Tarixi ədaləti bərpa
edən tarixi Zəfər yolu
Yeni
Azərbaycan Partiyası Veteranlar Şurasının
üzvü Əli Həsənov
-Əli
müəllim, hər günü bir qəhrəmanlıq səhifəsi
olan Vətən müharibəsindən bizi bir il zaman kəsiyi
ayırır. Siz həmin günləri necə
xatırlayırsınız?
-Hər
şeydən əvvəl, torpaqlarımız uğrunda
canlarını fəda edən bütün şəhidlərimizə
Allahdan rəhmət, onların valideynlərinə və əzizlərinə
səbir diləyirəm. Şəhidlərimizin əziz xatirəsi
xalqımızın qan yaddaşında daim yaşayacaq.
Çünki şəhidlər ölməzdir, onlar əbədiyaşardırlar.
Qazilərimizə də tezliklə sağalmağı və
normal həyata qayıtmağı arzulayıram.
44
günlük Vətən müharibəsi Azərbaycan tarixinin
ən şanlı, unudulmaz səhifəsidir, özü də
analoqu olmayan qəhrəmanlıq səhifəsi. Bu,
xalqımızın üzləşdiyi 30 illik ədalətsizliyə
qarşı müqəddəs savaş idi, öz haqqına, əzəli
torpaqlarına sahib çıxmaq uğrunda ümumxalq
mücadiləsi idi.
Kim və
hansı dünyəvi dövlət, təşkilat bilərdi
ki, 44 gündə belə bir Qələbəyə nail olmaq
olar? Heç kim, heç bir dünyəvi dövlət və
təşkilat! Onda sual olunur: bəs bu, necə oldu?
Bu,
bir həqiqətdir ki, 44 günlük Zəfər son 50 ildə
(1969-2020-cü illər) görülmüş işlərin
yekun nəticəsi idi. Ulu Öndər Heydər Əliyev
1969-2003-cü illərdə, yəni 34 ildə bu Qələbə
üçün kifayət qədər baza
yaratmışdı. Ancaq bir oğul, bir Ali Baş Komandan
lazım idi ki, bu yaradılmış imkanlardan məharətlə
istifadə etsin. Bu imkanlardan heç kəs istifadə edə
bilməzdi, çünki onun üçün müasir
dünyanın siyasətindən xəbərdar olmaq, xüsusi
bacarığa malik olmaq, hər atılacaq addımı
ölçüb-biçmək, tam əminliklə risk etmək
lazım idi. Cənab Prezident, Ali Baş Komandan İlham
Əliyev bunu edə bildi. Ancaq bu hazırlığa nə az,
nə çox, düz 17 il sərf etdi.
Ali
Baş Komandan hər dəfə
çıxışlarında düşmənə, onun
havadarlarına, həmçinin beynəlxalq təşkilatlara
açıq-aşkar xəbərdarlıq edirdi. Savadsız,
bacarıqsız, ümumiyyətlə, siyasətdən,
dövlət idarəçiliyindən bixəbər olan,
küçədən hakimiyyətə gətirilmiş Ermənistan
rəhbəri N.Paşinyan bu xəbərdarlıqlara məhəl
qoymadan və ya heç başa düşmədən 27
sentyabr 2020-ci ildə dövlət sərhəddində
növbəti təxribat törətdi. Dünya siyasətindən
bixəbər N.Paşinyan arxayın idi ki, MDB Təhlükəsizlik
Komitəsi və Ermənistanın xaç ataları ona
yardımçı olacaqlar.
Dünya
siyasətindən yaxşı xəbərdar olan, beynəlxalq
qanunvericiliyi dürüst bilən, 17 illik hazırlığa
arxayın və əmin olan Azərbaycan Prezidenti, Ali Baş
Komandan cənab İlham Əliyev isə bu fürsəti
buraxmayaraq əks-hücum əməliyyatına göstəriş
verdi, 44 günlük İkinici Qarabağ Böyük Vətən
müharibəsinin bütün gedişatını çox
yüksək sərkərdəlik bacarığı
nümayiş etdirərək şəxsən özü idarə
etdi, Azərbaycanın bütün tarixi boyu görə bilmədiyi
işləri gördü və ölkəmizin yeni müasir
tarixini yazdı.
