Həştərxanda keçirilən “Xəzər
mediaforumu”nda Qarabağın
turizm potensialından danışılıb
Həştərxanda keçirilən “Xəzər
mediaforumu”nun plenar iclasında Qarabağın
turizm potensialından danışılıb.
AZƏRTAC xəbər
verir ki, iclasda Rusiya Prezidentinin Cənub Federal dairəsi üzrə səlahiyyətli
nümayəndəsi Vladimir
Ustinov, Həştərxan
vilayətinin qubernatoru
İqor Babuşkin, İranın Rusiyadakı səfiri Kazım Cəlali, Qazaxıstanın
Rusiyadakı səfiri
Yermek Koşerbayev və başqaları çıxış ediblər.
Rusiya Xarici
İşlər Nazirliyinin
İnformasiya və mətbuat departamentinin rəhbəri Mariya Zaxarova tədbirə onlayn formatda qoşularaq nazir Sergey Lavrovun forum iştirakçılarına
təbrik məktubunu oxuyub.
Azərbaycan Dövlət Turizm Agentliyi sədrinin müşaviri Kənan Quluzadə iclasda Azərbaycanın turizm potensialından, pandemiya dövründə turizm sahəsində yaranmış
çətinliklərdən danışıb. Diqqətə çatdırıb ki, Azərbaycan hazırda hava sərhədlərini bir çox ölkələr üçün
açıb, ölkəmizdə
turistlərin qarşılanması,
koronavirus pandemiyası
ilə əlaqədar
epidemioloji təhlükəsizliyə
riayət olunması üçün mühüm
tədbirlər görülür.
Turizm Agentliyinin
nümayəndəsi vurğulayıb
ki, Azərbaycan Xəzəryanı dövlətlərlə
turizm sahəsində yaxından əməkdaşlıq
edir, pandemiyadan əvvəl hazırlanmış
bir çox layihələrin tezliklə
gerçəkləşdiriləcəyinə
ümid bəsləyir.
Həştərxan vilayəti ilə
bütün sahələrdə
sıx əlaqələrdən
danışan K.Quluzadə
Həştərxanda Azərbaycan
Biznes Mərkəzinin
uğurla fəaliyyət
göstərdiyini, Həştərxan
Biznes Mərkəzinin
tezliklə Bakıda açılacağını xatırladıb.
O, tədbir iştirakçılarına
ölkəmizin turizm potensialı, həmçinin
Qarabağın işğaldan
azad edilmiş ərazilərində aparılan
bərpa-quruculuq işləri
barədə də məlumat verib.
İclasın sonunda “Sərhədsiz Xəzər” jurnalist işləri müsabiqəsinin
qalibləri elan olunub. Qaliblər arasında “Press Klub TV”nin “Turnaz”
verilişinin müəllifləri
Aytən Əliyeva və Eldar Quliyev
(“Təzə baxış”
nominasiyası), “Sputnik”
agentliyinin fotoqrafı
Murad Orucov (“Xəzər sağlamlıq
məkanıdır” nominasiyası)
da var.
Yeni Azərbaycan.- 2021.- 11 sentyabr.-
S.4.