İşğaldan azad edilmiş ərazilərimizin bərpası
iqtisadiyyatımızın inkişafına
yeni bir təkan verəcək
-Rauf müəllim, hazırda ölkə gündəmində olan əsas məsələlərdən
biri işğaldan azad edilmiş ərazilərimizin bərpasıdır.
Bu istiqamətdə görülən
işlər haqqında
fikirlərinizi bilmək
istərdik...
-Bilirsiniz ki, Azərbayan dövləti və xalqı Vətən müharibəsində
qazanılan şanlı
qələbə sayəsində
qarşısında duran
əsas problemin həllinə nail oldu. Artıq Ermənistanın işğalçılıq
siyasəti nəticəsində
yaranan Dağlıq Qarabağ münaqişəsi
tarixə qovuşub və ölkəmizin ərazi bütövlüyü
təmin edilib. Qarşıda isə bizi yeni mühüm vəzifə gözləyir
ki, bu da işğaldan azad olunan ərazilərin bərpa edilməsi ilə bağlıdır.
Qeyd edim ki, Azərbaycan
Prezidenti İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş müşavirədə
çıxışı zamanı
bu məsələ ilə bağlı qarşıya qoyulan hədəfləri cəmiyyətimizə
çatdırıb. Azərbaycan güclü
dövlət kimi işğaldan azad edilən torpaqlarımıza
həyatı qaytarmaq,
bu əraziləri dirçəltmək əzmindədir.
Dövlətimizin başçısı vurğulayıb ki, bizim əsas diqqətimiz azad edilmiş torpaqlara olmalıdır və bu sahədə ilkin infrastruktur layihələrinin icrası
artıq başlayıb.
Ümumiyyətlə, Azərbaycanın işğaldan
azad edilən ərazilərdə bərpa
planları kifayət qədər genişdir. Vətən
müharibəsində qazanılan
şanlı qələbə
sayəsində geri qaytarılan ərazilərin
tezliklə bərpa edilməsi üzrə işlərin həyata keçirilməsi, müvafiq
infrastrukturların yaradılması,
həmin regionun Azərbaycan iqtisadiyyatına
inteqrasiyasının təmin
edilməsi üçün
bu ilin dövlət
büdcəsində 2,2 milyard
manat vəsait nəzərdə tutulub. Müşavirədə də
bildirildiyi kimi, ordunun təchizatı, respublikamızın sərhədlərinin
bərpa edilməsi üzrə işlərin maliyyələşdirilməsi də
nəzərə alınmaqla,
ümumilikdə bu tədbirlərə 4,6 milyard manat maliyyə
təminatı ayrılıb.
İşğaldan azad edilən
ərazilərin bərpası
işləri isə müəyyən ardıcıllıqla
həyata keçiriləcək.
-Sizcə, işğaldan azad olunmuş ərazilərin iqtisadi potensialı hansı səviyyədədir?
-Əlbəttə ki,
bu ərazilərin potensialı çox yüksəkdir. Baxmayaraq ki, işğalçılar
30 il ərzində
bu ərazilərdə
hər şeyi məhv edib, amma bu torpaqların
hər qarışı
bizim sərvətimizdir.
Gözəl təbiəti, yeraltı
və yerüstü resursları olan Qarabağ torpaqlarının
iqtisadiyyatımıza böyük
dividentlər gətirəcəyi
şübhəsizdir. Təbii ki, quruculuq işləri
həyata keçiriləndən,
insanlar o torpaqlara qayıtdıqdan, torpaqların
əkilib-becərilməsindən, sosial-iqtisadi infrastrukturun yaradılmasından sonra
biz həmin bölgələrin
inkişafımıza nə
qədər böyük
təkan verəcəyinin,
müsbət təsir
göstərəcəyinin şahidi olacağıq.
Azad olunmuş bütün
şəhərlərin, kəndlərin
bərpası müasir
tələblər nəzərə
alınmaqla həyata keçirilməsi nəzərdə
tutulur. İşlər elə aparılmalıdır
ki, bərpa olunacaq şəhərlərin
və kəndlərin
dəqiq say tərkibi
müəyyən edilsin.
Ərazilərdə infrastruktur,
məşğulluq və
s. bu kimi məsələlər nəzərə
alınmalıdır. Məlumdur ki,
indiyədək işğaldan
azad edilmiş torpaqların bərpası
və inkişafı konsepsiyası hazırlanıb.
Geri qaytarılan ərazilərin bərpası
və inkişafı istiqamətində dövlət
tərəfindən həyata
keçiriləcək tədbirlər
və həmin rayonların iqtisadi potensialı ölkəyə,
xüsusilə də qeyri-neft sektoruna yeni yerli və
xarici investisiyaların
cəlb olunmasına zəmin yaradacaq.