Yaxşı
yadımdadır, 44 günlük müharibənin 11-ci
günündə, 7 oktyabr 2020-ci il tarixində Müdafiə
Nazirliyində zabit heyəti ilə geniş müşavirə
keçirdi. Düzdür, müşavirə barədə
geniş məlumat verilmədi, ancaq sonra məlum oldu ki, “dəmir
yumruğun” dadını öz zabitlərimiz və
generallarımız da dadıb. Əgər “dəmir yumruq”
düşməni sarsıtdısa, öz hərbçilərimizi
oyatdı və onları daha cəsarətli, verilmiş
tapşırıqların icrasında nizam-intizamlı etdi.
“Dəmir
yumruq” bütün dünya ermənilərini türk
dünyasına qarşı qoyan, türklərə, azərilərə
qarşı nifrət siyasəti yürüdən və
bütün dünya ermənilərinin əsas kilsəsi olan
Eçmiədzin kilsəsinə elə zərbə vurdu ki, həmin
kilsə və dünya erməniləri bundan sonra nəinki
özlərinə gəlməyəcəklər, hətta
bütün dünyada nifrətlə qarşılanacaqlar.
-44
gün ərzində Azərbaycan təkcə döyüş
meydanında deyil, həm də beynəlxalq informasiya
savaşında mücadilə aparırdı. Bu da Qələbənin
əldə olunmasında əhəmiyyətli rol oynadı
-Bəli,
həmin dövrdə dünyada Azərbaycana qarşı təzyiqlərin
artdığının şahidi olduq. Bütün dünya
ölkələri bir tərəfdə idi, cənab Prezident təkbaşına
meydanın o biri tərəfində. Əlbəttə ki,
Türkiyə və Pakistanı çıxmaq şərtilə.
O, hər gün bütün gün ərzində təzyiqlərə
sinə gərirdi və öz yolundan dönmədi.
Bütün hərbi əməliyyatları şəxsən
özü idarə etməklə bərabər, ideoloji təbliğatı
da yüksək səviyyədə məharətlə təmin
etdi.
Cənab
Prezidentin həmin günlərdə şəxsən
dünyanın 30-dan çox telekanalına verdiyi müsahibələri,
xalqımıza 10 dəfə müraciətini hamımız həyəcanla
dinləyirdik. Məhz bu məqsədyönlü fəaliyyətin
nəticəsində o, ermənilərin 200 ildən çox
türk dünyasına qarşı apardıqları əks-təbliğatı
darmadağın edərək erməni millətinin iç
üzünü dünyaya tanıtdı. Qarabağ
torpağının tarixən Azərbaycan torpağı
olduğunu bir daha dünya xalqlarına nəinki
çatdırdı, həm də konkret faktlarla sübut etdi.
Həmçinin Ermənistanın siyasi rəhbərliyinin
yaramaz, savadsız, qorxaq, ləyaqətsiz olduğunu dəfələrlə
vurğuladı və millətimizin nəyə qadir
olduğunu, cəsarətini, mərdliyini, torpaqların azad
olunması üçün əsgər, zabit və
generallarımızın canlarını qurban verdiklərini
bütün dünyaya bir daha çatdırdı.
Bəzi
ölkələrin, xüsusən ATƏT-in Minsk Qrupunun həmsədrlərindən
biri olan Fransanın həmin günlərdə tutduğu qərəzli
mövqe yalnız təəssüf doğurur. Cənab
Prezident sentyabrın 28-də Fransanın “France 24”
telekanalına verdiyi müsahibədə bu barədə onlara
tutarlı açıqlama verdi. Münaqişənin həllinə
çalışan dövlətin açıq-aşkar
işğalçını dəstəkləməsi nə
diplomatiyaya uyğun gəlir, nə də sadə məntiqə.
Çox
maraqlıdır ki, hələ də Ermənistanın siyasi rəhbərliyi
bu biabırçılıqdan sonra nəyə isə, kimə
isə arxalanaraq, gündə bir sərsəm fikir səsləndirir,
hətta Fransanın siyasi rəhbərliyi də baş verənlərdən
ayılmayıb. Bax, bugünkü dünyanın iç üzü
belədir.
-Bəzi
dövlətlər qəbul edə bilməsələr də,
bu, bir fakt idi ki, haqq Azərbaycanın tərəfində idi,
biz öz tarixi torpaqlarımızı azad etməli idik və
etdik
-Bütün
beynəlxalq hüquqi sənədlər, eləcə də
BMT-nin 1951-ci il Konvensiyası, BMT-nin qəbul etdiyi 4 qətnamə
və beynəlxalq təşkilatların qərarları əsas
verirdi ki, Azərbaycan işğal olunmuş torpaqlarını
istənilən yolla, o cümlədən, hərbi yolla azad
etsin.
