Hacıbəyov, yoxsa Hacıbəyli?
Hacıbəyov kimi yaşayıb-yaradan dahinin soyadını dəyişdirməyə ehtiyac
varmı?
İllərdir ki, bir sual
öz cavabını
tapa bilmir. Axı niyə Üzeyir
Hacıbəyovun adı
“Üzeyir Hacıbəyli”
kimi təqdim olunur? Dünya şöhrətli bəstəkar, Azərbaycan
musiqisinin klassiki, Şərq opera sənətinin
banisi Üzeyir Hacıbəyovun adını
dəyişdirməyə ehtiyac
varmı? 1995-ci ildə
dahi bəstəkarın
anadan olmasının
110 illik yubileyi ərəfəsində Ümummilli
Lider Heydər Əliyevin müvafiq Sərəncamına əsasən,
18 sentyabr “Milli Musiqi Günü” kimi qeyd olunur.
Həmçinin yubiley münasibətilə
Üzeyir Hacıbəyov
adı ilə yazılı poçt markası da buraxılıb.
Soyadı dəyişməklə nə
qazanırıq?
Unutmayaq ki, Azərbaycanın yalnız bir Üzeyir Hacıbəyovu
var. Hacıbəyov soyadı
ilə yaşayıb-yaradıb,
tanınıb və ölkəmizi tanıdıb. Bu məşhur soyadın sonluğunu dəyişib,
dünyaya yeni bir Hacıbəyli təqdim etmək kimə və nəyə lazımdır?
Onun soyadını dəyişməklə,
erməni dəyirmanına
su tökmüş olmuruqmu? Mədəniyyətimizə
göz dikən, ənənələrimizi mənimsəyən
bu dığalar sabah Üzeyir
Hacıbəyova da sahib çıxmağa
çalışsa, necə
olacaq? Dünyada dahi şəxslərin
əsərləri kimi,
onların adları da
toxunulmazdır. Nə
Lüdviq Van Bethoven, nə Volfqanq Amadey Motsart, nə də Antonio Vivaldinin adı və soyadı dəyişdirilə bilər.
Yeni nəsil Üzeyir bəyi iki soyadı
ilə tanıyır
Çox uzağa getməyək. Elə fəaliyyət
göstərdiyimiz “Yeni
Azərbaycan” qəzetinin
özü Üzeyir Hacıbəyov küçəsində
yerləşir. Lakin binanın
üzərinə “Üzeyir
Hacıbəyli” deyə
lövhə vurulub.
Bu ünvanda bir sıra önəmli qurumlar, eləcə də M.Rahim adına 7 nömrəli
tam orta məktəb yerləşir. Məktəb binasının üzərində
Üzeyir Hacıbəyov
yerinə “Üzeyir Hacıbəyli” yazmaqla şagirdlərimizi yanlış
maarifləndirmiş olmuruqmu?
Mövzu ilə bağlı əhalinin də fikirlərini öyrənməyə
çalışdıq. İxtisasca müəllim
olan Nailə Babayeva bildirib ki, dahilərin adı toxunulmaz olmalıdır. Onun sözlərinə görə,
yeni nəsli doğru maarifləndirmək
lazımdır: “Hazırda
Üzeyir Hacıbəyov
küçəsindəyik. Heç şübhəsiz, məkan
təsadüfi seçilməyib.
Bu məsələ mənim də hər zaman diqqətimi çəkirdi.
Mən ixtisasca coğrafiya müəllimi olsam da, şagirdlərimə və
övladlarıma tarix,
ədəbiyyat, eləcə
də musiqi tariximiz barədə bildiyim doğruları aşılamağa çalışıram.
Üzeyir bəyin soyadı
hər zaman Hacıbəyov kimi təqdim olunub. Bizim nəsil onu belə tanıyıb.
Düşünürəm ki, yeni nəsil də belə tanımalıdır.
Dahilərin adları, yaradıcılığı
toxunulmaz olaraq qalmalıdır”.
Sorğumuzu davam etdirmək üçün dahi bəstəkarın heykəlinin
olduğu ünvana yollandıq. Sevindirici haldır ki, Şəmsi Bədəlbəyli
küçəsi 98-də yerləşən Üzeyir
Hacıbəyov adına Bakı Musiqi Akademiyası önündəki heykəldə
hələ də dahi bəstəkarın adı və soyadı olduğu kimi qorunub saxlanılıb.
Sorğumuzun növbəti qəhrəmanı
isə tələbə
Aygün Əliyevadır.
Aygün isə bildirib ki, gənclər
olaraq milli dəyərlərimizə, sərvətimizə,
eləcə də Üzeyir bəyin soyadına sahib çıxmalıyıq:
“Üzeyir Hacıbəyovun
bir neçə operasına tamaşa etmişəm. Üzeyir bəy kimi bir dahiyə sahib olduğumuz üçün
çox şanslıyıq.
Xarici ölkələrə səfər
edərkən adını
fəxrlə, qürurla
çəkəcəyimiz bir
dahinin soyadına toxunulmamalıdır. Düşünmürəm
ki, başqa bir ölkədə öz dahilərinin soyadını sonradan dəyişmək ehtiyacı
duysunlar. Gənclər
olaraq milli dəyərlərimizə, sərvətimizə
sahib çıxmalıyıq. Dəyişikliyə heç bir
ehtiyac yoxdur”.
