Beynəlxalq Humanitar Yardım Günü - 14 il...
Avqustun 19-u dünyada
Beynəlxalq Humanitar Yardım Günü kimi qeyd edilir. Bu gün BMT tərəfindən
2008-ci ildə təsis
edilib. İlk dəfə isə 2009-cu il avqustun
19-da qeyd olunub. Bu tarix ehtiyacı
olan insanlara humanitar yardım göstərərkən həyatını
itirənlərin xatirəsinə
həsr edilib.
BMT baş katibinin xüsusi nümayəndəsi
Serxio Vieyra de Mello və onun İraqdakı
Yardım Missiyasında
çalışan 21 həmkarı
2003-cü il avqustun 19-da Bağdaddakı
“Kanal Otel”də kamikadzenin özünü
partlatması nəticəsində
həlak olublar. Bu tarix məhz
onların xatirəsini
anmaq üçün
qurum tərəfindən
xüsusi olaraq seçilib.
Ümumdünya Humanitar Yardım Günü humanitar böhranların qurbanlarının
ağır vəziyyətinin
ön plana çəkildiyi gün olmaqla yanaşı, həm də bütün ölkələrdən
olan minlərlə qadın və kişinin humanitar böhranların həllinin
axtarılmasına yönələn
səylərinin və
çox zaman şəxsi fədakarlıqlarının
qeyd edildiyi gündür. Bu, çox
zaman köməksiz vəziyyətdə olanların
həyatlarını yenidən
qurmalarına, bəzən
isə sadəcə olaraq növbəti günə salamat çıxmalarına yardım
göstərmək üçün
komfortlu həyatlarından
ayrılıb münaqişələrin,
texnogen və ya təbii fəlakətlərin
olduğu yerlərə
gedən insanlara rəğbət və dəstək günüdür.
2018-ci il hesabatı
Dünya
Humanitar Yardım Günü münasibətilə
hazırlanan 2018-ci il hesabatına görə, həmin il dünyada 2 milyard insan yoxsulluq,
753 milyon isə bu həddən də aşağı səviyyədə yaşayıb.
Həmin
insanların böyük
əksəriyyəti quraqlıq,
silahlı münaqişələr
və təbii fəlakətlərdən əziyyət
çəkənlər olub.
BMT-nin saytında yer alan
məlumata görə,
2017-ci ildə 134 ölkədə
201 milyon insana humanitar yardım göstərilib. Hesabatda bildirilir ki, silahlı münaqişələr
nəticəsində Yəməndə
20,7 milyon, Suriyada isə 13,7 milyon nəfərin aclıq həddində olduğu aşkar edilib. Hesabatda Efiopiya, İraq, Nigeriya, Konqo Demokratik Respublikası,
Sudan, Əfqanıstan, Somali, Keniya, Haiti, Kolumbiya, Çad, Mali, Ukrayna, Kamerun, Livan, Pakistan, Burundi
ən çox yardıma ehtiyacı olan ölkələr sırasında ilk yerləri
tutub.
Hesabata görə, 2 milyard insanın gündəlik gəliri 3,2 dollar olduğu halda, 7,53 milyon nəfər gündə cəmi 1,9
dollar qazana bilib.
2017-ci ildə məcburi
köçkünlərin sayı
isə 2,9 milyon nəfər artaraq 68,5 milyona çatıb. BMT və digər beynəlxalq təşkilatların göndərdikləri
humanitar yardımların
60 faizi 10 ölkənin,
o cümlədən 14 faizi
Suriyanın, 9 faizi isə Yəmənin payına düşüb.
Qaçqınları qəbul edən
Türkiyə və Yunanıstan da bu onluğa daxil olub. Humanitar donor kimi Türkiyə özü qaçqınlara
8 milyard dollar vəsait
ayırıb. Donorlar
arasında sonrakı yerləri ABŞ (6,68 milyard dollar) və Almaniya (2,99 milyard dollar) tutub. Ümumilikdə,
2017-ci ildə qlobal humanitar yardımın həcmi 901 milyon dollar artaraq 27,3 milyarda
çatıb. Fərdi donorların
humanitar yardımları
isə 6 milyard dollar təşkil edib.
Qeyd edək
ki, humanitar yardım fəalları dünya miqyasında milyonlarla insanın həyatını qurtarmaq
üçün köməklərini
əsirgəmirlər. Onlar münaqişə
zonalarında, təbii
fəlakətlərin baş
verdiyi ərazilərdə
yardıma ehtiyacı olanlara köməyə tələsir və bəzən həyatlarını
riskə atırlar.
Humanitar yardım qrupları aclıqdan, müharibələrdən,
cinsi ayrı-seçkilik
və şiddətdən,
təbii fəlakətlərdən
əziyyət çəkənlərə,
o cümlədən qaçqın
və məcburi köçkünlərə, uşaqlara,
təmiz suya ehtiyacı olanlara kömək əllərini
uzadırlar.
