Azərbaycançılıq
ideologiyası dünya azərbaycanlılarını vahid amal
uğrunda birləşdirib
Respublikamızda müxtəlif
etnik-dini icmaların nümayəndələri milli mədəniyyətlərini
yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin
və mədəniyyətinin zənginləşməsinə,
ölkəmizin ümumi inkişafına da öz töhfələrini
verirlər
Hər bir dövlətin
gücü, qüdrəti müxtəlif amillərlə şərtlənir
ki, burada ideoloji əsaslar müstəsna əhəmiyyət
daşıyır. Ümumiyyətlə, hər bir dövlət
iqtisadi, siyasi, hərbi və digər parametrlər
baxımından müəyyən potensiala malikdir. Ancaq həmin dövlətin ideoloji əsasları
yoxdursa və yaxud möhkəm təməllərə söykənmirsə,
bu zaman ardıcıl inkişafdan, mövcud potensialın real
gücə çevrilməsindən danışmaq da
mümkün deyil. İdeoloji əsaslar ölkələrin cəmiyyətlərini
birləşdirən, həlledici məqamlarda
onları səfərbər edən, strateji məqsədlər
uğrunda milli gücü artıran fundamental və əvəzolunmaz
amil qismində çıxış edir. Şübhəsiz
ki, dövlətlərin strukturu, cəmiyyətlərin spesifik
xüsusiyyətləri, mental dəyərlər fərqli
olduğu kimi, onların ideoloji əsasları da bir-birləri
ilə eynilik təşkil etmir. Fərqli ölkələrdə
qarşıya qoyulan yaxın və uzaq məqsədlərdən
asılı olaraq ideoloji əsaslar da fərqli məzmunda
formalaşdırılır və burada liderlərin rolunu da
ayrıca qeyd edə bilərik.
Ölkəmizin milli gücünü artıran
azərbaycançılıq ideologiyasının əsasını
Ulu Öndər Heydər Əliyev qoyub
Azərbaycanın inkişaf tarixində Ulu
Öndər Heydər Əliyevin müstəsna xidmətləri
var. O, iki fərqli ideoloji dönəmdə -
keçmiş Sovet hakimiyyəti illərində və müstəqilliyimizin
ilk dövründə Azərbaycana rəhbərlik edib. İlk
dəfə 1969-cu ildə Azərbaycanın rəhbərliyinə
gələn Heydər Əliyev qısa müddətdə
respublikamızı sənaye inkişafına yönəltdi.
Onun səyləri ilə ötən əsrin
70-80-ci illərində milli iqtisadiyyatımızın möhkəm
təməlləri yaradıldı.Tərkibində 15 müttəfiq
respublikanı birləşdirən keçmiş Sovet
İttifaqı qapalı bir ölkə idi və burada hər
hansı bir rəhbərin milli təəssübkeşlik
nümayiş etdirməsi yolverilməz
sayılırdı. Lakin qəlbində xalqına sonsuz məhəbbət
bəsləyən Ulu Öndər hətta həmin məhdudiyyətlər
şəraitində də belə tarixdən gələn ənənələrimizin
yaşadılmasına, mədəniyyətimizin
inkişafına, dilimizin qorunmasına və zənginləşməsinə
böyük diqqət yetirirdi. Tam qətiyyətlə deyə
bilərik ki, müdrik siyasətçi olan Heydər Əliyev
hələ keçmiş sovet dönəmində
respublikamızda beynəlmiləlçiliklə milliliyin unikal
bir vəhdətini yaratmağa nail olmuşdu. Ulu
Öndər Özünəxas olan müdrikliklə həm
respublikamızda yaşayan müxtəlif xalqların mədəniyyətlərinin
inkişafına, həm də aborogen sakinlərin – azərbaycanlıların
milli dirçəlişinə münbit zəmin yaradan qərarlar
qəbul edirdi. Respublikamızda tez-tez
keçirilən festivallar, mədəniyyət
ongünlükləri, folklor bayramları, ədəbiyyatımızın,
mədəniyyətimizin görkəmli nümayəndələrinin
yubileyləri milli mənsubiyyətindən asılı
olmayaraq, Azərbaycanın hər bir vətəndaşında
sevinc və qürur hissi yaradırdı.
