Köhnə bazara təzə nırx

 

Ədəbiyyatımızı doğma kontekstində yeni alətlərlə bir də incələsək...

 

Əvvəli ötən sayımızda...

 

 

Sovet dövrü tənqidimiz üç yazıçının adını uzun illər bir cərgədə çəkib: Əkrəm Əylisli, Anar, Elçin. Bu imzaların ədəbi konsepsiya baxımından ortaq cəhətləri olsa da, onları bir-birindən ayıran cəhətlər, zənnimcə, daha qabarıq, daha güclüdür.

Anarın, Elçinin də cəmiyyətin acı reallıqlarına, həyatın dibinə, sosial orqanizmin bətninə fokuslanmış əsərləri var. Məsələn, “Dantenin yubileyi” (Anar) povesti Qoqolun “Şinel”indən, Çexovun erkən hekayələrindən, Mirzə Cəlilin “Poçt qutusundan üzübəri yol gələn kiçik adamın ədəbiyyatımızda yeni libasda zühurudur. Ancaq Anar nəsrinin şah damarı, məncə, onun yaradıcılığındakı bu xətt deyil; liman” (eləcə də “Beşmərtəbəli evin altıncı mərtəbəsi”), “Macalkimi əsərlərində müəllif oxucunun diqqətini insan-cəmiyyət probleminə yox (bəzi məqamlarda sosial motivlər nə qədər qabarıq görünsə də), insan-həyat münasibətlərinə, dünyanın faniliyi, anın təkrarsızlığı, xoşbəxtliyin ötəriliyi, insanın kainatda tənhalığı, köməksizliyi məsələlərinə yönəldir.

Təhminəyə insan-cəmiyyət qarşıdurması kontekstində baxanların bir qismi onu qəhrəman, başqa bir qismi pozğun elan eləsə də, Təhminə epikürçü obraz tipidir. Təkcə elə onun bir neçə ətirin qarışığından düzəltdiyi, reseptini heç kəsin bilmədiyi, heç vaxt təkrar olunmayası ətir bir metafora kimi dediyimi isbat eləməyə yetər. Xoşbəxtliyin, yaşamın yalnız indiki zaman içində var olduğunu deyən Təhminənin həyat fəlsəfəsi antik dövrün epikürçülüyündən iyirminci əsrin ekzistensializminə qədər yol gəlib. Onun xarakteri də, qəhrəmanı olduğu əsərlərin mahiyyəti də bu kontekstdə araşdırılmalıdır, dahapozğundur, yoxsa müqəddəs?” kontekstində yox.

***

 

Elçinin yaradıcılığında ideya-məzmun baxımından həm Əkrəmin, həm də Anarın başlıca əsərləriylə səsləşən, onlarla bir cərgədə duran əsərlər var. Məsələn, “Dolçapovesti kobud, eybəcər sovet gerçəkliyinin ifşasına yönəlibsə, “Ölüm hökmü” romanı (arxa planında sosial-siyasi motivlər tüğyan eləsə belə) bəşəriyyətə kəsilmiş amansız hökmün kafkavari diaqnozu, insanlığın çarəsizlik, əlacsızlıq epiqrizidir. Fəqət Elçin nəsrinin də qızıl xətti, məncə, bunlar deyil; onun yaradıcılığının şah damarı, fikrimcə, mərhum ədəbiyyatşünas Əziz Mirəhmədovun romantik əsərlər kimi xarakterizə elədiyi povest-hekayələrdən keçir: “Gümüşü furqon”, “Toyuğun diri qalması”, “Şuşaya duman gəlib”, “Talvar”, “Gül dedi bülbülə”...

