Qlobal “enerji
aclığı”
OPEC-dən “qışda böhran”
xəbərdarlığı gəldi
Cari ilin fevralında başlayan və hələ ki, sonu görünməyən Rusiya-Ukrayna müharibəsi yalnız iki ölkə üçün acı nəticələr vermir. Müharibənin fəsadları, həmçinin bütün dünyada hiss olunmaqdadır. Müşahidə edilənlər odur ki, müharibənin qlobal iqtisadiyyata, humanitar və sosial sferalara mənfi təsirləri getdikcə daha da artır və onların sığortalanması mümkünsüz görünür. Təchizat zəncirinin qırılması, artan inflyasiya, əmtəə bazarlarında tələblə təklif arasında disbalansın kəskin fərqlə böyüməsi günümüzün acı reallıqlarına çevrilib.
OPEC həyəcan təbili çalır
Rusiya-Ukrayna müharibəsinin fəsadlarından ən çox təsirlənən sahələrdən biri isə enerji sektorudur. Analitiklər o qənaəti ifadə edirlər ki, qlobal iqtisadiyyat, ayrı-ayrı ölkələr, xüsusilə də Avropa İttifaqı dövlətləri tarixdə heç vaxt rast gəlinməyən kəskin “enerji aclığı” dövrünü yaşayırlar. “Yaxın gələcəkdə böyük qlobal tənəzzülün baş verməsi ehtimalı azdır, lakin qışda enerji böhranı yarana bilər. “Bloomberg”in verdiyi məlumata görə, bu barədə Neft İxrac Edən Ölkələr Təşkilatının (OPEC) baş katibi, Küveytin nümayəndəsi Heysəm əl-Qais bildirib. Onun sözlərinə görə, OPEC həmişə bazar ehtiyaclarını ödəməyə çalışıb, lakin 5 sentyabr iclasında (OPEC+ razılaşması iştirakçıları nazirlərinin iclası - red.) hasilatın daha da artırılması ilə bağlı qərar verilib-verilməyəcəyini söyləmək hələ tezdir. “Biz bir araya gəlib bazarın parametrlərinə yenidən baxmalıyıq, hər şey ondan asılıdır”, - deyə Heysəm Əl-Qais bildirib.
OPEC rəsmisinin çox da uzaqda olmayan qışda gözlənilən enerji böhranını indidən gündəmə gətirməsi heç də təsadüfi deyildir. Hazırda qlobal enerji bazarında müşahidə edilən proseslər indi səsləndirilən belə ehtimalların enerji daşıyıcılarına tələbatın artacağı soyuq qış aylarında reallığa çevriləcəyi qənaətini möhkəmləndirir. Müharibə başlayandan bəri qlobal enerji bazarında, sözün əsl mənasında, təlatümlər yaşanmaqdadır - təchizatda problemlər dərinləşir, sənaye və əhali istehlakı tam şəkildə qarşılanmır və bunun da nəticəsi olaraq qiymətlər sürətlə artır.
Rusiyada azalan istehsal və ixrac
Bu gün
Rusiya-Ukrayna müharibəsi yalnız Qara dənizin Ukrayna sahillərində,
Donbasda, Luqanskda, Xarkovda, Kiyev ətrafında,
Krımda, Zaporojyedə döyüş
meydanlarında getmir. Tam
qətiyyətlə deyə bilərik ki,
artıq neft-qaz, bütövlükdə enerji sektoru da istehsalçılar və
istehlakçılar arasında rəqabət, döyüş
poliqonuna çevrilib.
Bu da onunla
bağlıdır ki, müharibə tərəflərindən
biri olan Rusiya böyük enerji resurslarına malikdir.
Verilən məlumatlara görə, Rusiyanın hazırda mövcudluğu sübut olunan yeraltı sərvətlərinin ümumi dəyəri 30 trilyon
dollar həcmində qiymətləndirilir. Müharibə başlayanadək xam neft və neft məhsulları Rusiya
ixracatının 37 faizini (gündəlik
5 milyon barel) təşkil
edib. Bu məhsulların
70 faizi ABŞ və Avropa
bazarlarına ixrac olunurdu.
