44 günlük müharibənin qəhrəmanları:
“Ruhu mələk kimi evimizin başına
dolanır”
O, iki qardaşın
bir bacısı olaraq doğuldu, 3000 şəhid qardaşın
bacısı kimi dəfn edildi, sadə bir ailədə
dünyaya göz açdı, milyonlarla insanın ürəyində
taxt qurdu. Söhbət 44 günlük
müharibənin yeganə
şəhid xanımından
gedir-Arəstə Baxışovadan.
Bu dünyada
özündən sonra
iki gözəl övlad qoyub gedib. Uşaqlar Arəstənin anası Məktubə xanımın
himayəsində böyüyürlər.
Arəstənin ailə
həyatı uğurlu
alınmamışdı. 2013-cü ildən anasının evinə dönmüş,
2016-cı ildə həyat
yoldaşı ilə rəsmən ayrılmışdılar.
Nə 11 yaşlı Mərdan, nə 10 yaşlı Zəhra ata qayğısı görməyiblər. Məktubə
xanımın sözlərinə
görə, ataları
ikinci dəfə ailə qurub və ümumiyyətlə,
uşaqların taleyi ilə maraqlanmır. Onların anası da, atası da Arəstəydi.
“Qızım uşaqlarının dərsləri
ilə çox maraqlanırdı. Təsəvvür
edirsinizmi, şəhid
olanda qanlı buşlatının cibindən
uşaqların dərs
cədvəlləri tapılmışdı.
Pandemiya idi deyə evdən onlayn dərs keçilirdi. Hansının
dərsinin hansı saatda başlayıb, haçan bitdiyini qeyd eləmişdi. İşdə olanda hər saatda zəng edirdi. Döyüşlərdə olanda
da maraqlanırdı. Uşaqların təhsil almalarına çox önəm verirdi. Mərdana üzərinə
“Oksford” yazılmış
məktəbli çantası
alıb gətirmişdi,
deyirdi, siz Oksfordda oxuyacaqsınız.
O, bu günləri görmədi. Bakıdakı
Oksford məktəbi Arəstənin uşaqlarını
himayəyə alıb,
uşaqlar indi həmin məktəbdə
oxuyurlar. Buna çox sevinirəm”, - deyir Məktubə xanım.
Şəhidlər ölməzlər. Ruhları
bu dünyada aramızda dolaşar, biz onları görməsək də. İnancımız belə
deyir. Məktubə xanımın sözlərinə
görə, qızı
tez-tez yuxularına gəlir, hər dəfə də ancaq “ana, balalarıma
yaxşı bax” deyir. “Uşaqlardan hansısa xəstələnəndə,
yaxud xoş bir hadisə olanda Arəstəni mütləq yuxuda görürəm. Mələk
kimi evimizin başında hərlənir
ruhu. Yenə bir yerdə böyüdürük uşaqları.
Bizə ev verilməmişdən öncə
yuxuma gəldi. İyulun 13-ü idi. Gülürdü. Dedi, elə
xoşbəxtəm, elə
arxayınam. Üzündən
nur yağırdı.
Ertəsi gün dedilər, bizə ev verilib. 2 otaqlı
mənzildir. İndi uşaqlarla həmin evdə yaşayırıq”,
- deyir Məktubə xanım. İyulun 14-də
Prezident İlham Əliyevin iştirakı ilə açılışı
həyata keçirilən Xocəsən yaşayış kompleksində
mənzillə təmin
olunanların arasında
Vətən ?üharibəsinin qadın
şəhidi Arəstə
Baxışovanın ailəsi
də var idi.
“Çatışmayan heç nəyimiz yoxdur, bircə Arəstənin yeri görünür həyatımızda.
Mən uşaqlara nə qədər yaxşı baxsam da, ana istiliyinin,
ana qucağının
yeri başqadır. Zəhranın gecələr
gizli-gizli ağladığını
görürəm. Mərdanın
gözlərindən nisgili
çəkilmir. Anasının
hərbi papağı
ilə gəzir. İyini ondan alır”.
Arəstə müəllim təhsili almışdı. Amma hərbiyə olan istəyi onu dartıb bu sahəyə gətirmişdi.
