Xaricdə yaşayan soydaşlarımız
ana Vətənə yüksək bağlılıq
nümayiş etdirirlər
Son vaxtlarda azərbaycanlılar
dünyanın bir sıra iri şəhərlərində
genişmiqyaslı aksiyalar, layihələr həyata keçirərək
ölkəmizlə bağlı həqiqətlərin beynəlxalq
ictimaiyyətin diqqətinə çatdırılmasına
öz töhfələrini verirlər
Xalqımızın Ümummilli
Lideri Heydər Əliyevin əsasını qoyduğu və
sonrakı mərhələdə Prezident İlham Əliyevin rəhbərliyi
ilə aparılan məqsədyönlü siyasət sayəsində
daha da zənginləşdirilən azərbaycançılıq
ideologiyası milli və dini mənsubiyyətindən
asılı olmayaraq, ölkənin bütün vətəndaşlarını
ümumi amallar uğrunda birləşdirib. Deyə bilərik
ki, ötən dövrdə azərbaycançılıq
ideologiyasının yüksək səviyyədə təbliğ
olunması, bu məqsədlə davamlı tədbirlərin həyata
keçirilməsi sayəsində ölkəmizdə nümunəvi
ab-hava yaranıb. Bu gün davamlı sabitlik, vətəndaş
həmrəyliyi, insanların ümummilli məsələlərə
həssaslıqla yanaşmaları Azərbaycanın mənzərəsini
səciyyələndirən cəhətlərdir.
Bu konteksdə diqqəti çəkən digər
bir mühüm məqam isə müxtəlif səbəblərdən
respublikamızdan kənarda yaşayan
soydaşlarımızın ana Vətənə yüksək
bağlılıq nümayiş etdirmələridir. Biz azərbaycançılıq
ideologiyası ətrafında sıx birləşən
soydaşlarımızın son vaxtlarda dünyanın bir
sıra iri şəhərlərində genişmiqyaslı
aksiyalar, layihələr həyata keçirdiklərinin
şahidi oluruq. Bu qəbildən olan tədbirlərə, adətən,
yerli vətəndaş cəmiyyətlərinin fəalları,
siyasi və mədəni çevrələrin təmsilçiləri
də qatılırlar. Həmçinin
soydaşlarımızın xarici ölkələrdə
keçirdikləri aksiyalar müxtəlif dillərdə
işıq üzü görən kütləvi informasiya
vasitələrində geniş şəkildə
işıqlandırılır. Beləliklə də, həmvətənlərimiz
ölkəmizin həqiqətlərini beynəlxalq ictimaiyyətin
diqqətinə çatdırılmasına öz töhfələrini
verirlər. Məhz onların aktiv fəaliyyətinin nəticəsidir
ki, tarixi faktlara, ədalətə, humanizm prinsiplərinə əsaslanan
Azərbaycan həqiqətləri getdikcə daha böyük
auditoriyalarda rəğbət qazanmaqdadır.
Azərbaycan Silahlı Qüvvələrinin
ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam
edən Vətən müharibəsində qazandığı
şanlı qələbə xalqımızın qürur mənbəyi
olaraq tarixdə əbədi qalacaq. Bu qələbə sayəsində
üç onillik ərzində davam edən Dağlıq
Qarabağ münaqişəsi tarixə qovuşdu, ölkəmizin
ərazi bütövlüyü tam təmin olundu. Bu qələbənin təmin olunmasını şərtləndirən
amillər sırasında xalqımızın birliyi müstəsna
rol oynadı. Vətən müharibəsinin
başladığı ilk günlərdən ölkəmizdə
fəaliyyət göstərən əksər siyasi
partiyaların təmsilçiləri yüksək həmrəylik
nümunəsi sərgiləyərək Prezident, Ali Baş
Komandan İlham Əliyevə birmənalı dəstəklərini
bildirdilər.
Eyni zamanda, xaricdə yaşayan
soydaşlarımızın Vətən müharibəsi
günlərində nümayiş etdirdikləri həmrəylik
hər cür xoş sözə layiqdir. Həmin
günlərdə erməni diasporunun təsir dairəsinin
kifayət qədər güclü olduğu ölkələrin
iri şəhərlərində Dağlıq Qarabağ
münaqişəsi ilə bağlı əsl həqiqətlərin
səsləndirildiyi çoxsaylı mitinqlərin,
küçə yürüşlərinin keçirilməsinin
asan olmadığını təsəvvür etmək
çətin deyil. Bir sıra hallarda erməni lobbisinin təsir
dairəsində olan yerli hakimiyyət və güc
strukturları belə tədbirlərin qarşısını
almağa böyük səy göstərirdilər. Lakin
diaspor təşkilatlarımız güclü həmrəylik
göstərərək planlaşdırdıqları tədbirlərin
baş tutmasına nail olurdular. Soydaşlarımızın
keçirdikləri belə tədbirlərin coğrafiyası
da kifayət qədər geniş idi. Qardaş
Türkiyə, Gürcüstan, Rusiya Federasiyası, Fransa,
Almaniya, ABŞ və digər çoxsaylı ölkələr
bu siyahıda yer alır. Ümumiyyətlə, Azərbaycanlıların
Koordinasiya Şuralarında birləşən diaspor təşkilatları
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı ölkəmizin haqlı mövqeyini qətiyyətlə
müdafiə edib və erməni təxribatlarına
bütün səviyyələrdə layiqli cavab veriblər.
