15 sentyabr Zəfər yürüşü - Bakının xilası

 

Azərbaycanın tarixində elə önəmli hadisələr baş verib ki, xalqımız onları həmişə minnətdarlıq hissi ilə xatırlayır. Belə hadisələrdən biri 1918-ci il sentyabrın 15-də Nuru paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu tərəfindən Bakının daşnak-bolşevik əsarətindən qurtulmasıdır. Beş minlik əlahiddə Azərbaycan hərbi korpusunun, beşinci, doqquzuncu on beşinci Çanaqqala alaylarının bazasında yaradılan Qafqaz İslam Ordusunun daşnak-bolşevik qüvvələri üzərində zəfərindən sonra Bakı tarixdə ilk dəfə Azərbaycanın paytaxtı elan edildi.

 

15 sentyabr Azərbaycan Türkiyə qardaşlığı, birliyi günü kimi səciyyələndirilir. Bu da 1918-ci ilin payızında baş verən hadisələrin böyük tarixi ictimai-siyasi önəmi ilə bağlıdır. Bəllidir ki, Bakı bütövlükdə Azərbaycan zəngin sərvətləri, əlverişli coğrafi mövqeyi ilə həmişə imperialist güc mərkəzlərinin maraq dairəsində olub. 1918-ci ildə Bakı yad əllərdə - erməni-bolşevik birləşmələrinin nəzarətində idi. Şaumyanın rəhbərlik etdiyi Bakı Xalq Komissarları Sovetinin qarşıya qoyduğu əsas məqsədlərdən biri yaxın perspektivdə Bakının milli tərkibini ermənilərin xeyrinə dəyişmək, daha sonra isə Azərbaycandan ayırıb ona muxtariyyət statusu qazandırmaq idi. Digər imperialist güc mərkəzləri Bakıda özlərinin çirkin niyyətlərini reallaşdırmaqdan ötrü əlverişli məqam gözləyirdilər. Bütün bu kimi reallıqlar fonunda Bakının tez bir zamanda işğaldan azad edilməsi həyati zərurətə çevrilmişdi. Təbii ki, o dövrdə 1918-ci il mayın 28-də elan edilən Bakının işğal altında olması səbəbindən Gəncədə məskunlaşmaq məcburiyyətində qalan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) Bakını təkbaşına işğaldan azad etməyə kifayət qədər hərbi gücü yox idi. Belə şəraitdə AXC-nin köməyinə Qafqaz İslam Ordusu çatdı. Açıq demək lazımdır ki, bu ordu birləşməsi olmasaydı, AXC Gəncədə öz fəaliyyətini təşkil edə bilməyəcəkdi.

 

Azərbaycanın milli dövlətinin qurulması Qafqaz İslam Ordusunun Gəncəyə gəlməsi imperialist güc mərkəzlərinin, xüsusilə daşnak-bolşevik birləşmələrinin hiddətinə səbəb olmuşdu. İki istiqamətdən Gəncəyə doğru irəliləyən daşnak-bolşevik birləşmələri qarşılarına Gəncəni öz nəzarətləri altına keçirmək, burada AXC-nin fəaliyyətinə imkan verməmək, milli hökuməti elə beşikdəcə boğmaq kimi məkrli niyyət qoymuşdular. Qafqaz İslam Ordusunun qətiyyəti sayəsində bu məkrli plan baş tutmadı üç gün ərzində ermənilər Gəncə istiqamətində tamam tərk-silah edildilər. Bununla da Gəncədə AXC hökuməti üçün gözlənilən təhlükənin qarşısı alındı.

 

Gəncədən sonra AXC hökumətinin Qafqaz İslam Ordusunun qarşısında duran əsas vəzifə  Bakının azad edilməsi ilə bağlı idi. Gəncədən Bakıya istiqamət götürən Qafqaz İslam Ordusu yol boyunca bir sıra döyüşlərdə  20 minlik Bakı soveti qüvvələrini sarsıdıcı məğlubiyyətə uğradaraq Bakıya yaxınlaşdı. Şəhər uğrunda həlledici döyüşlər sentyabrın 15-də səhər saatlarında başladı. Qafqaz İslam Ordusu bir neçə saat davam edən döyüşlərdən sonra düşməni təslim olmağa məcbur etdi. Beləliklə, 103 il əvvəl Bakının erməni-bolşevik işğalından azad edilməsi böyük tarixi əhəmiyyət daşıyır. Bu tarixi qələbədən sonra AXC hökuməti fəaliyyətini Bakıda davam etdirməyə başladı.

 

Bir millətin iki dövləti arasında birliyin rəmzinə çevrilən tarixi hadisələr sırasında paradların keçirilməsi xüsusi yer tutur. Son bir neçə ildə BakınınAzadlıqmeydanında  iki möhtəşəm parad keçirilib. Bunlardan biri 2018-ci il sentyabrın 15-də baş tutan  Bakı şəhərinin azad edilməsinin 100 illiyinə həsr olunmuş parad idi. 2020-ci il dekabrın 10-da isə BakınınAzadlıqmeydanında Vətən müharibəsində Qələbəyə həsr olunmuş Zəfər paradı keçirildi. Müstəqil Azərbaycan üçün böyük hərbi-siyasi önəm daşıyan hər iki möhtəşəm paradda Azərbaycan Prezidenti İlham Əliyevin yanında qardaş Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dayandı. Azərbaycanın hərbi gücünü dünyaya nümayiş etdirən paradlarda iki qardaş ölkənin liderlərinin yan-yana dayanmaları son dərəcə qürurverici idi.

 

Mübariz ABDULLAYEV

 

Yeni Azərbaycan.- 2021.- 15 sentyabr.- S.3