Təbii fəlakətlərdən əziyyət
çəkən insanların
sayı son illərdə
artıb. Hər il təxminən
211 milyon nəfər təbii fəlakətlərin
mənfi təsirinə
məruz qalır. Dünyada əhalinin sayının, iqtisadi böhranın, ekoloji və sağlamlıq problemlərinin,
aclıq dərəcəsinin,
müharibə və təbii fəlakətlərin
çoxalması, qiymətlərin
bahalaşması humanitar
yardım işçilərinin
fəaliyyətinin önəmini
daha da artırır.
Ümumdünya Humanitar Yardım Günündə keçirilən
tədbirlər humanitar
yardım işçilərini
dünyanın harasında
yaşamasından və
kimliyindən asılı
olmayaraq, təhlükə
altında olan insanlara kömək əlini uzatmağa çağırır. Təbii
fəlakətlər, münaqişələr
və digər fövqəladə hadisələr
hər il
insanların həyat və sağlamlıqlarını
təhlükə altına
salır. Belə böhranlar zamanı
humanitar yardım işçiləri təhlükədən
əziyyət çəkən
insanlara köməklik
göstərmək üçün
bütün qüvvələrini
səfərbər edirlər.
Fövqəladə hallarda Ümumdünya
Səhiyyə Təşkilatının
(ÜST) əsas fəaliyyətinə
insanların həyatını
xilas etmək, fövqəladə halların
idarə olunması üçün effektiv əməkdaşlıq yaratmaq
və onlar arasında müvafiq koordinasiyanı qurmaq daxildir. Təşkilat, eyni zamanda,
fəlakətlərə hazırlığı
təmin etmək məqsədilə müvafiq
tədbirlərin görülməsini
və bərpa işlərinin aparılmasını,
faktiki məlumatlar əsasında fəaliyyətin
idarə olunması üçün səhiyyə
sisteminin potensial və davamlılığının
artırılmasını, təhlükə altında
olan ölkələrə
dəstək göstərmək
məqsədilə beynəlxalq
əməkdaşlığın gücləndirilməsini həyata
keçirir.
Bu gün də Ümumdünya Səhiyyə
Təşkilatı və
digər beynəlxalq təşkilatlar diqqəti
həyati vacib vəzifələrinin öhdəsindən
gələrkən həlak
olmuş, yaxud zədə almış humanitar yardım işçilərinin roluna
yönəltmək məqsədilə
bir milyard insanı bir araya gətirməyə çalışır. Ümumdünya
Humanitar Yardım Günü cəmiyyəti
humanitar yardım, humanitar yardım işçilərinin fəaliyyəti
və onların üzləşdikləri çətinliklər
haqqında məlumatlandırmağa,
qeyri-hökumət və
beynəlxalq təşkilatlar,
eləcə də
BMT-nin təsisatlarına
öz humanitar fəaliyyətini nümayiş
etdirməyə, humanitar
əməliyyatlarda həlak
olmuş və ya zədələnmiş
şəxslərə ehtiramı
bildirməyə imkan yaradır. Bu gündə
nümayiş edilən
həmrəylik Ümumdünya
Humanitar Yardım Gününün qeyd olunmasını daha da canlandırır.
BMT-dən Əfqanıstana humanitar yardım
Bu yaxınlarda BMT-nin azərbaycanlı rəsmisi, təşkilatın Əfqanıstandakı humanitar məsələlər üzrə əlaqələndiricisi Ramiz Ələkbərov bildirib ki, Əfqanıstan əhalisinin yarıdan çoxu - 35 milyon insan yoxsulluq həddində yaşayır: “Təxminən 23 milyon insan qida çatışmazlığından əziyyət çəkir ki, onların da 2 milyondan çoxu uşaqlardır. Biz əhalinin gələcəyindən ciddi narahatıq. “Taliban” hakimiyyətə qayıtdıqdan sonra təhsil, iş və yaşayış azadlığı əlindən alınan qadınlar getdikcə cəmiyyətdən daha çox kənarda qalırlar. Belə mənfi hallarla mübarizə mexanizmlərinin genişlənməsi və Əfqanıstana yardım fəaliyyətlərinin artırılması zəruridir. Biz əfqan xalqının gələcəyinə arxa çevirə bilmərik. Bir il ərzində BMT Əfqanıstanda 12,9 milyon insana humanitar yardım göstərib. Təşkilatın bölgədə olması əfqan xalqının ən böyük dayağıdır.
Keçən ilə dönüb
baxanda BMT-nin bölgədəki
missiyasının əfqan xalqına verdiyi
dəstəklər və səyləri üçün
qürur duyuram. Biz bölgədə fəaliyyətimizi bundan sonra da
davam etdirəcəyik. Səhiyyə, qida, təcili sığınacaq və qeyri-ərzaq
malları kimi yardımlarımızı davam etdirmək üçün
daha çox resursa ehtiyacımız var”.
Y.BAYRAMOVA
Yeni Azərbaycan.- 2022.- 19 avqust.- S.7.