Ötən ilin yayında baş verən Tovuz hadisələri
zamanı, eləcə də Vətən müharibəsi
başlayan gündən etibarən dünya azərbaycanlıları
ayağa qalxaraq respublikamıza dəstək məqsədilə
ümumilikdə 182 aksiya, yürüş-mitinq keçiriliblər.
Bundan başqa, soydaşlarımız tərəfindən
müxtəlif beynəlxalq təşkilatlara, səlahiyyətli
şəxslərə minlərlə bəyanat
ünvanlanıb, dünyanın demək olar ki, hər yerində
26 dildə məlumatlar yayılıb.
44 günlük Vətən müharibəsi
günlərində xaricdə yaşayan
soydaşlarımız yalnız aksiyalar keçirməklə,
informasiya təbliğatı aparmaqla kifayətlənməyiblər.
Onlar, həmçinin Silahlı Qüvvələrimizə,
şəhid ailələrinə və qazilərimizə maddi
dəstək göstərilməsində yüksək fəallıq
nümayiş etdiriblər. Məsələn,
müharibə günlərində Amerikanın və
Avropanın müxtəlif ölkələrində fəaliyyət
göstərən Azərbaycan diaspor təşkilatları tərəfindən
ordumuza, şəhid ailələrinə və qazilərimizə
332.640 manat, 188.416 ABŞ dolları və 118.782 avro məbləğində
maddi dəstək göstərilib. Könüllü
şəkildə yığılan vəsaitlər Azərbaycan
Diasporuna Dəstək Fondu və Silahlı Qüvvələrə
Yardım Fondu vasitəsilə, eləcə də birbaşa
olaraq çatdırılıb. Bundan başqa,
soydaşlarımızın təşəbbüsü ilə
əsgərlərimiz üçün isti geyimlər, ərzaq
bağlamaları, tibbi avadanlıqlar da göndərilib.
Kanadada yaşayan bir qrup soydaşımız isə 101 şəhid
ailəsini himayəyə götürüb. Belə
misalların sayı kifayət qədər çoxdur.
Xaricdə yaşayan azərbaycanlılar tərəfindən
ana Vətənə dəstək, milli mədəniyyətimizin
təbliği ilə bağlı aksiyalar müharibə
başa çatdıqdan sonra da davam etdirilir. Məsələn,
ABŞ-ın Men ştatında Azərbaycanın Vətən
müharibəsindəki tarixi qələbəsini əks etdirən
layihə gerçəkləşdirilib. Layihə Men
ştatında Azərbaycan icmasının rəhbəri Tərlan
Əhmədovun təşəbbüsü ilə
keçirilib. Diasporla İş üzrə
Dövlət Komitəsinin dəstəyi ilə baş tutan və
bir həftə davam edən aksiya zamanı üzərində
Azərbaycanın tarixi abidələrini, dövlət
atributlarını, zəngin mədəniyyət nümunələrini,
Bakı şəhərinin gözəlliklərini və
Qarabağ həqiqətlərini əks etdirən rəqəmsal
plakatların olduğu xüsusi avtomobil ştatın müxtəlif
şəhərlərində dolaşaraq sakinlərin diqqətini
ölkəmizə cəlb edib. Elektron lövhədəki
müxtəlif şəkillərin fonunda “Azərbaycanda inanc
müxtəlifliyinə qayğı ilə
yanaşılır”, “Azərbaycanda gözəllik, mədəniyyət,
tarix və ənənələr yanaşıdır”, “Qəlbini
Azərbaycana sevgi və barışla zəngin et”
çağırışları, eləcə də “Xarı
bülbül” çiçəyinin təsviri və
“Qarabağ Azərbaycandır!” şüarı əks olunub.
Digər belə bir tədbir Norveçin
paytaxtı Osloda baş tutub. Belə ki,
Norveçdə fəaliyyət göstərən “CAN” Azərbaycan-Norveç
diaspor təşkilatının təşəbbüsü və
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi
ilə paytaxt Oslonun mərkəzi küçələrində
Qarabağ həqiqətlərindən bəhs edən 200 reklam
lövhəsi (bilbord) quraşdırılıb. Layihə
yerli ictimaiyyətin diqqətini Qarabağ həqiqətlərinə
və 44 günlük Vətən müharibəsində Azərbaycanın
şanlı qələbəsinə cəlb etmək məqsədilə
gerçəkləşdirilib. Layihə çərçivəsində
yerli vətəndaş cəmiyyətinə noyabrın 10-da
imzalanan üçtərəfli Bəyanatın şərtlərinə
riayət olunmasına birgə səylər göstərilməsi,
Azərbaycan ərazilərində humanitar aksiyaların həyata
keçirilməsinin mümkün olması ilə
bağlı çağırışlar səsləndirilib.
