Ünvan: Ağdam,
Sona bülbüllər
küçəsi
1989-cu ilin yazı
idi. Ağdamda - İmarətdə Xarı
Bülbül Festivalı
keçirilirdi. Azərbaycan
musiqi sənətinin ən yuxarı eşalonu da daxil xeyli sənətkar
yığılmışdı İmarətə. SSRİ-nin
müxtəlif respublikalarından,
dünyanın bir çox yerlərindən musiqiçilər, rəqs
qrupları, folklor ansamblları iştirak edirdi festivalda. Paytaxt Bakı da daxil,
respublikanın böyük
şəhərlərindən gələn qonaqlar, Ağdam və ətraf rayonların camaatı Qarabağın
stadionunda - tribunalarda əyləşib festivalı
seyr edirdilər. Çoxlarının, adətən
televizorda gördüyü
sənətkarlar, eləcə
də heç vaxt görmədikləri əcnəbilər idi
çıxış edənlər.
Tədbirin şirin yerində tribunalardan qəfil bir uğultu keçdi. Əvvəlcə heç
də hamı anlamadı nə baş verdiyini. Ancaq qəfil təlatümdən çaş-baş
qalıb nə oldu? deyə düşünənlərin də
baxışları tezliklə
İmarətin darvazasına
yönəldi.
Qədir Rüstəmov
gəlirdi. Onu ilk görənlərin sevinclə Qədir gəlir deməsindən yaranmışdı tribunalardakı
gözlənilməz canlanma.
Dediyim ki, hamı girişə doğru - Qədir gələn səmtə baxırdı.
Çox keçmədi
ki, Qədir sonradan Azərbaycan musiqisinin Qızıl Fonduna daxil edilən həmin o məşhur ifanı etdi, Sona bülbülləri
oxudu. İfası müddətində hamı
sakitcə dinləyir,
hərdən alqış səsləri stadionu bürüyür, yenidən sakitlik yaranırdı. Beləcə,
Qədir oxuduğunu oxudu, sonra gəldiyi
kimi də çıxıb getdi. Festival da əvvəlki
axarı ilə davam elədi.
Əlbəttə ki, o Sona bülləri
hamımız dəfələrlə
televizorda da görmüşük, YouTube-da
izləmişik. Amma həmin ifa ərəfəsində və
ondan sonra stadionda yaranmış sehrli bir auradan
çoxlarımızın xəbəri yoxdur. Həmin vaxt stadionda yaşanan xoş təlatüm festivalda iştirak edən xarici qonaqların da marağına səbəb
olur. Soruşurlar: nə baş verir, niyə bayaqdan çıxışlara
sayğı duyan, diqqət kəsilən tamaşaçı, qəfildən
üzünü başqa
səmtə tutub? Onlara da deyiblər
ki, Qədir Rüstəmov gəlir, ona görə.
Qonaqlar biləndə ki,
Qədir Rüstəmov
bu şəhərin sakinidir, camaatın onu küçədə,
bazarda görmək imkanı var, daha da təəccüblənirlər
adama olan marağa. Əcnəbilər
arasında - Gör nə sənətkar olmalısan ki, səni hər dəfə belə canlı-canlı görəndə, el-obanın, xalqın üzündə
fərqli bir sevinc, gözündə sehrli bir parıltı
yarana - düşünənlər
də az olmamışdı o vaxt əlbəttə ki...
Dediyim odur
ki, Qədir Rüstəmov təkcə
Qarabağı, Ağdamı
yox, həm də o sehrli mühiti itirmişdi. Əlbəttə, onu yandıran tamaşaçı
itkisi deyildi. Belə sənətkarlar o
sarıdan heç vaxt qıtlıq çəkmirlər, çünki
Millət, Məmləkət
sevdasını daima öz üzərlərində
hiss edirlər. Amma bir iş də
var ki, Qədir
kimi dərvişanə
bir adama heç nə qəlyanı əlində
Ağdamın küçələrində
gəzmək, İmarətdə
tribunalara baxıb keçmişi yad eləmək qədər nə sevinc gətirərdi, nə də rahatlıq.
Olmadı, Qədir
də çoxları
kimi görmədi bu günləri, Qarabağın, Ağdamın
işğaldan azad edildiyini. Yenə sağ olsun Aqil Abbas. Deyir
o vaxt (dekabr 2011) İstanbulda xəstəxanada
- ömrünün son
anlarında Qədirin
əlindən tutub, qulağına Ağdamın
işğaldan azad olunduğunu pıçıldayıb.
Əminəm ki, eşidib Qədir o pıçıltını. Amma
inanıbmı? Əmin
deyiləm.
Qədirin gözü
Ağdamın yollarında
qalmışdı və
onu tanıyanlar bunu bilirdilər deyə, imkanı olanlar son anında
qulağına narahat
olma, həkimlər deyir sağalacaqsan-filan əvəzinə məhz Ağdamı almışıq, dur gedək pıçıldayırdılar...
Bəlkə də deyilənə inanmadığından
qalxmayıb, ölümə
rahatca can verib ki, ta
ləngiməsin, ruh olub Ağdama uçsun. Otuz ildir İmarətdə vurnuxan səsi - ən yaxşı Sona bülbülləri kimi əsgəri də, ordunu da, komandanı da özü qarşılasın zamanı
gəlincə...
Hər halda indi ruhu şaddır
Qədirin. Artıq onun Qarabağı
da, Ağdamı da işğaldan
azaddır. İndi xarabalıq da olsa, hər gün ağdamlılar Ağdamın
dağılmış küçələrində
gəzir, hərə öz evinin qalıqlarını bir-birinə
göstərib nələrsə
deyir. Amma Qədir Rüstəmovun bir vaxtlar yaşamış
olduğu küçədən
keçənlər bir-birinə
həm də onun evinin yerini
nişan verirlər: Bax, bura Qədir Rüstəmovun həyəti
idi. Orada da evi idi.
Hərdən qəlyanı
əlində küçəyə
çıxardı....
İlqar Rəsul
Yeni Azərbaycan.-
2021.- 14 oktyabr.- S.7.