Rus ədəbiyyatçıları əsasən də Lev Tolstoyun bədii yaradıcılığı timsalında belə əsərlər haqqında “ruhun (yaxud da qəlbin) dialektikası” ifadəsini işlədirlər. İnsan hansısa sıfır nöqtəsindən yola çıxıb bəlli bir mənəvi-əxlaqi kamillik həddinə çatandan sonra öz sərhədlərini aşıb dünyaya açılır, ruhuyla kainatın ruhuna toxunur, öz eqoistik maraqlarını başqalarının ayaqları altına atır. Əslində bu tip əsərləri romantikyox, mistik adlandırmaq daha doğru olar. Zənnimcə, Elçinin bu qəbildən olan yaradıcılığı ideya-məzmun baxımından mistisizm kontekstində, fantasmoqorik elementlərlə zəngin “sehirli” hekayələri forma-üslub baxımından magik realizm kontekstində öyrənilməlidir.

***

 

ElçininÖlüm hökmü” romanı haqqında dediklərimi ondan da əvvəl Yusif Səmədoğlunun “Qətl günü” əsəri haqqında deyə bilərəm, ən azı o səbəbdən ki, Səmədoğlunun romanı daha əvvəl yazılıb. Bu əsər də bəşəriyyətə kəsilmiş ölüm hökmünün həm çox qəddar, həm də parlaq ifadəsidir. Forma-üslub cəhətdən BulqakovunMasterMarqarita”, MarkesinYüz ilin tənhalığı” romanlarına bənzərliyi olsa da, ab-havasının ağırlığı, çıxılmazlıq duyğusunun dərinliyi etibarilə “Qətl günüdaha çox Kafkanın zülmətlə rənglənmiş əsərləriylə səsləşir.

Bəzən bu cür əsərlərin fonunda çığırışan ictimai-siyasi hadisələr, sosial motivlər nəinki oxucuları, hətta peşəkar ədəbiyyat mütəxəssislərini də aldadır. Yusif Səmədoğlunun romanında da belə tələlər az deyil. Kimsə bu əsəri sosial-siyasi, kimsə də dini-mistik əsər saya bilər, ancaq mənə elə gəlir, hər iki yanaşma qüsurludur. “Qətl günü” romanında nə din var, nə siyasət, nə Allah var, nə ədalət; burada Baba Kahanın buzlu bətnindən dünyaya dil uzadan yekə bir Fələk obrazı var ki, uşaq demir, böyük demir, padşah demir, nökər demir, haqlı demir, haqsız demir - hamını qabağına qatıb otarır, sonra da hamını bir-bir kəsib torpağa yedirir...

***

 

Ötən əsrin 70-80-ci illərində əsərləriylə Azərbaycan nəsrində hadisə yaratmış Mövlud Süleymanlı, Saday Budaqlı kimi yazıçıların da yaradıcılığı, fikrimcə, ədəbi-bədii təsnifləndirmə baxımından konseptual qiymətini almayıb. Burası aydındır ki, Mövlud Süleymanlının başlıca əsərləri (“Köç”, “Şeytan”, “Yel Əhmədin bəyliyi”) magik realizm, Saday Budaqlının nəsri modernizm kanonları çərçivəsində gözdən keçirilməlidir. Bu arada onu da deyim ki, Ramiz Rövşənin yetmişinci illərin əvvəllərində qələmə aldığı hekayələrinə (“Ağrı” silsiləsi), ondan bir neçə il sonra yazdığı “Daş” povestinə də nasirlərin əl işlərinə bənzəməyən şair nəsri kimi hələ də sərrast bədii-estetik dəyər verilməyib...

***

 

Mövzu o qədər genişdir ki, onu nəinki bir qəzet məqaləsinə, heç bir monoqrafiyaya da sığdırmaq olmaz. Bu deyilənləri yazmağımın da səbəbi ədəbi tənqidə istiqamət vermək iddiasına düşməyim deyil, tam tərsinə, sanballı tənqidçiləri, ədəbiyyat xiridarlarını polemikaya cəlb eləmək yoluyla onlardan nəsə öyrənmək diləyimdir. Biliklərinizi əsirgəməyin, dostlar!

 

Uğurlu, F

 

Yeni Azərbaycan.- 2022.- 16 avqust.- S.7.