Layihənin müəllifləri, həmçinin dünya
ictimaiyyətini Ermənistanın azərbaycanlılara
qarşı törətdiyi hərbi cinayətlərə diqqət
yetirməyə çağırıblar. Bilbordlarda yerləşdirilən
fotoşəkillər arasında məşhur fotoqraf Reza
Deqqatinin birinci və ikinci Qarabağ savaşı zamanı
çəkdiyi fotolardan da istifadə olunub.
Böyük Britaniyadakı azərbaycanlı
icmasının təşəbbüsü ilə London şəhərində
xalqımızın zəngin mədəniyyətini və ənənələrini
vəsf edən layihənin gerçəkləşdirilməsi
də təqdirəlayiq haldır. Layihə
çərçivəsində London metrosunun 20
stansiyasında quraşdırılmış 6 lövhədə
Azərbaycanın bugünkü reallıqlarını, o
cümlədən milli mədəniyyətimizin müxtəlifliyini
və rəngarəngliyini əks etdirən fotoşəkillər
bir-birini əvəzləyib. Sərnişinlər tərəfindən
olduqca maraqla qarşılanan layihənin icrasına ötən
il dekabrın 20-dən başlanılıb. Layihə cari il
yanvar ayının əvvəlində başa çatıb.
Azərbaycan dövləti xaricdəki diaspor təşkilatlarının
ana Vətən naminə fəaliyyətlərini hər zaman
yüksək dəyərləndirir. Diasporla
İş üzrə Dövlət Komitəsi Dünya Azərbaycanlılarının
Həmrəyliyi Günü münasibətilə diaspor təşkilatlarının
üzvlərini - bütövlükdə 30 ölkədə
yaşayan 92 nəfər diaspor fəalını “Diaspor fəaliyyətində
xidmətə görə” medalı ilə təltif edib.
Xaricdə yaşayan soydaşlarımız
yüksək dövlət təltifinə diasporun ana Vətənlə
əlaqələrinin möhkəmləndirilməsində,
beynəlxalq aləmdə respublikamızla bağlı obyektiv
informasiyaların yayılmasında, eləcə də Azərbaycan
dilinin və mədəniyyətinin xarici ölkələrdə
təbliğində, respublikamızın beynəlxalq aləmdə
ikitərəfli və çoxtərəfli əlaqələrinin
genişlənməsində göstərdikləri xidmətlərə
görə layiq görülüblər. Yeri gəlmişkən,
“Diaspor fəaliyyətində xidmətə görə”
medalı ilə təltif edilən soydaşlarımız bunu
yüksək minnətdarlıq hissi ilə
qarşılayıblar. Onlar bundan sonra da hər
zaman ana Vətənin yanında olacaqlarını, dövlətimizin
dünyada daha yaxşı təbliği və beynəlxalq aləmdə
milli maraqlarımızın qorunması üçün əllərindən
gələni əsirgəməyəcəklərini bildirirlər.
Yuxarıda deyilənlərdən bir daha
aydın olur ki, azərbaycançılıq ideologiyası gənc
müstəqil dövlətimizin milli gücünü
artıran fundamental amillərdən biri qismində
çıxış edir. Bu gün dünyada erməni lobbi təşkilatlarına
bağlı olan müxtəlif anti-Azərbaycan dairələr
mövcuddur. Ölkəmizin uğurları həmin dairələri
bərk narahat edir. Biz Vətən müharibəsi
dövründə ayrı-ayrı ölkələrdən
respublikamıza edilən təzyiqlərin timsalında bunu əyani
şəkildə gördük. Onlar açıq-aşkar dirəniş
göstərirdilər ki, Azərbaycan ərazi
bütövlüyünü təmin etməsin, haqq mübarizəsini
dayandırsın. Şübhəsiz ki, belə təzyiqlər
gələcəkdə də gözləniləndir. Buna
görə də biz Ulu Öndərimizin əvəzolunmaz
mirasına - azərbaycançılıq ideologiyasına
istinad etməklə milli həmrəyliyimizi, vətəndaşlıq
mövqeyimizi daha da gücləndirməliyik. Bizim sarsılmaz
birliyimiz ana Vətənimiz Azərbaycanın gələcək
uğurlarını, qələbələrini, zirvələrə
yüksəlməsini təmin edəcək.
Mübariz
ABDULLAYEV
Yeni
Azərbaycan.- 27 yanvar.- S.8.