc nəsil arasında təbliğ etməkdir.
Qaşqay ZİYƏDDİNOĞLU
Yeni Azərbaycan.- 2021.-
5 oktyabr.- S.8.