Gənclərin azərbaycançılıq
ideologiyası əsasında və vətənpərvərlik
ruhunda yetişdirilməsində milli filmlərin də
böyük rolu var
Son illərdə Azərbaycanda Qarabağ
müharibəsi, bu müharibə fonunda yaşananlar, ümumiyyətlə,
hərbi-vətənpərvərlik mövzusunda filmlərin
çəkilməsinə xüsusi diqqət göstərilir
Məlum olduğu kimi, azərbaycançılıq
ideologiyasının təməlində milli və dini mənsubiyyətindən
asılı olmayaraq, ölkəmizin bütün vətəndaşlarının
mənafelərinin qorunması, onların ümumi məqsədlər
uğrunda birləşməsi kimi ülvi amallar dayanır.
Azərbaycan polietnik dövlət kimi ərazisində
yaşayan bütün xalqların vətənidir. Dünyəvi
və demokratik dövlət modelini qəbul edən
respublikamızda insanların dini inancları, habelə vicdan azadlığı
yüksək səviyyədə təmin olunur. Eyni zamanda,
etnik-dini mənsubiyyətindən asılı olmayaraq, ölkənin
hər bir vətəndaşının torpaqlarımız
üçün sahiblik və məsuliyyət hissi
yaşaması milli və vətəndaş həmrəyliyinin
bariz təzahürüdür. Biz ötən il sentyabrın
27-dən noyabrın 10-dək davam edən 44 günlük Vətən
müharibəsində bu güclü həmrəyliyin, yenilməz
ruhun bir daha şahidi olduq. Yeri gəlmişkən, təqdim
etdiyimiz yazıda azərbaycançılıq
ideologiyasının mühüm bir aspektinə diqqət
çəkəcəyik. Söhbət
respublikamızda gənclərin vətənpərvərlik
ruhunda tərbiyə olunmasından, eləcə də
dünyanın hansı nöqtəsində yaşamasından
asılı olmayaraq, hər bir azərbaycanlı gəncin ana
Vətənə bağlılıq hissinin gücləndirilməsindən
gedir.
Məlum olduğu kimi,
xalqımızın Ümummilli Lideri Heydər Əliyevin əsasını
qoyduğu azərbaycançılıq ideologiyasının
mühüm prinsiplərindən birini məhz gənclərin
vətənpərvərlik ruhunda yetişdirilməsi təşkil
edir. Öz növbəsində, Ulu Öndərin əsasını
qoyduğu siyasəti bütün sahələrdə
uğurla davam etdirən Prezident İlham Əliyev gənclərin
azərbaycançılıq ideologiyasını mənimsəyərək
milli maraqlar ətrafında sıx birləşməsinə
xüsusi diqqət göstərir. Dövlət
başçısının siyasi iradəsinə uyğun
olaraq ölkəmizdə yeniyetmə və gənclərdə
vətənpərvərlik hislərinin yüksəldilməsi,
onların Vətənin müdafiəsinə, ölkəmizin ərazi
bütövlüyü uğrunda mübarizəyə hər
an hazır olmaq ruhunda tərbiyə edilməsi istiqamətində
davamlı tədbirlər həyata keçirilir. Eyni zamanda, azərbaycançılıq
ideologiyasına əsaslanan dövlət gənclər siyasətini,
onlara göstərilən hərtərəfli
qayğını yüksək qiymətləndirən gənclərimiz
Vətənə, dövlətə sədaqətli
olduqlarını hər addımda sübut edirlər. 44
günlük Vətən müharibəsi
zamanı gənclərimizin göstərdikləri misilsiz qəhrəmanlıqlar
bu gerçəkliyi növbəti dəfə təsdiqlədi.
Şanlı qələbəmizlə başa çatan Vətən
müharibəsi göstərdi ki, Azərbaycanda xalqa, dövlətə,
torpağa bağlı olan gənclər
formalaşıb. Əlamətdar haldır ki, Vətən
müharibəsində düşmənə qarşı
mübarizədə ölkəmizdə yaşayan bütün
xalqları təmsil edən gənclər misilsiz fədakarlıqlar
göstərdilər. Onlar üçrəngli
bayrağımızı başları üzərinə
qaldıraraq döyüşlərə doğma Vətənimiz
naminə atılırdılar. Respublikamızda yaşayan
bütün xalqları təmsil edən gənclər səngərdə
bir-birinə qardaş, arxa idilər, onların hamısı
üçün qarşıda ümumi düşmən
dayanmışdı.
Keçdiyimiz yol, əldə etdiyimiz
uğurlar, Vətən müharibəsində
qazandığımız şanlı qələbə onu deməyə
əsas verir ki, azərbaycançılıq ideologiyası
öz müsbət nəticələrini verməkdədir.