Şimal qonşumuz “qoca qitə”nin neftə olan
tələbatının 25 faizini
qarşılayırdı. Ötən il Avropaya neft ixracatından
Rusiyanın illik qazancı 104 milyard dollara
çatıb. Digər pozisiyalar üzrə
də Rusiya təxminən eyni
mövqeyə malikdir. Müharibə
başlayanadək Rusiya Avropa İttifaqı
məkanına ildə 150-190 milyard kubmetr qaz ixrac
etməklə “qoca qitə”nin təbii qaza olan tələbatının
40%-ə qədərini qarşılayırdı. Son vaxtlaradək Rusiyanın ixracının strukturunda bərk yanacaq - kömür də mühüm
pozisiyalardan biri olub. Rusiya kömür yanacağı
ehtiyatlarına görə dünyada
3-cü, hasilata görə 6-cı yerdə gəlir. 182 milyard ton daş kömür ehtiyatı olan Rusiya yalnız ABŞ (445 milyard ton) və Çindən (272 milyard
ton) geri qalır. Şimal qonşumuz bərk yanacaq ixracında təxminən 300 milyon ton
həcmlə dünyada 3-cü yerdə
gəlir. Bu isə
o deməkdir ki, şimal qonşumuzun gəlirlərinin formalaşmasında
kömür də xüsusi rol oynayır.
Nəhəng enerji resursları Rusiya üçün indiyədək böyük
gəlir mənbəyi
olub. Müharibədə Ukrayna tərəfində
dayanan ABŞ və Avropa İttifaqı dövlətləri bu ölkəyə qarşı
bir neçə mərhələdə geniş
əhatə dairəsinə
malik sanksiyalar tətbiq etməklə Rusiya iqtisadiyyatını çökdürmək, şimal
qonşumuzu əsas gəlir mənbələrindən
məhrum qoymaq istəyirlər. Xatırladaq ki,
Avropa İttifaqı sanksiyalar çərçivəsində
Rusiyadan neft idxalını 2022-ci ilin sonunadək 92 faiz azaltmaq niyyətindədir.
Bir neçə gün bundan əvvəl isə Avropanın Rusiyadan kömür idxalına qoyulan qadağa qüvvəyə
mindi. Ölkədən qaz ixracında
da qeyri-müəyyənlik
yaranıb. Prezident Putin Qərbdən
gələn sanksiyalara
cavab olaraq “dost olmayan ölkələrə”
“mavi yanacaq” satışının rublla
aparılmasına dair
sənəd imzalayıb.
Bu tələb aprelin əvvəlindən
qüvvəyə minib.
İndiyədək ödənişləri rublla aparmaq iqtidarında olmadığını
bildirən bir neçə ölkəyə
Rusiyadan qaz ixracı dayandırılıb.
İlk mərhələdə Rusiyanın
qəzəbinə tuş
gələn ölkələr
Polşa və Bolqarıstan oldu. Sözügedən ölkələrə aprel ayının son günlərindən etibarən
“mavi yanacaq” ixracı dayandırıldı.
Sonrakı mərhələdə
isə “qara siyahı”ya Finlandiya, Niderland, eləcə
də Almaniya və Danimarkanın ayrı-ayrı şirkətlərinin
adları əlavə
olundu.
Bütün bunlar Rusiyada qaz istehsalında ciddi azalmalara gətirib çıxardıb. Bu ölkəyə
məxsus “Qazprom” şirkəti cari ilin ötən dövrü ərzində
qaz hasilatını 13,2 faiz və
ya 274,8 milyard kubmetrədək azaldıb.
Şirkət cari ildə 274,8 milyard kubmetr qaz hasil edib
ki, bu da
ötən illə müqayisədə 41,7 milyard
kubmetr azdır. Daxili bazarda şirkətin məhsuluna
tələbat 2,3 faiz, xarici bazarda
isə 36,2 faiz azalıb. Uzaq xarici ölkələrə
ötən dövr ərzində 2021-ci illə
müqayisədə 44,6
milyard kubmetr az - 78,5 milyard kubmetr qaz ixrac
olunub.