Ulu
Öndər Heydər Əliyev dünya ölkələrinin
liderləri arasında olan mövqeyindən və şəxsi
tanışlığından məharətlə istifadə
edərək dünya ermənilərinin son 200 ildə
türklərə, azərilərə və müsəlman
dünyasının əleyhinə gördükləri işlər
barədə dünya liderlərini mütəmadi olaraq məlumatlandırırdı.
Xüsusən, məlum münaqişənin
günahkarları, həmçinin onların havadarları barədə.
O, bu problemin əsaslı həlli üçün beynəlxalq
səviyyədə hüquqi baza yaratdı. Sadəcə olaraq
vaxt-zaman imkan vermədi ki, bu problemin həllini başa
çatdırsın.
Cənab
Prezident həmişə çıxışlarında deyirdi
ki, əgər bu problem sülh yolu ilə həll olunmasa, onun
başqa həll yolu var, o da müharibə yoludur. Ölkə
Prezidenti bəyan edirdi ki, bir qarış torpaq da işğal
altında qalmayacaq, bütün torpaqlar azad olunacaq. Cənab
Prezident İlham Əliyev 44 gündə bəzi dövlətlərin
və beynəlxalq təşkilatların 28 ildə həll edə
bilmədiklərini və həll etmək istəmədiklərini,
məhz əks-hücum əmri verərək müharibə
yolu ilə təkbaşına özü həll etdi. Ermənilərin
təxribatına cavab olaraq əks-hücum əmrini verərək
tarixi ədaləti bərpa etdi, problemi başqa yolla,
özü həll etdi. Dünya hərb tarixində
görünməyən əməliyyatların müəllifi
elə özü oldu.
Cənab
Prezidentin 18 il ərzində əldə etdiyi nailiyyətlərdən
biri də məhz 200 ildən çox ermənilərin
formalaşdırdığı erməni hərbi mifini yer
üzündən silib zibilxanaya atması oldu. 44 gündə ermənilərin
28 il işğal altında saxladıqları torpaqları azad
edərək qurduqları istehkamları darmadağın etdi və
dünya hərbi ekspertlərini mat qoydu. Xüsusən,
Şuşa əməliyyatının sirlərini
dünyanın hərbi ekspertləri hələ də
aça bilmirlər. Bəli, digər sahələrdə
olduğu kimi, hərbi sahədə də dünya
üçün yeni, analoqu olmayan nümunələr təqdim
etdi.
Ali
Baş Komandanın şəxsən rəhbərliyi ilə
torpaqlarımızın işğaldan azad olunması 30 ilə
yaxın müddətdə millətimizin əyilmiş, ancaq
sınmamış qamətini düzəltdi, millətin ləyaqətini
özünə qaytardı. Bundan sonra millətimiz tarix boyu
başıuca gəzəcək, ermənilər isə ləyaqətsiz,
qorxaq, gələcəyi olmayan bir millət olaraq dünya
xalqlarının gözündən düşəcək, həmişə
başıaşağı gəzəcəklər və uzun
müddət formalaşdırdıqları “ağıllı
millət” mifi bir daha təkrarlanmayacaq.
-O
çətin günlərdə bizə arxa, dayaq duran,
xalqımıza mənəvi güc verən dövlətləri,
dövlət başçılarını da qeyd etmək
yerinə düşərdi...
-Atalar
demişkən, “dost dar gündə tanınar”. 44
günlük savaş bizə həqiqi dostu tanımağa bir
daha real imkan yaratdı. Şübhəsiz, bu Qələbədə
qardaş Türkiyə dövlətinin, xalqının,
xüsusən Prezident cənab Rəcəb Tayyib
Ərdoğanın siyasi, mənəvi dəstəyinin
xüsusi yeri var, o cümlədən, Pakistan dövlətinin.
Sentyabr
ayında Bakı şəhərinin ermənilərdən
türk ordusu tərəfindən azad olunmasının 103
ilinin tamam olması böyük təntənə ilə qeyd
edildi. Ancaq ədalət naminə bilməliyik ki, Türkiyə
- Azərbaycan qardaşlığı, birliyi və həmrəyliyi
cənab Rəcəb Tayyib Ərdoğan və cənab
İlham Əliyevin prezidentlik fəaliyyətləri
dövründə olduğu qədər son 103 ildə
olmayıb.