Belə tədbirlərlə mənəvi cəhətdən zənginləşən
və bir-birlərinə daha möhkəm tellərlə
bağlanan insanlar – müxtəlif xalqların nümayəndələri
daha böyük coşqu ilə quruculuq işlərində
iştirak edirdilər. Respublikamızda cəmiyyətin
bütün təbəqələrini, müxtəlif etnik mənsubiyyətə
malik insanları vahid amal uğrunda birliyə sövq edən
siyasətin əsasları məhz o illərdə Ulu Öndərin
atdığı belə məqsədyönlü addımlarla
qoyuldu. Milli kimliyi ilə qürur duyan Ulu Öndər ona
nail olmaq istəyirdi ki, hər cəhətdən
respublikamızı gücləndirsin və bütün vətəndaşlar
güclü Azərbaycanla fəxr etsinlər. Uzaqgörən
siyasətçi Heydər Əliyev keçmiş sovet dönəmində
güclü sənaye qurmaqla, kənd təsərrüfatını
yeni yanaşmalarla inkişaf etdirməklə, mədəniyyətimizi
dünya arenasına çıxartmaqla, gəncləri təhsilə
istiqamətləndirməklə buna nail olmuşdu.
Ulu Öndər 1993-cü ilin
yayında xalqın təkidli tələbi ilə ikinci dəfə
Azərbaycanın siyasi rəhbərliyinə gəlməklə
xilaskarlıq missiyası yerinə yetirdi. 1992-ci ilin yazında
qeyri-qanuni yolla hakimiyyətə gələn
AXC-"Müsavat" iqtidarı ölkəni uçurumun kənarına
gətirib çıxarmışdı. Heydər
Əliyev belə çətin dönəmdə xalqın istəyini
nəzərə alaraq respublikamızın rəhbərliyinə
gəlməyə razılıq verdi. Ulu Öndərin
aldığı müdrik qərarlar tezliklə
respublikadakı hərc-mərcliyə son qoydu və ölkə
vətəndaş qarşıdurmasından inkişafa istiqamətləndi.
Müstəqilliyimizin əldən
getməsinə imkan verməyən Ulu Öndər Heydər
Əliyevin apardığı siyasətin uğurlarını
şərtləndirən əsas amillərdən biri isə
Onun ölkənin bütün vətəndaşlarını
vahid amal uğrunda birləşdirməyə nail olması idi.
Uzaqgörən siyasətçi Heydər
Əliyev açıq şəkildə bəyan etdi ki, gənc,
müstəqil dövlətimiz məhz azərbaycançılıq
ideologiyası əsasında öz xoşbəxt gələcəyini
quracaq, möhkəmlənəcək və inkişaf edəcək.
Son 17 ildə Azərbaycanın daxili və
xarici siyasətinin prioritetləri milli dəyərlər və
milli maraqlar üzərində formalaşıb
Son 17 ildə respublikamızda Ulu Öndərin əsasını
qoyduğu azərbaycançılıq ideologiyası dövlətimizin
əsas təməl prinsipi kimi qorunub saxlanılıb və
daha da zənginləşdirilib. Məlum olduğu kimi,
hazırda bütün dünyada qloballaşma meyilləri hədsiz
dərəcədə güclənib və xalqların milli
xüsusiyyətlərinin, mədəniyyətlərinin və
dillərinin əriyib itməsi təhlükəsi yaranıb. Hazırkı şəraitdə qloballaşmanın,
inteqrasiya meyillərinin artmasının meydana
çıxartdığı əsas
çağırışlardan biri məhz dünyanı yeknəsəkliyə
aparan yolun qarşısını kəsməkdən, rəngarəngliyi,
milli çalarları qoruyub daha da zənginləşdirməkdən
və bu zənginlikdən ümumi mənafe naminə istifadə
etməkdən ibarətdir. Bu mənada, Azərbaycan
dövlətinin nümunəsi təqdirəlayiqdir. Qloballaşma şəraitində ölkəmizi fərqləndirən
və respublikamızı daha güclü edən amillərdən
söhbət açarkən, ilk növbədə, onu
vurğulamaq lazımdır ki, Azərbaycan tarixdən gələn
milli-mənəvi dəyərlərin qorunub gələcək
nəsillərə ötürülməsinə
böyük önəm verən dövlətdir. Dünya
birliyinin suveren aktoru olan respublikamızın ideoloji əsasları,
daxili və xarici siyasətinin prioritetləri məhz milli dəyərlər
və milli maraqlar üzərində formalaşıb.
Son 17 ildə ölkəmizdə milli-mənəvi
dəyərlərimizə qayğı siyasəti Prezident
İlham Əliyev tərəfindən ardıcıllıqla
davam etdirilib. Dövlət
başçısı son 17 ildə qloballaşma şəraitində
milli dilimizin inkişafına və yad təsirlərdən
qorunmasına, Azərbaycan ədəbiyyatının latın
qrafikası ilə nəşrinə, zəngin mədəniyyətimizin
təbliğinə, tariximizin araşdırılmasına dair
çoxsaylı Fərman və sərəncamlar imzalayıb.