İşğaldan azad olunmuş ərazilərin bərpası
və inkişafı ilə bağlı kompleks yanaşmanı təmin etmək üçün bir neçə mərhələdə
fəaliyyətin həyata
keçirilməsi nəzərdə
tutulur. İlkin mərhələ idarəetmə və təhlükəsizlik, infrastruktur
məsələlərinin həllini,
növbəti mərhələlər
isə sosial xidmətlərin fəaliyyətini,
iqtisadiyyatın yenidən
qurulması və inkişafı məsələsini
özündə ehtiva
edir. Hər bir bölgəmizin
təbii ehtiyatları,
ənənəvi iqtisadiyyat
sahələri, nəqliyyat
qovşaqlarına, o cümlədən
yenidən bərpa olunan nəqliyyat dəhlizlərinə və
artıq tikintisinə
başlanılmış avtomobil
və dəmir yollarına yaxınlığı
nəzərə alınaraq
onların profili, ixtisaslaşması nəzərdə
tutulub. Bütövlükdə, bu ərazilərimizin
yaxın illərdə
yüksək səviyyədə
bərpa olunacağına
inanırıq.
- Azərbaycan iqtisadiyyatında
müşahidə edilən
müsbət meyillər
beynəlxalq səviyyədə
də yüksək dəyərləndirilir. Bu barədə nə deyə bilərsiniz?
-Son illərdə Azərbaycan
iqtisadiyyatında müşahidə
edilən müsbət
meyillər beynəlxalq
səviyyədə yüksək
dəyərləndirilir. Bunu nüfuzlu
beynəlxalq qurumların,
reytinq agentliklərinin
yaydıqları hesabatlardan
da aydın şəkildə
görmək mümkündür.
Həmin
hesabatlarda Azərbaycanın
mövqeyi ilbəil ardıcıl şəkildə
yaxşılaşır.
Belə ki, Dünya Bankının son hesabatı,
həmçinin nüfuzlu
Davos İqtisadi Forumunun
dəyərləndirmələri təsdiqləyir ki, milli iqtisadiyyatımız
2020-ci ildə də dayanıqlılığını qoruyub saxlayıb. Məlum
olduğu kimi, ötən il
qlobal pandemiya səbəbindən dünya
ölkələri üçün
çətin keçib.
Dünya miqyasında iş və xidmətlərə tələbat
azalıb, insanların
əmək bazarına
inteqrasiyası məhdudlaşıb.
Pandemiya şəraitində ayrı-ayrı
ölkələr sosial-iqtisadi
inkişafla bağlı
proqramlarını ixtisara
salmaq məcburiyyətində
qalıblar. Azərbaycan isə
pandemiya şəraitində
iqtisadi subyektlərə
dəstək tədbirləri
reallaşdırıb, həmçinin
təxminən 5 milyon
insanı əhatə
edən geniş sosial proqram həyata keçirib.
Azərbaycan dünya üzrə
pandemiya səbəbindən
artan xərclərini sırf daxili imkanlar hesabına qarşılayan azsaylı
ölkələrdən biridir.
Ölkəmiz, həmçinin beynəlxalq
həmrəyliyə töhfə
vermək ənənəsinə
sadiq qalaraq Ümumdünya Səhiyyə
Təşkilatına iki
tranşda 10 milyon
dollar ianə ayırıb
və 30-dan çox ölkəyə dəstək
göstərib. Bütün bunlar Azərbaycan
iqtisadiyyatının dayanıqlılığını
təsdiqləyir ki, bu da beynəlxalq reytinq agentliklərinin hesabatlarında da öz əksini tapır. Dünya
Bankının yenidən
hesablanmış “Doing Business” hesabatında Azərbaycanın
190 ölkə arasında
28-ci yerə yüksəlməsi,
10 ən islahatçı
ölkə sırasına
daxil edilməsi böyük nailiyyətdir.
Davos Ümumdünya İqtisadi Forumunun hesabatında isə respublikamızda aparılan
müasir infrastruktur quruculuğuna yüksək
qiymət verilib.
Belə ki, respublikamız dəmir yolu xidmətlərinin səmərəliliyi
indeksinə görə
11-ci yerə, hava yolları xidmətlərinin
səmərəliliyi üzrə
12-ci yerə, avtomobil yollarının keyfiyyəti
göstəricisinə görə
24-27-ci yerlərə layiq
görülüb. Bu hesablama inkişaf etməkdə olan 74 ölkə arasında aparılıb. İnklüziv inkişaf indeksi üzrə isə Azərbaycan üçüncü
yerdə qərarlaşıb.
Bu sosial-iqtisadi inkişaf
göstəriciləri ölkəmizdə
aparılan məqsədyönlü,
düzgün siyasətin
nəticəsidir. Son 17 ildə
Azərbaycanda Prezident
İlham Əliyevin siyasi iradəsi əsasında müxtəlif
istiqamətlərdə islahatlar
aparılıb. Ölkədə aparılan islahatlar sosial-iqtisadi inkişaf üçün möhkəm
hüquqi əsaslar yaradıb. Bu gün Azərbaycan dünyada yüksək investisiya cəlbediciliyinə
malik ölkə kimi tanınır. Hazırda Azərbaycan iqtisadiyyatının
maliyyə təminatı
yüksək səviyyədədir.
Milli iqtisadiyyatımızın müxtəlif
istiqamətlərinə həm
daxili, həm də xarici mənbələrdən böyük
həcmlərdə investisiyalar
yönəldilir. Bütün bunlar
iqtisadi gücümüzü,
dünyadakı reytinqimizi
artıran amillərdir.
Yeni
Azərbaycan.- 2021.- 23 yanvar.- S.3.