10
noyabr 2020-ci ildə Azərbaycan Prezidenti, Rusiya Prezidenti və
Ermənistanın Baş nazirinin imzaladıqları Bəyanat
nəticəsində müharibənin dayandırılması
Azərbaycanla Rusiya arasında son 100 ildə imzalanmış sənədlərin
ən alisi və əhəmiyyətlisidir. Çünki, necə
ki, 44 günlük müharibə nəticəsində cənab
Prezident İlham Əliyevin 28 illik işğala son qoyması
heç kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın
ağlına gəlməyən idisə, Azərbaycan, Rusiya və
Ermənistan arasında imzalanmış, Ermənistan
üçün kapitulyasiya aktı sayılan Akt da heç
kimin, heç bir dövlətin, beynəlxalq təşkilatın
ağlına gəlməyən idi.
16
iyun 2021-ci ildə azad Şuşada Azərbaycan Prezidenti ilə
Türkiyə Prezidenti arasında imzalanmış Şuşa
Bəyannaməsi də son 103 ildə Türkiyə ilə Azərbaycan
arasında imzalanmış sənədlərin ən alisidir.
Çünki bu Bəyannamə Türkiyə dövləti ilə
Azərbaycan dövləti arasında hərbi əməkdaşlıqda
yeni tarixi bir səhifə açdı və Türkiyə
dövləti, xalqı, Prezidenti ilə Azərbaycan dövləti,
xalqı və Prezidenti arasında olan
qardaşlığın, birliyin, həmrəyliyin dünyada
analoqu olmayan bir nümunəsidir.
-Əli
müəllim, siz uzun müddət ölkəmiz
üçün bir nömrəli problem olan məlum
münaqişədən əziyyət çəkən
soydaşlarımızla işləmisiniz, onların sosial
problemlərinin həllində bilavasitə iştirak etmisiniz.
O dövrlərdə insanların geriyə qayıtmaqla
bağlı ümidlər necə idi?
-Düz
buyurursunuz, mən uzun müddət Ulu Öndərin və cənab
Prezidentin rəhbərliyi altında qaçqın və məcburi
köçkünlərlə işləmişəm, daim
onlarla təmasda olmuşam. Soydaşlarımızda rəhbərə
böyük inam var və buna görə də geriyə
qayıdışla bağlı inamları da güclü idi.
Ulu Öndər mütəmadi olaraq Zərgəzur və
Göycə mahallarına da qaçqınların nə vaxtsa
qayıdacağını dilə gətirirdi, xüsusən
qaçqın və keçmiş məcburi
köçkünlərlə görüşəndə. Belə
ki, 2002-ci il sentyabrın 13-də Goranboy rayonunun
Aşağı Ağcakənd qəsəbəsində
qaçqın və məcburi köçkünlər
üçün inşa edilmiş qəsəbənin
açılışında çıxışında
bütün dünyaya bəyan etdi ki, vaxt gələcək,
siz qaçqınlar da Göycə mahalına
qayıdacaqsınız. Zəngilan və Qubadlının
işğal günündə qaçqın və məcburi
köçkünlərlə görüşdə də nə
vaxtsa qaçqınların doğma torpaqları olan Zəngəzura
qayıdacağını vurğulamışdı. İndi bəzi
telekanallar o çıxışları təkrar verirlər və
Ulu Öndərin uzaqgörənliyi bir daha təsdiq olunur.
Cənab
Prezident dəfələrlə keçmiş məcburi
köçkünlərlə görüşlərdə
xüsusilə qeyd edirdi ki, siz mütləq öz yurdunuza
qayıdacaqsınız, vaxt gələcək Şuşada və
Xankəndidə də dövlət bayraqlarımız
dalğalanacaq. Cənab İlham Əliyev verdiyi vədlərə,
sözlərə həmişə əməl edib və edir.