Təbii ki, sanksiyalar səbəbindən enerji məhsullarının ixracının
azalması Rusiya iqtisadiyyatında öz izlərini buraxmaqdadır. Şimal qonşumuzda
bu ilin ikinci
rübündə ÜDM 4.3 faiz azalıb. Rusiya Mərkəzi Bankının
proqnozuna görə, üçüncü rübdə
sanksiyalara məruz qalan iqtisadiyyat daha 7 faiz kiçiləcək.
Eyni zamanda, artan təzyiqlər qarşısında
bu ölkənin milli valyutası da kəskin dəyər itirməkdədir.
Avropanın acınacaqlı durumu
Bu gün Aİ məkanında
hamı etiraf edir ki, enerji
təchizatına yaranan
təhdidlər “qoca qitə”nin başı
üstündən asılan
“demokl qılıncı”na
bənzəyir. Sanksiyaların tətbiqindən sonra “qoca qitə”də enerji resurslarının çatışmazlığı səbəbindən yaşanan
ajiotaj səngimək bilmir. Avropa İttifaqı məkanında
yanacaq çatışmazlığı,
necə deyərlər,
qapını gözlənilmədən
döydü. Burada sənayenin
və əhalinin yanacaq istehlakı əsasən qaza fokuslanmışdı. Enerji transformasiyası
ilə bağlı ideyalar olsa da
və müəyyən
proqramlar hazırlansa da, hələlik onların praktikada geniş miqyasda tətbiqinə başlamaq
mümkün olmamışdı.
Hazırda Aİ məkanında təbii qaz enerji istehlakının əsas seqmentini təşkil edir (dörddə bir faiz). “Qoca qitə”nin təbii
qaza illik tələbatı təxminən
400 milyard kubmetrə bərabərdir. Bu həcmdə istehlakın
90 faizi idxal hesabına qarşılanır. İndi bu həcmin yarıya qədərini itirmək təhlükəsi
və yaxud başqa mənbələrdən
əvəzləmək məcburiyyəti
qarşısında qalan
“qoca qitə”nin
ağır durumunu təsəvvür etmək
çətin deyil.
Təbii ki, Rusiyadan qaz ixracı həcmlərinin azalması səbəbindən yaranan çətinlikləri bütün Qərb ölkələri eyni cür qarşılamır. ABŞ-ın, Böyük Britaniyanın idxalında Rusiyanın enerji məhsullarının çəkisi az olub. Buna görə də həmin ölkələr üçün başqa mənbələrdən enerji məhsullarının idxalını həyata keçirmək daha asandır. Ancaq elə ölkələr var ki, onların enerji məhsulları ilə təchizatında Rusiya dominant mövqeyə malikdir. Məsələn, Mərkəzi və Şərqi Avropa ölkələrində bu asılılıq 80-100 faiz arasında dəyişir. Almaniyada da vəziyyət ürəkaçan deyil. Verilən məlumatlara görə, bu ölkə Rusiyadan öz idxalının 55 faizi həcmində - ildə 50 milyard kubmetr qaz idxal edir. Almaniyanın gündəlik əsasda Rusiyadan qaz idxalı üçün ödənişləri 200 milyon avroya çatır. Almaniya da “yaşıl enerji”yə keçidi hədəfləsə də, bu, yaxın perspektivdə mümkünsüz görünür.
Avropada maye yanacağa tələbatın qarşılanmaması fonunda elektrik enerjisinə tələbat və paralel şəkildə qiymətlər artır. Ayrı-ayrı ölkələr bu qış mümkün elektrik çatışmazlıqları ilə üzləşəcəklərini açıq şəkildə ictimaiyyətə elan ediblər. Bəzi ölkələr isə əsas tələbatın qarşılana bilməsi üçün müxtəlif sənaye sahələrinə tədarükü limitləməyi nəzərdə tutublar. Almaniyada elektrik enerjisinin 6,4 faiz bahalaşdığı bildirilir. Artıq bu ölkədə elektrik enerjisinin qiyməti hər meqavat/saat üçün 508 avroya çatıb. Avqustda zəif ticarətlə üzləşən Fransada elektrik enerjisinin qiyməti bir meqavat/saat üçün 636,50 avro ilə rekord həddə çatıb.