“Gözümüzü açdıq,
gördük ki, hər yerdə “Hacıbəyli” yazılır”
İlk növbədə, “Üzeyir bəyin adı necə yazılmalıdır?” sualını
Üzeyir Hacıbəyovun
ev-muzeyinin direktoru Sərdar Fərəcova verdik. Mövzu çox
dərin olsa da, cavab səthi oldu: “Neçə ildir ki, Üzeyir
Hacıbəyli kimi təqdim olunur. Soyadının dəyişdirilməsi barədə sizə heç bir cavab verə bilmərəm. Gözümüzü açdıq, gördük
ki, hər yerdə belə yazılır. Ev-muzeyində də Üzeyir Hacıbəyli kimi qeyd olunur”.
Özünü Üzeyir Hacıbəyov
kimi təqdim edib
Əlyazmalar İnstitutunun böyük
elmi işçisi Aytən İmanova isə bildirib ki, Üzeyir bəy bütün əlyazmalarında və tərcümeyi-halında özünü
Üzeyir Hacıbəyov
kimi qeyd edib: “Üzeyir Hacıbəyov tərcümeyi-halında
özünü Hacıbəyov
kimi təqdim edirdi, Hacıbəyli kimi yox. Özünü hər yerdə atdığı imzalarda Hacıbəyov kimi qeyd edirdi. Bizim Əlyazmalar İnstitutunun
şəxsi fondlar şöbəsində yerləşən
materiallar əsasən
1920-ci ildən sonrakı
dövrə, yəni Azərbaycan Cümhuriyyətinin
süqutundan sonrakı
dövrünə aiddir.
1965-ci ildə Üzeyir bəyin şəxsi arxivini bizə həyat yoldaşı Məleykə
xanım təhvil vermişdi. Sovet konyukturası ilə
bağlı olaraq
1920-ci ilə qədər
olan sənədlərin
çoxunu leqallaşdırmağa
qorxurdular. Sovet hökuməti
dövründə çox
böyük hücumlar
olduğu üçün
uzun müddət yaradıcılıqla məşğul
olmayıb. Bildiyiniz kimi,
cümhuriyyətin ilk himnini
Üzeyir bəy yazıb, cümhuriyyətin
Mədəniyyət Nazirliyində
fəaliyyət göstərib.
Mədəniyyət Nazirliyində məsul
işçi kimi Üzeyir Hacıbəyovun
imzaladığı sənədlər
var. Hamısında özünü
Üzeyir Hacıbəyov
kimi təqdim edib”.
Müsahibimiz dahi bəstəkarın
opera və tamaşalarının
afişalarını qəzetimizə
təqdim edib. Vurğulayıb ki, diqqət yetirsək, görərik ki, afişanın hər birində Üzeyir Hacıbəyov deyə qeyd olunub.
Üzeyir bəyin yazıçı
və jurnalist kimi fəaliyyətini də nəzərə alıb araşdırmamıza
Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin Mətbuat
tarixi kafedrasının
professoru, tarix elmləri doktoru Nəsiman Yaqublunun da fikirlərini cəlb etdik. O, qəzetimizə açıqlamasında
bildirdi ki, Üzeyir bəy “İrşad” qəzetində
Üzeyir Hacıbəyov
imzası ilə çoxlu sayda yazılar çap etdirib: “Üzeyir Hacıbəyov böyük
bir şəxsiyyət
olub, zəngin bir irs qoyub
gedib. 1904-cü ildən başlayaraq Üzeyir bəyin “Kaspi” qəzetində yazıları işıq
üzü görüb.
“İrşad” qəzetində Üzeyir Hacıbəyov imzası ilə çoxlu sayda yazılar çap etdirib”.
Xan Şuşinskinin,
Hüseyn Ərəblinskinin,
Əliağa Şıxlinskinin,
Cəmşid Naxçıvanski,
Hüseynqulu Sarabskinin
soyadları da dəyişdiriləcək?
Eyni vəziyyət
Mirzə Fətəli
Axundov soyadının
təqdimatı zamanı
da yaşanır. Müxtəlif mənbələrdə
ya “Axundov”, ya da “Axundzadə”
kimi yazılır. Təəssüfləndirici haldır,
görəsən, Azərbaycan
üçün can qoyub, külüng vuran insanların soyadları yanlışlıqdan,
yoxsa bilərəkdən
fərqli təqdim edilir? O zaman başqa bir sual da yaranır.
Nə üçün
Xan Şuşinski, Hüseyn Ərəblinski,
Əliağa Şıxlinski,
Cəmşid Naxçıvanski,
Hüseynqulu Sarabski və s. kimi görkəmli xadimlərin
soyadları milliləşdirilmir?
Göründüyü kimi,
süni şəkildə
milli məzmun əlavə etməyə heç ehtiyac yoxdur.
Bəziləri soyad sonluqlarının dəyişdirilməsini 1990-cı illərdə milli ruhumuzun yenidən oyanması ilə əlaqələndirirlər. Amma
bunu da tutarlı
fakt kimi qəbul etmək olmaz. Əgər soyad sonluqlarının dəyişdirilməsi milli
kimliyimizin dirçəlişinin
təzahürü kimi
qəbul edilsəydi,
o zaman dövrünün
məşhurları soyadlarını
dəyişərdi.
Məsələyə digər prizmadan yanaşsaq, bunun yuridik cinayət olduğunu da sübut etmək çətin olmaz. Kimsə (sağlığında)
öz soyadını dəyişmək istəyinə
düşürsə, mütləq
məhkəməyə müraciət
etməli və məhkəmənin qərardadını
əldə etməlidir.
Hacıbəyli soyadına
gəlincə isə bu, tamamilə absurddur - şəxsin ölümündən sonra
adının və yaxud soyadının dəyişdirilməsi nə
hüquqi prosedura uyğundur, nə də mənəvi kodeksə sığır.
Müşfiqə BAYRAMLI
Yeni Azərbaycan.- 2021.- 15 sentyabr.-
S.4.