Bu gün Şuşada dövlət bayrağımız
artıq dalğalanır. Mən tam əminəm ki, bir vaxt gələcək
və dövlət bayrağımız Xankəndidə və
Xocalıda da dalğalanacaq. Sadəcə olaraq səbirli olmaq
lazımdır. Onun özünün dediyi kimi, özü
yaxşı bilir nəyi, nə vaxt və necə etmək
lazımdır. Mən keçmiş məcburi
köçkünlərlə hər gün görüşəndə
deyirdim ki, səbirli olun, torpaqlarımızı ölkə
Prezidenti cənab İlham Əliyevdən başqa heç kim,
heç bir dövlət və beynəlxalq təşkilat, o
cümlədən, ATƏT-in Minsk Qrupu azad etməyəcək.
Sağ olsunlar, onlar uzun müddət səbir nümayiş
etdirdilər.
-Təəssüf
ki, müharibə itkisiz olmur. Dövlətimiz Vətən
yolunda tarix yazan qəhrəman oğullarına və
onların ailə üzvlərinə daim böyük hörmət
və ehtiram göstərir. Bu, diqqət və qayğı
dövlət siyasətinin tərkib hissəsidir.
-Mən
bir məsələni xüsusi qeyd etmək istəyirəm: Azərbaycan
adlı ölkə tarix boyu görmədiyi xalq, ordu, Prezident
birliyi və həmrəyliyini 44 gündə gördü. Bu
sarsılmaz birlik Qələbənin rəhninə
çevrildi. Şuşanın və bütün rayonların
işğaldan azad olunması Azərbaycanın tarixi salnaməsinə
Anım və Zəfər günlərini həkk etdi. Heç
vaxt unutmamalıyıq ki, şəhid və qazilərimiz, əsgər,
zabit və generallarımız öz qanları ilə azad
olunan torpaqlardan erməni izlərini yudular.
Birinci
Vitse-prezident xanım Mehriban Əliyeva ötən il ərzində
ona xas olan qayğıkeşliklə şəhid ailələrinə
yüksək diqqət göstərərək onların sosial
problemlərinin həlli üçün, şəhidlərin
adlarının əbədiləşdirilməsi istiqamətində
müvafiq tapşırıqlar verib və icrasına ciddi nəzarət
edibdir. Qazilərimizin sağlamlığının bərpası
üçün ölkənin səhiyyə sistemindəki
bütün imkanları səfərbər edib, bəzilərinin
xarici ölkələrdə, xüsusən Türkiyədə
müalicə olunması üçün lazımi tədbirlər
görüb. İşğaldan azad olunmuş ərazilərdə
erməni vandalizminin sənədləşdirilməsi və
dünya ictimaiyyətinə çatdırılması
üçün də müvafiq tədbirlər görüb.
Şuşada mədəni tədbirlərin qısa müddətdə
hazırlanması, təşkili və keçirilməsi
üçün təşkilati işlərə rəhbərlik
edib.
Bakı
şəhərində 12 aprel 2021-ci ildə
açılışı olmuş və ölkəyə gələn
qonaqlara göstərilən Hərbi Qənimətlər
Parkı ermənilər üçün
gözdağıdır. Necə ki, işğal altında olan
torpaqlarımızı cənab Ali Baş Komandan 44 gündə
ildırım sürətilə azad etdi, elə həmin
sürətlə də həmin ərazilərin bərpasına
başladı: ərazilərin minalardan təmizlənməsi,
3 hava limanının Füzuli, Zəngilan və
laçında inşası, Qarabağın qapısı
adlanan Füzuli Hava Limanının artıq işə
düşməsi, Zəngilanda Birinci Ağalıda
“ağıllı kənd” layihəsinin icrası, Şuşa
şəhərinin ildırım sürətilə tikintisinə
başlanılması və orada böyük tədbirlərin
keçirilməsi, Şuşada “Xarı Bülbül”
festivalının, Vaqif Poeziya Günlərinin təşkil
edilməsi, Molla Pənah Vaqifin muzey-məqbərə
kompleksinin, Bülbülün ev-müzeyinin bərpadan sonra
açılışı, Natəvan, Üzeyir Hacıbəyli
və Bülbülün güllələnmiş büstlərinin
bərpası və Şuşada Mərkəzi meydanda yerləşdirilməsi,
cənab Prezident İlham Əliyevin, Birinci Vitse-prezident
xanım Mehriban Əliyevanın qızları ilə birlikdə
müharibədən sonra dəfələrlə Qarabağa səfər
edərək dövlət bayrağını yüksəltmələri,
keçirilmiş bütün tədbirlərdə şəxsən
iştirak etmələri, Türkiyə Prezidenti cənab Rəcəb
Tayyib Ərdoğanın, xanımının böyük
nümayəndə heyəti ilə birgə Şuşada
qarşılanması, Zəngəzur dəhlizinə gedən
dəmir yolunun tikintisinə başlanılması, azad
olunmuş bütün rayonlarda infrastrukturun bərpası,
magistral yolların tikintisi, rayonların baş planlarının
hazırlanması, qısa müddətdə geniş həcmdə
tikinti işlərinə başlanılması və işlərin
gedişatına şəxsən cənab İlham Əliyevin
özünün nəzarət və idarə etməsi də
dünyada analoqu olmayan təcrübədir.