O, Çernobıl faciəsi
zamanı yardıma getmiş və bunun nəticəsində əlil olmuş atanın övladıydı.
Fövqəladə Hallar
Nazirliyində çalışan
atası baş leytenant Kərim Baxışov Çernobıl
faciəsi zamanı xilasetmə əməliyyatlarında
ağır radiasiyaya məruz qalıb. Daha sonra elə
bu səbəbdən həyatını itirib. O
zaman Arəstənin 4
yaşı var idi. O da Mərdan
kimi atasının hərbi paltarlarını,
papağını qoxlayaraq
böyümüşdü. Anası deyir, çox dəcəl qız idi. “Oğlanlar onunla bacara bilmirdilər. Özü də xaraktercə oğlan kimiydi. Uşaqlıqdan “hərbçi olacağam”
deyib durmuşdu. Ailəsindən ayrılandan
sonra öz istəyinin arxasınca getdi. Vətən ona hamımızdan şirin gəldi. Müharibə başlayan kimi könüllü oldu. Heç demirdi cəbhədəyəm,
deyirdi arxa cəbhədə kömək
edirəm. Yaralıları
daşıyırmış. Oktyabrın 23-də Qubadlıda
gedən döyüşlər
zamanı yaralı əsgərlərimizi atışma
bölgəsindən çıxaranda
aldığı güllə
yarasından şəhid
oldu”.
Nə qədər
özünü toxtaq
tutmağa çalışsa
da, kövrəlir, ağlayır Məktubə
xanım. Deyir, güclü olmalıyam, başqa yolum yoxdur. Arəstənin əmanətləri məndədir,
onları sağ-salamat
böyütmək mənim
vəzifəmdir.
Arəstə Baxışova 4 may
1989-cu ildə Xaçmaz
şəhərində anadan
olmuşdu. 1995-2004-cü illərdə
Biləcəri qəsəbəsində
yerləşən Şuşa
şəhər 3 nömrəli
tam orta məktəbdə təhsil
almışdı. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecinin “İngilis dili” ixtisasını bitirmişdi. Hərbiyə olan həvəsi
onu Azərbaycan Silahlı Qüvvələrinin
Baş Hərbi Hospitalında tibbi statist işləməyə
gətirib çıxarır.
12 iyul 2019-cu ildən Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan
rayonunda yerləşən
“N” saylı hərbi hissədə operator vəzifəsində işləyir.
Daha sonra tibbi kurs keçir
və Beyləqandakı
hərbi hissədə
tibb bacısı işləməyə başlayır.
1 il keçmədən
müharibə başlayır
və Arəstənin
31 illik ömür yolu şəhidliklə sonlanır. O, bu yolu bilərək seçdi, ölümü
görərək, onunla
üz-üzə görüşə
getdi. Vətən sevgisi o qədər böyük oldu ki, iki balasını,
anasını geridə
buraxaraq, ona qurban olmaq yolunu
seçdi. Azərbaycan
Silahlı Qüvvələrinin
çavuşu və hərbi feldşeri olmuş Arəstə Baxışova Prezident İlham Əliyevin Sərəncamına əsasən
ölümündən sonra
“Vətən uğrunda”
medalı ilə təltif olunub.
Bu gün
onun adıyla bütün Azərbaycan qadınları qürur duyur. Ana kimi
mübarək bir adın yanına şəhid, döyüşçü,
qəhrəman adlarını
da yazmış biridir Arəstə. Özü olmasa da, qazandığı müqəddəs ad balalarının üzərində
mələk qanadları
kimi gərilib, onları hər bəladan qoruyacaq. Arəstə bunu bilirdi. Bir də onu bilirdi ki, gələcək
nəsillərin dilində
Tomris, Nüşabə,
Həcər kimi bir Arəstə dastanı da olacaq. İllər keçəcək, tarixdə
44 günlük Milli Qürur Savaşı uğruna canını fəda edən qadın əfsanəsi yaşayacaq.
İlhamə Rəsulova
Yeni
Azərbaycan.- 2021.- 28 oktyabr.- S.4.