Qarşıda isə bizi daha böyük məqsədlər
gözləyir. Buna görə də
respublikamızda və ölkə hüdudlarından kənarda
yaşayan bütün həmvətənlərimizi vahid amal
uğrunda birləşdirən azərbaycançılıq
ideologiyasının möhkəmləndirilməsi istiqamətində
fəaliyyətimizi bundan sonra daha da gücləndirməliyik.
Vurğulamaq yerinə düşər ki, ötən
müddət ərzində bu istiqamətdə görülən
işlərə dövlət qurumları ilə
yanaşı, ayrı-ayrı yaradıcılıq təşkilatları,
şair, dramaturq, yazıçı və bəstəkarlarımız,
eləcə də ssenarist və rejissorlarımız da öz
töhfələrini veriblər. Bu mənada son illərdə
milli filmlərimizdə vətənpərvərlik mövzusuna
həsr olunan səhnələrə geniş yer verilməsi təqdirəlayiqdir.
Gəncləri qəhrəmanlığa, ana Vətəni
göz bəbəyi kimi qorumağa, sevməyə
çağıran ekran əsərlərinin, eləcə də
şəhidlərimizin ömür və döyüş
yolundan bəhs edən filmlərin tamaşaçılara vətənpərvərlik
ruhunun aşılanmasında rolu böyükdür.
Mövzu ilə bağlı
ömrünü Azərbaycan kinosuna həsr etmiş, yüzlərlə
rola ekran həyatı bəxş etmiş Rasim Balayevin
mövqeyini öyrənməyə çalışdıq.
170-ə qədər filmdə yüksək sənətkarlıq,
məharət nümayiş etdirərək kino tariximizin
qüdrətli simalarından birinə çevrilən
aktyor qəzetimizə açıqlamasında bildirib ki, Azərbaycan
kinosunun xalqımızın dəyərlər sisteminin
formalaşmasında çox böyük əhəmiyyəti
olub. Fikirlərinə davam edən sevimli aktyorumuz vurğulayıb:
“Təbii ki, son illərdə Azərbaycan kinosunda bir canlanma
var, dövlət bu sahəyə böyük həcmdə vəsait
ayırır. Bütün bunların hamısı ürəkaçandı
və bir kino işçisi kimi mən də buna sevinirəm.
Kinomuzda inkişaf müşahidə edilır, bu,
danılmazdır, yeni-yeni filmlər çəkilir. Buraya hərbi-vətənpərvərlik
mövzusunda çəkilən filmləri də daxil edə
bilərik. Azərbaycanda müharibə mövzusunda çəkilən
filmlər arasında Qarabağla bağlı həm tam və
qısa metrajlı, həm də sənədli və cizgi filmləri
əsas yer tutur. Artıq tarixə qovuşan Qarabağ
münaqişəsinin gerçəklikləri, müharibə
və onun fəsadları, humanitar fəlakətlər bu filmlərin
əsas mövzusunu təşkil edir. Həmin filmlərin əksəriyyəti
xarici ölkələrdə də nümayiş etdirilərək
böyük populyarlıq qazanıb”.
Son illərdə Azərbaycanda Qarabağ
müharibəsi, bu müharibə fonunda yaşananlar,
ümumiyyətlə, hərbi-vətənpərvərlik
mövzusunda filmlərin çəkilməsinə xüsusi
diqqət göstərilir. Mədəniyyət və Turizm
Nazirliyi təşkil etdiyi bir neçə müsabiqədə
məhz bu mövzuda olan ssenarilərin ekranlaşdırılmasına
çalışıb. Bəhs olunan mövzuda filmlərin
istehsalı üçün dövlət tərəfindən
hər cür imkan yaradılıb. Bu mövzuda hər il bədii,
sənədli, tam və qısa metrajlı filmlər çəkilib.
Qeyd olunduğu kimi, bütün
zamanlarda mədəniyyətimizin, ədəbiyyatımızın,
musiqimizin, incəsənətimizin, ictimai fikrimizin içində
böyük bir azərbaycançılıq fəlsəfəsi
olub. Ötən müddət ərzində Azərbaycan
kinematoqrafçıları vətəndaş mövqeyindən
çıxış edərək ermənilərin
təcavüzünü, Qarabağ müharibəsinin mahiyyətini
və səbəblərini kinonun geniş imkanları vasitəsilə
açıb göstərən “Hücum”, “Tələ”, “Fəryad”,
“Haray”, “Laçın dəhlizi”, “Ümid”, “Sarı gəlin”,
“Girov”, “Arxada qalmış gələcək”, “Yalan”, “Biz
qayıdacağıq”, “Ağ atlı oğlan”, “Günaydın,
mələyim”, “Qala”, “Bir addım”, “Yaddaş”, “Yol”, “Dolu”,
“Xoca”, “Mən evə qayıdıram”, “Nabat”, “Qanlı Yanvar” bədii
filmlərini yaradıb, ön cəbhədən çoxlu
kinomateriallar təqdim ediblər. Bu mövzuda, həmçinin
“Qarabağ düyünü”, “Vətən mənə oğul
desə”, “Naməlum torpaq”, “Ulu diyarın harayı”,
“Qaçqınlar”, “Qədirin sorağında”, “Ana”,
“Xocalı - əsrin faciəsi”, “Həsrət”, “Ruhum dağlar
aşarsa...”, “Qan yaddaşı”, “Elan olunmamış
müharibə”, “Azadlıq ordusu”, “Sərkərdə” və
s. sənədli filmlər də çəkilib.