-Əli
müəllim, siz əslən işğaldan azad olunmuş
rayonların birindənsiniz. Qohum-əqrabanızın əksəriyyəti
də keçmiş məcburi köçkünlərdir. Vətən
müharibəsində doğma yurdunuzun azad edilməsi sizə
hansı hissləri yaşatdı?
-Ölkə
vətəndaşları kimi, işğal altında olan rayon
və kəndlərimizin, o cümlədən doğulduğum
Cəbrayıl rayonu və Böyük Mərcanlı kəndinin
azad olunmasını səbirsizliklə gözləyirdim. 27
sentyabr 2020-ci ildə əks-hücum əməliyyatı
başladığı gündə, yəni Anım
Günündə Böyük Mərcanlı kəndi, 4 oktyabr
2020-ci ildə isə Cəbrayıl rayonunun mərkəzi
işğaldan azad olundu. Həmin xəbərləri, hamı
kimi, mən də cənab Prezident, Ali Baş Komandan İlham
Əliyevdən televiziya vasitəsilə eşidəndə
gözlərimin sevinc yaşlarını saxlaya bilmədim. Səbirlə
gözləyirəm. Minatəmizləmə işləri
başa çatandan və səfərə rəsmi icazə
olandan sonra doğulduğum yerlərə, ömrümün
ilk 15 ilini yaşadığım kəndə getmək və
atamın qəbrini ziyarət etmək istəyirəm.
Anamın qəbri isə məcburi köçkün kimi
Sumqayıtdadır.
Mən
rəhmətlik anama verdiyim sözə mütləq əməl
edəcəyəm, onların qəbirlərini birləşdirərək
bununla mənim üçün müqəddəs olan valideynlərimin
ruhlarını birləşdirəcəm. Bu isə 44
günlük müharibədə əldə olunmuş Zəfərdən
mənə ən böyük hədiyyə olacaq.
-Hər
şey arxada qaldı, indi gələcəyə köklənmək
lazımdır. Sizcə, regionda davamlı sabitliyə necə
nail olmaq olar?
-Bu,
ilk növbədə Ermənistanın siyasi rəhbərliyinin
iradəsindən asılı olan məsələdir. Cənab
Prezidentin dediyi kimi: Azərbaycan sülh, əminamanlıq,
qarşılıqlı əməkdaşlıq, səmimi
qonşuluq şəraitində yaşamaq niyyətindədir.
Ermənistan buna hazır olmalıdır.
Hesab
edirəm ki, Ermənistanın bugünkü vəziyyətdən
yeganə çıxış yolu: sərsəm fikirlər səsləndirməkdən
əl çəkmək, 10 noyabr 2020-ci il tarixli Bəyannamənin
tam icrasını təmin etmək, xüsusən Zəngəzur
dəhlizinin açılması üçün qəti tədbirlər
görmək, Azərbaycanla qonşuluq, əməkdaşlıq
etmək üçün Böyük Sülh Müqaviləsinin
hazırlanmasında iştirak və onun icrasını təmin
etmək, o cümlədən qonşu Türkiyə ilə də,
regionda söz sahibi olan Türkiyə və Azərbaycanın
xalqları ilə qonşuluq, sülh şəraitində
yaşamaq və əməkdaşlıq etmək
üçün Ermənistanın xalqını bu şərait
üçün hazırlamaq.
Ermənistan
dövləti, siyasi rəhbərliyi, xalqı istəsə də,
istəməsə də bunları etməlidir, çünki
Ermənistan adlı respublikanın və erməni
xalqının bu regionda mövcudluğunun yeganə
çıxış yolu budur. Əks halda, yenidən “dəmir
yumruq” işə düşəcək.
Yeni Azərbaycan.-2021.-
5 oktyabr.- S.7.