Bu kimi reallıqlardan çıxış edən mütəxəssislər və analitiklər vəziyyətin qışa doğru daha da kəsginləşəcəyinin anonsunu verirlər. Hələ bir müddət bundan əvvəl Avropanın ən böyük enerji şirkəti sayılan Almaniyanın RWE AG şirkətinin təmsilçiləri təkidlə ölkələrini Rusiyadan enerji məhsullarının idxalını dayandırmaqdan çəkindirməyə çalışırdılar və bunun əhaliyə, sənayeyə ciddi zərər vuracağını əsaslandırırdılar. “Təəssüf ki, biz əsasən enerji sektorunda, Avropanın, xüsusilə də Almaniyanın Rusiyadan yüksək asılılığını etiraf etməliyik”, - deyə RWE-nin baş direktoru Markus Krebber bildirib. O qeyd edib ki, Rusiya Federasiyasından enerji idxalının dərhal dayandırılması Almaniyada yaşayış binalarının qızdırılması üçün ağlasığmaz nəticələrə səbəb olacaq. Bundan əlavə, elektrik enerjisinin uzun müddət kəsilməsi sənaye istehsal müəssisələri, həmçinin kiçik və orta biznesə uzunmüddətli ziyan vuracaq.
Analitiklərin Avropanın nüfuzlu nəşrlərində dərc etdirdikləri materiallarda vurğulanır ki, enerji xərclərinin artması şüşə və metal istehsalçılarını sıxıntıya salıb. Sink və qurğuşun üzrə bazarda lider olan, mis, qızıl və gümüş kimi digər qiymətli metallarda isə artan mövqeyə sahib multi-metal biznes “Nyrstar NV” açıqlayıb ki, sentyabrın əvvəlində Niderlanddakı Budel Sink Zavodunu qapatmalı olacaq. Müəssisə indidən işçi ixtisarlarına başlayıb. Bu, Avropanın ən böyük zavodlarından biridir. “Oxford Economics”-in baş iqtisadçısı Daniel Kralın sözlərinə görə, qiymət artımları nə qədər uzun çəksə, iqtisadiyyata təsiri bir o qədər çox hiss ediləcək. O bildirib ki, böhranın miqyası son bir neçə onillikdə heç nə ilə müqayisə oluna bilməz.
Antiböhran planı nəticə verəcəkmi?
Mayın 18-də Avropa
Komissiyası özünün “REPowerEU” planını təqdim etdi. Bu sənədi Aİ-nin antiböhran tədbirlərinin
toplusu kimi də səciyyələndirirlər.
Sənəd enerji istehlakının
azaldılması, bioqaz, biometan
və hidrogenin yerli
istehsalının artırılması, qaz
infrastrukturunda zəruri dəyişikliklərin
aparılması kimi müddəaları
özündə ehtiva edir.
Bütövlükdə, 5 istiqəmətdə müxtəlif
tədbirlərin görülməsi hədəflənib. Burada enerji istehlakına qənaət
qırmızı xətt kimi müəyyənləşdirilib.
Plandakı hesablamalara əsasən əhali
tərəfindən evlərdə enerjiyə qənaət
2022-ci ildə 15.5 milyard kubmetr
təbii qazı əvəz edə bilər. Bərpa olunan enerjiyə sürətli keçidin
təmin olunması qarşıya qoyulan əsas
hədəflərdən biridir. Bundan başqa, sənəddə
enerji mənbələrinin
diversifikasiyası, “ağıllı” investisiyalar
qoyuluşu, hazırlığın
gücləndirilməsi kimi hədəflər
də yer alıb. Avropa
Komissiyasının hazırladığı plan
perspektivdə “qoca qitə”nin enerji təhlükəsizliyinin etibarlı
şəkildə təmin olunacağına müəyyən
ümidlər yaratsa da,
vaxt məhdudluğu narahatlıq
yaradır. Sərt qışın qapını döyməsinə
az qalıb. Layihələrin
reallaşdırılmasına isə ən yaxşı halda bir neçə il lazım gələcək.
M.ABDULLAYEV
Yeni Azərbaycan.- 2022.- 19 avqust.- S.5.