Bəxtiyar Vahabzadə - 97

 

 

Yaradıcılığını Vətənimizin azadlığı, müstəqilliyi və bütövlüyü uğrunda mübarizəyə həsr etmiş, milli şüurun yetişməsində mühüm rol oynamış və gənc nəslin milli-mənəvi dəyərlər sistemində tərbiyə olunması işinə böyük xidmətlər göstərmiş söz ustadlarımızdan olan Bəxtiyar Vahabzadə 1925-ci il avqustun 16-da Şəki şəhərində fəhlə ailəsində anadan olub.

Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi Bəxtiyar Vahabzadənin yaradıcılığında vətənpərvərlik və azadlıq mühüm yer tutur. Şairin poeziyası tariximizi unutdurmağa çalışanlara qarşı mübarizə poeziyasıdır. O, mübariz ruhlu şeirləri ilə alovlu bir natiq kimi xalqı yad təsirlərə uymamağa, milli və mənəvi dəyərləri qoruyub yaşatmağa çağırır. B.Vahabzadə, həmçinin, ana dili mövzusunda çoxlu şeirlər yazıb. Şairin bu qəbildən olan əsərlərindən biri də “Latın dilişeiridir. B.Vahabzadə “Latın dilişeirini yüksək vətəndaşlıq mövqeyi ilə qələmə almışdır. Əsəri oxuyanda şairin ana dilinin dərin təəssübkeşi olduğu aydın hiss olunur. Ana dilini böyük məhəbbətlə sevən şair ona son dərəcə həssaslıqla yanaşır, dili yaşatmağı hər kəsin qeyrət məsələsi, vətəndaşlıq borcu kimi səciyyələndirir. Vətəndaş şairin qənaətinə görə, dil xalqın mövcudluğunu təsdiqləyən çox mühüm bir amildir.

Bəxtiyar Vahabzadə həm də 60-cı illərdən başlayan milli azadlıq hərəkatının öncüllərindən biri idi. O, 1958-ci ildə yazdığı “Gülüstan” poeması ilə iki yerə parçalanmış Azərbaycanın tarixi faciəsini dilə gətirmiş, rusfars imperiyasının pəncəsi altında inləyən Azərbaycan xalqının azadlıq və istiqlal uğrundakı ədalətli mübarizəsinə qoşulub. Xalqı oyandırmaq məqsədilə əsərlərini qələmə alan Bəxtiyar Vahabzadə şeirlərində vətən, millət, ailə, təbiət, dil, azadlıq həsrəti kimi mövzuları ən güclü və dərin məzmunlarla izah edib.

Məlumdur ki, keçmiş SSRİ-nin tərkibinə daxil olan respublikalarda, o cümlədən də Azərbaycanda milli dillərin işlədilməsi dairəsi məhdudlaşdırılırdı. Ana laylası tək şirin Azərbaycan dilinin başı üstünü qara buludlar alması, təbii ki, qaynar təbiətli, vətənpərvər ruhlu şairi narahat etməyə bilməzdi. Bu mənada B.Vahabzadənin şeirləri doğma dilin taleyi ilə bağlı həyəcan təbili idi.

Bu gün məmnunluqla deyə bilərik ki, sevimli şairimiz B.Vahabzadənin ana dilinin taleyi ilə bağlı narahatlığına səbəb olan amillər aradan qaldırılıb. Belə ki, ana dilimiz müstəqil Azərbaycan Respublikasının rəsmi dövlət dilidir. Dövlət idarələrində yazışmalar bu dildə aparılır, dilimiz ən yüksək tribunalardan səslənir. Bu isə hər birimizin qəlbini sevinciftixar hissi ilə doldurur, eyni zamanda bizim ana dilinə münasibətdə məsuliyyətimizi daha da artırır.

 

G.QABİLQIZI

 

Yeni Azərbaycan.- 2022.- 16 avqust.- S.8.