Məlumat üçün bildirək
ki, Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə
C.Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında istehsal
edilən ekran əsərlərindən biri də rejissor Elxan
Cəfərovun yazıçı-publisist Aqil Abbasın
eyniadlı romanı əsasında çəkdiyi “Dolu”
filmidir. Qarabağ müharibəsinə həsr
olunmuş “Dolu” filmində rejissor və operator işi moderndir
və Azərbaycan kinosunda yeni bir mərhələdir.
Azərbaycan kino sənayesinin ölkə rəhbərliyinin
daim diqqətində olduğunu deyən rejissor Elxan Cəfərov,
bunun uğurlu nəticəsi kimi müvafiq sahənin günbəgün
inkişaf etdiyini bildirib. Rejissor vurğulayıb ki, müharibə
haqqında film çəkmək texniki, mənəvi, psixoloji
baxımdan çətindir. Onun sözlərinə görə,
şəhidlərimizin ömür və döyüş
yolundan bəhs edən filmlərimizin insanlarda vətənpərvərlik
ruhunun aşılamasında böyük rolu var. “Qarabağ
hadisələri başladığı gündən mövzu
olaraq kinomuzun diqqət mərkəzinə gəldi. Artıq
Qarabağ bizdədir. Qələbədən sonra, şübhəsiz
ki, çoxlu sayda yaradıcılıq işləri ərsəyə
gələcək. Bu mövzuda sənədli və bədii
filmlər çəkiləcək. Mən də yeni bir film
çəkmək arzusundayam. Bəri başdan deyə bilərəm
ki, hələlik ideya səviyyəsində olan layihədə
şəhidlərimizin qəhrəmanlıqları,
xalqımızın həmrəyliyi xüsusi vurğulanacaq”,
- deyə E.Cəfərov qeyd edib.
Rejissor vətənpərvərlik mövzusunun
kinoda ən çox maraq doğuran və daim müraciət
edilən istiqamətlərdən olduğunu vurğulayıb:
“Mən səngərlərdə olmuşam. Səngərin nə
demək olduğunu bilirəm. Qarabağ uğrunda ölümə
gedən, şəhid olan yüzlərlə, minlərlə dəyanətli
oğullarımız olub. Qarabağ mövzusu üzərində
qurulan filmin çəkilişinə böyük ürəklə
yanaşıram. Mən bir qədər mistikaya inanan adamam və
çəkiliş vaxtı o qanlı günlərdə
dünyasını dəyişənlərin ruhunu
başımın üzərində hiss edirəm. Onlar sanki mənə
güc verirlər”.
Sonda bir daha vurğulamaq yerinə düşər
ki, hərbi-vətənpərvərlik mövzusunda olan filmlər
gənclərin də maraq dairəsindədir. Bu
mövzuda filmlərinin sayı çox olmalı, təbliğatı
yüksək səviyyədə həyata keçirilməlidir.
Çünki qəhrəmanlıq və vətənpərvərlik
ruhunda çəkilən filmlər uşaqlarda, gənclərdə
Vətənə, torpağa sevgi və qayğı hisləri
formalaşdırır. Deyə bilərik
ki, 10 noyabrda düşmənin kapitulyasiya aktını
imzalamasından sonra Vətən müharibəsinin gerçəkliklərini
təqdim etmək üçün kinomuzda yeni mərhələ
başlayıb. Əksər mütəxəssislərin
bildirdikləri kimi, əgər bu vaxta qədər ərazilərimizin
işğal edilməsi ilə bağlı
məqamlar, torpaqların geri qaytarılması
çağırışları filmlərin əsas motivini təşkil
edirdisə, yeni dönəm ekran əsərlərinin əsas
mövzusu Vətən müharibəsinin qəhrəmanları,
dünyanın hərbi mərkəzlərini heyrətə
salan döyüş taktikamız, üç onillikdən
sonra doğma torpaqlarımıza
qovuşmağımız, şanlı qələbəmizin təmin
olunmasına ölkəmizdə yaşayan bütün
xalqların töhfə verməsi olmalıdır. Vətənpərvərlik mövzuda filimlərimiz nə
qədər çox olsa, tariximizi, adət-ənənələrimizi,
ədəbiyyatımızı, dilimizin gözəl
çalarlarını, xalqımızın multikultural dəyərlərini
bir o qədər geniş təbliğ edə bilərik.
Müşfiqə BAYRAMLI
Yeni azərbaycan.- 2021.- 22 yanvar.-
S.8.