Ölkəmizdə gənc nəslin milli ruhda tərbiyə
olunması diqqət mərkəzində saxlanılır. Dövlətin hərtərəfli qayğısı
sayəsində cəmiyyətdə xalqımızın milli-mənəvi
dəyərlərinə böyük bağlılıq
yaranıb. Ölkəmizdə bütün milli və dini
bayramlar dövlət səviyyəsində qeyd edilir. Son
illərdə ölkəmizdə muğam sənətinin
inkişafına dövlət tərəfindən hərtərəfli
qayğı göstərilməsi milli-mənəvi dəyərlərimizə
verilən önəmin növbəti təzahürüdür.
Respublikamızda Dini Qurumlarla İş üzrə
Dövlət Komitəsinin tabeçiliyində Milli Dəyərlərin
Təbliği Fondunun yaradılması bu sahəyə dövlət
dəstəyinin növbəti ifadəsidir. İslam dəyərləri
xalqımızın milli-mənəvi dəyərlərinin
ayrılmaz hissəsini təşkil edir. Bəşəriyyəti
saflığa, vəhdətə səsləyən İslam
dininin çağırışları xalqımızın həyata
baxışının, yaşam fəlsəfəsinin
formalaşmasına öz müsbət təsirini göstərib.
Son 17 ildə isə respublikamızda dövlət-din
münasibətləri Prezident İlham Əliyevin siyasi iradəsi
sayəsində keyfiyyətcə yeni mərhələyə
yüksəlib, o cümlədən dini abidələrin, məscidlərin,
ibadətgahların bərpası istiqamətində
mühüm işlər görülüb.
Beləliklə, deyə bilərik ki, bu gün
dövlətimizin təməl prinsipini təşkil edən azərbaycançılıq
ideologiyası çoxçalarlıdır. Milli-mənəvi
və dini dəyərlərimiz bu ideologiyanın mühüm
tərkib hissələridir və onun həmişəyaşarlığını
təmin edir.
Respublikamızda müxtəlif dinlərə və
mədəniyyətlərə məxsus insanlar arasında
heç bir fərq qoyulmur
Dünyada milli-dini-irqi müxtəlifliyə
münasibətdə müşahidə edilən kədərli
mənzərə ilə müqayisədə Azərbaycandakı
vəziyyət tamam fərqlidir. Hazırda Azərbaycan əhalisinin
96 faizini müsəlmanlar, 4 faizini xristian, yəhudi və digər
dinlərin nümayəndələri təşkil edir.
Respublikamızda 597 dini icma var, onlardan 21-i qeyri-müsəlman
icmasıdır. Lakin belə rəngarəngliyə baxmayaraq,
ölkəmizdə müxtəlif dinlərə və mədəniyyətlərə
məxsus insanlar arasında heç bir fərq qoyulmur. Azərbaycan
çoxmədəniyyətli və çoxkonfessiyalı cəmiyyətə
malik olmasını özünün böyük sərvəti
sayır.
Tolerantlıq, müxtəlif
xalqların nümayəndələrinin bir-birlərinə
yüksək səviyyədə dözümlü münasibət
bəsləmələri respublikamızda tarixdən gələn
ənənədir və bu gün də insanların həyat tərzini
təşkil edir. Tarixin lap qədim
dövrlərindən xalqımızın yaratdığı
mədəniyyət nümunələrində, klassiklərimizin
əsərlərində, bir qayda olaraq, başqa mədəniyyətlərə,
humanizm, həmrəylik kimi bəşəri dəyərlərə
yüksək hörmət ifadə edilib. Tarixdən gələn
ənənələrə uyğun olaraq bu gün
multikulturalizm Azərbaycanda dövlət siyasətinin prioritet
istiqamətlərindən biri kimi müəyyənləşdirilib.
Prezident İlham Əliyev qeyd etdiyi kimi, etnik və
dini müxtəlifliyin milli sərvət kimi qorunduğu,
bütün konfessiyaların azad fəaliyyəti
üçün bərabər şərait
yaradıldığı Azərbaycan Respublikasında
multikulturalizm və tolerantlıq dövlət siyasətinin
prioritet istiqamətlərindəndir.
Tarixən belə mədəni-dini müxtəliflik
Azərbaycanın gücünə güc qatıb. Yuxarıda
deyilənlərdən də bəlli olduğu kimi, ənənələr
bu gün də yaşayır. Obrazlı şəkildə
ifadə etsək, deyə bilərik ki, azərbaycançılıq
ideologiyası respublikamızda yaşayan bütün
xalqların başı üstündə etibarlı çətir
qismində çıxış edir. Ölkəmizdə azad,
tamhüquqlu vətəndaşlar kimi yaşayan müxtəlif
etnik-dini icmaların nümayəndələri öz mədəniyyətlərini
yaşatdıqları kimi, ümumi Azərbaycan dəyərlərinin
və mədəniyyətinin zənginləşməsinə
də töhfələr verirlər.
Mübariz ABDULLAYEV
Yeni Azərbaycan.- 2021.-9 yanvar.- S.8